Məhkəmə qərarları › İş №1(012)-40/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-40/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-40/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, işsiz, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Kotec qəsəbəsində kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, “Beton zavod” adlanan məhəllədə yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq yataq otağında döşələrin arasında saxlanılan, hər biri 500 manat dəyəridə olan 2 ədəd qızıl qadın dəsti, 500 manat dəyərində 1 ədəd qızıl qadın boyunbağısı, 500 manat dəyərində 1 ədəd qızıl qadın qolbağı, 200 manat dəyərində 1 ədəd qızıl kişi üzüyü, hər biri 200 manat dəyərində olan 3 ədəd qızıl qadın üzüyü, 150 manat dəyərində 1 ədəd “zəncir” formalı qızıl qadın boyunbağısı və 200 manat dəyərində gümüş aksesuarlar olan şüşə qabı gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3150 manat məbləğində ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ona qarşı elan edilmiş ittiham ilə razı deyildir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın 3150 manat məbləğində olması ilə razı deyildir, ona görə ki, dəyəndirilmə düzgün aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin avqust ayında valideynləri ilə birlikdə Ceyranbatan qəsəbəsindəki evlərində yaşadığı ərəfədə də işsiz olduğuma görə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və 18 mart 2023-cü il tarixdə saat 23 radələrində qəsəbənin mərkəzindən yaşadığı evə gedərkən yaxınlıqdakı keçmiş beton zavodunun inzibati binasında yaşayan Zərərçəkmiş şəxs evinin işığının yanmadığını görüb onların evdə olmadıqlarını hiss etmiş və gecə həmin evdən oğurluq etmək qərarına gəlib, yaşadığı evə getmişdir. Bundan 4-5 saat sonra, yəni 19 mart 2023-cü il tarixə keçən gecə saat 04 radələrində ailə üzvüləri yuxuya getdikdən sonra Zərərçəkmiş şəxs həmin evinin yaxınlığına gedib ətrafa nəzər salmış və heç kimin onu görmədiyinə əmin olub, evin sol yan tərəfindəki pəncərəyə yaxınlaşmış, pəncərədə dəmir barmaqlıq olduğunu gördükdən sonra yaxın ətrafdan tapdığı dəmir parçası ilə pəncərənin dəmir barmaqlığını sındırıb, yerindən çıxararaq bir az kənarda divara söykəmiş, sonra pəncərənin şüşəsini əli ilə basıb sındıraraq cəftəsini açıb oradan içəriyə daxil olmuşdur. Bundan sonra özündə olan alışqanın işığını yandırıb ətrafa nəzər salmış, daxil olduğu otağın qonaq otağı olduğunu hiss edib, oradakı qab-qacaq dolabını axtarmış, lakin nə qızıl, nə də pul tapmayıb digər otağa, yəni yataq otağına keçib axtarmağa davam etmiş, həmin vaxtı otaqdakı çarpayının üstündə yığılmış yorğan və döşəklərin arasını axtararkən orada içərisində qızıl-zinət əşyaları olan balaca şüşə qab olduğunu görüb həmin qabı evin içərisindən götürdüyü balaca metal rəngli sellofan torbaya qoyub özü ilə götürüb evə daxil olduğu pəncərədən çölə çıxmış və pəncərəni əli ilə örtüb oradan birbaşa yaşadığı ünvana getmişdir. Oğurladığı qızıl-zinət əşyalarını yaşadığı evin yaxınlığında öz ailəsinə məxsus az istifadə olunan əşyaların, turşu və mürəbbə balonlarını saxlanıldığı yardımçı tikilidə gizlətmişdir. Bundan 2-3 gün sonra tarixini dəqiq xatırlamadığı gündə günorta vaxtı həmin qızıllardan 1 cüt qızıl sırğanı, 1 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qızıl qadın boyunbağısını gizlincə götürüb avtobusla Sumqayıt şəhərinə gedib həmin qızılları oradakı “Karvan” ticarət mərkəzində piştaxtalardan birində qızıl alveri ilə məşğul olan adını bilmədiyim şəxsə şəxsiyyət vəsiqəsini təqdim edib sataraq 930 manat pul əldə etmiş, həmin pulu təxminən 1 həftə ərzində şəxsi ehtiyaclarına xərclədikdən sonra, yardımçı tikilidə gizlədiyi qızıllardan bir neçəsini də götürüb yenə “Karvan” ticarət mərkəzinə gedib həmin qızlları da əvvəl qızıl satdığı şəxsə satıb, 1100 manat pul almış, əldə etdiyi həmin pulları da təxminən 10 gün ərzində şəxsi ehtiyaclarına xərcləmiş, qalan qızılları və 1 ədəd gümüş boyunbağını da təxminən 10 gün sonra gizlətdiyi yerdən götürüb yenə həmin ticarət mərkəzinə aparıb həmin şəxsə 580 manata satıb əldə etdiyi pulları da şəxsi ehtiyaclarıma xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci ildən ailəsi ilə birlikdə məcburi köçkün kimi Abşeron rayonu Ceyranbatan qəsəbəsi, ərazisindəki keçimiş beton zavodunun inzibati binasındakı 3 otaqda məskunlaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaxın qohumunun yas mərasimi ilə bağlı yaşadığı evdən çıxaraq Biləsuvar rayonuna getmiş, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində geri qayıdan zaman evin qonaq otağı kimi istifadə olunan otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra evə daxil olub, əşyaların dağınıq halda olduğunu yataq otağında döşəklərin altına qoyduğu içərisində hər birinin dəyəri 500 manat olan qadına məxsus 2 ədəd qızıl dəsti, 1 ədəd 500 manat dəyərində qadına məxsus qızıl boyunbağı, 1 ədəd 500 manat dəyərində qadına məxsus qızıl qolbağı, 1 ədəd 200 manat dəyərində kişi qızıl üzük, hər birinin dəyəri 200 manat olan qadına məxsus 3 ədəd qızıl üzük, 1 ədəd 150 manat dəyərində qadına məxsus qızıl “tros” boyunbağı və ümumi dəyəri 200 manat təşkil edən gümüş aksesuarlar olan şüşə bankanıın yerində olmadığını görüb, evdə olmadığı müddətdə naməlum şəxsin pəncərənin dəmir barmaqlığını sındırmaqla içəriyə daxil olub, həmin qızıl-zinət əşyalarını oğurladığını yəqin edib, bu barədə Saray polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə təxminən 3150 manat məbləğində ziyan dəymiş, ilk dəfədir ki, yaşadığı evdən oğurluq hadisəsi baş verir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 5 il əvvəldən Sumqayıt ticarət mərkəzində atasının icarəyə götürdüyü piştaxtada onunla birlikdə qızıl alveri ilə məşğul olur. Satdığı qızılları topdansatış qiymətinə qızıl satan firmalardan, bəzi hallarda isə qızıl satmaq istəyən adamlardan alır. 2022-ci ilin avqust ayında tarixini dəqiq xatırlamadığı gündə iş yerində olduğu vaxt sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan oğlan ona yaxınlaşıb əlində olan 1 cüt qızıl sırğanı, 1 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qızıl boyunbağını satmaq istədiyini bildirmiş, o da həmin qızılları nə üçün satdığını soruşmuş, Xəyyam da qızılların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirdikdən sonra o, həmin qızılları alıb baxmış və tərəzidə çəkib, Xəyyamdan şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu da şəxsiyyət vəsiqəsini ona verdikdən sonra o, həmin vəsiqənin surətini çıxarrmış və qızıl aldıqları kitabçada qeydiyyat aparıb, həmin qızıllara görə Xəyyama hazırda xatırlamdığı məbləğdə pul vermişdir. Xəyyam pulu alıb getmiş və bundan 5-6 gün sonra yenə onun yanına gəlib, əlavə bir neçə ədəd qızıl əşyası da gətirib satmaq istədiyini bildirmiş, o da artıq Xəyyamı tanıdığına görə sonuncudan heç bir sənəd istəməyib, gətirdiyi qızıllara baxıb tərəzidə çəkdikdən sonra Xəyyama hazırda xatırlamadığı məbləğdə pul verib, həmin qızılları almışdır. Bundan təxminən 10-12 gün sonra Xəyyam yenə onun işlədiyi ticarət mərkəzinə gəlib, hazırda xatırlamadığı sayda bir neçə qızıl əşyası gətirib, həmin əşyaları da pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmiş, o da Xəyyamın gətirdiyi qızıl əşyalarını tərəzidə çəkib, buna görə sonuncuya hazırda xatırlamadığı məbləğdə pul verib, həmin qızılları almış və az sonra aldığı qızılları metal kimi qızıl alanlara satmış, Xəyyamdan aldığı həmin qızılların oğurlanmış əmlak olduğunu bilməmiş, sonuncu həmin qızılların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demiş, Təqsirləndirilən şəxs aldığı qızılların qeydiyyatını apardığı dəftəri və sonuncunun şəxsiyyət vəsiqəsinin surətini 6-7 aydan sonra lazımsız bilib tullamış, Təqsirləndirilən şəxs cəmi 3 dəfə qızıl əşyası almışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə intizam xarakterli hərbi hissəsdə saxlama cəzasına məhkum olunmuş, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 334.1, 68.1.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il, 04 ay, 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 06 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzası 06 il 02 aya endirilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2020-ci ildə Bakı şəhəri Qaradağ RPİ-də barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrumetmə cəzasının müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməsi barədə BDYPİ-in mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən fərqli olaraq, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində törədilmiş cinayət əməlindən məlimatı olmadığını göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatla bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməlini törətməsini təsdiq etmişdir. Eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilərkən, məhkəmə iclas zalında özünü təqsirli bilmiş və qeyd olunan cinayət əməlini törətdiyini təsdiq etmişdir. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği ilə bağlı məsələyə gəldikdə, qeyd edir ki, ittihamda maddi ziyanın 3150 manat məbləğində qeyd olunmasını şübhə altına alınmasına əsaslar yoxdur, zərərçəkmiş şəxsin həmçinin oğurlanmış qızıl-zinyət əşyaların satıldığı şəxs müəyyən olunaraq onlaın ifadələri alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə, qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar