Məhkəmə qərarları › İş №1(012)-40/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-40/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-40/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2003-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 30 noyabr 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus, yaşadığı Abşeron rayonu, Masazır kəndində, fərdi evinin qarşısindakı küçədə, qaz borusunun yaxınlığında park edilmiş 1741 manat dəyərində həcmi 49 sm/3, qara rəngli, identifıkasiya nömrəsi LB405 P9CİLRB02687 olan “Kuba X-Boos” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1741 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 21 mart 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri. T.Abbasov küçəsindəki binanın qarşısında park edilmiş 2222 manat dəyərində olan “RKS” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 2222 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 11 aprel 2021-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə bazar” deyilən yerdə yolun kənarında park edilmiş X3 məxsus 1000 manat dəyərində “Hauje” markalı motosikli gizli olaraq talayıb zərərçəkmiş X3 ümumilikdə 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 21 iyun 2021-ci il tarixdə, saat 05 radələrində ünvan 2 ünvanının qarşısında park edilmiş Zərərçəkmiş şəxs3 məxsus 2000 manat dəyərində “Tufan m 50” markalı motosikli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 06 mart 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 7 binanın həyətində park edilmiş sonuncuya məxsus 2200 manat dəyərində “Suzuki Access 125” markal, 01A062 dövlət qeydiyyat nişanlı motosikli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2200 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında azyaşlı bacıları ilə birlikdə yaşayır. Uşaq yaşlarında valideynlərin hər ikisi rəhmətə getmiş, ondan sonra onu və bacılarını nənəsi saxlamışdır. Nənəsi təxminən 8 ay olar ki, rəhmətə getdiyi üçün ailəni o, saxlayır. Gündəlik olaraq günəmuzd fəhlə işləməklə ailəni dolandırır. Bəzən iş olmadığından maddi vəziyyəti çətin olduğu üçün məcburiyyət qarşısında bir neçə dəfə moped və motosiklet oğurlayıb satmaqla ailəyə çörək pulu qazanmışdir. Belə ki, 30 noyabr 2020-ci il tarixdə, saat 03 radələrində motosiklet və ya moped oğurluq etmək üçün Abşeron rayonu, Masazır kəndində piyada gəzərkən, fərdi evlərin birinin yaxınlığında, küçədəki qaz borusunun yaxınlığında park edilmiş, heç bir yerə bərkidilməmiş qara rəngli, “Kuba X-Boos” markalı mopedin olduğunu gördükdə, onu oğurlamaq qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin mopedin sükanından tutub idarə etmək istədikdə, sükan kilidli olduğundan mopedi sürüyərək oradan uzaqlaşmışdır. Əvvəlcədən özü ilə götürdüyü vintaçan ilə mopedin mühərrikini işə salıb yaşadığı binanın arxa tərəfinə gətirmişdir. Mopedin tanınmaması üçün üzərində olan plastmas hissələri çıxarıb evə aparmış, mopedi binanın arxasında kimsənin görə bilməyəcəyi yerdə saxlamışdır. Təxminən 5-6 gündən sonra mopeddən açdığı hissələri mopedə bağlamış və mopedi Xırdalan şəhərində tanımadığı bir kişiyə 200 manata satmışdır. Mopedi satdığı kişiyə mopedin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əldə etdiyi pulu evdəki bacılarına ərzaq alaraq xərcləmişdir. Bundan başqa 21 mart 2021-ci il tarixdə pulu olmadığından gecə vaxtı oğurluq etmək üçün evdən çıxaraq, oğurlamaq üçün motosikl və ya moped axtardığı vaxt, saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, T.İsmayılov küçəsində, yeni tikilmiş yaşayış binasının qarşısında ağ rəngli mopedin park edildiyini və heç yerə bağlanmadığını gördükdə onu oğurlamaq qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mopedin sükanından tutub idarə etmək istədikdə, kilidli olduğundan idarə etmək mümkün olmamışdır. Buna görə mopedi sürüyərək oradan uzaqlaşmış, özü ilə götürdüyü vintaçanla mopedin mühərrikini işə salaraq oradan yaşadığı binanın arxa tərəfinə gətirmişdir. Oğurladığı mopedin tanınmaması üçün üzərindəki plastmas hissəsləri çıxardıb evində qoymuş, mopedi binanın arxa hissəsində heç kimin görə bilməyəcəyi yerə gətirmiş və orada söküb hissələrini ayrı-ayrılıqda sosial şəbəkədə paylaşmaqla tanımadığı adamlara satmışdır. Əldə etdiyi pul ilə bacılarına ərzaq almaqla, xərcləmişdir. Bundan başqa 11 aprel 2021-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhəri, “köhnə bazar” deyilən yerin yaxınlığında, ara küçədən keçəndə kafenin qabağında park edilmiş göy rəngli motosikli üzü aşağıya doğru küçəyə qədər itələmiş və cibində olan vintaçan ilə mühərriki işə salan starteri əyib qırmış və mühərrikin işə salıb oradan uzaqlaşmışdır. Həmin gecə motosikli qara rənglə boyamış və təxminən bir aydan çox müddətdə onu sürmüşdür. 2021-ci ilin may ayın əvvəllərində yaşadığı binanın arxasında motosikli sökərək, hissələrini telefonuna çəkib internetdə “Lalafo” saytında yerləşdirib hisshissə tanımadığı adamlara satmış və əldə etdiyi pulu evinə ərzaq almaqla xərcləmişdir. Bundan başqa Xırdalan şəhəri ərazisində gəzən zaman 26-cı məhəllə, ev 18 ünvanının qarşısında ‘Tufan m 50” markalı motosiklin park olduğunu görmüş, 21 iyun 2021-ci il tarixdə, saat 05 radələrində həmin ünvandan motosikli itələyərək yaşadığı binanın arxasına aparmışdır. Bundan sonra təxminən 1 həftə həmin motosikli özü idarə etmişdir. Bundan sonra motosikli sökərək “tap.az internet saytf’nda tanımadığı şəxslərə satmış və əldə etdiy pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 06 mart 2022-ci il tarixdə pulu olmadığına görə gecə vaxtı evdən çıxıb məhəllələri gəzib oğurlamaq üçün motosikl və ya moped axtardığı vaxt, saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə binanın qarşısında park edilmiş göy rəngli mopedin, heç yerə bərkidilmədiyini gördükdə, ətrafda heç kim olmadığına görə mopedin sükanından tutub idarə etmək istədikdə, sükanın kilidli olmasını görmüş, buna görə mopedi sürüyərək məhəllədən çıxarmış və üstündə olan vintaçan ilə mopedin mühərrikini işə salıb yaşadığı binanın arxa tərəfinə gətirmişdir. Mopedin tanınmaması üçün üzərində olan plastmas hissələri çıxarıb evinə gətirmiş, mopedi binanın arxa tərəfində kimsənin görə bilməyəcəyi yerdə saxlamışdır. Təxminən 10-15 gündən sonra əvvəllər tanıdığı Murad adlı şəxslə rastlaşdıqda ona mopedi olmasını və satmaq istədiyini demişdir. Mopedin üstündən sökdüyü hissələri üstünə bağlamışdır. Murad ilə aralarında olan razılığa əsasən mopedi ona 300 manata nisyə satmışdır. Murad işləyib onun pulunu verəcəyinə söz vermişdir. Bundan bir neçə gün sonra Abşeron rayon polis idarəsinin polis əməkdaşları tərəfindən motosikl və moped oğurluğuna görə onu Abşeron rayon Polis İdarəsinə gətirmişlər.Sonda o, əməlindən peşman olmasını, ailə şəraitini barəsində yüngül cəza tətbiq edilməsini və müddətin keçməsi ilə əlaqədar epizodlar üzrə işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 26 fevral 2021-ci il tarixdə Bakı şəhərində yerləşən “MotoBiker” mağazasından özünə 3700 manata 01A062 dövlət qeydiyyat nişanlı, “Suzuki Access 12$” markalı motosikl almışdır. Aldığı həmin motosikl ilə Bakı şəhərində yerləşən “VVolt” restoranında yeməkləri müştərilərə çatdırma yeməkxanasında işləyir. 05 mart 2022-ci il tarixdə, saat 23 radələrində həmin motosikli yaşadığı binanın həyətində həmişəki qaydada park edərək, evinə yatmağa getmişdir. Motosiklin sükanı açarsız bağlandığı üçün onu sürmək mümkün olmadığına arxayın olmuş və buna görə motosikli heç yerə bağlamamışdır. Sabahı günü yəni, 06 mart 2022-ci il tarixdə, saat 11 radələrində işə getmək üçün motosikli saxladığı yerə yaxınlaşdıqda, motosikli görməmiş və onun oğurlandığını başa düşmüşdür. Həmin vaxt DİNnin 102 xidmətinə zəng edib, hadsə barədə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, 11 aprel 2021-ci il tarixdə, saat 00:15 radələrində bir il əvvəl 1000 manata aldığı “Hauye” markalı dövlət nömrə nişanı olmayan, göy rəngli motosikli Abşeron rayonu, Xırdalan şəhəri, “köhnə bazar” deyilən yerdə, meyvə-tərəvəz satılan yerin qarşısında park edərək, oradakı kafeyə çay içməyə getmiş, təxminən 25 dəqiqədən sonra qayıtdıqda motosikli yerində olmadığını gördükdə, onun oğurlandığını bilmişdir. Ona görə dərhal, saat 02 radələrində Abşeron RPİ-nə gəlib ərizə ilə müraciət etmişdir. Daha sonra o polis idarəsinə müraciət edərək hadisə yerinin baxış keçirilməsini xahiş etmişdir. Həmin müraciət əsasından Abşeron RPİ-nin əməliyyatçı vəzifəsində çalışan Rasim Salahov kamera görüntülərinə baxış keçirmişdir. Həmin görüntüdə Rüstəm Abbasquliyevin yox, digər şəxsin onun motosiklin oğurladığını görmüşdür. Sonda o, təqsirləndirilən şəxslə barışması, ona qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 26 may 2021-ci il tarixdə 2000 manata aldığı “Tufan m50” markalı N CN: R55PCBL85LHL10916 ban nömrəli moped ilə kuryer kimi işləyərək ailəsini dolandırmışdır. 21 iyun 2021-ci il tarixdə, saat 03 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin həyətində yer olmadığı üçün mopedi yolda, evinin giriş qapısının çöl hissəsində park edərək yatmaq üçün evinə getmişdir. 21 iyun 2021-ci il tarixdə, saat 09 radələrində işə getmək istədikdə mopedin yerində olmadığını, onun oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 27 noyabr 2020-ci il tarixdə, Bakı şəhərində yerləşən “Sezam” şirkətindən 1741 manata aldığı mühərriyin həcmi 49 sm/3, qara rəngli, “Kuba X-Boos” markalı, identifıkasiya nömrəsi LB405 P9CİLRB02687 olan mopedi dönərxanaların birində kuryer işləmək məqsədilə almış və yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin sol tərəfində, yəni küçədə, mopedin ramasını zəncirlə küçədən keçən qaz borusuna bağlamaqla, park etmişdir. 29 noyabr 2020-ci il tarixdə, saat 21 radələrində mopedi həmişəki yerdə park etmiş, lakin zəncirlə qaz borusuna bağlaması yadından çıxaraq evinə getmişdir. Səhəri günü yəni, 30 noyabr 2020-ci il tarixdə, saat 06 radələrində evdən çıxaraq, mopedi park etdiyi yerə gəldikdə, mopedi yerində görmədikdə, onun oğurlandığını bilmişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, hadisə baş verməzdən 2 ay əvvəl 2222 manata aldığı “RKS” markalı mopedlə “VOLT” şirkətində kuryer vəzifəsində işləmişdir. Axşam vaxtları işdən evinə qayıtdıqda mopedi həmişə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.İsmayılov küçəsindəki binanın qarşısında park edib, evinə getmişdir. Sonuncu dəfə 20 mart 2021-ci il tarixdə, saat 22 : 30 radələrində işdən qayatdiqda mopedi həmişəki yerində park edib evinə getmiş, 21 mart 2021-ci il tarixdə, saat 07:45 radələrində işə getmək üçün mopedi park etdiyi yerə gəlmiş, lakin mopedi görmədikdə, onun oğurlandığını bilmişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayan Rüstəm ilə 2022-ci ilin mart ayının ortalarında, saat 14 radələrində Xırdalan şəhərində rastlaşdıqda Rüstəm ona motosikl satdığını demişdir. Həmin vaxt işi ilə əlaqədar ona motosikl lazım olduğu üçün aralarında olan razılığa əsasən Rüstəm ona “Suzuki Access’1 markalı, qeydiyyat nömrəsi 01A062 olan motosikli 300 manata nisyə satmışdır. Rüstəmə pulu hissə-hissə vercəyini bildirmişdir. Rüstəm ona satdığı həmin motosiklin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demiş, buna görə Rüstəmin dediklərinə inanıb motosikli ondan almışdır. Bir neçə gündən sonra Abşeron rayon Polis İdarəsinin polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, idarə etdiyi həmin motosiklin oğurluq olduğunu bildirmiş və onu özləri ilə Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, hadisə ilə bağlı əməliyyat qrupunun tərkibində olmuşdur. İş üzrə zərərçəkmiş şəxs X3 məxsus motosiklin oğurlanmasını lentə alan kamera görüntülərinə baxmış, lakin həmin görüntülər diskə köçürürlməmişdir. Həmin kamera görüntülərində bir nəfər şəxsin gələrək motosikli oğurladığını görmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli 9/2264 nömrəti ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd göy rəngli, 2020-ci il buraxılışli, “Suzuki Access 125” markalı, 01-A-062 dövlət qeydiyyat nişanlı motosiklin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 2200,00 manat müəyyən edilir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən oğurladığı “Suzuki Access 125” markalı, 01-A-062 dövlət qeydiyyat nişanlı motosikl Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə binaya qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Abşeron RİHB-nın 1 saylı MTİİTS-nin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında bacıları 2004-cü il təvəllüdlü Təranə Abbasquliyeva ilə və 2005-ci il təvəllüdlü Təranə Abbasquliyeva ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ailə şəraitini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayət törədildiyinə görə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini yetkinlik yaşına çatmayan dövrdə törətməsini nəzərə alaraq 05 epizod üzrə törətdiyi cinayət əməllərinin 02-si üzrə, yəni xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixdə törətdiyi cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra o, istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmədən axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin İŞ-nə təhvil verilmişdir. Həmin tarixdə onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən “Suzuki Access 125” markalı, 01-A-062 dövlət qeydiyyat nişanlı motosikl Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin 2-si üzrə, yəni yəni xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixdə törətdiyi cinayət əməlləri üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən “Suzuki Access 125” markalı, 01-A-062 dövlət qeydiyyat nişanlı motosikl Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar