Məhkəmə qərarları › İş №1(012)-401/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-401/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-401/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 İlyas qızının iştirakı ilə xx.xx.1996-cı ildə Naxçıvan MR-sı, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 18 noyabr 2020-ci il tarixdə saat 08:30 radələrində idarə etdiyi, özünə məxsus «Honda Civic» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi ərazisindəki «Duz gölü»nün kənarından keçən avtomobil yolunda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək yaşayış məntəqəsində avtomobili 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə idarə edib, Masazır kəndinin mərkəzi istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imikanı olduğu halda bu tələblərə riayət etməyib, idarəetməni itirərək yolun əks hərəkət zolağına çıxmış, həmin vaxtı qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 55 km/saat sürətlə etibarnamə əsasında idarə etdiyi, «VAZ-21013» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri «VAZ-21013» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sol baldır sümüklərinin qamış və incik sümüklərinin aşağı 1/3-i hissəsinin (iç və bayır topuqların, arxa kənarının) mürəkkəb, oynaqdaxili, qəlpəli sınıqları kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, «VAZ-21013» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağ budun aşağı 1/3-nin və sağ diz oynağı nahiyəsinin iç səthlərini əhatə edən sahənin çapıq toxuması, hansı ki, əzilmiş-didilmiş yara kimi kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almalarına, habelə «VAZ-21013» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşərək sahibi Zərərçəkmiş şəxs2 3400 (üç min dörd yüz) manat ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 18 noyabr 2020-ci il tarixdə saat 14 radələrində özünə məxsus «Honda Civic» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri istiqamətindən Abşeron rayonu, Masazır qəsəbəsi istiqamətində Masazır qəsəbəsi «Duz Gölü»nün yaxınlığından, öz yolumda 75-80 km/saat sürətlə hərəkətdə olarkən yanından digər avtomobil ötmə əməliyyatı həyata keçirərkən o, həmin avtomobilə yol vermək üçün avtomobilini sağa çəkmiş və həmin vaxtı idarə etdiyi avtomobil yol palçıqlı olduğuna görə sürüşmüş, bu zaman o, əyləci basmış və idarə etdiyi avtomobil sürüşərək istiqamətini dəyişib, avtomobilinin arxa hissəsi qarşıdan gələn, sürücü X3 idarə etdiyi «VAZ-21013» markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə çırpılmışdır. Toqquşmadan sonra idarə etdiyi avtomobil sürüərək yolun sağında dayanmışdır. Hadisə zamanı o, digər avtomobilin sürücüsü və yanında olan sərnişin müxtəlif xəsarətlər almışlar. Qeyd etmişdir ki, hadisədən az əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxslərlə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi şəxsi VAZ-21013 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 18 noyabr 2020-ci il tarixdə saat 14 radələrində işlədiyi MKİS-nin rəisi Zərərçəkmiş şəxs1la birlikdə Zəngilan şəhərciyindən onun idarə etdiyi avtomobilinə minib Masazır kəndi, Duz gölünün kənarında məcburi köçkünlərin yaşadıqları yerə getmək üçün yola çıxmışlar. Həmin yolda Novxanı kəndi istiqamətində təxminən 55 km/saat sürətlə hərəkətdə olarkən qarşıdan gələn, ağ rəngli, “Honda” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət edərək, onunla eyni istiqamətdə hərəkətdə olan qara rəngli minik avtomobilini sağdan ötmək istədiyini və həmin anda idarəetməni itirərək əks hərəkət zolağına keçib onun avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. Həmin vaxtı o və yanında olan Pərviz xəsarət aldıqlarına görə huşlarını itirmişlər. Ayılanda hadisə yerində yerə uzadılmış vəziyyətdə olduğunu görüb yerdən qalxmışdır. Bir neçə dəqiqədən sonra X5 maşını gəlib Pərvizlə onu Bakı şəhəri Respublika xəstəxanasına aparmışdır. Bildirmişdir ki, o, ümimiyyətlə spirtli içki qəbul etmir, həmin günü də avtomobilini ayıq idarə etmiş, avtomobili saz vəziyyətdə idi, avtomobilində əlavə yük və Pərvizdən başqa heç kim olmamışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, “Honda” markalı avtomobilin idarəetməni itirdiyi anda onunla ara məsafəsi təxminən 35 metr olmuş, “Honda” markalı avtomobilin idarəetməni itirdikdən sonra toqquşma yerinədək təxminən 17 metr, o, isə təhlükəni görüdüyü andan toqquşma yerinədək təxminən 13 metr məsafə qət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 noyabr 2020-ci il tarixdə saat 14 radələrində tanışı Elxan adlı şəxsin idarə etdiyi VAZ-21011 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsi, Novxanı kəndi istiqamətinə doğru hərəkətdə olarkən «Duz gölü»nün yaxınlığınlda qarşıdan əks istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi «Honda» markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən idarəetməni itirərək sürətlə fırlanaraq onların yoluna çıxıb arxa hissəsi ilə əyləşdiyi avtomobilə çırpılmışdır. Toqquşma nəticəsində o və sürücü Elxan müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bir neçə dəqiqədən sonra X5 maşını gəlib onunla Elxanı Bakı şəhəri Respublika xəstəxanasına aparmışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, ümimiyyətlə spirtli içki qəbul etmir, “Honda” markalı avtomobilin idarəetməni itirdiyi anda onunla əyləşdiyi avtomobil arasında təxminən 30-35 metr ara məsafəsi olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 08.12.2020-ci il tarixli 2513 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ budun aşağı 1/3-nin və sağ diz oynağı nahiyəsinin iç səthlərini əhatə edən sahənin çapıq toxuması, hansı ki, əzilmiş-didilmiş yaraya uyğun gəlir, bərk küt əşya təsirindən törənmişdir, 18.11.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs2 adına tərtib olunmuş tibbi sənəddə göstərilən «döş fəqərələrinin osteoxandrozu» diaqnozu nazoloji xəstəlik vahidi olduğundan xəsarət kimi qiymətləndirilmir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 02.02.2021-ci il tarixli 04Ə nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol baldır sümüklərinin - qamış və incik sümüklərinin aşağı 1/3-i hissəsinin (iç və bayır topuqların, arxa kənarının) mürəkkəb, oynaqdaxili, qəlpəli sınıqları – bərk küt əşya təsirindən törənmişdir, 18.11.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 aprel 2021-ci il tarixli 8/686 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Honda Civic» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə keçirilmiş məhkəmə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 may 2021-ci il tarixli 8/906 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Honda Civic» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 19.08.2017-ci il tarixdə 19.08.2027-ci il tarixədək müddətə etibarlı olan AD seriyalı 132753 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. "xxxx" ASC-nin X1 Avtovaz Servis mərkəzindən verilmiş 15.01.2021-ci il tarixli E/386 nömrəli ziyan aktı ilə yaxşı durumda, işlək vəziyyətdə VAZ-21013 markalı, 1987-ci il buraxılışlı avtomobilin «Turba.az» saytına əsasən bu günki bazar qiyməti 300 manat dəyərindədir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, VAZ-21013 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı və «Honda Civic» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış, VAZ-21013 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı və «Honda Civic» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar