Məhkəmə qərarları › İş №1(012)-380/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-380/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-380/2020 24.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X3katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Talalar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən 01 ədəd təmiz çəkisi 0,308 qram olan ağ rəngli, kristallardan ibarət maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə daşımış, xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hərəkət edərkən xidmətdə olan Abşeron Rayon Polis İdarəsinin PPXB-nün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, rayon polis idarəsinə gətirilmiş, idarənin xidməti otaqlarının birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan təmiz çəkisi 0,308 qram olan ağ rəngli, kristallardan ibarət maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki onun özü mütəmadi olaraq narkotik vasitələrin istifadəçisi deyildir, lakin ara-sıra narkotik vasitədən istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsi ilə hərəkət edən zaman PPXB avtomobilini polis əməkdaşları onun yanında saxlayaraq yerə düşüb ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Daha sonra polis əməkdaşları ondan həmin yerdə nə etdiyini soruşmuşlar. Bu vaxt o, onlara tanışının evindən gəldiyini bildirmişdir. Bundan sonra polislər onu özünü şübhəli apardığı üçün Abşeron RPİ-yə gətirmişlər. Həmin vaxt o, polis əməkdaşlarına üzərində narkotik maddə olduğunu demişdir və polis əməkdaşları onu aidiyyəti üzrə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan kül rəngdə olan cins şalvarın sağ yan cibindən bir büküm narkotik maddəni onlara təqdim etmişdir. Həmin bükümə baxılan zaman narkotik maddə olduğu məlum olmuş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Üzərinə baxış keçirilən zaman ona qarşı heç kimin zor tətbiq etməmişdir və həmin psixatrop maddə olan metamfetamini o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 40 manat müqabilində almışdır. Psixotrop maddəni aldığı şəxsin şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində işləyir. Mütəmadi olaraq Abşeron rayonu ərazisində saat 20:00-dan səhər saat 08:00-dək xidmətdə olur. Şahid2 onun iş yoldaşıdır. xx.xx.2020-ci il tarixdə axşam saat 20:00-da Abşeron rayonu Masazır kəndi ərazisinə PPXB-nün polis nəfəri Şahid2 ilə posta ayrılmışlar. “Mercedes Fiton” markalı, **- AP-*** dövlət qeydiyyat nömrəli xidməti avtomaşınla Masazır kəndi H.Z.Tağıyev küçəsi ilə xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində xidmət aparan zaman bir nəfər şəxsin piyada şübhəli hərəkət etdiyini görüb avtomaşını yolun kənarında saxlayaraq ona yaxınlaşıb özlərini ona təqdim etmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmişdir. Həmin vaxt şəxs özünü şübhəli apardığı üçün onu RPİ-nin inzibati binasına gətirib raportla rəisə məruzə etmişlər. Həmin şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olması bildirildikdə o qeyd etmişdir ki, onun cibində psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra onun üzərinə polis idarəsinin xidməti otağında video çəkiliş vasitəsi müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir və Təqsirləndirilən şəxs axtarış zamanı əyindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir büküm psixotrop maddə olan metamfetamini təqdim edərək, özünə məxsus olduğunu və xx.xx.2020-ci il tarixdə həmin metamfetamini Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 (qırx) manata aldığını bildirmişdir. Həmin psixotrop maddə olan metamfetaminə oxşar kütlə polis əməkdaşları tərəfindən götürülərək elektron tərəzidə bükümlə birlikdə çəkilmiş, bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün” möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri Şahid2 məhkəmə baxışında iştirak etmədiyindən məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, digər Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam mahiyyəti üzrə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, o, əynindəki kül rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofanda bir büküm maddəni təqdim etmişdir. Həmin bükümə iştirakçıların və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və narkotik maddəyə bənzər kütylə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümü Masazır kəndində tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxx 2020-ci il tarixli videogörüntüyə baxış keçirilmiş və məhkəmə prosesində tədqiq olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/89 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut” yazısı olan zərfdə, 01 ədəd bükümdə təmiz çəkisi 0.308 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan metamfetaminin təmiz çəkisi 0,208 qramdır. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ciiltarixli826saylıambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan maddi sübut qismində tanınma və təhvil vermə barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 01 ədəd təmiz çəkisi 0,208 qram olan ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Zeynəddin və xx.xx.2012-ci il təvəllüdlü Məhəmməd adlı iki azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan şübhəli şəxsi tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 02 (iki) gün cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılmasıüçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi0,208 qram olan psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxx 2020-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 02 gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) ilmüddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış,tədqiqatdan sonra qalıq qalan və saxlanılmasıüçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi0,208 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxx 2020-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar