Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-378/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Neftçala rayonu rayonu, Tatarməhəllə kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında kirayə yaşayan, barəsində barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 13:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hisssəsinin 8-ci bəndinin tələblərini pozaraq, narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hisssəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə hərəkət etdirməməli olduğu halda, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşayış məntəqəsində, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və həkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı”, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib Xırdalan şəhəri, Ər-Riyad Ticarət mərkəzinin qarşısında 2-ci dərəcəli yolda 70 km/saat sürətlə üzü Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında hərəkətdə olan Şahid2 idarə etdiyi “İsuzu Ecobus” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı 539 saylı marşurut üzrə hərəkət edən sərnişin avtobusunun arxa hissəsi ilə toqquşaraq, ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişinlər – Şahid1 dilin əzilmiş cırılmış yaraları, sol baldır və sol bud nahiyələrinin yumşaq toxumalarının əziyi kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs Th10 (10-cu döş fəqərəsi) cisminin yerdəyişən sınığı, sağ əlin birinci daraq sümüyünün yerdəyişən sınığı, sağ incik sümüyünün başının qopuğu kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, 31 may 2023-cü il tarixdə X3 etibarnamə ilə “Toyoto Pirius” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili alıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. 03 iyun 2023-cü il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhərindən müştəri proqram vasitəsilə Xırdalana taksi sifariş vermişdir. Sumqayıt şəhərindən 2 yaşlı qadın adı sonradan ona məlum olan Şahid1 və Zərərçəkmiş şəxs avtomaşına əyləşmişlər. Radə onun arxasında, Adilə isə sağında arxada əyləşmişlər. Xırdalan şəhəri istiqamətində hərəkət etməyə başlamış, Bakı Sumqayıt şossesi ilə üzü Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən, Xırdalan şəhəri Ər-Riyad Ticarət Mərkəzinin yaxınlığında sağ tərəfdə köməkçi yola daxil olmuşdur. Təxminən saatda 60-70 km surətlə hərəkət edərkən yolun sol hissəsindəki arakəsmələrə diqqət edərkən ani vaxtda yolun sağ hissəsi ilə hərəkət edən avtobusun arxa hissəsi ilə toqquşmuşdur. İdarə etdiyi avtomobilin ön sağ hissəsi avtobusun arxa sol hissəsinə dəymiş, zərbənin təsirindən arxada əyləşmiş sərnişin Zərərçəkmiş şəxs ön oturacağına düşmüş, Şahid1 başı oturacağa dəyib xəsarət almışdır. Hadisənin baş vemə səbəbi onun ani diqqətsizliyi olmuşdur. Hadisədən sonra polis əməkdaşları hadisə yerinə gəlib, baxış keçirmişlər və daha sonra onu tibbi müayinədən keçirmişlər. Müayinə zamanı onun analizdən narkotik vasitə istifadə etməsi aşkar olunmuşdur. O, müayinə zamanı etiraf edərək 7-8 gün öncə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra maddi imkanı olmadığı üçün həmin şəxslərə maraqlanmamış, hər hansı formada maddi və digər köməklik göstərə bilməmişdir. Özünü təqsirli bildiyini və peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 iyun 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Sumqayıt şəhərindən Xırdalan şəhərinə getmək üçün taksi sifariş vermişlər. “Toyoto Pirius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əvvəllər tanımadığı Təqsirləndirilən şəxs bacısı Şahid1 ilə onu Xırdalana aparmışdır. Onlar arxada oturmuş, o, sağda Radə isə sürücünün arxsında. Xırdalan şəhəri, Ər-Riyad Ticarət Mərkəzinin qarşısı ilə köməkçi yolu ilə orta sürətlə hərəkətdə olarkən ani vaxtda avtomobil qarşıda dayanmış avtobusun arxa hissəsinə çırpılmış, zərbənin nəticəsində o, arxa oturacaqdan irəli tərəf gedib avtomobilin ön oturacağının altına düşmüş və müxtəlif xəsarətlər almışdır. Ətrafda olan şəxslərin köməkliyi ilə onu avtomobildən çıxarmışlar və Təcili Yardım vasitəsilə bacısı ilə onu xəstəxanaya aparmışlar. Bacısı Radə də ağız nahiyəsidən xəsarət almışdır. Sürücü Təqsirləndirilən şəxs onların heç bir xərclərini ödəməmişdir, heç bir maddi dəstək olmamışdır. Hadisənin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq hadisə baş verən vaxtdan bu günə gədər təqsirləndirilən şəxs tərəfindən onlara hər hansı köməklik olunmamış, hətta onların vəziyyəti ilə belə maraqlanılmamışdır. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Şikayətçi olduğunu təqsirləndirilən şəxs barədə qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında bacısı Adilənin yaşadığı Sumqayıt şəhərinə qonaq gəlmişdir. 03 iyun 2023-cü il tarixdə saat 13 radələrində bacısı Adilənin yaşadığı Sumqayıt şəhərindən Xırdalan şəhərinə getmək üçün taksi sifariş vermişlər. “Toyoto Pirius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əvvəllər tanımadığı Təqsirləndirilən şəxs bacısı Adilə ilə onu Xırdalana aparmışdır. Onlar arxada oturmuş, o, sürücünün arxasında, Adilə isə arxada sağda oturmuşdur. Xırdalan şəhəri, X5 qarşısı ilə köməkçi yolu ilə orta sürətlə hərəkətdə olarkən ani vaxtda avtomobil qarşıda dayanmış avtobusun arxa hissəsinə çırpılmışdır, zərbənin nəticəsində onun üz nahiyəsi sürücü oturacağına dəymiş dili və dişləri zədələnmişdir. Ətrafda olan şəxslərin köməkliyi ilə onları avtomobildən çıxarmışlar və Təcili Yardım vasitəsilə xəstəxanaya aparmışlar. Bacısı Adilə də ayaq və əl nahiyələrindən xəsarət almışdır. Əslində o, özü də zərərçəkmiş şəxs kimi tanınmalı idi, çünki yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına da xəsarət yetirilmişdir.Sürücü Təqsirləndirilən şəxs onların heç bir xərclərini ödəməmişdir, heç bir maddi dəstək olmamışdır, sürücü barəsində şikayətçidirlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 8 ildirki, "xxxx" MMC-də sürücü olaraq çalışır 539 saylı marşurut üzrə “İsuzu Ecobus” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edir. 539 saylı marşurut üzrə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən - Lökbatan Binə Ticarət Mərkəzi istiqamətində və əks istiqamətdə hərəkət edir. 03 iyun 2023-cü il saat 13:30 radələrində idarə etdiyi “İsuzu Ecobus” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Xırdalan şəhəri, Ər-Riyad Ticarət Mərkəzinin qarşısı ilə üzü Masazır dairəsi istiqamətində köməkçi yol ilə təxminən 30km/saat surətlə hərəkətdə olarkən anidən avtobusun güclü şiddətlə silkələndiyini hiss etmiş, zərbənin təsirindən avtobus yolun sağ hissəsindəki səkiyə çıxıb, ağaclara dəyib dayanmışdır. O, dərhal aşağı düşüb baxdıqda avtobusun arxa sol hissəsindən №Toyoto Pirius” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə dəydiyini müşahidə etmişdir. Həmin avtomobildə olan yaşlı 2 qadın xəsarət almışdır. Ətrafda olan şəxslərin köməkliyi ilə həmin qadınları avtomobildən çıxarıb təcili yardım çağırmışlar. Həmin avtomobilin sürücüsü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs dəqiq bir cavab verə bilməmişdir. Daha sonra o, Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində idarə etdiyi avtobusun arxa sol qanadı, arxa və ön buferi zədələnmişdir. Bununla bağlı rəsmi sənədlər təhqiqat araşdırması zamanı təqdim edilmişdir. Hadisə zamanı o, ayıq olmuşdur, hadisənin hansı səbəbdən baş verməsi barədə heç bir məlumatı yoxdur, “Prius” markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtobusu arxadan vurmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 01.04.2023-ci il tarixli, BB seriyalı, 513068 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, B, C1, C,” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun sidiyi ekspres test üsulu ilə yoxlanılmış, narkotik maddə olan amfetamin və OPİAT tərkibli narkotik maddə qəbulu faktı aşkarlanmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 iyun 2023-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 2-ci dərəcəli yolunda, Riyad ticarət mərkəzinin yaxınlığında baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla,qurudur, düzdür. Hərəkət 2 zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metrdir. Şosse 3 gedişli- 3 gəlişlidir, nəqliyyat axımını dəmir məhəccərlər bölür, hər istiqamətin hərəkət zolağını 1.5 metr üfiqi nişanlanma xəttləri ilə bölünmüşdür, 2-ci dərəcəli hərəkət yolları 2 hərəkət zolağına 1.5 metr üfiqi nişanlanma xəttləri ilə bölünmüşdür. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir.Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli 8/3038 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İsuzu Ecobus” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərin tədqiqi xüsusi texniki bilik tələb etmir. Aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 09 avqust 2023-cü il tarixli 1582 nömrəli rəyindən görünür ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - Th10 (10-cu döş fəqərəsi) cisminin yerdəyişən sınığı, sağ əlin birinci daraq sümüyünün yerdəyişən sınığı sağ incik sümüyünün başının qopuğu bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 09 avqust 2023-cü il tarixli 1583 nömrəli rəyindən görünür ki, Şahid1 bədənində aşkar edilmiş xəsarətlər - dilin əzilmiş-cırılmış yaraları, sol baldır və sol bud nahiyələrinin yumşaq toxumalarının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, icraata qəbul edilmişdir.Zərərçəkmiş şəxs kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayətin törədilməsində vasitə olan “Toyota Prius” markalı **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışınadək mülkiyyətçisi X1 nəzərə alınmışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, “İsuzu Ecobus” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışınadək mülkiyyətçisi “Sahil MMC”-də saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 18 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-423/2024 saylı, 09 avqust 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 02 ay 23 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 ay 16 gün müddət ona təyin olunmuş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən təqdim olunmuş 26 sentyabr 2024-cü il tarixli 21-1/319572/24 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-423/2024 saylı, 09 avqust 2024-cü il tarixli hökmünə əsasən onun şəxsi işi xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuş və o, 09 sentyabr 2024-cü il tarixdə qeydiyyatdan keçmişdir. Məhkum Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixə cəzasının 17 gününü çəkmiş, 02 il 02 ay 27 gün isə çəkilməmiş cəzası qalmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-1012/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzr icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi ərazisində tutularaq Abşeron RPİ-nə gətirilmiş və Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-378/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-378/2024 saylı, 02 aprel 2024-cü il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işlərivə ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMnin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263-1.1-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olması halı tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263-1.1-ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-in 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-423/2024 saylı, 09 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 02 ay 23 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 ay 16 gün müddət ona təyin olunmuş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-423/2024 saylı, 09 avqust 2024-cü il tarixli hökmünə əsasən qəti olaraq 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakı Şəhər Probasiya İdarəsi tərəfindən təqdim olunmuş 26 sentyabr 2024-cü il tarixli 21-1/319572/24 nömrəli məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs tarixə cəzasından 17 gününü çəkmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 423/2024 saylı, 09 avqust 2024-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) il 09 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 04 (dörd) ay 15 (on beş) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməli, əvvəlki hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Bundan başqa, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə həbsdə saxlanıldığı 02 (iki) ay 23 (iyirmi üç) gün, hazırki iş üzrə axtarış nəticəsində tutulduğu 01 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilmiş hissəsi 17 gün, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə bərabər tutulmaqla, ümumilikdə 03 ay 03 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair 18 iyun 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” minik markalı ** DP *** və “İsuzu Ecobus” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə sərf edilmiş 60 (altmış) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu işə baxan hakim (hakimlər) tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhər Xətai rayon Məhkəmənin 09 avqust 2024-cü il tarixli, 1(011)-423/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətində azadlığın məhdudlaşdırma cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına, yəni 01 (bir) il, 04 (dörd) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq, ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə həbsdə saxlanıldığı 02 (iki) ay 23 (iyirmi üç) gün, hazırki iş üzrə axtarış nəticəsində tutulduğu 01 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilmiş hissəsi 17 gün, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə bərabər tutulmaqla, ümumilikdə 03 ay 03 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” minik markalı ** DP *** və “İsuzu Ecobus” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahiblərinə geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-378/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-378/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver