Məhkəmə qərarları › İş №1(012)-402/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-402/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-402/2023 06.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayonu Sarayevo küç ev 20, mənzil 62-də qeydiyyatda olmaqla ünvan 4-də yaşayan, hazırki iş üzrə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu “Günəş petrol” YDM-nin yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çəkisi 0.174 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə və çəkisi 0.095 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini siqaretin kazğı bükümündə əldə edib əynində olan qara rəngli koftanın sol döş cibinə qoyaraq ünvan 1 ünvanının qarşısına daşıyıb saxlamış, 14 fevral 2023-cü il tarixdə saat 21 radələrində Abşeron RPİ-nin NMQ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli koftanın sol döş cibindən bir ədəd şəffaf sellofan bükümdə həmin 0.174 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd siqaretin kağız bükümündə həmin 0.095 qram çəkidə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayonu Sarayevo küç bina 20 mənz 62-də qeydiyyatda olmaqla ünvan 4- də ailəsilə ilə birlikdə yaşadığını, təxminən 7-8 il olar ki, narkotik vasitə olan heroin və psixatrop maddə metmafetamin qəbul edicisi olduğunu, bədənində kəskin ağrıları olduğu üçün tanımadığı şəxslərdən narkotik vasitə və psixatrop maddə əldə edib istifadə etdiyini, 14 fevral 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasmal rayonu “Günəş Petrol” YDM-nin yaxınlığında olarkən tanımadığı yaşlı kişinin onun ağrılarının olduğunu görüb “əgər sənə narkotik lazimdirsa pulu ilə təşkil edə bilərəm” deyərkən həmin şəxsə öz istifadəsi üçün heroin və metamfetamin gətirməsini demiş, həmin kişinin gedib təxminən 10 dəqiqə sonra onun yanına gəlib şəffaf sellofan bükümdə heroin və siqaretin kağızı bükümündə metamfetamin vermiş, o, da 35 manat pulu həmin tanımadığı kişiyə vermiş, həmin bükümləri isə əynimdəki qara rəngli koftanın sol döş cibinə qoymuş, daha sonra Bakı şəhərində şəxsi işlərini həll edib yaşadığı Masazır kəndinə gəlmiş, həmin gün saat 21 radələrində yaşadığı Masazır kəndi M.Vəliyev küç ev 21 ünvanının qarşısında olarkən iki nəfər şəxsin ona yaxınlaşaraq Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını deyib özlərini təqdim edib ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək əməliyyat məlumatı olduğunu buna görə də üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nə getməyini təklif etdiklərini, həmin an heç bir etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmiş, orada baş təhqiqatçı tərəfindən hüquqları izah edildikdən sonra video çəkiliş ilə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi-axtarış götürmə keçirilərkən özü qara rəngli qış koftasının sol döş cibindən 1 ədəd şəffaf sellofan bükümü və 1 ədəd siqaretin kağız bükümünü təqdim etmiş, sellofan bükümün içərisindəki kütlənin heroin, siqaret kağızı bükümünün içərisindəki kütlənin isə psixatrop maddə metamfetamin olduğunu və şəxsi istifadə üçün üzərində gəzdirdiyini demiş, bundan sonra üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet aşkar olunmamış, daha sonra həmin bükümlərdəki kütlə ekspertiza təyin edilməsi üçün özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə qablaşdırılaraq götürülmüş, həmin narkotik vasitə heroini və psixatrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib üzərində daşımışdır. Tərtib edilmiş protokoldakı və izahatındakı imzaların özünə məxsus olub və heç bir təzyiq olmadan könüllü çəkdiyini qeyd etmişdir. Məhkəmədə şahid Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 elan olunmuş ifadəsindən görünür ki, 2005-ci ildən Azərbaycan Respublikası DİOda, 2019-cu ildən isə Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayonu Sarayevo küç ev 20 mən 62-də qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixatrop maddə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı alıb və dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq əməliyyat tədbirlərinə başlayıb xidmət yoldaşı Şahid2 Hafıs oğlunu da həmin əməliyyat qrupuna daxil etmiş, daxil olmuş mötəbər məlumat əsasında Abşeron RPİ-nin NMQ-nm əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Abşeron rayonu Masazır kəndi M.Vəliyev küçəsinə gəlmişlər. Orada Şahid2 əməliyyat xəttini izah edərək keçiriləcək tədbirlər barədə məlumat verdikdən sonra birlikdə göstərilən M.Vəliyev küçəsi 21 ünvanın qarşısına yaxınlaşıb qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduğu Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduğu şəxsə yaxınlaşaraq özlərini ona təqdim edib narkotik vasitə və psixatrop maddələri qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunun bildirərək onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etdiyini, həmin şəxsin onların təklifdən imtina etməsə də ona narkotik vasitə və psixatrop maddələrin əldə olunması və saxlanması barədə məlumatlı olmağını deməklərindən narahatçılıq keçirdiyini gördüyünü, buna baxmayaraq onu Polis idarəsinə gətirdiklərini və yol boyu onun üstündə olduğu ehtimal olunan psixatrop maddəni və narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxladıqlarını, Polis İdarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılmasının Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəyyam Rüstəmova həvalə olunduğunu, həmin vaxt video çəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman baş təhqiqatçı tərəfindən onun hüquq vəzifələri izah olunmuş, baxış keçirilməzdən əvvəl üzərində qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli koftanın sol döş cibindən 1 ədəd şəffaf sellofan bükümü və 1 ədəd siqaretin kağız bükümünü təqdim etdiyini, həmin sellofan bükümə və siqaretin kağız bükümünə onların iştirakı və video çəkiliş ilə baxış keçirilərkən sellofan bükümün içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə və siqaretin kağız bükümündə isə ağ rəngli kristallik maddə psixatrop maddə olan metamfetaminə oxşar kütlənin olduğu aşkar edilmiş, Baş Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki narkotik vasitəyə oxşar kütləni və siqaretin kağızı bükümündəki psixatrop maddəyə oxşar kütləni hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirilməsi sual verilərkən Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki kütlənin heroin, siqaretin kağızı bükümdəki kütlənin isə metamfetamin olduğunu və 14 fevral 2023-cü il tarixdə Yasamal rayonu ərazisində “Günəş Petrol” YDM-nin yaxınlığında tanımadığı şəxsdən 35 manat qarşılığında şəxsi istifadəsi üçün alıb saxlayaraq üzərində gəzdirdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülü və 1 ədəd siqaretin kağız bükümün də olan kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitə və psixatrop maddəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra Təqsirləndirilən şəxs, müdafiəçi və onların iştirakı ilə həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 Hafıs oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023cü il tarixli, 6/916 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində « şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ....» və s. sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,174 (qalıq 0,134) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0.095 qalıq (0,055) qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixatrop maddə — metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 996 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs götürülmüş 0,174 qram təşkil edən heroin, tədqiqata sərf edildikdən sonra çəkisi 0,134 qram heroinin, 0.095 qram təşkil edən psixatrop maddə metamfetamin, tədqiqata sərf edildikdən sonra çəkisi 0.055 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsi barədə istintaqı aparılan ********* nömrəli iş üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi tətbiq edilməklə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəyyam Rüstəmov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə Abşeron rayon Prokurorluğuna verilmiş vəsatət təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin 4(012)-508/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və həbsdə saxlama müddətinin əvvəlinin xx.xx.2023-cü ildən hesablanması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,134 qram narkotik vasitə heroin və 0.055 qram narkotik vasitə metamfetamin məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,134 qram qram narkotik vasitə heroin, 0.055 qram narkotik vasitə metamfetamin məhv edilsin. İş üzrə 65 (altmış beş) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar