Məhkəmə qərarları › İş №1(012)-393/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-393/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-393/2020 24.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu ödənilməyən, evli, Sumqayıt şəhəri, Nizami küçəsi, 19 c, məhəllə 06da yaşayan, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq 04 ədəd siqaret kağızı bükümündə tozşəkilli maddədən ibarət maddə narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə daşımış, xx xxxx 2020-ci il tarixdə gecə saat 16:50 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində Abşeron rayon Polis İdarəsinin PPXB-nün əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb rayon Polis İdarəsinə gətirib, idarənin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 04 ədəd siqaret kağızı bükümündə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,032 qram, 0,018 qram 0,266 qram, ümumi təmiz çəkisi 0,352 qram olan qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manat müqabilində 4 ədəd siqaretin qara kağızına və digər kağıza bükülmüş heroin (kakos) narkotik vasitəni öz şəxsi istifadəsi üçün almış, sonra həmin narkotik vasitələr olan bükümləri siqaretin şəfaf selofanının içərisinə qoymuş, şəffaf selofonda olan bükümləri isə əynində olan göy rəngıi cins şalvarının sağ yan balaca cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə günortadan sonra Abşeron rayonu Saray qəsəbəsində “ OBA “ marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşmış, ona narkotik maddəni qəbulunda şübhəli olduğunu bildirib, onu saxlamışlar. Sonra polis idarəsinə gətirib polis idarəsində müdafiəçinin iştirakı ilə üzərində çəkiliş ilə şəxsi axtarış aparılmış, axtariş aparılan zaman ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməsi təklif edildikdə, əynində göy rəngli olan cins şalvarının sağ yan balaca cibində olan 1 ədəd siqaretin şəfaf selofanının içərisində olan 4 ədəd siqaretin kağızına və digər kağıza bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Aşkar edilmiş narkotik maddə zərfə qoyularaq qablaşdırılmış, müdafiəçinin, iştirakçıların iştirakı ilə imzalanmış və maddi subut kimi götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol digər iştirakçıların iştirakı ilə imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin PPXB-də polis nəfəri kimi xidmət edir, rütbəsi polis serjantıdır. xx.xx.2020-ci il tarixdə saat 16:50 radələrində istirahətdə olduğu zaman bir nəfər şəxsin M.Əsədov küçəsində qanunla qadağan olunmuş narkotik vasitələrin əldə etməsi, istifadəsi və gəzdirməsi barədə məlumat əldə etmiş, bundan sonra xidmətdə olan 5707 saylı avtopatrulu köməyə çağırmış, həmin avtopatrulla gəlmiş polis serjantları Şahid2 və Şahid3lə birlikdə Saray qəsəbəsində «Oba» marketin yaxınlığındakı əraziyə yaxınlaşmış və əlamətləri ona bildirilmiş şəxsi orada görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin vaxtı əvvəllər tanımadığı, adanı sonradan bildiyi Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş narkotik vasitələrin əldə etməsi, istifadəsi və gəzdirməsində şübhəli olduğu bildirilmiş və həmin şəxsi Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirildikdə, Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibində saxladığı 4 ədəd siqaret kağızına bükülü narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin (kakos) olduğunu və özünə məxsus olduğunu demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə oxşar 4 ədəd bükümdə olan kütləni xx.xx.2020-ci il tarixdə Saray qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manat müqabilində aldığını, aldığı kütlənin özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuş, sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6\232 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən..” sözləri qeyd olunan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,032 qram, 0,018, 0,266 qram olmaqla ümumi təmiz çəkisi 0,352 qram olan qəhvəyi rəngli tozşəkilli maddlər narkotik vasitə-heroindir (qalıq 0,272 qram - 0,080 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1327 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək aslkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələn narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Qocayev X1 şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 7 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibində saxladığı 4 ədəd bükülü narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütlənin narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu bildirməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni üç ilin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 81 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,272 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Yusifov Ramil Hörmət oğlunun göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 81 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,272 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Yusifov Ramil Hörmət oğlunun göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar