Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-402/2020 25.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1971-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən,məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs Kamil qızına məxsus ünvan 2 saylı ünvanda aparılan təmir işlərində fəhlə kimi işləyərkən mənzilin yataq otağına daxil olmuş, oradakı kamotun içərisindən bir ədəd 4000 manat dəyərində üzərində 16 ədəd brilyant qaşı, ortasında göy rəngli qaşı olan qızıl üzüyü gizli olaraq talamış və zərərçəkmiş Zərərçəkmiş şəxs 4000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində müxtəlif evlərdə fəhləlik edib, ailəsini dolandırmaqla məşğuldur. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 14 mərtəbəli binada yaşayan Zərərçəkmiş şəxs ona müraciət etmiş və yaşadığı binadakı evdən 20 kisə qumu daşımağı xahiş etmiş və ona 15 manat verəcəyini bildirmişdir. O da İradə xanımla razılaşmış, o, binanın 7-ci mərtəbəsində, blokda olan qum kisələrini daşımış, həmçinin İradə xanım ona evdə olan qum kisələrini də daşımağı xahiş etmişdir. O, evə İradə xanımın icazəsi ilə daxil olmuş, evdə olan zaman artıq İradə xanım getmiş, yataq otağında iki kisə qumu götürən zaman orada kamotu görmüş və fikirləşmişdir ki, içərisində qızıl və ya pul ola bilər. Buna görə də oğurluq etmək üçün həmin kamotun birinci dolabını açmış və içərisini axtaran zaman oradan bir ədəd qızıl üzük tapmış və həmin üzüyü oğurlayaraq cibinə qoymuşdur. O, üzüyü oğurladıqdan sonra evdə işləyən adını bilmədiyi ustaya demişdir ki, artıq işini qurtarmış və getmək istəmişdir. Bundan sonra oğurladığı qızıl üzüyü Sumqayıt şəhərinə aparmış, Sumqayıt şəhərində olarkən Cavid ticarət mərkəzinin yanında tanımadığı şəxsə satmaq üçün təklif etmiş, həmin şəxs qızıla baxıb ona 40 manat pul təklif etmiş, o da qızılı həmin şəxsə verib 40 manat pulu alaraq çıxıb getmişdir. Əlavə olaraq göstərmişdir ki, qızılı satdığı şəxsi ilk dəfə idi ki, görmüş, qızılı satdığı şəxsə qızılın oğurluq olmasını deməmiş, həmin şəxs də bu barədə şübhələnməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, dəymiş ziyanı tam ödədiyini bildirməklə məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs fəhlə kimi tanıyır və normal münasibəti olmuşdur. Yaşadığı evdə söküntü işləri olduğundan qum yığılmış kisələri evdən həyətə daşımaq lazım olmuş, buna görə də tanıdığı Təqsirləndirilən şəxs işin görülməsi ilə bağlı müraciət etmişdir. Təqsirləndirilən şəxs işi görəcəyini bildirmiş və onunla işin görülməsini, yəni evdəki 20 kisə qumun daşınmasını 15 manat pul müqabilində razılaşmışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə gəlib işini görmüş və qumu daşıdıqdan sonra işini qurtardığını bildirmişdir. O, işi qurtardığını görüb razılaşdığı 15 manat pulu vermiş və Sahibi yola salmışdır. Həmin günü axşam radələrində evin yataq otağına keçib kamotun dolabını açan zaman oraya qoyduğu bir ədəd qızıl üzüyünün oğurlandığını aşkar etmişdir. Belə olduqda evdə işləyən ustaya evindən qızıl üzünün oğurlandığını bildirmiş və yataq otağına kimin keçməsi ilə bağlı maraqlanmışdır. Usta ona bildirmişdir ki, fəhlə kimi evdən qumları daşıyan Sahib yataq otağına keçmişdir. Belə olduqda o, Sahiblə əlaqə yaratmış və onunla həmin günü görüşmüş, lakin Sahib mənzildən oğurluq etdiyini boynuna almamış, belə olduqda hadisə gününün səhərisi evində baş vermiş oğurluqla bağlı DİNnin 102 xidmətinə məlumat vermiş, sonra isə Abşeron rayon Polis İdarəsinə gedib hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Əlavə olaraq göstərmişdir ki, yaşadığı evin yataq otağında olan kamotdan bir ədəd 4000 manat dəyərində qızıl üzüyü oğurlanmış, belə ki, həmin qızıl üzüyü 1995-ci ildə 2000 manata almış, onun üzərində 16 ədəd brilyant qaşı, ortasında göy rəngli qaş olmuş, həmin üzük antik zinət əşyası olmuş, təxminən bir il bundan əvvəl həmin qızıl üzüyü Moskva univermağında satmaq istəmiş, buna görə də onun dəyəri ilə bağlı maraqlanmış, qızılın dəyərinin 3500 manat olduğunu ona bildirmişlər, lakin razı olmadığı üçün qızılı satmamış, hazırda həmin qızılın maddi dəyəri təxminən 4000 manat təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 03(üç) il müddətinə azadlıqdan məhrutmetmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 08 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman onun məhkumluğu artıq ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tam olaraq ödəməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsini, və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanı iş yeri üzrə çəksin və cəzanın icrası Təqsirləndirilən şəxs aylıq qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-402/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-402/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver