Məhkəmə qərarları › İş №1(012)-373/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-373/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-373/2025 10.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 20 manat pul müqabilində 1 (bir) ədəd bükümdə çəkisi 0,362 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsinə daşımış və üzərində saxlamış, 01 iyun 2024-cü il tarixdə saat 17:30 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin küçədə saxlanılıb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, orada xidməti otaqların birində qeyd edilən tarixdə saat 19:10-dan saat 19:30-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin bir bükümdə 0,362 qram çəkidə psixorop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə olan metamfetamin istifadə edir. 01 iyun 2024-cü il tarixdə şəxsi işi ilə bağlı Yasamal rayonu ərazisində olduğu zaman bir nəfərlə tanış olmuş və həmin şəxslə söhbət əsnasında onun da narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Həmin şəxsdən üzərində psixotrop maddə olan metamfetamin olubolmadığını maraqlandıqda, həmin şəxs ona üzərində narkotik olduğunu bildirmişdir. Həmin şəxsdən psixotrop maddə metamfetaminin qiyməti barədə maraqlanmış, həmin şəxs üzərində bir bükümdə “patı” olduğunu və 20 manata satdığını demişdir. O da həmin şəxsə 20 manat pul verərək psixotrop maddəni ondan alıb şəxsi istifadəsi üçün şalvarımın cibinə qoymuşdur. Həmin tarixdə işlərini yekunlaşdırdıqdan sonra yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə getmişdir. 01 iyun 2024-cü il tarixdə, saat 17:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsi ilə piyada olaraq hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirmiş, sonra onu üzərimdə şəxsi axtarış aparılması üçün Abşeron RPİ-nə dəvət etmişlər. O da razılaşıb onlarla birlikdə Polis İdarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə olunmasından ötrü dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın ön sağ yan cibindən şəffaf sellofana bükülmüş psixotrop maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra ondan aşkar edilmiş psixotrop maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olduqdan sonra doğruluğunu imzalarımızla təsdiq etmişlər. Əldə etdiyi psixotrop maddədən istifadə etməmiş, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş və bu barədə başqasının məlumatı olmamışdır. Polis əməkdaşları onu saxlanılarkən və bundan sonra da ona qarşı hər hansı fiziki zorakılıq hərəkətlərinə yol verməmişlər. O, etdiyi əməldən peşman olmasını bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid2 dindirilərkən ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin əməliyyat müvvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müvafiq əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədi ilə idarə rəhbəriyinə raportla məruzə edilmişdir. Müvafiq icazə verildikdən sonra o, Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin əməliyyat müvvəkkili vəzifəsində, polis baş leytenantı Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində olarkən görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmiş, həmin yerdə müvafiq sənədləşmə üçün şərait olmadığından və insanların intensiv hərəkəti səbəbi ilə Təqsirləndirilən şəxs müvafiq hərəkətlərin icrası üçün Abşeron RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-yə gəlmişdir. Bundan sonra Abşeron RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Pərviz Babayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən içərisində kristal formalı, ağ rəngli psixotrop maddə olan metmfetaminə bənzər kütlə olan şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki maddəni yəni metamfetamini xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içindəki ilə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 01 iyun 2024-cü il tarixdə, saat 18:45 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3068 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-in Zərflər üçün №56» dairəvi möhür əksləri olan, « Təqsirləndirilən şəxs üzərindən..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,362 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,362 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,312 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində başqa qətimksn tədbiri seçilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Gündüz Haxızadənin 03 iyun 2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. - “Qətimkan tədbirinin seçilməsi və X3 azad edilmə haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 avqust 2024-cü il tarixli arayışdan aydın olur ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkumluq ödənilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında 21 avqust 2024-cü il tarixli, 5739 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabinioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Maddi sübut kimi tanınma haqqında” 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,312 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir.Şəxsi axtarış aparılması barədə çəkiliş əks edilmiş bir ədəd disk cinayət işi materialına əlavə edilmişdir. - 21 sentyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,312 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə olunmuş, həmçinin iş üzrə təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 01 iyun 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş şəffaf rəngli psixotrop maddə metamfetamini çıxarıb təqdim edərək, həmin kütlənin psixotrop maddə metamfetamin olmasını, öz şəxsi istifadəsi üçün xx.xx.2024 tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 20 manat müqabilində alıb üzərində saxladığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyul, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında 21 avqust 2024-cü il tarixli, 5739 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,312 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından qalan ümumi çəkisi 0,312 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İşdə olan 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar