Məhkəmə qərarları › İş №1(012)-379/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-379/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-379/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1970-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Gərmətük ərazi dairəsi, Gərmətük qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İ.Cəfərov küçəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olub həmin prospektin H.Z.Tağıyev küçəsi ilə kəsişdiyi ərazidə sola dönmə əməliyyat edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitəsinə yol verməli, onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyərək, həmin vaxtı H.Əliyev prospekti ilə əks istiqamətli yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Minsk markalı” 99-C-523 dövlət qeydiyyat nişanlı motosikllə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan motosiklın sürücüsü Zərərçəkmiş şəxs sol budun arxa çıxığı, sol sirkə kasasının dibinin arxa kənarının qapalı yerdəyişən sınığı, sol budun çıxığının reduksiyadan sonrakı vəziyyəti, çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağir zərər vurulmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Gərmətük ərazi dairəsi, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İ.Cəfərov küçəsində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır və o, X3 məxsus “Toyota Prius” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. 04 aprel 2024-cü il tarixdə saat 03:30 radələrində o, idarə etdiyi həmin avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə iki gedişli və iki gəlişli yolun sağ zolağı ilə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin prospektin H.Z.Tağıyev küçəsi ilə kəsişdiyi ərazidə işıqforun yaşıl işığında avtomobili ilə sola dönmə əməliyyatı edib H.Z.Tağıyev küçəsinə dönmək istəmişdir. Həmin vaxtı qarşıdan əks yolla hərəkətdə olan motosikl onun avtomobili ilə toqquşmuş və toqquşma zamanı motosiklın sürücüsü və arxasında əyləşmiş bir nəfər sərnişin yerə yıxılmışlar. Bu zaman o, dərhal avtomobilini saxlamış və yerə düşüb baxdıqda motosiklda əyləşmiş sərnişinin hər hansı bir xəsarət almadığını, lakin motosiklın sürücüsünün xəsarət aldığını görüb ona ilkin yardım göstərməyə başlamışdır. Həmçinin DİN-nin “102” xidmətinə də zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Əlavə olaraq qeyd edir ki, toqquşma baş verməzdən əvvəl o, ani olaraq motosiklin hərəkətini görmüş və bu səbəbdən də texniki imkanlarından istifadə edə bilməmişdir. Bir daha bildirir ki, hadisə vaxtı o, avtomobilində tək olmuşdur. Həmçinin avtomobildə sərnişin və yük olmamışdır. Eləcə də o, həmin vaxtı spirtli içki və yaxud bihuşedici vasitələrdən istifadə etməmişdir. Hadisə baş verən anda avtomobilinin sürəti təxminən 40-50 km/saat olmuş, həmin yolnəqliyyat hadisəsi onun ehtiyatsızlığı səbəbindən baş vermişdir. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, A1, A, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Minsk markalı, D4 125 model, 99C523 dövlət qeydiyyat nişanlı motosikl ona məxsusdur və o, X2 adına olan həmin motosiklı sürmək üçün etibarnamə ilə idarə edir. 04 aprel 2024-cü il tarixdə saat 03:30 radələrində idarə etdiyi həmin motosikl ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində iki gedişli və iki gəlişli yolun sağ zolağı ilə təxminən 40-50 km/saat sürətlə üzü Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-2” yaşayış kompleksi istiqamətində hərəkətdə olmuşdur və tanışı Şahid da idarə etdiyi motosiklda arxa oturacaqda əyləşmişdir. Onu da əlavə edir ki, onlar hərəkətdə olduqları zaman hər ikisi dəbilqədən istifadə etmişlər. O, idarə etdiyi motosikl ilə hərəkətdə olan zaman əks hərəkət zolağı ilə hərəkətdə olan “Toyota Prius” markalı avtomobil H.Z.Tağıyev küçəsinə doğru sola dönmə əməliyyatı etmişdir. Həmin vaxtı o, tormoz əyləcindən istifadə etməyinə baxmayaraq, qeyd olunan avtomobilin sol hissəsinə dəyərək toqquşmuş və nəticədə xəsarət alaraq yerə yıxılmışdır. Bildirir ki, hadisə baş verməməsi üçün o, texniki imkanlarından istifadə etsə də “Toyota Prius” markalı avtomobil ani anda sola dönmə əməliyyatı etdiyinə görə və həmin vaxtı aralarında olan məsafə təxminən 10-12 metr olduğuna görə onlar toqquşmuşalr. Bir daha qeyd edir ki, hadisə vaxtı tanışı Şahid da idarə etdiyi motosiklda arxa oturacaqda əyləşmişdir və motosiklda yük olmamışdır. Hadisə vaxtı o, xəsarət alsa da Fərid hər hansı bir ciddi xəsarət almamışdır. Eləcə də o, həmin vaxtı spirtli içki və yaxud bihuşedici vasitələrdən istifadə etməmişdir. Hadisə baş verən anda motosiklın sürəti təxminən 40-50 km/saat olmuşdur. Sürücü onun müalicəsinin bütün xərclərini ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs onun dostudur. 04 aprel 2024-cü il tarixdə saat 03:30 radələrində o, dostu Cavad ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksində olduğu zaman Cavaddan xahiş etmişdir ki, idarə etdiyi Minsk markalı motosikl ilə onu yaşadığı evə aparsın. Cavad da etiraz etməmiş və hər ikisi dəbilqə geyinərək motosikla əyləşmişlər. Bundan sonra da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə iki gedişli və iki gəlişli yolun sağ zolağı ilə təxminən 40-50 km/saat sürətlə hərəkətlərini davam etdirmişlər. Həmin vaxt əks hərəkət zolağı ilə gələn “Toyota Prius” markalı avtomobil həmin prospektlə H.Z.Tağıyev küçəsinin kəsişməsində onların keçib getməklərini gözləmədən sola dönmə əməliyyatı etmişdir. Bu anda Cavad idarə etdiyi motosiklin tormoz əyləcindən istifadə etməsinə baxmayaraq, hadisənin qarşısını ala bilməmiş və qeyd olunan avtomobilin sol hissəsinə dəyərək toqquşmuş və nəticədə onlar yerə yıxılmışlar. Həmin hadisə zamanı Cavad xəsarət alsa da o, heç bir xəsarət almamış və bədəni üzərində heç bir xəsarət izi yaranmamışdır. Bu səbəbdən də ilkin araşdırma zamanı Məhkəmə tibbi ekspertizasında müayinədən keçməkdən imtina etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1070 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bud çanaq nahiyəsinin geniş sahəli çapığının ilkin mənzərəsini özündə göstərən tibbi sənədlər ekspertizaya təqdim olunmadığına görə həmin xəsarətlərin yetirilmə aləti, müddəti və ağırlıq dərəcəsi barədə fikir söyləmək mümkün deyildir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 34 saylı əlavə rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol budun arxa çıxığı, sol sirkə kasasının dibinin arxa kənarının qapalı yerdəyişən sınığı, sol budun çıxığının reduksiyadan sonrakı vəziyyəti, çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 09 avqust 2024-cü il tarixli 8/1637 nömrəli ekspert rəyindən görünür ki,

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Minsk” markalı 99C523 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Abşeron rayon polis idarəsinin X6 Şöbəsinin məktubdan görünür ki, xx.xx.1970-ci ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Gərmətük ərazi dairəsi, Gərmətük qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına xx.xx.2024-cü ildə «B1,B,C1,C» kateqoriyalı BC042626 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi xx.xx.2034-cü il tarixə kimi etibarlıdır. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Minsk markalı” 99-C-523 dövlət qeydiyyat nişanlı motosikl saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin ifadəsi, ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Minsk markalı” 99-C-523 dövlət qeydiyyat nişanlı motosikl saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Minsk markalı” 99-C-523 dövlət qeydiyyat nişanlı motosikl saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar