Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-376/2020 21.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Masallı rayonu, Boradigah qəsəbəsində qeydiyyatda olmaqla, Masallı rayonu, Mollaoba kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Mercedes Benz E 220 markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən «Xırdalan petrol»un yaxınlığındakı ərazidə Zərərçəkmiş şəxs ona borc verdiyi pulu geri tələb etməsi səbəbindən yaranmış mübahisə zamanı sonuncunun sükan arxasından düşməsindən istifadə edib əyləşdiyi sağ oturacaqdan sükan arxasına keçərək avtomobili hərəkətə gətirmiş, həmin anda avtomobilin qabaq sağ qapısından tutaraq açmağa cəhd edən Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə hərəkətdə olan avtomobili saxlamadan idarə edən zaman avtomobil sonuncunu sürüyərək hər iki əlin ön səthinin, sağ əlin 2-ci barmağının, sol əlin 4-5-ci barmaqlarının, sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığına zərər vurmayan bədən xəsarəti almış, Zərərçəkmiş şəxs yerə yıxılarkən əlindəki bir ədəd qara rəngli «Huavei» markalı P smart Z modelli, 250 manat dəyərində mobil telefon sınaraq yararsız hala düşmüş, nəticədə 1998-ci il buraxılışlı, 10500 manat dəyərində Mercedes Benz E 220 markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla əvvəllər heç bir münasibəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saat 13:00 radələri olardı, Xırdalan şəhərində bazarın yanında taksi kimi fəaliyyət göstərən Mercedes Benz E 220 markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə əl etmiş, maşına əyləşdikdə sürücünün kənddən tanıdığı Zərərçəkmiş şəxs olduğunu görüb ona tanışlıq vermiş, belə ki, o, əslən Masallı rayonundadır, sonuncunu tanıdığını deyib Rəşada əvvəllər rayonda sürdüyü maşının markası barədə demiş, maşında hərəkətdə olarkən Rəşadla söhbət etməyə başlamış və münasibəti yaranmışdır. Rəşadla münasibəti yarandığından üstündə pul olmadığı üçün ona demişdir ki, 20 manat pul ona borc versin. Rəşad da cibindən 20 manat pul çıxarıb ona vermişdir. Söhbət əsnasında Rəşada demişdir ki, bir neçə getməli yerləri vardır və ondan bir həmkəndlisi kimi xahiş etmişdir ki, onu lazım olan yerlərə aparıb-gətirsin. Rəşad müştəriləri düşürdükdən sonra birlikdə 28 may metrosu ərazisinə getmiş, oradan isə Sumqayıt şəhərinə getmişlər. Orada «Azza» dükanına girib tort almış və yenidən maşına minib Xırdalan şəhərinə qayıtmış, Xırdalanda tortu tanışına verdikdən sonra qayıdıb maşına əyləşmişdir ki, Rəşad onu Sədərək ticarət mərkəzinə aparsın, oradan hamam üçün aksesuarlar almaq məqsədi olmuşdur. Rəşadla söhbət edərkən ona demişdir ki, imkanı vardırsa, ona əlavə 100 manat da pul borc versin. Rəşada demişdir ki, ondan aldığı pulları səhəri günü qaytaracaqdır, amma ona bu gün təcili pul lazımdır. Rəşad da etiraz etməmiş və Xırdalanda bir nəfər tanışından borc pul götürüb ona vermiş, oradan Rəşad maşını sürmüş və birlikdə Günay mərasim evinin qarşısına doğru gəlmişlər. Mərasim evinin qarşısına çatdıqda maşından düşüb kafeyə getməyi qərara almış, Rəşad maşını saxlamış və maşından düşüb ona bir saatdan sonra görüşməyi demiş, sonra maşından uzaqlaşıb getdikdə Rəşad onu arxadan çağırmış, sonra ona yaxınlaşıb borc verdiyi pulları geri tələb etməyə başlamışqdır. Rəşada borcunu səhər qaytaracağını desə də, Rəşad ona etiraz edib təkidlə pulu tələb etməyə başlamış, o, qayıdıb sonuncunun maşınına əyləşmiş və maşında hər vasitə ilə Rəşadı başa salmağa çalışmışdır ki, səhər borcunu qaytaracaqdır. Rəşad isə maşını hərəkətə gətirib pulunu ondan geri istəmiş, onlar maşının içərisində söhbət edə-edə H.Əliyev prospektinə Polis İdarəsinin yaxınlığındakı əraziyə gəlib çıxmış, yolboyu Rəşad maddi durumu barədə danışıb maşınını borca aldığını demiş və öz-özünə əsəbiləşmişdir. Polis İdarəsinin yaxınlığındakı ərazidə maşını saxlayıb maşının içərisində təkidlə ondan borcu tələb etməyə başlamış və tələb etmişdir ki, pulu verib maşından düşsün. Rəşad bu sözü deyib sükan arxasından düşmüş, o, qabaq sağ oturacaqda əyləşdiyi üçün Rəşad sükan arxasından düşüb maşının arxasına keçərək onun əyləşdiyi yerə yaxınlaşmaq istəmiş ki, maşından düşürsün. Belə olduqda mühərrikin işlək vəziyyətdə olduğunu görüb sonuncunun arxadan sağ qapını açmaq istədiyi anda qərar gəlmişdir ki, sükan arxasına keçsin və maşını idarə edib oradan uzaqlaşsın. Rəşad sağ qapıya yaxınldaşan anda cəld sağ oturacaqdan sürücü oturacağına tullanıb keçmiş və mühərrik işlək vəziyyətdə olduğu üçün sükanı hərəkətə gətirmişdir. Həmin anda Rəşad sağ qapını açıb salona oturmaq istəmiş, lakin maşını ani anda hərəkətə gətirdiyi üçün Rəşad salona əyləşə bilməmiş və sağ qapıdan tutmuş, maşın sürətlə hərəkət başladığı üçün Rəşad qapıdan tutmuş vəziyyətdə maşın bir neçə metr sürümüşdür. Rəşad maşının qapısını buraxdığı üçün o, sürəti artırıb maşını sürərək oradan uzaqlaşmış, maşını idarə edib oradan birbaşa Ekologiya postunun yanında Sulutəpə qəsəbəsinə istiqamətə hərəkət etmişdir. Yolboyu Rəşad onun mobil nömrəsi ilə əlaqə saxlamış, o, postdan bir qədər irəlidə yolun kənarında maşını saxlamış və Rəşadın zənginə cavab verib bildirmişdir ki, maşını Ekologiya postunun yanında Sulutəpə qəsəbəsinə gedən istiqamətdə saxlamışdır və gedib maşını götürməsini bildirmiş, sonra maşından düşüb evinə getmişdir. Əlavə olaraq göstərmişdir ki, Rəşad həmkəndlisi olduğundan və onu tanıdığı üçün yolboyu münasibəti yarandığından sonuncudan əvvəlcə 20 manat, sonra 100 manat pul borc almış, demişdir ki, səhər qaytaracaqdır. Rəşad maşında ondan verdiyi pulu təkidlə geri tələb etmiş, sonra isə sükan arxasından düşüb sağ oturacağa yaxınlaşdıqda onun üstünə gəldiyini görüb tez sükan arxasına keçmiş və mühərrikin işlək vəziyyətdə olduğunu görüb maşını idarə edərək oradan uzaqlaşmış, maşını qaçırmaqda onu talamaq və yaxud digər məqsədləri olmamış, bu səbəbdən də Ekologiya postunu keçdikdən maşını yolun kənarında qoyub Rəşadın özünə bu barədə məlumat vermişdir. Hazırda əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Mercedes Benz E 220 dizel markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomaşını 2019-cu ilin noyabr ayının 19-da etibarnamə ilə almış, avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsinə çörək pulu qazanmaqla məşğul olur. Avtomobili ilə Bakı şəhəri, 20 yanvar dairəsi ətrafından Xırdalan şəhərinə və əksinə müştəri daşımaqla məşğul olur. Cəlal adlı şəxs onun həmkəndlisidir və onunla həmyaşıddır. Hadisə baş verən tarixədək həmkəndlisi Cəlalla şəhərdə görüşməmiş, eyni zamanda kənddə yaşadığı müddətdə aralarında heç bir münasibət olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saat 13:00 radələrində Xırdalan şəhərindən müştəri götürüb 20 yanvar dairəsinə apardıqda bazarın yanında Cəlal maşina əl etmiş və müştəri kimi maşına əyləşmişdir. Cəlalla yolda tanışlıq edərkən onu yaxşı tanıdığını bildirmiş, söhbət əsnasında onun rayonda fəaliyyətini və əvvəllər sürdüyü maşının markası barədə məlumatlı olduğunu da bilmiş, müştəriləri düşürdükdən sonra Cəlalla aralarında münasibət yarandığı üçün söhbət əsnasında ondan 20 manat pul borc istəmiş və demişdir ki, ona pul göndəriblər, götürüb borcunu qaytaracaqdır. O, heç bir söz demədən ona üstündə olan 20 manat pulu çıxarıb vermiş, bundan sonra birlikdə 28 may metrosu ərazisinə getmişlər. Orada Cəlal nə isə almış, oradan Sumqayıt şəhərinə getmişlər. Orada «Azza» dükanına girib çıxdıqda əlində iki selofon olmuş, oradan yenidən Xırdalan şəhərinə qayıtmış, Xırdalan şəhərində Cəlal bir nəfər qızla yolun kənarında evin qarşısında görüşmüş və selofonları ona verdikdən sonra yenidən maşına əyləşmişdir. Yolda söhbət əsnasında bildirmişdir ki, hamam icarəyə götürüb işlədir, buna görə də Sədərək ticarət mərkəzinə gedib oradan hamam üçün aksesuarlar almalıdır. Cəlal ona pul gətirildiyini bildirib 100 manat pul borc istəmiş ki, lazım olan əşyaları alsın və pulu gəldikdə onun pulunu qaytaracaqdır. Cəlalın onunla həmkəndli olduğu üçün etiraz etməmiş və qaynanasına zəng edib ondan 100 manat pul borc istəmiş, yaşadığı yaşayış massivinin qarşısına qaynanası pulu gətirmiş və götürüb 100 manat pulu Cəlala vermişdir. Oradan birlikdə Günay mərasim evinin qarşısına doğru gəlmiş, mərasim evinin qarşısından sola dönüb maşını saxlamış, söhbət əsnasında başa düşmüşdür ki, Cəlal ondan hər vasitə ilə uzaqlaşıb getmək istəyir. Orada Cəlal ona demişdir ki, tanış qızının yanına gedib və bir saatdan sonra onunla görüşəcəkdir. Bunu deyib maşından düşüb getdikdə o, tanışına zəng vurmuş və Cəlal barədə maraqlanıb onu tanıyıb-tanımaması barədə soruşmuşdur. Tanışı ona Cəlalın fırıldaqçı olduğunu demiş və ona pul verdiyini bildiyi üçün demişdir ki, təcili pulu ondan hər vasitə ilə geri alsın. Belə olduqda cəld maşından düşmüş və Cəlalı arxadan çağırıb maşına əyləşdirmiş, sonuncuya demişdir ki, onun üçün pulu haraya göndəriblər, gedib götürsünlər. Cəlal isə bildirmişdir ki, pulu Sumqayıt şəhərinə göndəriblər. Belə olduqda demişdir ki, gedək Sumqayıta oradan pulu götürüb ona versin. Maşının içərisində söhbət edə-edə H.Əliyev prospektinə Polis İdarəsinin yaxınlığındakı əraziyə gəlib çıxmış, yolboyu Cəlalın hərəkətləri ona pis təsir etmiş, söhbət əsnasında maddi vəziyyətinin çətin olduğunu, borc-xərclə maşın aldığımı demiş, lakin görmüşdür ki, onun maddi durumunun çətin olması bir kəndçi kimi Cəlal üçün maraqlı deyil və onun durumunun çətin vəziyyətində Cəlalın etdiyi hərəkətlərə görə bərk əsəbiləşmişdir. Həmin ərazidə əsəbləri gərildiyi üçün maşını saxlamış və maşından düşməsini tələb etmiş, maşında elə hal yaranmışdır ki, hətta sonuncunu vurmaq istəmişdir. Buna görə də Cəlaldan maşından düşməsini tələb etmiş, bu sözləri deyib maşından düşmüş və arxadan keçib sağ qapını açmaq istəmiş ki, onu maşından düşürsün. Bu anda Cəlal sağ oturacaqdan cəld sürücü oturacağına tullanıb keçmiş və mühərrik işlək vəziyyətdə olduğu üçün o sağ qapıya çatan anda sükanı hərəkətə gətirmişdir. O, sağ qapını açıb salona oturmaq istəmiş, lakin maşın ani anda hərəkətə başladığı üçün salona əyləşə bilməmiş və sağ qapıdan tutmuş, maşın sürətlə hərəkət başladığı üçün qapıdan tutmuş vəziyyətdə maşın onu bir neçə metr sürümüşdür. O, maşının qapısının zədələnəcəyini və eləcə də özünün xəsarət alacağını zənn etdiyi üçün qapını əlindən buraxmış, zərbədən yerə palçığın içərisinə düşmüş, həmin vaxtı əlində mobil telefonu olmuş, hər vasitə ilə əllərini qarşıya vermiş ki, sifəti yerə dəyib zədələnməsin. Cəlala isə onun xəsarət alacağı heç maraqlı olmadan hadisə yerində daynamadan maşını sürüb getmiş, o, yerə bərk yıxıldığı üçün əlindəki mobil telefonum sınmış, əynindəki paltarlar palçıq olmuş, əllərindən, dizindən xəsarət almışdır. Hadisə baş verən yer Xırdalan dairəsindən təxminən 200-300 metr aralıda yerləşdiyindən piyada həmin yerə gəlmiş, onun mobil telefonu tamamilə sınıb yararsız vəziyyətə düşdüyü üçün bir nəfər tanımadığı şəxsdən mobil telefonunu zəng etmək üçün istəmiş və həmin şəxsin telefonu ilə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, oradan isə evinə gedib paltarını dəyişdikdən sonra Abşeron rayon Polis İdarəsinə gəlib şikayət ərizəsi yazmışdır. Əlavə olaraq göstərmişdir ki, Abşeron rayonunda hadisə ilə bağlı ərizə yazdıqdan sonra mobil nömrəsini digər telefona qoyub Cəlalın istifadəsində olan mobil nömrə ilə yazışmış və Cəlal ona maşını Ekologiya postunun yanında Sulutəpə qəsəbəsinə gedən istiqamətdə atıb getdiyini bildirmiş, buna görə də avtomobilini həmin ərazidə polis əməkdaşları aşkar etmiş və avtomobili polis idarəsinə gətirilmişdir. Avtomobili 1998-ci il buraxılışlı Mercedes Benz E 220 dizel avtomobilidir, həmin avtomobili 2019-cu ilin noyabr ayında 12.500 manata almışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş üzrə MTE və PA Birliyi Abşeron rayon şöbəsindən alınmış xx.xx.2020-ci il tarixli, 102 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – hər iki əlin ön səthinin, sağ əlin 2-ci barmağının, sol əlin 4-5-ci barmaqlarının, sol diz oynağı nahiyəsinin sıyrıqları kimi xəsarət izləri aşkar edilmiş, həmin xəsarətlər xx.xx.2020-ci il tarixdə yetirilməyə xarakterik olmuş, xəsarətlər avtomaşından yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlməsinə xarakterik olmuş, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2020ci il tarixli, 3941 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli «Huavei» markalı, P smart Z model istifadədə olmuş mobil telefonun zədələnməmişdən əvvəl normal vəziyyətdə 2020-ci ilin yanvar ayına orta bazar qiyməti təxminən 250 manat müəyyən edilir. - ekspertiza tədqiqatına təqdim edilmiş 1998-ci il buraxılışlı Mercedes Benz E220 CDİ markalı, ** CV *** dövlət qeydiyyat nişanlı, 291274 km məsafə qət etmiş, mühərrik tutumu 2151 sm3 avtomobilin hazırkı vəziyyətdə 2020-ci ilin yanvar ayına orta bazar qiyməti təxminən 10500 manat müəyyən olunur. Beləliklə, məhkəmə iş üzə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X1 məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.4-cü maddəsinə əsasən 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Masallı rayon icra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində göstəriş Masallı rayon icra şöbəsinə icra olunmasından ötrü xx.xx.2018-ci il tarixdə icraata qəbul olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs barəsində olan 2000 manat cərimə cəzasından 750 manat ödənilmiş, 1250 manat isə ödənilməmiş qalır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cərimə cəzasına məhkum olunmuş, cərimə cəzasını icra etmədən, xx xxxxxx 2020-ci il tarixdə hazırki cinayəti törətdiyindən onun məhkumluğu ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. X3 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşmanlıq çəkməsini, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraqbelə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.2.3-cü maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündəcəza təyin edilməsi qanuni olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixdək şübhəli şəxs qismində saxlanılmış, Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan təbiri seçilməsinə dair Abşeron rayon Prokurorunun təqdimatı təmin edilməmiş, xx xxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-nin 69.4-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs oğlunun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixdək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Əvvəlki hökm üzrə təyin edilmiş cəza çəkilmədən məhkum qəsdən cinayət törətdiyinə görə CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hökmlərin məcmuyu üzrə cəza təyin edilməli, indiki hökmlə təyin edilmiş cərimə cəzası ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş qalan 1250 manat hissəsi tamamilə birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Masallı rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz E 220 markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin185.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixdək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alınmaqla, ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən indiki hökmlə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş qalan 1250 manat hissəsi ilə qismən birləşdirilsin və üzərində 4000 (dörd min) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz E 220 markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-376/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-376/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver