Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-382/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə xx.xx.1999-cu il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 17.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 14.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “VAZ” markalı avtomobillərin təmiri servisinin yaxınlığında istintaqa məlum olmayan mənbədən içərisində 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş 7,62 mm kalibirli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı, yivli odlu silah «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomatı, 02 ədəd «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı darağları, 11 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli «Kalaşnikov» avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş sursatı olan patronları, 32 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahlarda atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatı olan ştat patronlarını, 01 ədəd «Kalaşnikov» avtomatlarında və əl pulemyotlarda istifadə olunan 7,62x39 mm kalibrli patronun bir hisəsi olan atəş üçün yararsız və döyüş sursatı hesab edilməyən boş atılmış gilizi satış məqsədilə qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərində daşıyaraq saxlamış, 17.03.2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində həmin odlu silahı, onun komplekt hissələrini və döyüş sursatlarını çantada gəzdirərkən Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilib, şəxsi axtarışı keçirilərkən, əlində olan idman çantasının içərisində 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş 7,62 mm kalibirli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı, yivli odlu silah «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomat, 02 ədəd «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı darağlar, 11 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli «Kalaşnikov» avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş sursatı olan patronlar, 32 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatı olan ştat patronları, 01 ədəd «Kalaşnikov» avtomatlarında və əl pulemyotlarda istifadə olunan 7,62x39 mm kalibrli patronun bir hisəsi olan atəş üçün yararsız və döyüş sursatı hesab edilməyən boş atılmış giliz aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, valideynləri ilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində yerləşən fərdi evdə yaşayır. Ailəsini maddi cəhətdən təmin etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mis və tullantı yığıb satmaqla məşğul olur. 14.03.2021-ci il tarixdə axşam saatlarında "VAZ" markalı avtomobil təmiri yerdən "Əlillər binası" adlanan yer istiqamətində meşəlik olan ərazidə yolun kənarında 01 ədəd qara rəngli idman çantası görmüşdür. Həmin çanta diqqətini çəkdiyi üçün, çantanın içərsinə baxmaq qərarına gəlmiş və çantanı açıb içərisinə baxdıqda, avtomat silah və patronların olduğunu görmüşdür. Çantanın ağzını bağlayaraq özü ilə götürmüş və həmi yerin yaxınlığında yerləşən yarımçıq tikilidə gizlətmişdir. 17.03.2021-ci il tarixdə saat 16 radələrində həmin çantanı özü ilə götürüb içərisində olanlarla birlikdə atmaq istəyirmiş, lakin maddi vəziyyəti yaxşı olmadığı üçün, həmin silahı satıb əvəzində pul ala biləcəyini düşünmüşdür. Həmin gün günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivinə gedən zaman, yolda polis əməkdaşları ona yaxınlaşaraq üzərində silah gəzdirdiyindən şübhələndiklərini bildirib, onu polis idarəsinə gətirmişlər. Polis idarəsində o, çantanın içərisində olan həmin 01 ədəd odlu silahı, 02 ədəd darağları, 43 ədəd patronu və 01 ədəd bo gilizi təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra ona qarşı hər-hansı bir fiziki və ya psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş ə/m polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 17.03.2021-ci il tarixdə xidmətdə olduğu zaman, Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində yerləşən fərdi evdə yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq, odlu silah əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edib, tədbirlərin keçirilməsinə icazə alaraq, həmkarı Abşeron RPİ-nin CAŞ-nin ə/m polis leytenantı Şahid2la əməliyyat tədbirlərinə başlamışdır. Daxil olmuş mötəbər məlumat əsasında Şahid2la birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs olduğuna əmin olub həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər, həmin şəxsə odlu silahın qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə Abşeron RPİ-nə getməsini təklif etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs əlində bir ədəd idman çantası olmu və sonuncu təklifdən imtina etməsə də ona odlu silahın əldə olunması və saxlanması barədə məlumatlı olduğuqlarını deməklərindən narahatçılıq hissi keçirdi. Buna baxmayaraq, onlar həmin şəxsi polis idarəsinə gətirmişlər və idarədə bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş kapitanı Abbas Rüstəmzadəyə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunmuş, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əlinədki idman çantasını təqdim etmişdir. Həmin çantaya video çəkilişlə baxış keçirilərkən, içərisində 01 ədəd yivli odlu silah «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomat, 02 ədəd «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olan darağlar, 11 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli patronlar, 32 ədəd 5,45x39 mm kalibrli patronlar və 01 ədəd 7,62x39 mm kalibrli boş patron aşkar aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin çantada olan odlu silahı və döyüş sursatlarını haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirilməsi barədə sual verilərkən, Təqsirləndirilən şəxs həmin çantanın içərisində olan avtomatı və döyüş sursatalarını 14.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «VAZ» avtomobillərin təmiri sexinin yaxınlığında tapdığını bildirmişdir. Bundan sonra həmin çantadan aşkar olunmuş odlu silah və döyüş sursatları qablaşdırılaraq, müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin ə/m polis leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 17.03.2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlindəki idman çantasını təqdimə edərək, içərisində olan 01 ədəd «Kalaşnikov» modelli yivli odlu silahı, 02 ədəd darağları, 43 ədəd avtomat patronlarını və 01 ədəd boş gilizi təhvil vermişdir. Həmin odlu silahı sursatları ilə o, 14.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silah və silah sursatları qablaşdırılaraq möhürlənmişdir. İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının 18.03.2021-ci il tarixli, 21/213R nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki,
1. Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, keçmiş SSR-də də zavod üsulu ilə istehsal olunmuş 7,62 mm kaiibir «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrin və mexanizmiərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Təqdim edilmiş 02 ədəd əşyalar, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağlarıdır və istifadəyə yararlıdırlar.
3. Tədqiqata təqdim edilmiş 11 ədəd patronlar, zavod üsulu iiə istehsal olunmuş 7,62x39 mm kalibrli «Kalaşnikov» avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar.
4. Tədqiqata təqdim edilmiş 32 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSR-i dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların ştat patronlarıdır, atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlarvə atəş üçün yararlıdırlar.
5. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz, «Kalaşnikov» avtomatlarında və pulemyotlarda istefadə olunan 7,62x39 mm kalibrli patronun bir hissəsidir, boş atılmış gilizidir, atəş üçün yararsızdır və döyüş sursatı hesab edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncu oğlu əlindəki idman çantasını içərisində olan 01 ədəd «Kalaşnikov» modelli yivli odlu silahı, 02 ədəd darağları, 43 ədəd avtomat patronlarını və 01 ədəd boş gilizi polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Kalaşnikov» kostruksiyalı AKM markalı avtomat, 02 ədəd darağlar, 11 ədəd 7,62x39 mm kalibrli və 32 ədəd 5,45x39 mm kalibrli patronlar, tədqiqata sərf edildikdən sonra 08 ədəd 7,62x39 və 29 ədəd 5,45x39 kalibrli patronlar maddi sübut kimi tanınaraq, saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. 17.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.05.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 17.03.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Kalaşnikov» kostruksiyalı AKM markalı avtomat, 02 ədəd darağlar, 08 ədəd 7,62x39 və 29 ədəd 5,45x39 kalibrli patronlar Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 17.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 01 ədəd «Kalaşnikov» kostruksiyalı AKM markalı avtomat, 02 ədəd darağlar, 08 ədəd 7,62x39 və 29 ədəd 5,45x39 kalibirli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov