Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-397/2021 22.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə, xx.xx.1996-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 28.01.2021-ci tarixdə saat 20 radələrində «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet-Cruze» markalı, **- EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Saray-Novxanı avtomobil yolu ilə Saray qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin avtomobil yolunun Abşeron rayonu, Masazır kəndindən keçən hissəsində idarə etdiyi minik avtomobilinin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsini sağdan sola keçən piyada 28.01.1964-cü il təvəllüdlü X6 ehtiyatsızlıqdan vurmaqla, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi; kəllə tağı və əsası sümüklərinin sınığı, sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin arxa səthinin, sol diz oynağı və sol baldır nahiyəsinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. İttiham tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar: Yol-nəqliyyat hadisə yerənə baxış keçirilməsi haqqında 29.01.2021-ci il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 28.04.2021-ci il tarixli 8/901 №-li ekspert rəyi, Məhkəmə tibbi ekspertizasının 22.02.2021-ci il tarixli, 14 №-li ekspert rəyi təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun avtomobil idarə etməyə “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Özünə məxsus «Chevrolet Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edir. 28.01.2021-ci il tarixdə saat 20 radələrində həmin avtomobillə Saray-Novxanı avtomobil yolu ilə Novxanı qəsəbəsinə getmiş, yolun Abşeron rayonu, Masazır kəndi ərazisindən keçən hissəsində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, qəflətən yolu sağdan sola iti sürətlə qaça-qaça keçən piyadanı 2-3 metr məsafədən görmüş, lakin avtomobili saxlaya bilməmiş və həmin şəxs avtomobilin sağ hissəsinə dəyərək, yerə yıxılmışdır. Bundan sonra avtomobildən düşərək, həmin şəxsi avtomobilə qoyub, onu Respublika xəstəxanasına aparmışdır. Həmin vaxt avtomobildə dayısı Şahid1 və qardaşı Şahid2 da olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol-patrul xidmətinin əməkdaşları da hadisə yerinə yaxınlaşmış və sonuncular onunla birlikdə xəstəxanaya getmişlər. Respublika xəstəxanasına çatan zaman, avtomobillə vurduğu şəxs orada vəfat etmişdir. Avtomobili idarə etdiyi zaman, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və spirtli içkilər qəbul etməmişdir. Onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Piyadanın qaçıb avtomobilə dəyməsi çox ani və qısa zaman kəsiyində baş verdiyindən tərəfindən görülən hər hansı bir tədbir baş verəcək hadisənin qarşısını ala bilməmişdir. Verilmiş ittihamı əsassız sayır, buna görə də məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, 28.01.1964-cü ilə təvəllüdlü mərhum X8 onun atasıdır. 28.01.2021-ci il tarixdə o, Sumqayıt şəhərində olan zaman, gecə saatlarında atasının mobil nömrəsindən, istifadəsində olan mobil telefonuna Abşeron RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən zəng gəlmişdir. Müstəntiq ona 28.01.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi nəticəsində atası Elimdar Nəzərovun dünyasını dəyişmsini bildirmişdir. Hadisəni törədən «Chevrolet» markalı **-EY- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs o, əvvəllər tanımamış sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs özünə məxsus «Chevrolet Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edir. 28.01.2021-ci il tarixdə saat 20 radələrində özü, Mətin və sonuncunun qardaşı İlkin ilə birlikdə həmin avtomobillə Saray- Novxanı avtomobil yolu ilə Novxanı qəsəbəsinə gedən zaman, yolun Abşeron rayonu, Masazır kəndi ərazisindən keçən hissəsində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, qəflətən yolu sağdan sola iti sürətlə qaça-qaça keçən piyadanı 2-3 metr məsafədən görmüş, lakin Mətin avtomobili saxlaya bilməmiş və həmin şəxs maşının sağ hissəsinə dəyərək, yerə yıxılmışdır. Bundan sonra onlar avtomobildən düşərək, həmin şəxsi maşına qoyub, onu Respublika xəstəxanasına aparmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol-patrul xidmətinin əməkdaşları da hadisə yerinə yaxınlaşmış və sonuncular onlarla birlikdə xəstəxanaya getmişlər. Respublika xəstəxanasına çatan zaman, Mətinin avtomobillə vurduğu şəxs orada vəfat etmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaq tərəfindən təqdim olunmuşdur ki, piyada yolu sağdan sola adi yerişlə keçmiş, avtomobilin hərəkəti üçün təhlükə piyadanın yolun sağ kənarından hərəkət hissəsinə daxil olduğu andan yaranmış, həmin andan vurulana kimi piyada adi yerişlə 4 metr məsafə qət etmişdir. həmin məlumatlar əsasında tədqiqat aparılmış və müəyyən edilmişdir ki, təhlükə yaranan anda avtomobilin piyadanın vurulma yerinə olan məsafə 36,3, 45,3, tam dayanma yolu isə 23,3, 32,1 dir. Yəni təhlükə yaranan anda avtomobilin piyadanın vurulma yerindən olduğu məsafə avtomobilin dayanma yolundan böyük olduğundan sürücünün təhlükə yaranan andan tədbir görməklə piyadanın vurulma yerinə çatmadığı müəyyən edilmişdir. Piyadanın adi yerişlə də ya qaça qaça keçməsini istintaq tərəfindən qəbul olunmuş qərar əsasında, məsafəni isə hadisə yerinin sxeminə baxmaqla müəyyən etmişdir. Piyadaların hərəkət sürətini ekspertiza müəyyən edir. 1964-cü il təvəllüdlü sərxoş kişi piyadanın adi yerişlə hərəkət sürətinin orta həddi 4,4 km/saatdır. Sərxoş piyada qaça bilər. Bununla bağlı sərxoş piyadaların da qaçış mexanizmi mövcuddur. İkinci rəydə məsafə 4 metrdir. 1964-cü il təvəllüdlü sərxoş kişi piyadanın iti qaçışla hərəkət sürətinin aşağı həddi 9 km, yuxarı həddi isə 13 km saatdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş müstəntiq Babək Hacıyev bildirmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 28.01.2021-ci tarixdə saat 20 radələrində «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet-Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Saray-Novxanı avtomobil yolu ilə Saray qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, həmin avtomobil yolunun Abşeron rayonu, Masazır kəndindən keçən hissəsində idarə etdiyi minik avtomobilinin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsini sağdan sola keçən piyada 28.01.1964-cü il təvəllüdlü X6 ehtiyatsızlıqdan vurmaqla, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi; kəllə tağı və əsası sümüklərinin sınığı, sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin arxa səthinin, sol diz oynağı və sol baldır nahiyəsinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinin müayinəsi aparılmış, təqsirləndirilən şəxs və şahid ifadələri alınmış, məhkəmə yol nəqliyyat ekspertizası təyin edilmişdir. Məhkəmə yol nəqliyyat ekspertizası təyin olunması barədə qərarda texniki səhv olaraq Təqsirləndirilən şəxs Chevrolet Cruise minik markalı 99 EY-949 dövlət qeydiyyat nişanlı avtomobil ilə Saray istiqamətində 40-50 km sürətlə hərəkətdə olarkən piyadanın yolu sağdan sola adi yerişlə keçməsini qeyd etmişdir. Belə ki, o həmin qərarı əvvəllər apardığı oxşar xarakterli cinayət işində olan qərarın üzərində işləmiş və həmin qərarda “ zərərçəkmiş şəxsin adi yerişlə yolu keçməsi” qeyd olunduğundan o düzəliş etməmişdir. Əslində isə qərarda zərərçəkmiş şəxsin yolu qaça qaça keçməsini göstərmişdir. Çünki, həm təqsirləndirilən şəxs, həm də hadisəni görən şahidlər zərərçəkmiş şəxsin yolu sürətlə qaça qaça keçməsini həm izahatlarında həm də ifadələrində dəfələrlə göstərmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Yol-nəqliyyat hadisə yerənə baxış keçirilməsi haqqında 29.01.2021-ci il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazidə avtomobil yolu asfaltbeton örtüklü olmaqla, Abşeron rayonu, Novxanı-Saray avtomobil yolunun Masazır kəndindən keçən hissəsində baş vermişdir. Hadisə baş verən yol yaşayış məntəqəsi daxil olmaqla, sürət məhdudiyyəti 60 km/saat nəzərdə tutulmuşdur. Yolun hərəkət hissəsinin eni 12 metr olmaqla, ortadan düz bütöv xətlə Xırdalan və Novxanı istiqamətlərinə ayrılır. Saray istiqamətinə hərəkət hissəsinin eni 06 metrdir. Yolun sağ kənarında 10 metr enində yol, daha sonra tikinti obyektləri, sol kənarında isə səki, daha sonra boş sahə ilə əhatə olunmuşdur. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 29.01.2021-ci il tarixli 2/2208 №-li aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Sürücülük vəsiqəsininin surətindən görünür ki, Təqsirləndirilən şəxs AE 017911 seriyalı, B kateqoriyalı sürücülük vəsiqəsi 20.02.2025-ci il tarixədək etibarlıdır. «Chevrolet Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobili texniki cəhətdən saz, yüksüzdür. Avtomobilinin ön şüşəsinin yuxarı sağ künc hissəsində zədə izi aşkar olunmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-dən alınmış 25.03.2021-ci il tarixli 016-1297- 1217 №-li məktubla müəyyən edilmişdir ki, DİN BDYPİ-nin Qeydiyyat – imtahan Şöbəsinin kompüter uçot bazasına əsasən xx.xx.1996-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Həmin şəxsə 20.02.2015-ci il tarixdə AC seriyalı 017911 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris Birliyinin 22.02.2021-ci il tarixli, 14 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki;
1. X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir - baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi; kəllə tağı və əsası sümüklərinin sınığı; sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınığı; sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası; sağ əlin arxa səthinin, sol diz oynağı və sol baldır nahiyəsinin sıyrıqları. Bu xəsarətlər ümumilikdə həyatidirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 28.01.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir.
2. X1 ölümünə səbəb - başın küt travması nəticəsində baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi; kəllə tağı və əsası sümüklərinin sınığı olmuşdur.
3. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X5 ölümü onun meyitinin ıneyitxanada müayinəsi keçirilən vaxtdan (28.01.2021-ci il, saat 23:00) təxminən 2-4 saat əvvəl baş vermişdir.
4. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 2% etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə götürüldüyü kimi orta dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28.04.2021-ci il tarixli 8/901 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Chevrolet Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tərəfindən verilmiş 03.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24.08.2021-ci il tarixli, 8/1832 nömrəli rəyindən görünür ki: - məhkəmə tərəfindən qərarda göstərildiyi kimi, hadisənin ibtidai istintaq orqanının məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi barədə 01 aprel 2019-cu il tarixli qərarında göstərdiyi şərtlər daxilində, həmin şərtlərdən yalnız məhkəmə tərəfindən təqdim edilmiş əlavə məlumatlar əsasında - piyadanın 04 metr məsafəni adi yerişlə orta həddi sürəti ilə hərəkəti barədə məlumatın dəyişdirilərək, iti qaçışın orta və maksimum həddi kimi götürülməsi şəraitində «Chevrolet-Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; - məhkəmə tərəfindən müdafiə tərəfinin təqdim etdiyi mexanizimə əsasən göstərilən şəraitdə, yəni «Chevrolet-Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 50km/saat sürətlə hərəkətdə olması, sürücünün hərəkəti üçün təhlükənin hərəkət hissəsinin sağ kənarında olan piyadanın sola doğru iti qaçışla hərəkətə başladığı andan yaranması və həmin anda avtomobilin piyadanın vurulma yerindən 22,2 metr məsafədə olması, yəni sürücünün hərəkəti üçün təhlükə yaranan andan vurulmaya kimi 1,6 saniyə vaxtın keçməsi şəraitində «Chevrolet-Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İndiki rəy ilə əvvəliki 8/901 nömrəli rəyin nəticəsi arasındakı fərq məhkəmə tərəfindən əlavə məlumatların təqdim olunması ilə əlaqədardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsində cinayət tərkibi olmadığı üçün həmin əsasla Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə əsas olan və zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi və həmin hadisəyə dair verilmiş ekspert rəyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının predmetini nəqliyyat vasitəsinin texniki vəziyyəti, yol-nəqliyyat hadisəsinin mexanizmi, hadisə yerində yol şəraiti və hadisə iştirakçılarının hərəkətləri, həmçinin ekspertin öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatlar təşkil edir. Yolnəqliyyat hadisəsi ekspertizasının təyini zamanı müəyyənləşdirilməli olan məlumatlar yolnəqliyyat hadisəsinin növündən və ekspert qarşısında qoyulmuş sualların məzmunundan asılıdır və hadisənin növləri üzrə istintaq tərəfindən verilməli olan məlumatlar göstərilir. Piyadanın vurulma faktı üzrə keçirilən yol-nəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş, sakit qaçış, iti qaçış), təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, o cümlədən piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə, piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı əldə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 28.04.2021-ci il tarixli 8/901 №-li rəyinə əsasən müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən hadisənin mexanizmi aşağıdakı şəkildə təsvir edilmişdir: “Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet-Cruze» markalı, **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saray istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən hərəkət hissəsinin sağ kənarında olan piyada adi yerişlə yolu sağdan sola keçməyə başlamış, piyada sola doğru 04 metr məsafə qət etmiş, piyadanın sola doğru adi yerişlə hərəkətə başladığı andan yaranması və həmin anda avtomobilin piyadanın vurulma yerindən 45,4 metr məsafədə olması, yəni sürücünün hərəkəti üçün təhlükə yaranan andan vurulmaya kimi 3,37 saniyə vaxtın keçməsi, bu zaman piyadanı avtomobilin qabaq hissəsi ilə vurulmuşdur (məlumatın mənbəyi iş materiallarında olan 28.04.2021-ci il tarixli qərar). Bundan başqa ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası zamanı piyadanın adi yerişlə hərəkət etməsi göstərilsə də, bu hal özlüyündə iş materiallarında olan hər hansı sənədə əsaslanmadan qəbul edilmiş və piyadanın hərəkətinin adi yerişlə olması əsaslandırılmamışdır. Halbuki, məhkəmənin qərarına əsasən iş üzrə keçirilmiş əlavə məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 24.08.2021-ci il tarixli, 8/1832 nömrəli rəyində göstərilmişdir ki, «Chevrolet-Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 50-60 km/saat sürətlə hərəkətdə olması, sürücünün hərəkəti üçün təhlükənin hərəkət hissəsinin sağ kənarında olan piyadanın sola doğru iti qaçışla hərəkətə başladığı andan yaranması və həmin anda avtomobilin piyadanın vurulma yerindən 22,2-15,4-26,7-18,5 metr məsafədə olması, yəni sürücünün hərəkəti üçün təhlükə yaranan andan vurulmaya kimi 1,6 – 1,1-1,6 – 1.11 saniyə vaxtın keçməsi şəraitində «Chevrolet-Cruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqlyyat vasitəsinin piyadanın vurduğu yerdən olduğu məsafə onun mövcud şraitə uyğun tam dayanma ylundan kiçikdir, onun hərəkətlərində “Yol hərəkəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 24.08.2021-ci il tarixli, 8/1832 nömrəli ekspert rəyində indiki rəy ilə əvvəliki 8/901 nömrəli rəyin nəticəsi arasındakı fərq məhkəmə tərəfindən əlavə məlumatların təqdim olunması ilə əlaqədar olmuşdur. Ekspertizanın 24.08.2021-ci il tarixli, 8/1832 nömrəli rəyinin tədqiqat hissəsindən göründüyü kimi baş vermiş hadisə zamanı hərəkət üçün təhlükə yarandığı anda, yəni piyada hərəkət hissəsinin sağ kənarından sola doğru iti qaçışla hərəkətə başlayan anda «Chevrolet-Cruze» markalı avtomobilin piyadanın vurulma yerindən olduğu məsafə, avtomobilin dayanma yolundan kiçik olmuşdur. Bu isə qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs təhlükə yaranan andan piyadanı vurana kimi idarə etdiyi «Chevrolet- Cruze» markalı avtomobili dayandırmağa texniki imkanının olması halını istisna edir. Azərbaycan Respublikası CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci fəsli yol hərəkəti qaydalarına həsr olunmuşdur. Bu fəslin normaları yol hərəkəti iştirakçılarının hərəkətdə iştirakla bağlı vəzifələrini və yollarda hərəkətin müxtəlif qaydalarını müəyyən edir. Hə-min qaydalar “yol” termini ilə əhatə olunan müxtəlif təyinatlı və kateqoriyalı yollarda, küçə, prospekt və meydanlarda hərəkətlə bağlı ictimai münasibətləri tənzimləyir və hərəkətin digər növlərinə (məsələn, dəmiryolu ilə, su yolu ilə hərəkət və s.) şamil olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yol verilməzdir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inan-dı-rı-cılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in sübutlara dair normalarından aydın olur ki, məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər, yəni məlumatlar, sənədlər, əşyalar, ekspert rəyi cinayət təqibi üzrə sübut hesab olunur. Bu sübutlar isə cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə olunmalı, həmçinin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını müəyyən etməlidir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik sübutların mötəbərliyini əsas şərt kimi göstərmiş, bu şərtin pozulmasının nəticələrini müəyyən etmişdir ki, bu da öz növbəsində CPM-in 9.2-ci maddəsində göstərilən nəticələrə səbəb olur (yəni, cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılması, onun gedişində qəbul edilmiş qərarların ləğvi, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə). Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı baş vermiş yol-nəqliyyat hadisəsinin mexanizmini piyadının hərəkət sürəti və təhlükənin yaranma anı ilə piyadanın vurulması anına qədər keçən vaxt baxımından düzgün təsvir etməmişdir. Məhz bu səbəbdən həmin mexanizm əsasında verilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə, müdafiə tərəfin təqdim etdiyi məlumatlara əsasən ibtidai istintaqın müəyyən etdiyi ekspertiza təyin edərkən piyadanın hərəkət mexanizminə təqsirləndirilən şəxsin və şahidin həm məhkəmə həm də ibtidai istintaqda verdiyi ifadələr əsasında müəyyən edilən mexanizmə əsasən keçirilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24.08.2021-ci il tarixli rəyi baş vermiş yol-nəqliyyat hadisəsi mexanizmini tam təsvir etməklə, sürücünün baş vermiş hadisənin qarşısını almağa texniki imkanının olmaması nəticəsinə gəlmişdir. Məhkəmə, ekspert rəyini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə belə bir qənaətə gəlir ki, hazırki cinayət işi üzrə baş vermiş yolnəqliyyat hadisəsi zamanı təhlükə yarandığı anda sürücünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsində göstərildiyi kimi, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək imkanı olmamışdır. Məhkəmə bu nəticəyə gələrkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyadanın yolun hərəkət hissəsinin sol kənarından sağa doğru iti qaçışla hərəkətə başlayan anda «Chevrolet-Cruze» markalı avtomobili tərəfindən vurulma yerinə qədər kiçik məsafənin olmasını, avtomobilin həmin məsafəni çox kiçik zaman aralığında, yəni 1,6 və 1,11 saniyədə qət etməsini, hərəkətdə olan avtomobilin sürətini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə cinayət tərkibinin olması təsdiqini tapmır. İbtidai istintaq orqanı tərəfindən müəyyən olunan əsaslandırılmamış, düzgün olmayan mexanizm əsasında qəbul edilmiş ekspertiza təyin olunması barədə qərarın əsasında qəbul edilmiş ekspert rəyi ilə yol-nəqliyyat hadisəsində Təqsirləndirilən şəxs təqsiri müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ekspert də qeyd etmişdir ki, o, cinayət işinin materiallarında olan ifadələrə deyil ekspertiza təyin olunması barədə qərara istinad etməklə istintaqda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş müstəntiq B.Hacıyev isə qeyd etmişdir ki, eskperitiza təyin olunması barədə qərarda piyadanın yolu sağdan sola adi yerişlə keçməsini yazmaqla texniki səhvə yol vermişdir. Ona görə də məhkəmə iclasında araşdırılan sübutlar nəticəsində qeyd olunan texniki səhvin aradan qaldırılması üçün əlavə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və təqsirləndirilən şəxsin qeyd olunan hadisədə təqsirinin olmaması qənaətinə gəlinmişdir. Məhz buna görə də məhkəmə, düzgün olmayan mexanizm əsasında verilmiş ekspert rəyininin mötəbər sübut kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə istintaqı zamanı təyin edilmiş və əldə edilmiş, həmçinin məhkəmənin iş materiallarına əsasən müəyyən etdiyi yol-nəqliyyat hadisəsinin düzgün mexanizmi əsasında verilmiş məhkəmə ekspertizası rəyini məhkəmə mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, həmin sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə ittihamın qiymətiləndirilməsi baxımından mötəbər sübut kimi üstün hüquqi qüvvəyə malikdir. Həmin sübutlara əsasən isə təqsirləndirilən şəxsin baş vermiş yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olmaması, həmçinin onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olmaması müəyyən edilmişdir. Bütün bunlar isə baş vermiş hadisədə şəxsin əməlində cinayət tərkibinin olmasını istisna edir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı toplanmış, həmçinin məhkəmə iclasında araşdırılmış sübutlar, ittihama qiymət verilməsi baxımından yetərli olmaqla yanaşı baş vermiş yol-nəqliyyat hadisəsində təqdirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmasını istisna edir. Belə ki, cinayət tərkibi çoxcəhətli xarakterə malik mürəkkəb kateqoriyadır. Cinayət tərkibinin elementlərini və əlamətlərini səciyyələndirən bir çox müddəalar ictimai münasibətlərin sosiologi müddəalarına, fəaliyyət və yaş psixologiyasına, psixiatriya və digər tibbi biliklərə, hüquqi göstərişlərə arxalanır. Cinayət Məcəlləsində cinayət məsuliyyətinin əsasını təşkil edən əsas prinsipial müddəa — cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi kimi təsbit edilmişdir. Cinayət tərkibinin cinayət məsuliyyətinin vahid əsası və cinayəti tövsif etmə vasitəsi olması, həmçinin cinayət tərkibi əlamətlərinin cinayətkar davranışın hüququ qiymətləndirilməsində «iştirakı» ilə bağlı müstəsna əhəmiyyətinə xüsusi diqqət ayırmışdır. Məlum olduğu kimi, cinayət tərkibi dörd elementdən ibarətdir: cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti — cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti — üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi tarixi nöqteyi-nəzərdən dəyişkən kateqoriyadır ki, buna da milli adətlər də təsir göstərə bilir. Burada müəllif həm məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə, həm də anlaqsızlığa və məhdud anlaqlılığa öz münasibətini bildirir. Cinayət tərkibinin subyektiv cəhətinə təqsirdə, cinayətin motiv və məqsədində ifadə olunan əlamətlər daxildir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq).Bu elementin əlamətləri dispozisiyada daha çox əks olunur və nəticə etibarilə, məhkəmə belə qərara gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin subyektiv cəhəti yəni təqsir yoxdur. Bu da nəticə etibarilə cinayət tərkibinin olmaması qənaətinə gəlməyə əsas verir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Barbera, Messege və Xabardo İspaniyaya qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. “Minelli İsveçrəyə qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. “Rinqvold Norveçə qarşı” işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs münasibətdə ibtidai araşdırma mərhələsində Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin, 5-ci maddəsinin 2-ci bəndinin və 6-cı maddəsinin pozuntusu müəyyən edilərək, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62ci maddəsinə əsasən barəsində CM-nin 263.2-ci maddəsilə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiq edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva