Məhkəmə qərarları › İş №1(012)-389/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-389/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-389/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1984-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllədə yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi X1 məxsus «Uzotoyol M50.12» markalı AZ **-CB-*** dövlət qeydiyyat nişanlı avtobusla Abşeron rayonu, Hökməli qəsəbəsi Hökməli-Qobu mərkəzi avtomobil yolu ilə Qobu qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək, həmin vaxtı yolu sağdan sola keçən piyada, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun ağır kəlləbeyin travması, sağ tərəfli ənsə sümüyünün kəllə əsasına keçən sınığı, baş beyin yarımkürələrinin və hər iki beyinciyin əzilməsi, baş beyin maddəsinə qansızmalar, baş beyin ödemi, pnevmosefaliya (kəllə boşluğuna havanın toplanması), başın təpə ənsə nahiyələrinin yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti alınmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Baş etibarnamə əsasında Uzotoyol M50 12 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edir. 05.01.2021-ci il tarixdə saat 16 radələrində Hökməli-Qobu avtomobil yolu ilə təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən bu zaman «VIP» kafesinin qarşısında yolun sağ kənarında dayanmış 3 nəfər şəxsdən birinin digərinin maskasının çəkməsini, daha sonra isə qaçaraq yolun hərəkət hissəsinə daxil olmasını görmüş, bu zaman idarə etdiyi avtobusu sola tərəf hərəkət etdirmişdir. Lakin avtobusun qabaq və arxa hissəsi piyadaya dəymiş və sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəsarət almışdır. Bundan sonra o, həmin şəxsi oradan götürüb Bakı şəhərində yerləşən Respublika xəstəxanasna aparmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, sərnişin və yük olmamış, hadisədən az əvvəl spirtli içki qəbul etməmiş, həmin avtobusu baş etibarnamə əsasında idarə etmiş, o cümlədən sürücülük vəsiqəsi vardır. Piyada Zərərçəkmiş şəxs onun yoluna çıxmasını təxminən 5-10 metr məsafədən görmüş, həmin vaxtı əyləcə basaraq avtobusu sola doğru çəkmiş, lakin avtobusun sağ hissəsi piyadaya dəymişdir. Hadisədən sonra zərərçəkmiş şəxsə maddi yardım göstərmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 yanvar 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Hökməli qəsəbəsindən çıxaraq mağazaya gedərkən Hökməli-Qobu mərkəzi avtomobil yolunda yolu keçmək istəmişdir. O, yolda sağ və sol kənara baxmış, yolda avtomobil gəlmədiyini görüb yolu keçmək istəyərkən bu zaman Hökməli istiqamətindən gələn Uzotoyol M50 12 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtobus sağ tərəfi ilə onu vurmuş, zərbədən huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra həmin avtobusun sürücüsü Təqsirləndirilən şəxs onu Bakı şəhərində yerləşən Respublika xəstəxanasına aparmış, orada həkimlə tərəifndən ona ilkin tibbi yardım göstərilmişdir.Bundan sonra o, xəstəxanada özündə olmadığı üçün yıxılaraq xəsarət aldığını bildirmişdir. Lakin sonradan izahatında avtobus tərəfindən vurulduğunu bildirmişdir. O, ifadəsində əlavə olaraq göstərmişdir ki, hadisədən az əvvəl yolun kənarında tək dayanmış, onun yanında heç kim olmamış, heç kimlə zarafat etməmiş, mağazaya getmək məqsədilə yolun digər tərəfinə keçmək istəmişdir. Ona dəymiş ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 12.02.2021-ci il tarixli 254 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağır kəllə-beyin travması, sağ tərəfli ənsə sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin yarımkürələrinin və hər iki beyinciyin əzilməsi, başbeyin maddəsinə qansızmalar, baş-beynin ödemi, pnevmosefaliya (kəllə boşluğuna havanın toplanması), başın təpə ənsə nahiyələrinin yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, 05.01.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 mart 2021-ci il tarixli 8/456 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Uzotoyol M50 12 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ DYPŞ-nin məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 15.09.2011-ci il tarixdə 15.09.2021-ci il tarixədək müddətə etibarlı olan AB seriyalı 683638 nömrəli «BCD» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı şikayətlərii və maddi tələbləri olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. AB 683638 nömrəli sürücülük vəsiqəsindən görünür ki Təqsirləndirilən şəxs 15.09.2011-ci il tarixdə «BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və 15.09.2021-ci ilədək etibarlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar