Məhkəmə qərarları › İş №1(012)-377/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-377/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-377/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd oğlunın sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Qazax rayonu, Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Medkalon ərazisində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi evin həyətində tanışı Zərərçəkmiş şəxs təmizlik işləri apardığını və orada olan istifadəsiz əşyaları atdığını görüb, sonuncuya zarafatyana «sən buranı dağıtdın» deməsi və bu sözün qarşılığında kobud cavab alması səbəbindən həmin fərdi evin həyətində aralarında bu zəmində mübahisə yaranmış, mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs sifətinə bir neçə dəfə vurub, ona sol göz almasının kontuziyası, sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yuxarıda qeyd edilmiş ünvana köçdüyü vaxtdan, yəni təxminən on il olar ki, tanıyır. Zərərçəkmiş şəxs dəmir yolunun digər tərəfində, o isə əks tərəfində yaşayır, bir qonşu kimi həmişə normal münasibətdə olmuşlar. Son dövrədək aralarında həmişə zarafatları olmuş və heç bir zaman dalaşmamış və aralarında ədavətli münasibətləri olmamışdır. Əmirin qonşuluğunda Akif adlı şəxs yaşamış, hazırda təxminən bir ay yarım olar ki, həmin şəxs xəstəlikdən rəhmətə getmişdir. Akifi həm o, həm də Əmir tanımış. Akif xəstə olduğu üçün sonuncunu bacısı öz yanma aparmış və yaşadığı evi isə satışa qoymuş, həmin evin satışa çıxarılması üçün Əmir orada təmizlik işləri ilə məşğul olmuşdur. 14 aprel 2022-ci il tarixdə axşam saat 17 radələrində mağazadan siqaret almaq üçün getmiş, Akifin evi mağazaya gedən yolun üstündə yerləşdiyindən həmin evin qarşısından keçən anda görmüşdür ki, Əmir orada işləyir və həyət daxil olmuşdur. Əmirin işlədiyini görüb ona zarafatyana bildirmişdir ki, evdə həmişə istifadə etdikləri mis qazan hardadır və bir-birləri ilə zarafatlaşmışlar. Elə bu anda gözləmədiyi halda Əmir ona qarşı söyüş işlətmiş, sonuncunun bu yersiz söyüşü ona bərk təsir etmiş və sözlərinə məhəl qoymasını bildirmişdir. Bu anda aralarında mübahisə düşmüş və həmin vaxtı sonuncunun onunla söyüşlə danışmasına görə əsəbiləşmiş və bir dəfə əli ilə onun sifətindən vurmuşdur. Zərbədən Əmir yerə yıxılmış və sonuncuya sözlərinə diqqət verməsini bildirib oradan çıxıb getmişdir.Sonradan şikayət verən şəxs ilə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Xəyyam onun qonşuluğunda yaşayır, belə ki, o, dəmir yolunun qarşı tərəfində, Xəyyamın isə dəmir yolunun əks tərəfində yaşadığını bilir, lakin dəqiq ünvanında olmamışdır. 14 aprel 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı küçədə qonşusu Akif adlı şəxs ağır xəstə olduğu üçün onun evində təmizlik işləri aparmış və evin satılması üçün normal şərait yaratmağa çalışmışdır. Həmin vaxtı Xəyyam həyətə daxil olmuş və ona yaxınlaşıb «sən buranı dağıtdın» deyib kobud tərzdə onunla zarafat etməyə başlamışdır.Onun hərəkətlərindən içkili olduğunu zənn etmiş, buna görə də ona kobud zarafatlarına son qoymasını tələb etmişdir. Buna görə də aralarında bu zəmində mübahisə düşmüş və mübahisə zamanı Xəyyam sifətinə bir dəfə yumuruqla vurmuşdur. Həmin vaxtı o Xəyyama heç bir müqavimət göstərməmiş və mübahisənin böyüməməsi üçün oradan uzaqlaşıb çıxıb getmişdir. Mübahisə Akifin həyətində fərdi evinin girişində həyətdə olmuş və həmin vaxtı orada ikisi olmuş, başqa kimsə olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 750 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz almasının kontuziyası (əzilməsi) sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022ci il tarixdə dava dalaş zamanı yumruq zərbəsi ilə vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayət verən şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, şikayət verən şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirlədirilən şəxs zərəçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət əməlini törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, cinayət əməlini törətmiş şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət əməlini törətmiş şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar