Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-383/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaali təhsilli, əvvəllər məhkum olunmuş, evli, fərdi əməklə məşğul olan, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “turbo.az” saytında “Mercedes C220” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib həmin avtomobili satmaqla 4600 manat pulunu ödəyəcəyini vəd verib aldadaraq, 20 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində qeyd edilən avtomobili müştəriyə göstərmək adı ilə Zərərçəkmiş şəxs alıb ələ keçirərək həmin gün elan əsasında Şahid2 sataraq vədinə əməl etməyib 4600 manat pulu öz ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs 4600 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, avtomobil alqı-satqısı ilə məşğul olub ailəsinin dolanışığın təmin edir. “Turbo.az” saytında avtomobilin satışı ilə bağlı elan yerləşdirmiş sonradan adının Ramin olduğunu bildiyi şəxslə əlaqə saxlayıb “Mercedes C220” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə maraqlanmış, Ramin də həmin avtomobilin ona məxsus olduğunu və hal-hazırda münasib qiymətə razılaşsa, satacağını demişdir. Əli də avtomobilə baxmaq istədiyini bildirmiş, bundan sonra 20 oktyabr 2022-ci il tarixdə Raminin dediyi ünvana getmişdir. Həmin şəxslə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Abşeron city” yaşayış kompleksinin həyətində görüşmüş, həmin vaxt Əli avtomobilə baxmışdır. Bəzi yerlərində rənglənmə işlərinə ehtiyac olduğu üçün Raminlə belə razılaşmışlar ki, həmin avtomobili Ramin Əliyə 7100 manat müqabilində satsın. Ramin də etiraz etməmiş, həmçinin Əli Ramindən avtomobilin texniki cəhətdən saz vəziyyətdə olub-olmadığını soruşmuş, Ramin də Əliyə avtomobilin saz vəziyyətdə olduğunu demişdir. Əli də ona inanmışdır. Bundan sonra Raminə özünün avtomobilin alqı-satqısı ilə məşğul olduğunu deyib həmin avtomobili elan saytından silməsini xahiş etmiş, Ramin də razılaşmışdır. Əli Raminin yaşadığı binanın həyətində Raminə 2500 manat pul vermiş, qalan 4600 manatı da növbəti həftənin bazar gününə qədər ödəyəcəyini bildirmişdir. Həmin vaxt ona məxsus “Mitshubishi Airtrek” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili Raminin yaşadığı binanın həyətində qoymuş, Ramindən aldığı “Mercedes C220” markalı avtomobili götürüb oradan çıxıb getmişdir. Həmin vaxt Qazax rayonunda maşını almaq istəyən müştəri olduğu üçün həmin avtomobili götürüb Qazaxa yola düşmüş, Bakı-Qazax yolunda “Nəvahi” postu yaxınlığında avtomobilin sürətlər qutusunda nasazlıq yarandığı üçün Qazax rayonuna gedə bilməmişdir. Həmin vaxt evakuator çağırıb avtomobili Qazax rayonuna apara bilmiş, bu barədə Raminə bildirsə də, Ramin onunla razılaşmamışdır. Ramin Əliyə avtomobili saz vəziyyətdə ona verdiyini bildirmişdir. Bundan sonra o, avtomobili Qazax rayonunda qoyub Bakı şəhərinə qayıtmış, Raminlə əlaqə saxlayıb Bakı şəhərində görüşməyi təklif etsə də, Ramin işdə olduğunu bildirib Əli ilə görüşməmişdir. O, avtomobili satmaq üçün Raminə birlikdə Qazax rayonuna getməyi təklif etsə də, Ramin imtina etmişdir. Əlinin həmin avtomobili baş etibarnamə əsasında satmağı barədə razılaşmış, Ramin də Əlinin şəxsiyyət vəsiqəsi əsasında Əliyə avtomobilin alqı-satıqısını edib həmin pulu ona qaytarması üçün onlayn şəkildə baş etibarnamə vermişdir. Avtomobilin sürətlər qutusunda problem olduğu üçün Əli Qazax rayonunda olan müştəriyə avtomobili sata bilməmiş, bir neçə gün sonra həmin avtomobili satmaq üçün Sumqayıt şəhərində yerləşən maşın bazarında 7000 manat müqabilində satmışdır. Bundan sonra Raminlə əlaqə saxlayıb həmin avtomobildə yaranmış nasazlıq və digər xərclərlə birlikdə 290 manat evakuatora, 700 manat sürətlər qutusuna, 60 manat taksi xidmətinə, 200 manat ustaya və 190 manat yağ filtrinə olmaqla, ümumilikdə 1540 manat xərci çıxdığını, həmin Raminə verməli olduğu puldan həmin məbləği çıxmağını demiş, lakin Ramin onunla razılaşmamışdır. Əli avtomobili satdığı üçün Ramin ona verməli olduğu pulun 4600 manat olduğunu bildirmiş, Əli də onunla razılaşmamışdır. Həmin vaxt ona görə də pulu Raminə qaytarmamış, həmin pulu Əli də şəxsi istifadəsi üçün istifadə etmişdir. Hazırda dəymiş ziyan tam ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid1 məxsus olan “Mercedes C220” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə “turbo.az” saytında elan yerləşdirmiş, 20 oktyabr 2022-ci il tarixdə “Əli” adlı şəxs onun mobil telefonu ilə əlaqə saxlayaraq maşına baxmaq istədiyini bildirmişdir. Əli də ona avtomobilin yaşadığı evin həyətində olduğunu demişdir. Ünvanı Əliyə demiş və Əli də elə həmin gün saat 16 radələrində yaşadığı binanın həyətinə gəlmişdir. Ramin ona maşını göstərmiş və Əli də baxıb bəyənmişdir. Ramin həmin maşını “turbo.az” saytında 7800 manata satışa qoysa da, 7100 manat müqabilində Əli ilə razılaşmışdır. Əli ona maşını satmaq məqsədi ilə aldığını, hal-hazırda nağd olaraq 2500 manat pul verəcəyini, qalan 4600 manat pulu isə 23 oktyabr 2022-ci il tarixədək verəcəyini bildirmiş, Ramin də onunla razılaşmışdır. Əli Ramin maşını elan saytından götürməyini xahiş etmişdir ki, Əli avtomobili satışa qoysun. Həmçinin Əli həmin maşını özü ilə aparıb satmaq üçün müştərilərə göstərəcəyini bildirmiş, Ramin də etiraz etməmişdir. Əli maşını götürüb getmiş, 21 oktyabr 2022-ci il tarixdə Əli onunla mobil telefonla əlaqə saxlayıb maşın üçün müştəri olduğunu bildirmişdir. Maşını istəyən müştərinin Qazax rayonunda olduğu üçün Raminlə birlikdə Qazax rayonuna getməyi təklif etmiş, Ramin də işlədiyi üçün Qazax rayonuna gedə bilməyəciyini bildirmişdir. Bundan sonra Əli Raminə etibarnamə verməyini, Əlininin həmin avtomobili Qazax rayonuna aparmağını təklif etmişdir. Əli orada alqı-satqı elədikdən sonra həmin pulu da Raminin kartına göndərəcəyini demiş, Ramin də məcbur olub onunla razılaşmışdır. Bundan sonra 21 oktyabr 2022-ci il tarixdə onlayn olaraq həyat yoldaşı Şahid1 adından Təqsirləndirilən şəxs adına baş etibarnamə vermiş, Əliyə baş etibarnamə verdikdən sonra Əli maşın alqı-satqısını edib 22 oktyabr 2022-ci il tarixdə təxminən saat 13-14 radələrində pulu ona göndərəcəciyini demişdir. Ramin də həmin vaxta qədər gözləmiş, lakin Əli verdiyi vədi yerinə yetirməmişdir. Bundan sonra Əli Raminlə əlaqə saxlayaraq pulun gecikdiyinə görə Raminə əlavə 500 manat da ödəniş edəcəcəyini, lakin bir qədər vaxt verməyini istəmişdir. Ramin də onu gözləməyə razılaşsa da, hər dəfə müxtəlif bəhanələrlə Əli ona verməli olduğu 4600 manat pulu verməmiş, 11 noyabr 2022-ci il tarixdən sonra isə Əli ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Ramin də polisə müraciət etdikdən sonra ona Əlinin aldadaraq həmin avtomobili 7500 manat müqabilində satması, lakin həmin verməli olduğu 4600 manat pulu vermədiyi məlum olmuşdur. Dəymiş ziyan tam ödənilmişdir, şikayəti və tələbi yoxdur, iş üzrə ucraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə teleqram ünvanlamış Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2021-ci ilin mart ayında “Mercedes C220” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili 8100 manat müqabilində almış, həmin avtomobil onun mülkiyyətində olsa da, faktiki olaraq həyat yoldaşı Zərərçəkmiş şəxs sahibliyində olmuş, həmin avtomobili mütəmadi olaraq Ramin istifadə etmişdir. Həyat yoldaşı Ramin həmin avtomobili satmaq üçün “turbo.az” saytında elan yerləşdirmiş, buna görə də 20 oktyabr 2022-ci il tarixdə “Əli” adlı şəxs Raminlə mobil telefon əlaqəsi saxlayıb həmin avtomobili almaq istədiyini bildirmişdir. Ramin də ona avtomobilin yaşadıqları binanın həyətində olduğunu, gəlib baxmaq üçün həmin yerə gəlməli olduğunu demiş, həmin gün “Əli” adlı şəxs yaşadıqları binanın həyətinə gəlib həmin avtomobilə baxmışdır. Elan saytında avtomobili 7800 manata qoysalar da, Ramin həmin şəxslə 7100 manat müqabilində avtomobili satmaq üçün razılaşmışdır. Həmin şəxs 2500 manatı hal-hazırda ödəyə biləcəyini, qalan 4600 manatı isə 23 oktyabr 2022-ci il tarixədək ödəyəcəyini bildirmiş, bundan sonra “Əli” Raminlə razılaşıb avtomobili götürüb aparmışdır. “Əli” avtomobili götürüb aparan zaman həmin avtomobili də satmaq fikrində olduğunu demiş, özünü maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Növbəti gün həmin şəxs Raminlə əlaqə saxlayıb avtomobil üçün müştəri tapdığını, həmin müştərinin Qazax rayonunda olduğunu demiş, Raminə birlikdə Qazax rayonuna getməyi təklif etsə də, Ramin işlədiyi üçün onunla getmək təklifini qəbul etməmişdir. Bundan sonra Əli Ramindən avtomobili satmaq üçün baş etibarnamə verməsini istəmiş, həmçinin avtomobilin qalan məbləğinin avtomobilin alqı-satqısını edib ödəyəcəyini bildirmişdir. Bundan sonra Ayselin əri Ramin də etiraz etməyib ona etibar etdiyi üçün razılaşmış, 21 oktyabr 2022-ci il tarixdə Ramin onlayn üsulla Ayselin adından Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Əli də həmin etibarnamə əsasında avtomobil alqı-satqısı edib, 4600 manat pulu 22 oktyabr 2022-ci il tarixdə təxminən saat 13-14 radələrində əri Raminə göndərməli imiş, lakin həmin müddət ərzində gözləsələr də, Əli həmin 4600 manat pulu göndərməmişdir. Ramin mütəmadi olaraq Əli ilə əlaqə saxlayıb həmin pulu tələb etsə də, Əli həmin pulu qaytarmamışdır. Buna görə də Ramin məcbur olub onun barəsində polisə müraciət etmiş, polisə müraciət etdikdən sonra Əlinin həmin avtomobili 7500 manat müqabilində satması məlum olmuşdur. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs daha öncədən tanımamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında maşın almaq niyyəti ilə “turbo.az” saytında yerləşdirilmiş “Mercedes C220” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı ilə bağlı elanla tanış olmuş, həmin şəxs avtomobili 7800 manat müqabilində satışa qoymuşdur. Pərvin də həmin elanda göstərilən mobil nömrə ilə əlaqə saxlamış, həmin şəxsin sonradan adının “Əli” olduğunu bilmişdir. Onunla danışıb avtomobilə baxmaq istədiyini bildirmiş, Əli Pərvinə avtomobilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baxa biləcəyini demişdir. Pərvin də etiraz etməyib onunla görüşüb avtomobilə baxmış, avtomobilə baxıb bəyəndikdən sonra avtomobilin alqı-satqısı üçün qiymət məsələsində razılaşmışlar. Əli ona həmin avtomobili 7500 manat müqabilində sata biləcəyini demiş, həmçinin avtomobil özünə məxsus olduğunu bildirmişdir. Həmin avtomobili baş etibarnamə əsasında satacağını demiş, Pərvin də onunla razılaşmışdır. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DİN-nin BDYPİ-nə getmiş və orada Əli adlı şəxs baş etibarnamə əsasında “Mercedes C220” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili Pərvinə satmışdır. Orada avtomobil Pərvinin tanışı X2 adına rəsmiləşdirilmiş, lakin avtomobil onun adına rəsmiləşdirilsə də, alqı-satqı olduqdan bugünki günə qədər faktiki olaraq Pərvinin istifadəsində olmuşdur. Bundan bir müddət sonra Pərvinə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq ona məxsus avtomobili baş etibarnamə əsasında özününki kimi təqdim edib həmin avtomobili Pərvinə 7500 manat müqabilində satmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi üzrə əməlində Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsinin tərkibi olduğundan Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirirlən şəxs qismində cəlb olunması barədə 10 yanvar 2023-cü il tarixdə qərar qəbul edilmişdir. Lakin, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından ittihamı ona elan etmək mümkün olmadığından, 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. Cinayət işi üzrə 30 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və 31 yanvar 2023-cü il tarixli qərarımla barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Axundov X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azəbaycan Respublikasi CM-nın 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci tarixli Qazax Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə istintaqından yayındığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin qərarı əsasında xx.xx.2023-cü il tarixdə saxlanılaraq Abşeron rayon Polis İdarəsi MSY-nə təhvil verilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı, dərhal məhkəmə zalında həbsdən azad olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 73-1.1, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-383/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-383/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver