Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-388/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli qərarı ilə 01 (bir ) il 11 (on bir) ay 03 (üç) gün çəkilməmiş cəzası olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi ev 32-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün 30 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd şəffaf gümüşü rəngli falqa bükümdə təmiz çəkiləri 0,318 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,322 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yaşadığı Xırdalan şəhərinə daşıyaraq saxlamış, 17 fevral 2021-ci il tarixdə saat 13:20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 (iki) ədəd şəffaf gümüşü rəngli falqa bükümdə təmiz çəkiləri 0,318 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunları ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin Siyahısı”na daxil olan narkotik vasitə heroin və təmiz çəkisi 0,322 qram “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısı”na daxil olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fərdi olaraq qapı pəncərə ustasıdır, əvəllər narkotik vasitə və ya psixotrop maddələrin istifadəçisi olmuş, təxminən 2-3 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. 17.02.2021-ci il tarixdə saat 16:20 radələrində yaşadığı evin yaxınlığındakı küçədə dayanıb siqaret çəkən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını deyib özlərini təqdim edərək narkotik vasitə və psixotrop maddə üzərində gəzdirməkdə və istifadəsində şübhəli olduğunu bildirib bu məqsədlə Abşeron rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, da onlara heç bir etiraz etmədən polis İdarəsində getməyə razılaşmış və Abşeron RPİ-nin inzibati binasına getmişlər, orada xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış keçirməzdən öncə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 2 ədəd gümüşü rəngli falqa bükümünün içərisində birində psixotrop maddəyə oxşar kütlə olan bükümü, digərində isə narkotik vasitə heroinə oxşar kütləni təqdim edərək həmin kütlələri 16.02.2021-ci il tarixdə instaqram sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin dəqiq xatırlamadığı hesabına 30 manat pul göndərdiyini və həmin şəxsə pul göndərdikdən sonra narkotikin olduğu yerin şəkilini göndərdiyini və narkotik vasitənin Memar Əcəmi metrosunun yaxınlığında ağacın altında olduğunu bildirmiş, bundan sonra o, həmin yerə getmiş və ağacın altından selofan bükümü qoyulmuş narkotik vasitəni götürüb yaşadığı evə gəlmiş, selofan bükümü açdıqda oradan narkotik vasitə metamfetamin və heroin olduğunu görmüşdür. Həmin narkotik vasitələrdən bir hissəsini istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərimdə başqa əşya olmamışdır. Polis əməkdaşları üzərindən aşkar edilmiş kütləni ekpertiza təyin edilməsi üçün zərfə qoyub qablaşdırmışlar və üzərini DİN-in zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləmişlər. Üzəri möhürlənmiş zərfin üzərini iştirakçılar, o, və vəkili Müdafiəçi tərəfindən imzalarla imzalamışlar. Həmçinin qeyd olunan proses təhqiqatçı tərəfindən protokol tərtib olunaraq yazılmış, ucadan oxunmuş, heç bir vəsatət və etiraz daxil olmadığı üçün imzalarla təsdiq etmişlər. Etdiyi əməldən səmimi olaraq peşmançılıq çəkir. Sözü gedən proses video çəkliş vasitəsilə qeydə alınmışdır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir, bunun üçün üzərində narkotik vasitə heroini gəzdirir, narkotik vasitənin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tədbiq edilməmiş və ya psixoloji təsir göstərilməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Sevil Qazıyeva küçəsində narkotik vasitə olan heroini üzərində daşıması və qəbul etməsi haqqında əməliyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, həmin qərarın icrası ona və Abşeron rayon Polis İdarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid1 həvalə edilmişdir. 17.02.2021-ci il tarixdə saat 13.20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Əzizbəyov küçəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroini gəzdirməsində şübhə olduğundan onlar sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin inzibati binasına getmiş, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı deyilmiş, bundan sonra video görüntü ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da könüllü olaraq əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 2 ədəd şəffaf gümüşü rəngli falqa bükümlərində narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim etmiş və üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni internet vasitəsilə tanış olduğu şəxsin hesabına 30 manat göndərildikdən sonra həmin naməlum şəxsin Memar Əcəmi metrostansiyasının yaxınlığında küçəyə atdığını və onun həmin yerdən qeyd olunan iki ədəd bükümü götürüb öz istifadəsi üçün üzərində gəzirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 18.02.2021-ci il tarixli, 6/719 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «..Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 2 (iki) ədəd «gümüşü» rəngli falqa bükümlərdə olan təmiz çəkiləri 0,318qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0,322 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,268 qram - 0,05 qram heroin 0,272 qram – 0,05 qram psixotrop maddə - metamfetamin tədqiqata sərf edilmişdir). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 08.04.2021-ci il tarixli, 1022 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asıllıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 25.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdırr. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin 16.07.2021-ci il tarixli, 2407 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 25 gününü çəkmiş, 01 il 11 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. 17.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 19.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət təmin edilməmiş, 19.02.2021-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd şəffaf gümüşü rəngli falqa bükümlərində olan narkotikə bənzər kütlələr polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hepatit B və hepatit C, qaraciyər serrozu, pektal hipertoniya, splenomegaliya xəstəliklərindən müalicə alır, vəziyyəti ağır qiymətləndirilir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 06.06.2008-ci il təvəllüdlü Məhbubə Mahmudzadə adlı bir övladı var. Məhkəmə Təqsirləndirilən şəxs 06.06.2008-ci il təvəllüdlü 1 azyaşlı övladının olmasını, hepatit B və hepatit C, qaraciyər serrozu, pektal hipertoniya, splenomegaliya xəstəliklərindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli qərarından əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı Apelyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 01 (bir ) il 11 (on bir) ay 03 (üç) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.268 qram çəkidə heroin və 0.272 qram çəkidə metamfetamin məhv edilməlidir. İş üzrə 114 (bir yüz on dörd) manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş, çəkilməmiş qalan 01 il 11 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası indiki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (alt) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixədək şübhəli şəxs qismində 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.268 qram çəkidə heroin və 0.272 qram çəkidə metamfetamin məhv edilsin. İş üzrə 114 (bir yüz on dörd) manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 150 (bir yüz əlli) manat Xırdalan vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-388/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-388/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver