Məhkəmə qərarları › İş №1(012)-395/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-395/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-395/2024 13.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Grandeur” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospekti ilə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən “Saray Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında hərəkət nizamlayıcı işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirərək həmin prospektdəki piyada keçidinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü setoforun qadağanedici qırmızı işığında avtomobili svetofor qarşısında dayanmasını təmin etməli, svetoforun yaşıl işığı yandıqdan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin istiqamətdə piyada yolu ilə avtomobil yolunu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya sol qasıq oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları, sol budun geniş ölçülü əzilmiş yarası, sağ bazu və saidin hər iki yuxarı ətrafların sıyrıqları onurğanın bel hissəsinin və başın yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, dostu X3 etibarnamə əsasında özü idarə etmək üçün “Hyundai Grandeur” markalı **-XB- *** dövlət qeydiyyat nişanlı avtomobili götürərək idarə etmişdir. O, həmin avtomobil ilə işdən evə evdən də işə gedib gəlmək üçün istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərindən yaşadığı Sumqayıt şəhərinə getmək istəmiş, həmin zaman işdən çıxmış, saat təxminən 18:00 radələri olmuş, o, VAZ dairəsi istiqamətindən gəlib Saray qəsəbəsinə çıxmışdır. Həmin vaxt idarə etdiyi “Hyundai Grandeur” markalı **- XB-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuş, o, Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektindən Sumqayıt şəhəri istiqamətinə yani Saray Petrol” istiqamətinə hərəkətdə olmuşdur. O, Abşeron rayonu, Saray qəsbəsindən üzü Sumqayıt şəhəri istiqamətində bir gedişli və bir gəlişli yolda saatda 40-50 km/saat sürətlə hərəkət etdirərək ötmə əməliyyatı etmiş və qarşı hərəkət yoluna çıxmışdır. Bu zaman qarşı yolda hərəkət edən yaşlı bir şəxs qaçaraq yolu keçmək istəyən zaman idarə etdiyi avtomobiln qabaq sol hissəsi həmin piyadaya dəymiş və piyada yerə yıxılmışdır. Bu zaman dərhal avtomobildən aşağı düşmüş və həmin şəxsi ətrafdakı şəxslərin vasitəsi ilə idarə etdiyi avomobilin arxa oturacağında əyləşdirmişdir. Daha sonra həmin şəxsi xəstəxanaya aparmaq istəsədə həmin şəxs onu xəstəxanaya aparmağa qoymamış və o, həmin şəxsi dərhal yeznəsinin evinə gətirmişdir. Orada həyəcanlı olduğu üçün maşın sürə bilməyəcəyini başa düşmüş və atasından kömək etməsini istəmişdir. Daha sonra adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsi atası X2 idarə etdiyi “Qaz-31” markalı 50-**-261 dövlət qeydiyyat nişanlı avtomobilə qoyaraq xəstəxanaya aparmaq istəmiş, lakin həmin şəxs yenə də onu xəstəxanaya aparılmasına icazə verməmiş və onlara “oğlum həkimdi məni öz evimizə aparın” demişdir. Onlar da həmin şəxsi maşına qoyaraq yaşadığı, ünvan 2 ünvanına gətirmişlər. Oradan isə sonuncunun ailə üzvləri ilə birlikdə həmin şəxsi Sumqayıt şəhər X5 stansiyasına aparmış, xəstəxanada həkimlər həmin şəxsə ilkin tibbi yardım göstərmiş və Sumqayıt Taravmotologiya İnstitutunda stasionar müalicə yazmışlar. Həmin vaxtı həyəcanlı olduğu üçün xəstəxanada həmin şəxsi vurduğunu deməmişdir. Həmin yol-nəqliyyat hadisəsinin onun səhlənkarlığı səbəbindən baş verdiyini də etiraf edir.hazırda dəymiş ziyan tərəfindən ödənilmiş, zərərçəkmiş şəxslə barışmışdır, ona görə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saaat 16-17 radələrində yaşadağı evin yaxınlığında olan marketdən evinə doğru getmək istəmiş, həmin vaxtı H.Əliyev prosepetində avtomobil yolunu keçmək istəmişdir. Bu məqsədlə həmin prospektdə olan piyada keçidinə doğru gəlmiş, əlində selofon torbada aldığı ərzaq malları olmuşdur. Avtomobil yolunu keçmək istəyərkən yolda sıxlıq olduğunu görüb dayanmış, həmin vaxtı H.Əliyev prospektinin kənarında yerləşən «Saray petrol»un yanındakı işıqfor nəzərini cəlb etmiş, o, həmin işıqforun qırmızı işığının yanmasını gözləmiş ki, onun yolu keçməsi üçün şərait yaransın. Qırmızı işıq yandıqda hərəkətinə davam etmək etmiş, bu zaman işıqforun qırmızı işığında yol üstünlüyü olmayan markasını xatırlamadığı avtomobil əks istiqamət zolağına çıxaraq onuun üzərinə tərəf hərəkət etmiş, həmin vaxtı o, piyada keçidində olmuş, bu anda qeyd olunan avtomobil onu sol bud çanaq nahiyəsindən vuraraq onu yolun kənarına atmış, həmin vaxtı huşu özündə olmuş, onu vuran avtomobilin sürücüsü ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə onu avtomobilinə əyləşdirmiş və yaşadığı evinə gətirmiş, daha sonra onu markasını xatırlamadığı digər avtomobilə əyləşdirmiş, o, yolda oğlu Nərimana zəng vurmuş və avtomobil yolunu keçərkən avtomobil tərəfindən vurulduğunu və xəsarət aldığını bildirmiş, bundan sonra o, yaşadığı evinə gətirilmiş, sonra oğlunun köməkliyi ilə o, Sumqayıt şəhər Travmatalogiya xəstəxanasına gətirmişdir. Göstərmişdir ki, onu vuran avtomobil “Hyundai Grandeur” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, hadisədən sonra avtomobili idarə edən sürücü tərəfindən ona yardım etmiş və avtomobilinə əyləşdirərək yaşadığı evinə gətirmişdir. Hadisədən sonra sürücü tərəfindən ona 3000 manat pul ödənilmiş, hazırda hadisə ilə bağlı ona 15000 manata yaxın ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmlışdır, ona qarşı şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 34TS saylı rəyindən görünür ki, 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol qasıq oturaq sümüklərinin qapalı yerdəyişən sınığı, sol budun geniş ölçülü əzilmiş yarası, sağ bazu saidin hər iki yuxarı ətrafının sıyrıqları, onurğanın bel nahiyəsinin, başın yumşaq toxuma əziyi travmatik şok bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Ağırləq dərəcəsi xəstənin müalicəsi tam başa çatdıqdan və şəxsin özünün məhkəmə tibbi müayinəsi aparıldıqdan sonra aydınlaşdırılacaqdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1732 saylı rəyindən görünür ki, 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol qasıq oturaq sümüklərinin qapalı yerdəyişən sınığı, sol budun geniş ölçülü əzilmiş yarası, sağ bazu saidin hər iki yuxarı ətrafının sıyrıqları, onurğanın bel nahiyəsinin, başın yumuşaq toxumalarının əzilməsi bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 8/2456 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Grandeur” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına «BC» kateqoriyalı AC 212469 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2024-cü il tarixə kimi etibarlıdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1- ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə “Hyundai Grandeur” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə “Hyundai Grandeur” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar