Məhkəmə qərarları › İş №1(012)-373/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-373/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-373/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəh, Binəqədi r, Azadlıq pr, ev 200, mənzil 44-də qeydiyyatda olan və ünvan 1-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 27.04.2021-ci il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanında, yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında sonuncunun spirtli içkilər qəbul etməsinə zərərçəkmişin irad bildirməsi səbəbindən ailə münasibətləri zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq ona burun sümüyünün orta 1/3-nin qapalı, yerdəyişməyən sınığı, burun nahiyəsinin əzilmiş yarası ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 21 il əvvəl ailə həyatı qurmuşdur və birgə nikahdan onların 2 övladı olmuşdur. Əvvəllər də aralarında bəzən mübahisələr olsa da bu mübahisələr ciddi xarakter almamışdır və Elnarə də hər hansı bir quruma şikayət etməmişdir. 27.04.2021-ci il tarixdə yaşadıqları evdə olan zaman saat 22:10-da Elnarə onun spirtli içki qəbul etməsinə irad bildirmişdir, o isə cavabında Elnarəni söyüb təhqir etmişdir. Həmin vaxt Elnarə ona cavab qaytarıb onunla birgə yaşamaq istəmədiyini bildirdiyindən o, yumruqla bir dəfə Elnarənin sifət nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra isə mübahisənin daha da böyüməməsi üçün çıxıb getmişdir. O, əlavə olaraq sözügedən mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini və həmin vaxt orada başqa heç kimin olmadığını qeyd etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 21 ildir ki, ailə həyatı qurmuşdur və birgə nikahdan onların 2 övladı dünyaya gəlmişdir. Əvvəllər də aralarında mübahisələr olsa da bu mübahisələr ciddi xarakter almadığından o, hər hansı bir quruma şikayət etməmişdir. Lakin son zamanlar Rəşadın spirtli içkilərə meylinin artması səbəbindən onlar arasında tez-tez mübahisələr yaranmağa başlamışdır. 27.04.2021-ci il tarixdə, saat 22 radələrində yaşadıqları evdə olan zaman Rəşad sərxoş olmasına baxmayaraq yenə də spirtli içki alıb içdiyindən o, Rəşada irad bildirmişdir və sonuncu isə ilk əvvəl onu söyüb təhqir etmişdir. Daha sonra isə üzərinə hücum çəkərək yumruqla onun sifət nahiyəsinə bir dəfə zərbə vurub burun nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir və bunu görən Rəşad isə evdən qaçıb getmişdir. O, əlavə olaraq sözügedən mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini və həmin vaxt orada başqa heç kimin olmadığını qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 12.03.2019-cu il tarixli 452 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – burun sümüyünün orta 1/3-nin qapalı, yerdəyişməyən sınığı, burun nahiyəsinin əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 27.04.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Respublika Narkoloji Mərkəzinin 28.04.2021-ci il tarixli, 2/5142 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən 16.05.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar