Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-399/2025 13.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxx 1985-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı yaşayış binasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən stəkanla Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq ona başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Yusif oğlunu 2024-cü ilin mart ayından tanıyır. O, Tələtə məxsus Xırdalan şəhəri 28-ci məhəllədə 7 saylı binanın qarşısında yerləşən avtoyuma məntəqəsində yuyucu işləmiş və Tələtlə yaxşı münasibətdə olmuşdur. Təxminən 2024-cü ilin may ayının əvvələrində pula ehtiyacı olduğu üçün Tələtdən 50 manat borc pul istəmiş, sonuncu isə bildirmişdir ki. 30 manat pulu vardır. O, 30 manatı Tələtdən alıb ona ayın sonunadək qaytaracağını demişdir. 28 may 2024-cü il tarixdə avtoyuma məntəqəsində çay içərkən Tələt onun yanına gəlib bildirmişdir ki, ondan aldığı 30 manatı versin. O, isə Tələtə demişdir ki, pulu, yoxdur, 2-3 gün səbr eləsin verəcəkdir. Tələt isə onunla mübahisə etməyə başlamış, həmin vaxt Tələt ona söyüş işlətdiyi üçün bu barədə sonuncuya xəbərdarlıq etmiş, lakin Tələt ona söyüş söydüyünə görə əsəbləşərək özündən aslı olmayaraq əlindəki stəkanı sonuncunun başına vurmuşdur. Stəkan Tələtin başına dəydiyi üçün başından xəsarət almış, Tələtin başından qan axmağa başlamış, həmin vaxt onunla avtoyuma məntəqəsində işləyən Şirzad məntəqəyə gəlib Tələtin başından qan axmasını görüb nə baş verdiyini soruşmuş, Tələt isə ona avtoyuma məntəqəsindən çıxıb getməyi bildirmiş, o, isə həmin vaxt Tələt onunla mübahisə etməsin deyə oradan çıxıb getmişdir. Sonradan Tələti vurduğu üçün peşman olmuş, hadisədən sonra rayona qayıtdığı üçün barəsində polis idarəsində araşdırma aparılmasından məlumatı olmamışdır. Göstərmişdir ki, Tələt ondan borcunu istədikdə ona pulunun olmadığını və 2-3 günə qaytaracağını desə də, Tələt ona etiraz edib mübahisə etməyə başlamış və onun ünvanına söyüş söydüyü üçün əsəbləşərək əlində olan stəkanı sonuncunun baş nahiyəsinə vurmuşdur. Həmin hadisə avtoyuma məntəqəsinin qarşısında baş vermiş, həmin vaxt orada stolda əyləşib çay içmiş, Tələtlə arasında mübahisə zamanı orada kənar şəxslər olmamışdır. Sonradan iş yoldaşı Şirzad oraya gəlib Tələtin xəsarət almasını görüb nə baş verdiyini soruşmuş, o, isə sonuncuya Tələtin ona söyüş söydüyünü bildirib mübahisə olmasın deyə oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxsla arasındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən ona məxsus avtoyuma məntəqəsini Şahid icarəyə vermiş, Şirzadla birlikdə həmin avtoyuma məntəqəsində Təqsirləndirilən şəxs da işləmişdir. 2024-cü ilin may ayının əvvəllərində Rəşadət ondan 50 manat borca pul istəmiş, o da sonuncuya 30 manat pul borc vermişdir. 28 may 2024-ci il tarixdə avtoyuma məntəqəsinə gəlib pula ehtiyacı olduğu üçün Rəşadətə 30 manatı qaytarmasını bildirmiş, Rəşadət isə onunla söz mübahisəsi edib pulu qaytaracağını bildirmiş, o isə həmin vaxt avtoyuma məntəqəsinin yanındakı masaya əyləşib gözləmişdir ki, Rəşadət avtomobili yusun, sonra ondan pulu alsın. O, Şirzadla oturub söhbət edən zaman Rəşadət onun yanına gəlmiş, sonuncudan 30 manat borcunu tələb etdikdə Rəşadət masanın üzərində olan su stəkanını götürüb bir dəfə başına vurmuş və nəticədə başından xəsarət aldığı üçün başı qanayaraq qan üzünə axmış, Rəşadət isə onun xəsarət aldığını görüb oradan uzaqlaşmışdır. O, isə Rəşadətin onu vuraraq xəsarət yetirməsi ilə bağlı DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Şirzad onun xəsarət aldığını görüb yaxınlıqdakı aptekə gedib bint və dərman alıb gətirmiş və başını sarımışdır Polis əməkdaşları hadisə yerinə gələrək onun ərizə və izahatını almış və hadisə yerinə baxış keçirmişlər. Rəşadətin telefonuna zəng olunsa da sonuncu cavab verməmişdir. Rəşadətlə arasındakı mübahisə 2-3 dəqiqə davam etmiş, Rəşadət onu 28-ci məhəllədə yaşadığı 7 saylı binanın qarşısındakı avtoyuma məntəqəsinin qabağında stəkanla vuraraq xəsarət yetirmişdir. Həmin vaxt onların yanında avtoyuma məntəqəsini işlədən Şirzad olmuş, başqa kənar şəxslər olmamış, Rəşadətlə arasındakı mübahisə ondan borcunu istəməyi ilə bağlı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 28 may 2024-cü il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Ana Bala» parkının yanında yerləşən avtoyuma məntəqəsinin yanına gələndə tanışları Rəşadətlə və Tələtin mübahisə etdiklərini görüb onlara yaxınlaşmış, həmin vaxtı Tələtin baş nahiyəsindən qan axdığını görmüşdür. O, sonuncudan nə baş verməsi barədə maraqlandıqda Tələt bildirmişdir ki, Rəşadət başından stəkanla vurmuşdur və nəticədə qan axmışdır. Belə olduqda o, cəld yaxınlıqdakı aptekə getmiş və oradan ləvazımatlar alıb Tələtin yanına qayıtmış, ona ilkin yardım etdikdən sonra Tələt xəstəxanaya getmişdir. O, Tələtdən hadisə barədə maraqlandıqda ona demişdir ki, Rəşadətin ona 30 manat pul borcu olub və həmin borcu tələb etdikdə aralarında narazılıq yaranıb, nəticədə onlar dalaşmışlar. O, sonuncuların yanına yaxınlaşdıqda Tələtlə Rəşadətin mübahisəsini görmüş, həmin vaxtı sonuncular orada ikilikdə olmuş, onların yanında və ətrafda kənar şəxslərin olduğunu görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1087 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən təsirindən törənmişdir və qərarın təsviri hissəsində göstərilən müdətdə və şəraitdə, yəni xx.xx.2023-ci il tarixdə dava dalaş zamanı stəkanla vuralan zərbənin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə saglamlıgın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işinin icraatı AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş axtarış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Ağdam rayonu ərazisində tutularaq xx.xx.2024-cü il tarixdə saat 23:30-da Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş (həbs nəzərdə tutulmadan) və cinayət işi üzrə icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd mətbəxt bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-399/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-399/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver