Məhkəmə qərarları › İş №1(012)-38/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-38/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-38/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 240, “Absheron City” yaşayış kompleksi, bina “B” mənzil 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kosmetoloq işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, “Absheron City” yaşayış kompleksində yerləşən “AS Studio” adlı gözəllik salonuna müştərisi qismində gəlib-gedən Zərərçəkmiş şəxs ilə səmimi tanışlıq münasibəti yaratmış və sonuncunun ona qarşı yaranmış etibarından sui-istifadə edərək 22 mart 2022-ci il tarixdə iştirak edəcəyi toy məclisində bir günlük taxmaq üçün istifadə edib qaytaracağı ilə aldadıb həmin gün Zərərçəkmiş şəxs 01 ədəd, 21 qram çəkidə 1700 manat dəyərində qızıl qolbağını, 01 ədəd, 68 qram çəkidə 5400 manat dəyərində qızıl gərdanlığı və 01 ədəd, 22 qram çəkidə 1900 manat dəyərində klounlu qızıl boyunbağını alıb ələ keçirərək geri qaytarmayıb vədinə əməl etməmiş, 25 mart 2022-ci il tarixdə həmin qızıl-zinət əşyalarını ünvan 3 ünvanında yerləşəm “Lombard №1”ə 3300 manat qiymətələndirilib verməklə Zərərçəkmiş şəxs ümumilikdə 9000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında yaşadığı “Absheron City” yaşayış kompleksinin ərazisində fəaliyyət göstərən “AS Studio” adlı gözəllik salonunda işləsə də, hazırda heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. 2005-ci ildə Salyan rayon sakini Şahid1 ilə rəsmi şəkildə ailə qurmuş, həmin nikahdan üç uşaqları: 2006-cı ildə Aytən, 2008-ci ildə Dəniz adlı qızları, 2011-ci il tarixdə isə Nihat adlı oğlu dünyaya gəlmişdir. Əri Aslan 2014-cü ildə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yeni tikilmiş “Absheron City” yaşayış kompleksi bina “B” ünvanında yerləşən “3” nömrəli mənzili almış və 2015-ci ilin mart ayında həmin mənzilə köçmüşlər. 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə Aslandan rəsmi qaydada boşanmışdır. Həmin vaxtdan 3 azyaşlı uşağı ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır. 2022-ci ilin yanvar ayınadək Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən gözəllik salonlarını icarəyə götürüb işlətmiş, 2022-ci ilin yanvar ayında yaşadığı “Absheron City” yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “AS Studio” adlı gözəllik salonunda kosmetoloq işləyərək uşaqlarına baxmışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayının əvvəlindən tanıyır. Təranə ilk dəfə gözəllik salonuna müştəri kimi gəlib üzündə kosmetoloji prosedurlar olunmasını xahiş etmiş və o, həmin prosedurları icra etmişdir. Təranə mart ayı ərzində təxminən 7-8 dəfə gözəllik salonuna gəlib-getmiş, aralarında münasibət yaranmışdır. O, Təranə ilə söhbət edərkən qızının evində yaşadığını öyrənsə də, əvvəllər heç vaxt qızını görməmişdir. Təranə hər dəfə gözəllik salonuna gələndə özü ilə müxtəlif satlıq geyim əşyaları gətirib salonun işçilərinə və müştərilərə göstərmiş, onları Türkiyə Respublikasından gətirib satdığını bildirmiş, hətta bir dəfə Təranədən uşaqlarına göstərmək üçün geyimlər götürmüş, ancaq uşaqları həmin geyimləri bəyənmədiklərindən almamışdır. Həmin günlərdə Təranə ona və salondakı digər işçilərə üzərindəki qızıl qolbağını və boyunbağıları göstərib satmaq istədiyini bildirmişdir. Həmin qızıl-zinət əşyaları xoşuna gəldiyi üçün onları almaq istədiyini deyib Təranədən neçəyə satdığını soruşmuşdur. Təranə ona həmin əşyaları 2000 ABŞ dollarına satdığını demişdir. Əvvəlcə, boyunbağların birini götürüb əyarını və çəkisini bilmək üçün gözəllik salonunun yaxınlığında yerləşən lombarda aparmış, lombard bağlı olduğundan gətirib Təranəyə qaytarmışdır. Bir neçə gün sonra, yəni 22 mart 2022-ci il tarixdə Təranə salona gəlib qızılları almaq istəyib-istəmədiyini soruşanda o, almaq istədiyini, ancaq yoxlaya bilmədiyini demişdir. Təranəyə həmin qızıl-zinət əşyalarının qarşılığında 1000 manat pul verməyi təklif etməsinə baxmayaraq, Təranə buna ehtiyac olmadığını, 2022-ci ilin may ayında Türkiyə Respublikasına gedəcəyi ərəfədə 2000 ABŞ dolları verməsini bildirmişdir. Həmin vaxt gözəllik salonunun içərisində Təranədən 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı (üzərində olan klonla birlikdə) və 1 ədəd qızıl gərdanlığı almışdır. 22 mart 2022-ci il tarixdə Təranədən qızıl-zinət əşyalarını toy şənliyində iştirak edərkən taxmaq üçün almamış, ümumiyyətlə, həmin tarixdə toya getməmişdir. Təranənin onun telefon zənglərini cavablandırmaması və telefonunu söndürməsi ilə bağlı dedikləri də düzgün deyil. Həmin günlərdə mobil telefonu sındırılmış vəziyyətdə olduğundan Təranənin zənglərindən xəbərsiz olmuşdur. 09 fevral 2022-ci il tarixdə keçmiş əri Aslan işləri ilə bağlı getdiyi X2 Dubay şəhərindən Azərbaycan Respublikasına qayıtsa da, bu barədə ona məlumat verməmiş, 10 fevral 2022-ci il tarixdə saat 22:00 radələrində mənzilə gəlib səfərdən həmin vaxt qayıtdığını bildirmiş və 12 fevral 2022-ci il tarixdə yaşadıqları mənzildə boşanmaq istəməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı ona bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirmişdir. Bu barədə “103” xidmətinə müraciət edib təcili tibbi yardım çağırmış, yaşadığı ünvana gələn tibb əməkdaşları vəziyyətinin pis olduğunu görüb Abşeron rayon Polis İdarəsinə məlumat vermişlər. Həmin hadisə ilə əlaqədar aparılan araşdırma nəticəsində Aslan barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tənbeh tədbiri görülərək 300 manat cərimə cəzası tətbiq olunmuşdur. 2022-ci ilin fevralmart ayları ərzində boşanma məsələsi ilə bağlı Aslanla arasında dəfələrlə mübahisə yaranmış, bu müddətdə boşanmaq üçün 5 nömrəli mediasiya qurumuna ərizə ilə müraciət etmişdir. Aslan boşanmaması üçün ona istədiklərinin hamısını alacağını bildirdiyinə görə Təranədən aldığı qızıl-zinət əşyalarını Aslana göstərib əvəzində həmin qadına 2000 ABŞ dolları ödəməli olduğunu bildirmişdir. Aslan ona Təranəyə borclu qalmaması üçün həmin qızıl-zinət əşyalarını lombarda girov qoymaqla əvəzində aldığı pulu qızıl-zinət əşyalarının sahibinə qaytarmasını və sonradan həmin pulu ona ödəyəcəyini söyləmişdir. Buna görə də qızıl-zinət əşyalarının hamısını təxminən 2-3 gün sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində “Memar Əcəmi” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən, adını xatırlamadığı lombarda girov qoyub əvəzində 3300 manat pul almışdır. Aslan onun birdən boşanmaq üçün vəkilə və ya digər şəxsə müraciət etməsindən ehtiyatlandığından lombarddan aldığı 3300 manat pulun üzərinə 100 manat əlavə edərək hamısını Aslana vermiş, sonradan Aslan pulu yaşayış kompleksinin həyətində Təranəyə verdiyini bildirmişdir. Ancaq Aslan ona məxsus mobil telefonu sındırdığı üçün Təranə ilə əlaqə saxlayıb Aslanın 3400 manat pulu verib-vermədiyini öyrənə bilməmişdir. Təranəyə məxsus 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı (üzərində olan klonla birlikdə) və 1 ədəd qızıl gərdanlığı dələduzluq niyyəti ilə ələ keçirməmiş, həmin qızıl-zinət əşyalarını Təranədən 2000 ABŞ dolları müqabilində nisyə şəkildə almış, Təranə həmin əşyaları öz razılığı ilə ona satmış, ailəsində problemlər olduğu üçün həmin pulu özü qaytara bilməmiş və Təranəyə çatdırması üçün Aslana vermişdir. 15 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən qızıl-zinət əşyalarını 25 mart 2022-ci il tarixdə girov qoyduğu lombardı əyani şəkildə göstərmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır Türkiyə Respublikasına köçmüş və daimi olaraq orada yaşamışdır. 2020-ci ilin mart ayınadək sonuncu dəfə Azərbaycan Respublikasına 6 il əvvəl gəlmişdir. 2022-ci ilin mart ayında Azərbaycan Respublikasına qayıdıb Abşeron rayonu Xırdalan şəhəri “Absheron City” yaşayış kompleksində yerləşən mənzilində yaşamağa başlamışdır. Təxminən 5-6 gün sonra marketdən qayıdanda yaşayış kompleksinin ərazisində fəaliyyət göstərən “AS Studio” adlı gözəllik salonunun elanını görmüşdür. Qohumlarından birinin Şəki şəhərində baş tutacaq toy mərasimində iştirak etmək üçün kosmetoloji baxım etdirmək məqsədilə həmin gözəllik salonuna getdim. Həmin gün Sevinc ilə tanış olmuş və bundan sonra müştəri kimi ardıcıl 5 gün həmin gözəllik salonuna gedib-gəlmişdir. Təxminən 5-6 dəfə salonda olmuş, hər gedişində Sevinc kosmetoloq kimi ona qulluq göstərmiş, beləcə aralarında münasibət yaranmışdır. 22 mart 2022-ci il tarixdə gözəllik salonunda olan zaman Sevinc üzərində olan 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı (üzərində olan klonla birlikdə) və 1 ədəd qızıl gərdanlıqdan ibarət qızıl-zinət əşyalarını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Sevinc həmin qızıl-zinət əşyalarını çox bəyəndiyini deyərək satıb-satmadığını soruşmuş, o isə əşyaları satmadığını bildirmişdir. Bundan sonra Sevinc ona Salyan rayonunda baş tutacaq toy şənliyinə getməli olduğunu demiş və həmin qızıl-zinət əşyalarını taxmaq üçün 1 günlük verməsini xahiş etmişdir. Onun Sevincə inamı və etibarı yarandığından buna etiraz etməyib qızıl-zinət əşyalarını Sevincə vermişdir. Ancaq Sevinc sonradan əşyalarını qaytarmamışdır. 27 mart 2022-ci il tarixdə Sevinc yenə də onunla görüşəcəyini vəd etsə də, sonradan telefon zənglərini cavablandırmamış, sonradan isə, ümumiyyətlə telefonlarını söndürmüşdür. Sevincin yaşadığı mənzilin yerini öyrənib oraya getsə də, qapını açan olmamış, buna görə də Sevinc barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşayır. 2009-cu ildə “Stanford Marine” adlı xarici şirkətdə uzaq səfərlər kapitanı işləməyə başlamışdır. İşi ilə əlaqədar ilin əksər dövrünü dənizlərdə keçirir. 2004-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi şəkildə ailə qurmuş, həmin nikahdan 3 uşaqları: 2006-cı ildə Aytən, 2008-ci ildə Dəniz adlı qızları, 2011-ci ildə isə Nihat adlı oğlu dünyaya gəlmişdir. 2013-cü ilədək arvadı və azyaşlı uşaqları ilə birlikdə Salyan rayonu və Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yaşamış, təxminən 9-10 il əvvəl Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən, yeni tikilmiş “Absheron City” yaşayış kompleksindəki mənzillərdən birini almaqla həmin ünvana köçmüşlər. 2020-ci ilin əvvəllərindən etibarən Sevinc o, xarici səfərlərdə olarkən mütəmadi şəkildə onunla əlaqə saxlayaraq pul göndərməsini istəmişdir. Sevincdən həmin pulların nə üçün lazım olduğunu soruşduqda, arvadı ona özü və uşaqlarının koronavirusa yoluxduğunu demişdir. 09 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıdıb yaşadığı evə gəlmişdir. Həmin vaxt Sevinc heç bir əsas olmadan mübahisə yaratdığından o, mənzili tərk edib hazırda yaşadığı mənzilə köçmüş, bacısıoğlu Asim ilə birlikdə orada yaşamağa başlamışdır. 2022ci ilin mart ayının sonlarında Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsindən onunla əlaqə saxlanılaraq arvadı Sevincin Təranə adlı xanıma məxsus qızıl-zinət əşyalarını ələ keçirməklə dələduzluq etməsi barədə məlumat verilmiş, harada olduğunu soruşmuşlar. O, polis əməkdaşına Sevinclə birgə yaşamadığını, heç bir əlaqəsi olmadığını, buna görə də Sevincin harada olmasını bilmədiyini demişdir. Bir neçə gün sonra, yəni 2022-ci ilin aprel ayının əvvəllərində Təranə adlı xanım mobil telefonuna zəng edərək Sevincin qızıl-zinət əşyalarını taxmaq adı ilə götürüb dələduzluq etdiyini demiş, bu əməli nəticəsində dəymiş ziyanı ödəyə bilib-bilməyəcəyini soruşmuşdur. O, Təranə xanıma bir müddətdir Sevincdən ayrı yaşadığını, münasibətlərinin yalnız sənəd üzərində davam etdiyini bildirmişdir. Bundan sonra müxtəlif şəxslərdən Sevincin dələduzluqla məşğul olduğunu eşitmişdir. 2022-ci ilin iyun ayında Sevinc onun barəsində Abşeron rayon Polis İdarəsinə guya 2022ci ilin aprel ayında yaşadığı mənzilə gedib onu döyməsi ilə bağlı müraciət etmiş, həmin əsasında 14 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, ancaq Sevincin onun tərəfindən döyülməsi sübuta yetmədiyindən, Sevincin ifadəsində göstərdiyi dövrdə yaşadığı mənzildə olmaması müəyyən edildiyindən həmin iş üzrə icraata 04 mart 2023-cü il tarixdə xitam verilmişdir. Bundan başqa onun iddia ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Sevincdən rəsmi qaydada boşanmış, uşaqları azyaşlı olduqlarından Sevincin himayəsində saxlanılmışlar. Həmin qətnamə ilə üzərinə hər ay 600 manat aliment ödəmək öhdəliyi qoyulmuşdur və həmin vaxtdan alimenti vaxtlıvaxtında ödəyir. 12 fevral 2022-ci il tarixdə yaşadığı mənzildə boşanmaq istəməsi ilə bağlı aralarında baş vermiş mübahisə zamanı bədəninin müxtəlif nahiyələrindən vurmaqla xəsarətlər yetirməsi ilə bağlı tamamilə düzgün olmayan məzmunda ifadə vermişdir. Həmin tarixdə yaşadıqları mənzildə Sevinclə arasında mübahisə baş versə də, Sevincə heç bir xəsarət yetirməmiş, sadəcə Sevinci itələdiyi üçün barəsində araşdırma aparılmış və Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə 300 manat cərimə olunmuşdur. Sevinc heç vaxt ona qızıl-zinət əşyaları göstərərək onları Təranədən aldığını bildirməmişdir. İlk dəfə Təranə xanımın adını Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsində onunla əlaqə saxlanılarkən eşitmişdir. Bundan başqa Sevincin qızıl-zinət əşyalarını lombarda girov qoymasından xəbəri olmamış, buna görə də Sevinc ifadəsində Təranə xanıma məxsus qızıl-zinət əşyalarını onun məsləhəti ilə lombarda girov qoyub əvəzində aldığı 3400 manat pulu ona verməsi və onun həmin pulu yaşayış kompleksinin həyətində Təranə xanıma çatdırması barədə göstərdiklərinin hamısının yalandır. 2022-ci ilin fevral ayından etibarən “Absheron City” yaşayış kompleksinə getməmiş və Sevincin mobil telefonunu sındırmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Dayısı Şahid3 Bakı şəhəri Nəsimi rayonu ərazisində müxtəlif ünvanlarda rəsmi şəkildə lombard fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin noyabr ayında “Vətən müharibəsi” başa çatdıqdan sonra hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra dayısına məxsus Bakı şəhəri Nəsimi rayonu H.Əliyev 4 ünvanında, yəni “Memar Əcəmi” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən “Lombard №1” adlı lombardda zərgər işləməyə başlamış, 28 fevral 2023-cü il tarixədək həmin fəaliyyətlə məşğul olmuşdur. Onun zərgər kimi işi müraciət edən müştərilərə məxsus qızıl-zinət əşyalarını qəbul edib yoxlamaqla əyarlarını və çəkilərini müəyyənləşdirməkdən, hər hansı problemlə qarşılaşmadıqda onların lombarda yerləşdirmələrini təmin etməkdən və qarşılığında ödənişləri həyata keçirməkdən ibarət olmuşdur. Qızıl əşyaları lombarda qəbul edərkən müştərilərlə müqavilə bağlamış, girov bileti tərtib edərək əslini müştəriyə təqdim etmiş və nəzərdə tutulmuş aylıq faiz ödənişlərinin vaxtlı-vaxtında ödənilmədiyi halda qızılların lombardın hesabına keçəcəyini, yəni “batacağını” izah etmişdir. 25 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs da digər müştərilər kimi adi qaydada lombarda müraciət edərək 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı (üzərində olan klonla birlikdə) və 1 ədəd qızıl gərdanlıq təqdim edib özünə məxsus olduqlarını və həmin əşyaları girov qoyub qarşılığında pul almaq istədiyini demişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qızıl-zinət əşyalarını təhvil alaraq nəzərdən keçirib əyarlarını və zərgər tərəzisi vasitəsilə dəqiq çəkilərini müəyyən etmişdir. Bu zaman qızılların üzərində həkk olunmuş yazıya əsasən 585 əyarlı və çəkilərinin ümumilikdə 61,5 qram olduğunu müəyyənləşdirmişdir. Daha sonra qızılın 1 qramının həmin dövrə uyğun dəyərinə əsasən onları qəbul edib qarşılığında 3300 manat pul verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bununla razılaşdığı üçün həmin xanımın şəxsiyyət vəsiqəsini təhvil alıb GJN №998772 nömrəli girov bileti tərtib etmiş və üzərində müvafiq qeydlər aparmışdır. Girov biletinin əslini Təqsirləndirilən şəxs təqdim edib əşyaların siyahısı, qiymətləndirmə məbləği, qiymət üzrə faizləri ilə razı olmasına dair hissəni imzalatmış, özü isə mütəxəssis qismində bileti imzalayıb lombardın möhürü ilə təsdiqləmişdir. Ardınca xanımın şəxsiyyət vəsiqəsi, qızılzinət əşyaları və girov biletinin fotoşəkillərini çəkmişdir. Təqsirləndirilən şəxs lombarddan 3300 manat pulu götürərək çıxıb getdikdən sonra aylıq faizləri ödəyib-ödəmədiyini bilməmişdir. Həmin vaxtdan bir daha Təqsirləndirilən şəxs görməmiş, aralarında heç bir əlaqə olmamışdır. Təqsirləndirilən şəxs təhvil aldığı qızıl-zinət əşyalarının, şəxsiyyət vəsiqəsinin və girov biletinin fotoşəkilləri olan lombard sənədini ifadəsinə əlavə etmişdir. Zərgər işlədiyi dövrdə müştərilərdən təhvil aldığı qızıl-zinət əşyalarının çəkisini nəfəsə belə həssas olan zərgər tərəzisi ilə müəyyən etdiyini, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını alarkən onlardan birinin üzərində qırığının olmasının və həmin qırığın qaynaq vasitəsilə yapışdırılmasının üzə çıxdığını, buna görə də qaynağın çəkisini çıxmaqla ümumi çəkinin 61,5 qram olduğunu müəyyən etdiyini, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının özünə məxsus olmalarını bildirdiyini, onların cinayət yolu ilə ələ keçirilməsi barədə heç bir məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin noyabr ayında “Vətən müharibəsi” başa çatdıqdan sonra hərbi xidmətdən ehtiyata buraxılmış və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən fiziki şəxs kimi qeydiyyata alınaraq adına ********** VÖEN açdırmışdır. Həmin vaxtdan Bakı şəhəri Nəsimi rayonu ərazisində “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən “Lombard №1” adlı obyektlərdə rəsmi şəkildə lombard fəaliyyəti ilə məşğul olur. Lombardlardan biri ünvan 11 ünvanında fəaliyyət göstərməkdədir. Bacısı oğlu Şahid2 “Vətən müharibəsi”-ndə iştirak edib qayıtdıqdan sonra 28 fevral 2023-cü il tarixədək həmin lombardda zərgər işləmişdir. Lombardın fəaliyyəti müraciət edən müştərilərə məxsus qızılzinət əşyalarını yoxlamaqla əyarlarını və çəkilərini müəyyənləşdirməkdən, onları qəbul etməkdən, hər hansı problemlə üzləşmədikdə qızılları qəbul edib lombarda yerləşdirmələrini həyata keçirməkdən və qarşılığında ödəniş etməkdən ibarət olmuşdur. Qızıl əşyaları lombarda qəbul edərkən müştərilərlə müqavilə bağlanmış, girov bileti tərtib edilərək əsli müştəriyə təqdim olunmuş və nəzərdə tutulmuş aylıq faiz ödənişləri vaxtlıvaxtında ödənilmədiyi hallarda qızıllar lombardın hesabına keçmiş, yəni “batmış” və ərintiyə göndərilmişdir. 25 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs da digər müştərilər kimi adi qaydada lombarda müraciət edərək 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı (üzərində olan klonla birlikdə) və 1 ədəd qızıl gərdanlığı təqdim edib özünə məxsus olduqlarını və həmin əşyaları girov qoyub qarşılığında pul almaq istədiyini demişdir. Sərxan həmin xanımın təqdim etdiyi qızıl-zinət əşyalarını təhvil alaraq nəzərdən keçirib əyarlarını və zərgər tərəzisi vasitəsilə dəqiq çəkilərini müəyyən etmiş və müvafiq sənədləşmə işlərini həyata keçirdikdən sonra 3300 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs aylıq faiz ödənişlərini vaxtlı-vaxtında ödəmədiyi üçün həmin qızılzinət əşyaları “batmış” və ərintiyə göndərilmişdir. Buna görə də həmin qızıl-zinət əşyalarının istintaqa təqdim olunmaları mümkün deyildir. Lombarda müraciət edən müştərilər tərəfindən təqdim olunan qızıllar zərgər tərəfindən yoxlanılıb əyarları və çəkiləri müəyyən edildikdən sonra qızılın həmin dövrə uyğun dəyərinin müəyyən edildiyini, bundan sonra girov bileti tərtib edilərək müvafiq qeydlər aparıldığını, bilet möhürlə təsdiq olunduqdan sonra əslinin müştəriyə verildiyini və qızılların qarşılığında nağd pul şəklində ödəniş olunduğunu, müştəri vaxtlı-vaxtında ödəniş etmədiyi hallarda isə qızılların lombardın hesabına keçməklə ərintiyə göndərildiyini, Təqsirləndirilən şəxs təhvil alınmış qızıl-zinət əşyalarının cinayət yolu ilə ələ keçirilməsi barədə əvvəlcədən heç bir məlumatı olmadığını, bu barədə polis əməkdaşları onunla əlaqə saxlayıb ifadəsinin alınması üçün dəvət edən zaman xəbər tutduğunu göstərmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X3” MMC-nin 10 iyul 2023-cü il tarixli 103 nömrəli rəyindən görünür ki, işlənmiş vəziyyətdə olan ümumi çəkisi 61,5 qram olmaqla 1 (bir) ədəd “585” əyarlı qızıl qolbağının, 1 (bir) ədəd “585” əyarlı qızıl gərdanlığın və 1 (bir) ədəd “585” əyarlı qızıl boyunbağının (üzərindəki klonla birlikdə) 22 mart 2022-ci il tarixə olan ümumi dəyəri nəzəri hesablama yolu ilə 5227 (beş min iki yüz iyirmi yeddi) manat məbləğində müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 240 ünvanında yerləşən “Absheron City” yaşayış kompleksinin ərazisində fəaliyyət göstərən “AS Studio” gözəllik salonudur. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 22 mart 2022-ci il tarixdə özünə məxsus 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı (üzərində olan klonla birlikdə) və 1 ədəd qızıl gərdanlığı həmin gözəllik salonunun içərisində Təqsirləndirilən şəxs vermişdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 22 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs verdiyi özünə məxsus 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı (üzərində olan klonla birlikdə) və 1 ədəd qızıl gərdanlığın fotoşəkilləri olan 1 vərəqdən ibarət fotocədvəli könüllü surətdə istintaqa təqdim etmiş, həmin fotocədvəl sübut əhəmiyyətinə malik olduğu üçün müvafiq qaydada götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. 25 mart 2023-cü il tarixli GJN №998772 nömrəli girov biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs (Şəxsiyyət vəsiqəsi, Seriya AZE №********) qeyd olunan tarixdə ümumi çəkisi 61,5 qram olan 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı (üzərində olan klonla birlikdə) və 1 ədəd qızıl gərdanlığı 3300 manat pul qarşılığında Şahid3 məxsus (VÖEN **********) ünvan 12 ünvanında – “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən “Lombard №1” adlı lombarda girov qoymuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 aprel 2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 9/9099 nömrəli rəyindən görünür ki, İddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada 2022-ci ilə orta bazar dəyəri təxminən 5227,5 manat müəyyən edilir, həmin qızılzinət əşyalarının ayrı- ayrılıqda adları və qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir. Abşeron rayon polis idarəsinin 06 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Dəniz İsmayılova və xx.xx.2011-ci il təvəllüdlü Nihat İsmayılov Təqsirləndirilən şəxs himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi onunun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus özgə əmlakını, müvafiq məbləğlərdə pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq etməsini təsdiq və sübut edən kifayət qədər məlumatlar qeydə alınmış, sübutlar toplanmışdır, həmin sübutların mötəbərliyi isə şübhə doğurmur. Təqsirləndirilən şəxs sadəcə olaraq özünü müdafiə etmək məqsədilə, sözdə, ittihamı qəbul etmir, hansı ki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onların təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxsə aidiyyəti olmuşdur və onunun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, mübahisənin mülki xarakterli olması ilə bağlı qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, Azərbaycan Respublikası CPMnin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar