Məhkəmə qərarları › İş №1(012)-397/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-397/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-397/2024 26.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, X3 küçəsi, döngə 01, ev 02 B ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şükür Həmidov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs məxsus məxsus nəqliyyat vasitəsi hesab edilən “VAZ” 2107 minik markalı, ** FD *** dövlət nömrə nişanlı avtomobili idarə etmək həvəsinə gəldiyindən Zərərçəkmiş şəxs icazəsi olmadan həmin avtomobilin sükanı arxasına əyləşmiş, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan ələ keçirmişdir İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2020-ci ildən idarə etdiyi “Xəzər” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olduğu üçün Xırdalan şəhərinə mütəmadi olaraq gəlib-gedirmiş, təxminən 2023-cü ilin mart ayının əvvəllərində yenidən Xırdalan şəhərinə sərnişin gətirən zaman Kristal Abşeron 1 Yaşayış kompleksinin arxasında yerləşən Şükür Həmidov küçəsində yolun kənarında “VAZ 2107” markalı, **-FD- *** dövlət qeydiyyat nişanlı avtomobili dayanmış vəziyyətdə görmüşdür. O, təkrar olaraq bir neçə dəfə həmin ərazidən keçdikdə həmin avtomobili davamlı olaraq eyni yerdə görmüşdür. O, həmin avtomobili oradan qaçıraraq, bir qədər sürdükdən sonra yenidən olduğu yerə gətirmək haqqında qərarına gəlmişdir. O, 07 mart 2023-cü il tarixdə tanışı Yunisə zəng edərək, Xırdalan şəhərində dostuna məxsus “VAZ 2107” markalı avtomobil olmasını və onu Yasamal rayonuna aparmaqda ona kömək etməsini xahiş etmiş, sonuncu onun təklifi ilə razılaşmışdır. O, yolda olarkən idarə etdiyi avtomobili tanıyan olmasın deyə hər iki nömrəsini çıxarmış və yük qoyulan yerdə gizlətmişdir. Yunis ona məxsus maşını sürmüş, o, isə “VAZ 2107” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomaşını sürərək, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsinə aparmışdır. 10 mart 2023-cü il tarixdə, saat 16 radələrində Xırdalan şəhərinə qayıtdıqda, H.Əliyev prospektində yerləşən “Ülker” lahmacun restoranının yaxınlığında onu polis əməkdaşları saxlayaraq, idarəyə dəvət etmişlər. O, idarədə olarkən avtomobil qaçırdığını etiraf etmiş, bundan başqa Yunis adlı şəxsi təxminən 3 ay müddət olar ki, tanımasını və sonuncunu aldadaraq, avtomaşının tanışına məxsus olmasını deyərək, ondan kömək istəməsi barədə də əlavə polis əməkdaşlarına məlumatlar vermişdir. Tanışı Yunisin avtomaşını qaçırmağı ilə bağlı məlumatı olmamışdır. Avtomobili özü tək qaçırmışdır. Onun həmin avtomobili oğurlamaq və yaxud da satmaq niyyəti olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman əlavə olaraq bildirdi ki, həmin avtomobili sökərək satmaq niyyətinin olmadığını, bir müddət sürdükdən sonra yenidən geri qaytaracağını, başqa niyyəti olsaydı qaçırdığı avtomobili hadisə günü də hissələrə bölüb sata biləcəyini bildirmişdir. O, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxlə barışıq əldə etməsini, ona qarşı zərərçəkmiş şəxsin şikayətinin olmadığını, müharibə iştirakçısı olmasını bildirərək barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, onun “VAZ 2107” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili etibarnamə ilə idarə edir. Hadisə baş verməzdən təxminən 20 gün əvvəl həmin “VAZ 2107” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Xırdalan şəhəri, Beton yola ərazisində park etmişdir. Həmin maşının kreditinə borcu olduğu üçün maşının sahibi etibarnaməni ləğv etdirmişdir. Bu səbəbdən də o, həmin avtomobilini idarə etməmişdir. Sonuncu dəfə 07 mart 2023-cü il tarixdə saat 19:30 radələrində həmin avtomobilini saxladığı yerdə olduğunu görmüşdür. 08 mart 2023-cü il tarixdə saat 10:30 radələrində evdən çıxarkən yaşadığı evin yaxınlığında park etdiyi “VAZ 2107” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığının şahidi olmuşdur. Bu səbəbdən də avtomobilinin qaçırılması ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Avtomobilinin qaçırılması ilə bağlı onun konkret olaraq şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, işləri ilə əlaqədar Qarabağda olmasını, bu səbəbdən iclaslarda iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 şahid qismində verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin dekabr ayından onunla birlikdə hərbi xidmətdə olmuş Məhəmməd İbrahimovun vasitəsi ilə tanımışdır. 09 mart 2023-cü ildə, təxminən saat 18 radələrində Təqsirləndirilən şəxslə zəngləşərək, İnşaatçılar metro-stansiyasının yaxınlığında görüşmək barədə razılığa gəlmiş və bir neçə saat keçməmiş həmin ərazidə görüşərək, bir qədər söhbət etmişlər. Həsən idarə etdiyi “VAZ-2107” markalı, MH 237 A dövlət nömrə nişanlı avtomobillə onu “20 YANVAR” metro-stansiyasının yaxınlığında düşürdərək, getmişdir. Söhbət əsnasında Həsən idarə etdiyi avtomobili şəxsi istifadəsi üçün yenicə almasını demişdir. Bir neçə gündən sonra ortaq dostlarının vasitəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobili qaçırması və bu səbəbdən polis əməkdaşları tərəfindən saxllanılması barədə xəbərlər eşitmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı MH 237 A dövlət nömrə nişanlı avtomobili qaçırması barədə əvvəlcədən ona heç bir söz deməmişdir. 09 mart 2023-cü ildə, təxminən saat 18 radələrində Təqsirləndirilən şəxslə görüşən zaman ön şüşəyə qoyulmuş qeydiyyat nişanının üzərində ona məxsus əl-barmaq izləri olsa da qeyd edilən avtomobilin qaçırılmasında və ya sökülməsində heç bir iştirakçılığı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 2023-cü ilin yanvar ayında, Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığındakı, taksi avtomobillərin dayanacağında tanış olmuşdur. Həmin vaxt onun taksi fəaliyyəti ilə məşğul olmağa avtomaşını olmadığına görə, Həsənin idarə etdiyi “Azsamat Xəzər” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmaqla, ailənə çörək pulu qazanmışdır. Həsən ona kömək etmək üçün özünə məxsus həmin taksini ona da sərnişin daşımağa vermişdir. 07 mart 2023-cü il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında olduğu vaxt Həsən ona zəng edib Xırdalan şəhərində dostunun burda olmadığını, dostunun Xırdalan şəhərindəki VAZ 2107 markalı avtomaşının Yasamal rayonuna aparmaqda kömək etməyini xahiş etmişdir. Hadisənin mahiyyəti barədə məlumatı olmadığını uzun müddət keçdiyi üçün bəzi hissələri xatırlamadığını bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” barədə 10 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edimişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, eyni tarixdə saat 23:45 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə istintaq edilən 23070445 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, müəyyən edildiyi yerdə tutularaq polis idarəsinin müvəqqti saxlanma yerinə təhvil verilməsi qərara alınmışdır. - “Axtarışda olan şəxsin tutulmasına dair” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, eyni tarixdə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, Abşeron RPİ-yə gətirilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi” haqqında 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Babayev X2 RPİ-nin MSY-dən dərhal azad edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona qarşı şikayətinin olmadığını bildirmişdir. Barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəsini, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair yazılı razılığını, həmçinin iş üzrə şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” minik markalı, ** FD *** dövlət nömrə nişanlı avtomobilin saxlanması üçün sahibində qalması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” minik markalı, ** FD *** dövlət nömrə nişanlı avtomobilin saxlanması üçün sahibində qalması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar