Məhkəmə qərarları › İş №1(012)-385/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-385/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-385/2023 28.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələdin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, “Dəyirman yolu” adlanan ərazidə Heydər Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən ehtiyyatsızlıqdan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin istiqamətdə yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq sonuncuya sol oturaq sümüyünün şaxəsinin yerdəyişməyən sınığı, sağ əlin İİ barmağının proksimal falanqasının açıq qəlpəli sınığı, sol bazu, sol bud nahiyələrinin qançırları, sağ diz oynağı, sağ iç topuq nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayında “A+CO” MMC-də satış təmsilçisi işləmişdir. Hazırda taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində etibarnamə ilə idarə etdiyi anası Şahid2 məxsus “Opel Astra” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində hərəkətdə olan zaman Xırdalan şəhərində yerləşən “Dəyirman yolu” adlanan ərazi yaxınlığında yolun hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olan marşrut avtobusunun qabağından iki nəfər qadın piyadanın yolun hərəkət hissəsini qaçaraq sağ tərəfdən sol tərəfə keçmələrini görmüşdür. Həmin vaxt avtomobili təxminən 30-40 km/saat sürətlə idarə edirmiş. Yol nəqliyyat hadisəsinin baş verməsinin qarşısını almaq üçün əyləcdən istifadə edərək avtomobilin sürətini azaltmışdır. Həmin piyadalardan biri, daha gənc olan qadın yolun sol tərəfinə keçə bildi. Digər sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi qadın piyada isə yolu keçib-keçməmək barədə qərarsız qaldığı üçün arxaya çəkilmişdir. Həmin vaxt o, idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur və yerə yıxılmışdır. Bundan sonra o, avtomobildən düşərək Zərərçəkmiş şəxs və yanındakı qadını avtomobilə əyləşdirərək Abşeron rayon xəstəxanasına aparmış və həmin şəxsin müalicəsinə köməklik göstərmişdir. Həmin vaxt qadının ondan heç bir şikayət və tələbi olmasa da sonradan baş vermiş hadisə barədə şikayət etdiyi ona məlum olmuşdur. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Xırdalan şəhərində yerləşən bazardan alış-veriş etmək məqsədi ilə gəlini Ramilə ilə birlikdə Xırdalan şəhərinə getmək məqsədi ilə yaşadıqları ünvandan çıxıb əvvəlcə Bakı-Şamaxı şosesinə, oradan isə Xırdalan şəhərinin içindən keçən Heydər Əliyev prospektinə getmişdir. Xırdalan şəhərində Dəyirman yolu adlanan ərazidə yolu keçmək məqsədi ilə gözləmiş, təxminən 15 metr məsafədən avtomobil gəldiyini görərək Ramilə ilə birlikdə iti yerişlə yolu əks tərəfə keçmək üçün hərəkətə başlamışdır. Həmin vaxt Ramilə yolun hərəkət hissəsini keçib hərəkətini başa çatdırsa da “Opel” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi ilə onu vurub yerə yıxmışdır. Bundan sonra avtomobilin sürücüsü avtomobili saxlayıb yerə düşmüşdür. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi sürücü onu avtomobilə mindirmiş və Ramilə də onun yanında oturmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onları Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan dönə-dönə üzrxahlıq etdiyindən o, şikayət etmək barədə düşünməmişdir. Lakin sonradan Rövşənin onun səhhəti ilə maraqlanmadığını və baş vermiş hadisəyə biganə yanaşdığına görə baş vermiş hadisə barədə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs ona maddi və mənəvi cəhətdən kömək etmədiyini, onun müalicəsinə və səhhətinə laqeyd münasibət göstərməsi səbəbindən ona qarşı şikayətçi olduğunu bildirərək qanuni və ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Xırdalan şəhərində yerləşən bazardan alış-veriş etmək məqsədi ilə qaynanası Xoşqədəmlə birlikdə Xırdalan şəhərinə getmək məqsədi ilə yaşadıqları ünvandan çıxaraq əvvəlcə Bakı-Şamaxı şosesinə oradan isə Xırdalan şəhərinin içindən keçən Heydər Əliyev prospektinə getmişlər. Xırdalan şəhərində Dəyirman yolu adlanan ərazidə yolu keçmək məqsədi ilə bir qədər gözləmiş, daha sonra təxminən 15 metr məsafədən avtomobil gəldiyini görərək qaynanası Xoşqədəmlə birlikdə iti yerişlə yolu əks tərəfə keçmək üçün hərəkətə başlamışlar. O, yolun hərəkət hissəsini keçib hərəkətini başa çatdırdqdan sonra qaynanası Xoşqədəmə baxmaq üçün geriyə baxmış və həmin vaxt “Opel” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə qaynanası Xoşqədəmi vurduğunu və onun yerə yıxıldığını görmüşdür. Bundan sonra avtomobilin sürücüsü avtomobili saxlayıb yerə düşmüşdür. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi sürücü qaynanasını avtomobilə mindirmişdir və o, da qaynanasının yanında oturmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onları Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 2022-ci ilin aprel ayında Rövşən özünə Opel Astra markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, lakin həmin avtomobili baş etibarnamə ilə almışdır. Təxminən 1 ay sonra avtomobili öz adına keçirmək istəmiş, baş etibarnamə onun adına olduğu üçün Rövşən avtomobili öz adına keçirə bilməmişdir. Ona görə də Rövşən onunla alqı-satqı sənədləşməsi edib avtomobili onun adına qeydiyyata salmış və qeydiyyata saldıqdan sonra həmin avtomobilə **-EB-*** dövlət qeydiyyat nişanı verilmişdir. Bir sözlə avtomobil onun adına olsa da faktiki olaraq oğlu Rövşənə məxsusdur, avtomobilin sahibi Rövşəndir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində “Dəyirman Yolu” adlanan ərazidə, Xırdalan şəhərindən Xırdalan dairəsi istiqamətində yolun asfalt örtüklü hissəsində baş vermişdir. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və hamardır. Yol iki ikitərəflidir, işlək hissədə hərəkət zolağına bölünmə vardır. Yol örtüyünün eni 6 metrdir. Yolun hərəkət hissəsi sağdan Xırdalan dairəsi və soldan isə Heydər Əliyev prospektidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 8/3481 nömrəli rəyində göstərilmişdir ki, Opel Astra markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasıın Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2605 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilən xəsarətlər – sol oturaq sümüyünün şaxəsinin yerdəyişməyən sınığı, sağ əlin İİ barmağının proksimal falanqasının açıq qəlpəli sınığı, sol bazu, sol bud nahiyələrinin qançırları, sağ diz oynağı, sağ iç topuq nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri, hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xəzər rayon polis idarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində aparılan cinayət təqibinə həmin tarixdə Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsini, məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X1xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xəzər rayon polis idarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində aparılan cinayət təqibinə həmin tarixdə Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti ehtiyatsızlıq nəticəsində törətməsi, himayəsində bir azyaşlı uşağının olması, onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X3 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X3 İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar