Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-376/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1991-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. ev 6-da qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən və istintaqa məlum olmayan mənbədən 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,211 qram, ümumi təmiz çəkisi 0,276 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,197 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, 09 mart 2021-ci il tarixdə saat 21:10 radələrində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində keçirilən əməliyyataxtarış tədbirləri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, M.Vəliyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilib xidməti otaqların birində onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı, həmin 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,211 qram, ümumi təmiz çəkisi 0,276 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,197 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, evlidir və bir azyaşlı övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 aydır narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. Bu səbəbdən də 07.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində şəffaf sellofan kəsiyinə bükülmüş iki büküm narkotik vasitə olan heroin və siqaretin gümüşü rəngli kağızı ilə bükülmüş bir büküm də psixotrop maddə olan metamfetamin alaraq həmin bükümləri bir ədəd şəffaf sellofanın içərisinə qoyub Masazır qəsəbəsinə qayıtmış. Həmin bükümlərdəki narkotik vasitələri və psixotrop maddəni özü istifadə etməsi üçün öz üzərində saxlamış. 09.03.2021-ci il tarixdə saat 21:10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, M.Vəliyev küçəsi ilə hərəkət edərək yaşadığı evə doğru gedən zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda şübhəli bilindiyi üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. Heç bir etiraz etməmiş və onlarla birlikdə Abşeron RPİ-nə getmiş. Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş. Polis əməkdaşlarının və dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmış. Axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində şəxsi axtarış keçirəcəklərini, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etməyini bildirmişlər. Həmin vaxt 2 gün əvvəl, yəni 07.03.2021ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb cibinə qoyduğu içərisində 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb stolun üstünə qoymuş və həmin bir bükülünün içərisində də 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin sorğu zamanı həmin 2 bükümdə olan narkotik vasitəni və bir bükümdə olan psixotrop maddəni 07.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb cibinə qoyduğunu bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinlər və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, özü və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Narkotik vasitələri və psixotrop maddəni öz istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonunda olan zaman tanımadığı şəxsdən almışdır. Ona görə də həmin şəxsin kimliyi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2012-ci ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində 2019-cu ildən polis baş leytenantı rütbəsi ilə xidmət edir. 09 mart 2021-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat təxminən 21 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Abşeron rayonu, Masazır kəndi, M.Vəliyev küçəsinə getmişlər. Qeyd olunan küçədə yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu demişlər. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Kamran etiraz etməyərək onlarla polis idarəsinə gəlmişlər. Polis idarəsinin inzibati binasında təhqiqatçı Cavanşir Mansirov və müdafiəçi Ramin Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Kamran üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir bükülünün içərisində 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün 07.03.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 10.03.2021-ci il tarixli 6/970 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №56” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram; 0,211 qram, ümumi təmiz çəkisi 0,276 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,216 qram - 0,06 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir), 01 ədəd bükümdə təmiz çəkisi 0,197 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir(qalıq 0,147 qram - 0,05 qram psixotrop maddə - metamfetamin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 14.04.2021-ci il tarixli 1081 №li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 20.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər nəhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 09.03.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 11.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büküm və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdən 11.03.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,216 qram narkotik vasitə olan heroin və 0,147 qram psixotrop maddə - metamfetamin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 48 saat hüquqi yardıma görə 288 manat məbləğində pul Abşeron rayuon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.03.2021-ci tarixdən 11.03.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29.06.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,216 qram narkotik vasitə olan heroin və 0,147 qram psixotrop maddə - metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 48 saat hüquqi yardıma görə 288 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-376/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-376/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver