Məhkəmə qərarları › İş №1(012)-399/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-399/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-399/2020 24.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,təqsirləndirilən şəxs Verdiyev Göyçə Fərrux oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 95–də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, İ.Qayıbov küçəsində yaşayan, Verdiyev Göyçə Fərrux oğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Verdiyev Göyçə Fərrux oğlu xx.xx.2020-ci il tarixdə, saat 15.30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, İ.Qayıbov küçəsində yerləşən birgə yaşadıqları evdə, özünün və azyaşlı uşaqlarının fotoşəkillərini mobil telefonla tanımadıqlara şəxsə göndərməsinə görə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət, qol vəayaqnahiyyəsindən yumruqla vətəpikləqəsdən vuraraq, ona sol və sağ bazu, sol said, sağ və sol bud nahiyələrinin geniş sahəli qançırları, sağ alt göz qapağı, sağ və sol qulaq seyvanı nahiyələrinin qançırlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Verdiyev Göyçə Fərrux oğlu həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Verdiyev Göyçə Fərrux oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır. Vəfa ilə 6 ildir ki, ailə qurmuşdur. Bu evlilikdən 2 azyaşlı uşaqları dünyaya gəlmişdir. Təxminən 20-25 gün əvvəl Vəfanın mobil telefonla ailə şəkillərini tanımadığı şəxsə göndərməsi səbəbindən aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı Vəfaya bu barədə etirazini bildirib sifətinə bir neçə dəfə sillə vurmaqla Vəfanı döymüşdür. Bundan bir neçə gün sonra Vəfanın yenidən telefona onun qadağan etdiyi oyunu yüklədiyini görüb telefonu Vəfanın əlindən alıb sındırmışdır. Sonra Vəfaya yeni telefon alıb vermişdir. xx.xx.2020-ci il tarixə keçən gecə Vəfanın mobil telefonunda özünü videoya çəkməsini aşkar etmişdir. Həmin gün saat 15.30 radələrində bir şüşə spirtli içki alıb evə gəlmiş, Vəfanın hazırladığı yeməklə gətirdiyi içkini qəbul etdikdən sonra Vəfadan həmin videoları çəkməsinin səbəbini soruşaraq, uşaqların fotoşəkillərini mobil telefonla başqa şəxsə göndərməsinə görə etdiyi iradları Vəfaya xatırlatmışdır. Vəfaya hələ də nəticə çıxartmadığını deyib sifətinə, qollarına və ayağına zərbələr vurmaqla Vəfanı döymüşdür. Sonra evdən çıxıb iş yerinə getmiş, bir neçə dəqiqə sonra Vəfanı döyməyinə peşman olub, Vəfadan üzr istəmək məqsədi ilə geri evinə qayıdan zaman Vəfanın uşaqlarını avtomobilə mindirib getmək istədiyini görmüşdür. Onlara yaxınlaşıb 5 yaşlı oğlu Uğuru Vəfanın əlindən almış, Vəfa isə digər oğlu Raulla birgə oradan uzaqlaşmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Verdiyev Göyçə Fərrux oğlu əridir. Birgə nikahdan iki övladları olmuşdur. Göycə hədsiz qısqanc olması səbəbindən aralarında tez-tez münaqişələr baş verir. xx.xx.2020-ci il tarixdə, saat 15.30 radələrində Göycə bir şüşə spirtli içki alıb evə gəlmiş, gətirdiyi spirtli içkini onun hazırladığı yeməklə qəbul etdikdən sonra sərxoş vəziyyətə düşmüşdür. Sonra onu əvvəllər nənəsinə cavab qaytarmasına və uşaqlarının fotoşəkillərini mobil telefonla rəfiqəsinə göndərməsinə görə onu danlamış və ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Artıq Göycənin bu haqsız iradlarına dözə bilməyib ona cavab qaytararkən Göycə onun üzərinə hücum çəkib əli ilə qollarına, təpiklə ayaqlarına zərbələr vurmaqla onu döymüşdür. Sonda Göycə onun haldan düşdüyünü görüb onu döyməkdən əl çəkmiş, bir neçə dəqiqə sonra Göycə evdən çıxıb küçəyə gedən zaman taxsi çağırıb uşaqları ilə avtomobilə minib anasıgilə getmək istəmişdir. Bu zaman Göycə ona yaxınlaşıb 5 yaşlı oğlu Uğuru onun əlindən almış, digər oğlu Raulla birgə oradan uzaqlaşmışdır. Hazırda Verdiyev Göyçə Fərrux oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Verdiyev Göyçə Fərrux oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Verdiyev Göyçə Fərrux oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 947 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol və sağ bazu, sol said, sağ və sol bud nahiyələrinin geniş sahəli qançırları, sağ alt göz qapağı, sağ və sol qulaq seyvanı nahiyələrinin qançırları bərk- küt əşya(əşyalar) təsirindən törənmişdir zərərçəkmişin göstərdiyi tarixdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı yumruq-təpik zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi; ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Verdiyev Göyçə Fərrux oğlu barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Verdiyev Göyçə Fərrux oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Verdiyev Göyçə Fərrux oğlu barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş, təqsirləndirilən şəxs Verdiyev Göyçə Fərrux oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Verdiyev Göyçə Fərrux oğlu cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs Verdiyev Göyçə Fərrux oğlu barəsində qətimkan tədbiri seçilməmişdir Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Verdiyev Göyçə Fərrux oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Verdiyev Göyçə Fərrux oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Verdiyev Göyçə Fərrux oğlu ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar