Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-391/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirlənirilən şəxsin qanuni nümayəndəsi: X2 iştirakı ilə xx.xx.2006-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 1B-9 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Z.Yaqub küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Yoncalıq massivində yerləşən küçənin dalan hissəsində yaxınlıqda yaşayan əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs əlində olan açarla həmin günü saat 15 radələrində qoluna xəsarət yetirməsi ilə bağlı sonuncunun təşəbbüsü ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən iki dəfə yumruqla vuraraq ona burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sıyrıqları, sağ gözün göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinliyi, sol gözün göz qapaqlarının, sağ gözaltı almacıq, sol gözaltı nahiyyəsinin qançırları kimi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Zərərçəkmiş şəxs onlara yaxın ünvanda yaşayır, xüsusi münasibətləri olmasada bir-birini görəndə salamlaşırlar. 15 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında olan küçədə piyada hərəkətdə olarkən telefon ilə qardaşı ilə danışan zaman onunla zarafatyana söhbət etdiyi üçün ucadan gülmüşdür. Bu zaman o, yolun kənarında dayanan Cavidin yanından keçəndə salam verərək yoluna davam etmiş, bu zaman Cavid onu çağırmış o, Cavidin yanına qayıtdıqda, “sən kimsən ki, küçədən hırıldaya-hırıldıya keçirsən?!” ifadəsini işlətmişdir. Bu zaman o, Cavidə “qardaşımla telefonla danışıram və gülürəm, bundan sənə nə var?!” ifadəsini işlətmişdir. Bu zaman aralarında mübahisə yaranmış və Cavid onun qolundan tutaraq “gəl gedək” səni başa salaram deyərək onu dartaraq özü ilə aparmışdır. Onlar 50-60 metr yol getdikdən sonra Cavid onu yaşadığı evin həyətlərinə salıb qolundan möhkəm sıxaraq bildirmişdir ki, “sən hələ uşaqsan bala, sənin hələ küçədə deyib gülməyinə çox var” sözlərini deyərək onu bu kimi sözlərlə hədələmişdir. O, Cavidə qolunu buraxmasını bildirikdə sonuncu əlində olan açarla onun qolundan vuraraq xəsarət yetirmişdir. Daha sonra Cavid onu arxasından ayağı ilə itələyərək “sürüş burdan” sözünü deyərək onu həyətlərindən çıxarmışdır. O da, qorxusundan Cavidə bir söz deməyərək sakitcə evlərinə gəlmişdir. Həmin vaxtı atasının dayısı oğlu Anar onlarda olmuş və o, bu barədə Anara danışmışdır. Anarla Cavidgilə gedib onu çağırsalar da, Cavidi görə bilmədikləri üçün qayıdaraq evlərinə gəlmiş, Anar da öz evlərinə getmişdir. Həmin günü saat 22 radələrində zəng edərək Cavid ona “eşitdim qohumun Anarla məni axtarmısınız, evinizin qarşısındayam” deyə bildirmişdir. O, Cavidə, Anarın bayaq onun qoluna xəsarət yetirməsinin səbəbini soruşmaq üçün gəldiyini və evdən çıxmadığı üçün Anarın öz evlərinə getdiyini bildirmişdir. Cavid isə iddia edərək onun küçəyə çıxmasını bildirmişdir. Belə olan halda o, Cavidin əl çəkmədiyini görərək küçəyə çıxmış, sonuncu ona “çağır qohumunu görüm nə demək istəyir” deyə bildirmiş, o isə Cavidə belə şeylərin lazım olmadığını, çıxıb getməsini bildirmişdir. Cavid isə ona “küçük sənə demirəm yiyəni çağır görüm nə deyir” sözlərini demişdir. Belə olan halda o, Anara zəng etmiş və bu barədə demişdir. Həmin vaxtı Anar gəlmiş və Cavidlə salamlaşaraq “eşidirəm səni” sözünü demişdir. Bu zaman Cavid ona və Anara küçənin digərə tərəfinə dalan olan yerə getmələrini bildirərək və “gəlin sizə burda başa salaram hər şeyi” sözlərini demişdir. O və Anar, Cavidin dediyi yerə getmiş və həmin yerdə dayanmışdırlar. Anar, Caviddən ona hansı səbəbdən hədə-qorxu gələrək qoluna xəsarət yetirdiyini soruşmuş, bu zaman Cavid “öz küçüyündən soruşmuyubsan?” sualını verdikdə o, Cavidə onu təhqir etməməsini bildirmişdir. Bu zaman Cavid daha da ağır ifadələrlə onu təhqir etməyə başlamışdır. Bu zaman o həyacanlanaraq özündən çıxmış 2 dəfə Cavidin göz altı və burun nahiyyəsindən vurmuşdur. Bu zaman Anar ortaya girərək onları ayırmış və onu evə gətirmişdir. Sonra da o, Abşeron RPİ-nə gələrək Cavidin hərəkətləri barədə polisə müraciət etmişdir. Valideyinləri və özü Cavidlə barışmaq üçün dəfələrlə müraciyət etsələr də, Cavid barışmaq üçün onlaradan yüksək məbləğdə pul isttəmiş, həmin məbləğdə pul onlar da olmadığı üçün barışıq əldə edə bilməmişdirlər. Anarın Cavidi vurmasının şahidi olmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, gənc olmasını və zərərçəkmiş şəxslə barışmağa cəhdlər etdiyini bildirirək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, İlkinlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivində yaşadığı ünvanın giriş qapısının qarşısında dayanmışdır. Həmin vaxt İlkin oradan telefonla danışa-danışa, onun yaşadığı ünvanın qarşısından keçmişdir. Telefonla danışdığı şəxslə ucadan nalayiq söyüşlər işlədərək zarafatlaşmışdır. O, İlkinə bu barədə iradını bildirərək camaatın pəncərəsinin açıq olduğunu, söydüyü söyüşlərin digər şəxslərin evlərində eşidildiyini bildirərək söyüş söyməməsini demişdir. İlkin onun haqlı iradını qəbul etməmiş, ona kobud cavab vermişdır. İlkinin qolundan tutarkən əlində təxminən 3-4 ədəd açar olmuşdur. Həmin açarlardan biri İlkinin qolunu cızmış və bundan sonra o, İlkinin qolunu buraxmışdır. İlkin isə yaşadıqları ünvana tərəf çıxıb getmişdir. Həmin gün axşama yaxın Anarın onu axtardıqlarını eşitmişdir. Belə olan halda o, həmin şəxslərin yaşadığı məhəlləyə getmiş və oradan İlkinin mobil telefonuna zəng etmişdir. Telefonda İlkinə qohumu Anarla birlikdə onu axtardıqlarını bildirmiş küçədə ikisinidə gözlədiyini demişdir. Bundan sonra İlkin, Anarla birlikdə küçəyə çıxmışdır. Həmin vaxtı təxminən saat 22 radələri olmuş, bu zaman söhbətlərini görüb eşidən olmasın deyə küçənin sakit hissəsinə gedərək üçü birlikdə təkliyə çəkilmişdirlər. Anardan niyə onu axtardığını soruşduqda, Anar ona İlkinin qoluna xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt Anara baş vermiş hadisəni izah etmiş və İlkinin hərəkətləri barədə onu məlumatlandıraraq, İlkinin onu vurmaq istəyərkən sonuncunun qolundan tutduğunu və həmin vaxt əlində olan açarların İlkinin qolunu cızdığını demişdir. Anarla söhbət zamanı İlkin onların söhbətlərinə müdaxilə edərək heç bir günahının olmadığını bildirmiş və bu zaman onunla, sonuncu ilə arasında mübahisə yaranmışdır. Bu zaman İlkin və Anar qəfildən onun sağ gözünə və burun nahiyyəsindən 2 dəfə yumruqla vurmuş, onun burnunun qanadığını gördükdə Anar bu zaman İlkinin qolundan tutaraq onu götürüb aparmışdır. O isə yaşadığı ünvana gedərək yatmış, həmin gecəni yatdıqdan sonra səhər oyanarkən sağ gözünü aça bilmədiyini hiss etmiş, bundan sonra hadisə barəsində Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı onu Şahid və Təqsirləndirilən şəxs vurmuşdur. Hadisədən sonra, heç kəs onunla maraqlanmamış, hər hansı formada kömklik göstərilməmişdir. İlkinin barışmaq cəhdləri ilə valideyinlərinin və özünün müraciyət etmələri barədə dedikləri həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs ilə barışmır və ona cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, onun yaşadığı məhlədə bir neçə metr irəlidə yaşayır. Həmin şəxslə yaxın münasibətini olmasa da, biri-birlərini tanıyırlar. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, İlkin ona Cavidin onun qoluna xəsarət yetirdiyini və onu təhqir etdiyini bildirmişdir. İlkindən bunun səbəbini soruşduqda hadisənin yaşadığları evin yaxınlığında küçədə telefonla danışan zaman qardaşı Elvinə zarafatyana söhbət etdiyi üçün ucadan güldüyünə görə baş verdiyini demişdir. İlkin ona olanları danışdıqdan sonra birlikdə Cavidin yaşadığı ünvana tərəf getmişdirlər. Cavidin yaşadığı ünvana getmələrinə səbəb isə məsələni aydınlaşdırmaq qonşular arasında xoşagəlməz halların yolverilməz olduğunu bildirmək olmuşdur. Cavidin evdə olmadığına qayıtmışdırlar. Həmin günü saat 22 radələrində telefonuna zəng gəlmiş və görmüşdür ki, zəng edən şəxs İlkindir. İlkin ona yaşadığları ünvanın yaxınlığında küçədə Cavidlə birlikdə olduğunu və sonuncunun onu çağırdığını bildirmişdir. Belə olan halda o, yaşadığı ünvandan çıxaraq ora gəlmiş və Cavidlə salamlaşaraq “eşidirəm səni” sözünü demişdir. Bu zaman Cavid, ona və İlkinə küçənin digər tərəfnə, yəni dalan olan yerə getmələrini bildirmişdir və “gəlin sizə burda başa salaram hər şeyi” sözlərini demişdir. O və İlkin, Cavidin dediyi istiqamətə gedərək həmin yerdə dayanmışdırlar. Həmin vaxt o, Caviddən hansı səbəbdən İlkinə hədə-qorxu gələrək qoluna xəsarət yetirdiyini soruşmuşdur. Bu zaman Cavid ona cavab olaraq, “öz küçüyündən soruşmayıbsan?” cavabını verdikdə İlkin, Cavidə təhqir etməməsini bildirmişdir. Bu zaman Cavid daha da ağır ifadələr işlətdikdə İlkin gözlənilmədən Cavidi yumuruqla vurmuşdur. O, İlkinin Cavidi vurmasınn qarşısını ala bilməsə də, onları ayırımış və İlkini evlərinə gətirmiş və danlamışdır. O, özü Zərərçəkmiş şəxs hər hansı bir müqavimət və yaxud xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dəvət edilərək, dindirilmiş X4 ifadəsində göstərdi ki, hazırda məhkəmədə baxılan iş onun icraatında olmuşdur. İstintaq zamanı Cavidi kimin vurması, Anarın Cinayət hadsəsinin iştirakçısı olub-olmaması ilə bağlı şübhələrin aradan qaldırılması üçün üzləşdirmə keçirilmiş və şübhələr aradan qalxmışdır. Zərərçəkmiş şəxs istintaqın gedişindən narazı olsaydı bu barədə istintaqın yekununda sənədlərlə tanış olarkən iradını bildirərdi. Lakin belə bir irad daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli 1481 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər sol said nahiyəsinin cızılmış-sıyrıqları iti uclu əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı açarın uc hissəsinin təsirindən əmələ gələ bilmələri istisna olunmur; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli 1463 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır şişkinliyi, sıyrıqları, sağ gözün göz qapaqlarının, sağ gözaltı-almacıq, sol gözaltı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədənin hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - “Cinayət işinin başlanması” barədə 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edimişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Qətimkan tədbiri seçilməsi haqqında 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs hadisə törədilən vaxt yetkinlik yaşına çatmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olduğundan cəza təyin edilərkən həmçinin aşağıdakılar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəzanın təyin olunmasının ümumi əsasları ilə, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, yeniyetmənin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Qeyd olunduğu kimi yetkinlik yaşına çatmayanalara münasibətdə azadlıqdan məhrum etmə ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi halları olduğu təqdirdə təyin edilə biləcək cəza olaraq nəzərə alınmışdır. Hazırki halda isə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş olan əməl böyük ictimai əməl törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ ... cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir”. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara cəza təyin edilməsinin məqsədi cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-nin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etməsini, əməlindən peşman olduğunu, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslə barışmaq üçün təşəbbüs göstərməsinə dair hərkətlərin müəyyən olunmadığını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 1B-9 ünvanını tərk etməmək, Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-391/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-391/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver