Məhkəmə qərarları › İş №1(012)-39/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-39/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-39/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx xxx 1986-cı ildə Neftçala şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, 20 yanvar küçəsi ev 1, mənzil 18-də qeydiyyatda olan və Bakı şəhəri, Surxanı rayonu, AB massivi, bina 125, mənzil 20-də yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən planlaşdırıb, qonşusu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək qərarına gəlib, ona özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib, tanışı Zərərçəkmiş şəxs2 tərəfindən inşa edilən və onun da nəzarət etdiyi Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən nömrəsiz bağ evinin tikintisi üçün Zərərçəkmiş şəxs1 9770 manat dəyərində beton sifariş verib pulunu beş gün müddətində ödəyəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən 9770 manat dəyərində 103 kubmetr «350 marka» betonu həmin tikintiyə gətirib ona verilməsinə baxmayaraq o, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 betonun dəyəri kimi aldığı 9770 manat pulun yalnız 3500 manatını Zərərçəkmiş şəxs1 vermiş, qalan 5770 manatı isə ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən planlaşdırıb, Zərərçəkmiş şəxs2 sonuncunun tikintisini həyata keçirdiyi Şahid4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən nömrəsiz fərdi bağ evinin beton və pəncərə- izolyasiya hissəsini görəcəyini yalandan vəd edərək, 5000 manat dəyərində 60 kubmetr çəkidə betonu tikintiyə gətirdikdən sonra tikinti materillarının keyfiyyətini yoxlatdırması adı ilə xx.xx.2022-ci il tarixdə hesab kartına köçürülmüş 1180 manat, 2022-ci ilin sentyabr ayının ortalarında 15.000 manat, 2022-ci ilin oktyabr ayının ortalarında tikintiyə 188 kubmetr 350 markalı beton gətirəcəyini vəd edərək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən beton zavodda 16000 manat, vahid qəsdlə 27180 manat pulu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, tikinti mühəndisidir və sifariş əsasında fərdi və dövlət binalarının tikintisini həyata keçirir. Zərərçəkmiş şəxs2 2 ildir tanıyır. Mirzəlini tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi tanımış, 2022-ci ilin aprel ayında Mirzəli ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 3 mərtəbəli fərdi yaşayış evi tikmək üçün sifariş götürüb və buna görə ona mütəxəssis lazımdır. O, Mirzəliyə həmin evin tikintisində mütəxəssis kimi iştirak edə biləcəyini bildirmiş və ev sahibi Elçin adlı şəxslə görüşüb bina tikinti aparılacaq torpaq sahəsinə gedib baxmışlar. Elçin adlı şəxs necə tikiləcəyini sifariş etmiş, sonra Elçin və Mirzəli ilə Mirzəlinin Dərnəgüldə yerləşən tikinti mağazasında görüşmüşlər. Elçinlə razılaşmalarına görə ümumi tikintintiyə xərclənəcək pulun 15 faizini Mirzəli ilə ona verəcəkdi. 2022-ci ilin may ayından Mirzəli ilə birlikdə Elçinin evinin tikintisinə başlamış, razılaşmaya görə tikintini özü aparcaqdı, tikintinin maliyyə məsələlərini isə Mirzəli həll edəcəkdi. Beləcə o, tikinti materiallarını sifariş etmiş, Mirzəlidə pulunu ödəmişdir. Mirzəliyə də pulu ev sahibi Elçin vermişdir. 2022-ci ilin oktyabr ayında evin pəncərə sistemini vurmaq üçün ev sahibi Elçin ona 15000 manat pul vermiş, və o, həmin 15000 manatı Mirzəliyə vermişdir. Elçin getdikdən sonra Mirzəli ilə hesablaşmış və sonuncu ona 15000 manat pulu vermişdir. Həmin evə beton sifariş etmək üçün oktyabr ayında Mirzəli ilə birlikdə Masazır qəsəbəsinə beton zavoda gəlmiş və orada Mirzəli ona 16000 manat pul vermişdir. O, həmin 16000 manat pulu beton zavodda Ehtiram adlı şəxsə vermiş, həmin ərəfələrdə Bakı şəhərində gündüz saatlarında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulduğu üçün Masazır qəsəbəsində yerləşən beton zavod uzaq məsafədə yerləşdiyi üçün o, Masazır qəsəbəsinə gəlib həmin 16000 manat pulu Ehtiramdan almışdır. Həmin pulun 6000 manatına beton alıb tikintiyə sərf etmiş, qalan 10000 manatı və pəncərə sistemi qurmaq üçün aldığı 15000 manat pulu öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Həmin 25000 manat pulda onun tikintiyə sərf ediyi zəhmət haqqı olaraq götürmüş, o, Zərərçəkmiş şəxs1 aldığı betonunun 5770 manat pulunu ödəmişdir. Göstərmişdir ki, 15000 manat pulu ona Naradaran qəsəbəsində Elçin vermiş və həmin pulu orada Mirzəliyə vermiş və sonda Mirzəli həmin pulu ona vermişdir. 16000 manat pulu isə Masazır qəsəbəsində Mirzəli ona vermişdir. Onun təxmini hesablamasına görə tikinti üçün ******* manatdan çox pul xərclənmişdir. Ona zəhmət haqqı olaraq göstərilən müddətdə Mirzəli hissə-hissə 2000 manat pul vermiş, ev sahibi Elçinlə razılaşmaya görə evin beton işini tam bitirdikdən sonra Mirzəli ilə onun payına düşəcək pul veriləcəkdi. Zərərçəkmiş şəxs2 ona 1180 manat pulu tikinti materiallarının keyfiyyətinin yoxlanılması üçün göndərmiş, lakin puluda tikintiyə gedib-gəlmək üçün xərcləmiş, 16000 manat pulun isə 6000 manatına beton alıb tikintiyə sərf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, betonqarışdıran avtomobili idarə edir, Binəqədi rayonu ərazisində yerləşən beton zavodda işləyir. Səmədağa tikinti işləri ilə məşğuldur, mühəndis kimi işləyir. 23 sentyabr 2022 tarixdə onun sifarişi ilə “103 kubmetr” çəkidə “350” marka betonu ona səhər radələriııdə zəng edib sifariş etmiş və o, dəyəri 9270 manat olan 103 kubmetr betonu onun dediyi yerə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən yeni tikilən Zərərçəkmiş şəxs2 məxsus evə getmiş, betonu evin tikilən mərtəbələrinə boşaltmış, daha sonra sonuncu bir neçə saata onunla görüşüb pulunu verəcəyini demiş, onu yola salmış, sonrakı saatlarda sonuncu ilə əlaqə zamanı bir neçə günə pulunu verəcəyini desə də, təkidi və təzyiqi ilə 3500 manat pulu 30 sentyabr 2022 tarixdə yaşadığı evinə gətirib vermiş, o ev sahibiylə əlaqə saxlayanda sonuncu pulu tam olaraq Səmədağaya 23 sentyabr 2022 tarixdə verməsini bildirmiş, Səmədağa isə həmin puları öz xeyrinə xərclədiyini, onu aldatdığını açıq aşkar bildirmiş, qalan pulları qaytarmamış, o da məcbur olub 20 oktyabr 2022 tarixdə polisə müraciət etmişdir. Göstərmişdir ki, hazırda Səmədağa ona 5770 manat pul verməlidir, belə ki, Səmədağa Zərərçəkmiş şəxs2 da aldadıb onun pullarını ələ keçirib verdiyi vədə əməl etməmişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir tanıyır, Səmədağa ilə tanışlığı zaman sonuncu bir sıra obyektlərin tikintisinin mühəndisi olmasını ona demişdir. 2022-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları yeni yaşayış massivində yerləşən 12 sot torpaq sahəsində 2 mərtəbəli ev tikdirməyə başlamış, həmin evi tikməyi ona tanışı Şahid4 sifariş etmişdir. Evin əsasən beton və pəncərə-izolyasiya hissəsini Səmədağaya həvalə etmiş, 2022-ci ilin sentyabr ayının ortalarında Səmədağaya 15000 manat pul vermiş ki, evin bütün 2 mərtəbəsinin pəncərələrini quraşdırsın. Sonrakı günlərdə xx.xx.2022-ci il tarixdə Səmədağaya hissə- hissə 9270 manat pul vermiş ki, 103 kubmetr betonu gətirib evə boşaltsın, sonuncu da bunu yerinə yetirdi. Sonradan bir nəfər Vasif adlı şəxs ona zəng edib Səmədağanın ondan beton aldığını, lakin pulunu vermədiyini bildirmişdir. O da həmin Vasif adlı şəxsə Səmədağanın ona verdiyi betonun pulunu onun özünə verdiyini bildirmiş, evin yerdə qalan betonlama işlərini görmək üçün Səmədağaya 188 kubmetr çəkidə 350 marka beton gətirməsini bildirmiş, və sonuncu beton almaq üçün 16000 manat pul verməyi bildirmişdir. Səmədağa Abşeron rayonu, Masazır qəsəbəsində beton zavoddan beton sifariş edəcəyini və buna görə 16000 manat verməyi demiş, 2022-ci ilin oktyabr ayının ortalarında Səmədağa ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsinə beton zavoda gəlimiş və orada 16000 manat pulu Səmədağaya vermişdir. Səmədağa həmin 16000 manat pulu beton zavodda işləyən Ehtiram adlı şəxsə vermiş, lakin sonradan tikintiyə beton göndərilməmşdir. Sonradan məlum olmuşdur ki, Səmədağa ondan sonra Ehtirama verdiyi 16000 manat pulu Ehtiramdan geri almışdır. Bundan sonra Səmədağa ilə görüşüb ona təzyiq etdikdən sonra 2022-ci ilin noyabr ayında sonuncu 5000 manat dəyərində 60 kubmetr çəkidə beton gətirib işin az hissəsini gördürmüşdür. Lakin bundan sonra heç bir iş görülməmiş, bundan əlavə Səmədağanın tikinti materillarının keyfiyyətini yoxlatdırması üçün onun hesab kartına 1180 manat pul göndərmiş, lakin Səmədağa yenə onu aldadaraq həmin puluda ələ keçirmişdir. Ümumilikdə Səmədağa onu aldadaraq 27.180 manat pulunu ələ keçirmiş, belə ki, Səmədağa tikintidə işlədiyi müddətdə ona hissə-hissə 4000 manat zəhmət haqqı olaraq vermişdir. Göstərmişdir ki, Səmədağa evin kürsüsünün və 1-ci mərtəbəsinin betonunu tökdürmüş və həmçinin həyətdə iki ədəd hovuzun beton işini gördürmüşdür. Səmədağanın tikintidə işlədiyi müddətdə 50000 və ya 55000 manat tikintiyə pul xərclənmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, beton-qəlib ustasıdır və sifariş əsasında fərdi tikintilərdə usta işləyir. 2022-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs2 sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsində “Ləhiş” bağlarında kürsülü 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamışlar. Həmin tikintiyə Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs prarab kimi nəzarət etmişdir. Səmədağa hər gün 2 və ya 3 saat tikintidə olmuş və elə vaxt olmuşdur ki, tikintiyə gəlməmişdir. Onlar kürsünün betonunu vurduqdan sonra, təxminən bir ay müddətində Səmədağa tikintiyə beton gətirməmiş və buna görə də işi davam etdirə bilməmişlər. Mirzəlinin müdaxiləsindən sonra Səmədağa tikintiyə beton gətizdirmiş və evin 1-ci mərtəbəsinin betonunu vurmuşlar. Bu müddət ərzində Səmədağanm beton aldığı beton zavoddan soruşulmuş və Səmədağanm tikinti üçün aldığı betonun pulunu vermədiyini bildirmişlər. Bundan sonra Səmədağa ümumiyyətlə tikintiyə gəlməmiş və sonradan Səmədağanm Mirzəlidən tikintiyə beton və pəncərə almaq üçün pul aldığını, lakin Mirzəlini aldadıb pulu ələ keçirdiyini bilmişdir. Təqsirləndirilən şəxs tikintidə təxminən 4 ay müddətdə işləmiş və evin kürsüsünü, 1-ci mərtəbənin betonunu tikdirmiş, həmçinin həyətdə iki ədəd hovuzun betonunu tökdürmüşdür. Səmədağanm tikintidə işlədiyi müddətdə 50000 və ya 55000 manat tikintiyə pul xərclənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində özünə məxsus torpaq sahəsində bağ evi tikdirmək istəmiş, buna görə tanışı Zərərçəkmiş şəxs2 ilə danışıb bağ evinin tikintisini sonuncuya həvalə etmişdir. 2022-ci ilin aprel-may ayından Mirzəli həmin bağ evinin tikintisinə başlamış, həmin vaxtı Mirzəli ona məxsus tikinti mağazasında görüşən zaman sonucunun yanında Səmədağa adlı tanışı da olmuş və həmin şəxsi ona təqdim etmiş, həmin şəxsin tikintiyə nəzarətə edəcəyini bildirmişdir. Tikinti ilə bağlı bütün maliyyə məsələlərini Mirzəli ilə danışmış və tikinti üçün bütün materialları sonuncu almışdır. 2022ci ilin dekabr ayında Mirzəli ilə hesablaşmış, sonuncu ona Səmədağa tərəfindən aldanıldığını və tikinti üçün alınası betonu və pəncərənin pulunu ələ keçirdiyini, bu səbəbdən də onun barəsində şikayət etdiyini bildirmişdir. Bundan sonra Mirzəli ilə Səmədağa arasında olan mübahisədən xəbəri olmamış, Mirzəli hazırda ona məxsus bağ evinin tikintisini tamamlamışdır. Göstərmişdir ki, tikinti ilə bağlı Səmədağaya hər hansı miqdarda pul verməmiş, ona qarşı şikayəti və tələbi yoxdur, Səmədağaya Mirzəli tərəfindən hansı miqdarda pul verilməsindən məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daş hörgüsü ustasıdır və sifariş əsasında fərdi tikintilərdə usta işləyir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs2 sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsində “Ləhiş” bağlarında kürsülü 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamışlar. Həmin tikintiyə Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs mühəndis kimi nəzarət etmişdir. Səmədağa hər gün 2 və ya 3 saat tikintidə olmuş və elə vaxt olmuşdur ki, tikintiyə gəlməmişdir. Kürsünün betonunu vurduqdan sonra, təxminən bir ay müddətində Səmədağa tikintiyə beton gətirməmiş və buna görə də iş davam etdirilməmişdir. Mirzəlinin müdaxiləsindən sonra Səmədağa tikintiyə beton gətizdirmiş və evin 1-ci mərtəbəsinin betonu vurulmuşdur. Bu müddət ərzində Səmədağanın beton aldığı beton zavoddan gəlib onu soruşmuş və Səmədağanm tikinti üçün aldığı betonun pulunu vermədiyini bildirmişlər. Bundan sonra Səmədağa ümumiyyətlə tikintiyə gəlməmiş və sonradan Səmədağanın Mirzəlidən tikintiyə beton və pəncərə almaq üçün pul aldığını, lakin Mirzəlini aldadıb pulu ələ keçirdiyini bilmişdir. Təqsirləndirilən şəxs tikintidə təxminən 4 ay müddətdə işləmiş və evin kürsüsünü, 1-ci mərtəbənin betonunu tikdirmiş, həmçinin həyətdə iki ədəd hovuzun betonunu tökdürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində beton zavod işlədir, Təqsirləndirilən şəxs tanıyır, sonuncu bir neçə dəfə işlətdiyi beton zavoddan beton almışdır. 2022-ci ilin sentyabr və ya oktyabr ayında günorta saatlarında Səmədağa bir nəfər Mirzəli adlı şəxslə Masazır qəsəbəsinə işlədiyi beton zavoda gəlib 16000 manat dəyərində beton sifariş etmiş və orada ona 16000 manat pulu nağd şəkildə vermişdir. İki gün sonra onlara beton verəcəkdi, həmin gün axşam saatlarında Səmədağa yenidən işlədiyi beton zavoda gəlib başqa yerdən ucuz qiymətə beton alacağını deyib verdiyi 16000 manat pulu qaytarmağı istəmiş, o da 16000 manat pulu Səmədağaya qaytarmış və sonuncu çıxıb getmiş, bundan sonra Səmədağanı görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəvz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2023cü il tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi onunun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus özgə əmlakını, müvafiq məbləğlərdə pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq etməsini təsdiq və sübut edən kifayət qədər məlumatlar qeydə alınmış, sübutlar toplanmışdır, həmin sübutların mötəbərliyi isə şübhə doğurmur. Təqsirləndirilən şəxs sadəcə olaraq özünü müdafiə etmək məqsədilə, sözdə, ittihamı qəbul etmir, hansı ki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onların təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxsə aidiyyəti olmuşdur və onunun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, mübahisənin mülki xarakterli olması ilə bağlı qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxslər niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə onlar, hər bir zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs2 vurduğu 27150 manat ziyanı ödəməmiş, digər Zərərçəkmiş şəxs1 vurduğu ziyanı tam ödəyərək onunla barışıq əldə etsə də bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində bir zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, bir zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində həmin zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; bir zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir, digər zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar