Məhkəmə qərarları › İş №1(012)-399/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-399/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-399/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhrində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 10 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,730 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisinə gələrək həmin narkotik vasitəni üzərində daşıyaraq saxlamış, həmin gün saat 16 radələrində Abşeron rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,730 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 3 ay müddətdir ki, narkotik vasitə heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” restoranının yaxınlığında olan zaman tanımadığı orta yaşlı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində şəffaf sellofana bükülmüş bir büküm narkotik vasitə heroin almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı Xırdalan şəhərinə gəlmişdir. Bir neçə saat keçdikdən sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin polislər ona narkotik vasitə istifadəsində şübhəli olduğunu deyərək onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonunda olan zaman tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofana bükülmüş bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin özünə məxsusdur, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” restoranının yaxınlığında olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində almış, həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Sonda o, tutduğu əməldən peşman olduğunu əsas gərirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Xırdalan şəhəri ərazisində narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəlləyə getmişlər. Xırdalan şəhəri 28-ci məhəllədə yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə ona şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Elşad da heç bir etiraz etməyib onlarla polis idarəsinə gəlmişdir. Abşeron rayon polis idarəsinin inzibati binasında baş təhqiqatçı Xəyyam Rüstəmov və müdafiəçi Gülnar Mirzəməmmədovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Elşad üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” restoranının yaxınlığında olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində Şahid2 göstərdiyi xüsusatlarını təsdiq etmişdir. Abşeron RPİ-nin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edildi ki, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd içərisində narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni 14.02.203-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” restoranının yaxınlağında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata almış və özü ilə Xırdalan şəhərinə daşımışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 6/921 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 0,730 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,730 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,680 qram təşkil edir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 0, 680 qram qalmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Abşeron RİHB-nın Saray qəsəbə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs İslamov X5 rayonu, Xırdalan şəhəri, məh 28, ev 21, mənzil 39 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin əməlini etiraf etməklə, əməlindən peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmışdır. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparılmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmançılığının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydalarına əməl olunmasının nəticəsidir. Təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması onun barəsində mənfi halların baş verməsi barədə yaşadığı ünvan üzrə inzibati ərazi vahidliyinə heç bir yazılı məlumatın olmaması və şikayət ərizəsinin daxil olmamasında ehtiva olunur. Bu xüsusat təqsirləndirilən şəxsin şəxsiyyətinin müsbət xarakterizə olunması qənaətini formalaşmasını qaçılmaz edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə sonuncu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 1049 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,680 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 65 (altmış beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 390 (üç yüz doxsan) manat və məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,680 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 65 (altmış beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 390 (üç yüz doxsan) manat və məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar