Məhkəmə qərarları › İş №1(012)-403/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-403/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-403/2023 26.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-346/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1ci maddələri ilətəqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 03 radələrində tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə əvvəllər sürücü işlədiyi "xxxx" firmasının “123” saylı avtobus marşrutunun Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən qarajının həyətinə qanunsuz daxil olaraq orada saxlanılmış “Daevo” markalı 10- TH-208 dövlət qeydiyyat nişanlı avtobusun üzərindən hər birinin qiyməti 100(yüz) manat təşkil edən 2 (iki) ədəd, həmin avtobusun yanında qoyulmuş 3(üç) ədəd 190 Vt gücündə akkumlyatorları, həmçinin qarajın həyətindəki təmir sexinə qapıdan daxil olmaqla oradan 150 (yüz əlli) manat dəyərində bir ədəd radiatoru və 60 (altmış) manat dəyərində bir ədəd elektrik mişarını (laqondanı) gizli talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" firmasına ümumilikdə 710 (yeddi yüz on) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, anası X2 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Əvvəllər bir neçə dəfə oğurluq və qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2019-cu ilin noyabr ayında cəza müddəti başa çatdığına görə azadlığa buraxılmışdır. Həmin vaxtdan heç bir yerdə işləmir. Əvvəllər “123” saylı marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü işləmiş, Zərərçəkmiş şəxs isə həmin xətt üzrə hərəkət edən marşrut avtobuslarının Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən qarajında mexanik kimi fəaliyyət göstərmişdir. Sürücü işlədiyi vaxtlarda avtobusları təmir etdirmək üçün həmin qaraja aparmışdır. Zərərçəkmiş şəxslə münasibətləri normal olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün 01 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs mexanik işlədiyi, "xxxx" MMC-yə məxsus qarajdan oğurluq etmək və oğurladığı əşyaları sataraq pul əldə etmək fikrinə düşmüş, bu məqsədlə 01 fevral 2023-cü il tarixdə saat 03:00 radələrində mişar daşları ilə əhatəyə alınmış qarajın həyətinə daxil olmuşdur. Ətrafı müşahidə edib ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra qarajın həyətində olan Az **-TH-*** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusa yaxınlaşmış, avtobusun yanında olan 3 (üç) ədəd akkumulyatoru daşıyıb bir-bir qarajın həyətindən bayıra çıxarmışdır. Sonra həmin avtobusun üzərindəki 2 (iki) ədəd akkumulyatoru da özümlə apardığı kəlbətinlə avtobusun üzərindən açıb onları da qarajdan çölə çıxarmış, bundan sonra qarajın həyətində olan təmir sexinə daxil olmuş, orada olan 1 (bir) ədəd radiator və 1 (bir) ədəd elektrik mişarı (laqonda) diqqətini çəkmiş, buna görə həmin əşyaları da sexin içərisindən götürüb qarajdan çölə çıxarmışdır. Bir neçə dəfəyə olmaqla 5 (beş) ədəd akkumulyatoru, 1 (bir) ədəd radiatoru və 1 (bir) ədəd elektrik mişarını (laqondanı) götürüb bir qədər aralıda, çöllük hissədə olan hasarın dibinə yığmışdır. Daha sonra oğurladığı əşyaları oradan aparıb “QAZ-24” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə səyyar şəkildə metal qəbul edən tanımadığı şəxsə 75 (yetmiş beş) manat pul müqabilində satmışdır. Ancaq oğurladığı əşyaları satdığı şəxsi əvvəllər tanımamış, həmin şəxsin ad-soyadını, yaşadığı ünvanı və mobil telefon nömrəsini bilməmişdir. Oğurluq hadisəsini təkbaşına törətmiş, hadisəni törətməzdən əvvəl və törətdikdən sonra bu barədə heç kimə məlumat verməmiş, heç kimin köməyindən istifadə etməmiş, "xxxx" MMC-yə məxsus “123” saylı marşrut avtobusunun Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qarajından 5 (beş) ədəd akkumulyatoru, 1 (bir) ədəd radiatoru və 1 (bir) ədəd elektrik mişarını oğurlamasına səbəbi maddi imkansızlıq olmuş, cinayət yolu ilə əldə etdiyi pulun hamısını şəxsi ehtiyaclarına xərcləmiş, heç kimə həmin puldan verməmiş, qeyd olunan oğurluq hadisəsindən başqa heç bir cinayət törətməmiş, 5 (beş) ədəd akkumulyatoru, 1 (bir) ədəd radiatoru və 1 (bir) ədəd elektrik mişarını oğurluq yolu ilə əldə etdiyi həmin əşyaları satdığı şəxsə bildirməmiş, yalandan həmin əşyaların özünə aid olduğunu demiş, həmin şəxsin anket məlumatları, ünvanı və əlaqə telefonu, həmçinin idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin “123” saylı avtobus marşurutunun Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qarajında mexanik vəzifəsində işləyir. Həmin qaraja və qarajda olan əmlaka nəzarət edir. Həmin qarajda avtomobil ehtiyyat hissələri və təmir alətləri mövcuddur. 01 fevral 2023-cü il tarixdə gecə saat 01 radələrinədək qarajda avtobusların mühərriklərini təmir etdikdən sonra oradan getmişlər. Çilingər fəaliyyəti göstərən Əli adlı usta isə elə orada qalmalı olmuşdur. 01 fevral 2023-cü il tarixdə saat 09:00 radələrində qaraja işə gəldikdə isə Əli usta ona qarajdakı təmir sexinin içərisindən 5 (beş) ədəd akkumulyator, 1 (bir) ədəd radiator və 1 (bir) ədəd dəmir kəsən elektrik mişarı yatdığı müddətdə oğurlanmışdır. O, qarajın həyətinə diqqətlə baxdıqda isə bilmişdir ki, qarajın həyətində təmirə saxlanmış Az **-TH-*** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusun üzərində olan 2 (iki) ədəd akkumulyator, həmin avtobusun yaxınlığında olan 3 (üç) ədəd akkumulyator, qarajın həyətində olan təmir sexinin içərisindən isə 1 (bir) ədəd radiator və 1 (bir) ədəd dəmir kəsən elektrik mişarı(laqonda) oğurlanmışdır. Zərərçəkmiş şəxs həmçinin ifadəsində 01 fevral 2023-cü il tarixdə saat 01 radələrindən saat 09 radələrinədək olan müddət ərzində mexanik işlədiyi Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qarajdan oğurlanmış 5 ədəd akkumlayorların təxminən 6 ay əvvəl alındığını, akkumulyatorların 190 volt gücündə olduğunu, hər birinin ayrı-ayrılıqda qiymətinin 100 (yüz) manat civarındadır. Həmin qarajdakı sexdən oğurlanmış bir ədəd radiator “Daewoo” markalı avtobuslarda istifadə edilir. Qiyməti 150 (yüz əlli) manatdır. 1 (bir) ədəd dəmir kəsən elektrik mişarı(laqonda)nın qiyməti 60 (altmış) manatdır. Əşyaların heç biriin markasını bilmir. Sözügedən oğurluq hadisəsi nəticəsində qaraja 710 (yeddi yüz on) manat maddi ziyan dəymişdir. Mexanik vəzifəsində işlədiyi “123” saylı avtobus marşurutunun Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qarajı «İ-Qafqaz” MMC-yə məxsusdur. Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik olmamış, Təqsirləndirilən şəxs özü və ya başqa bir səlahiyyətli şəxs tərəfindən, həmçinin "xxxx" firmasının rəhbərliyi tərəfindən “123” saylı avtobus marşurutunun Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qarajın həyətinə və ya həmin qarajın həyətindəki sexə daxil ola bilməsi üçün icazə verilmədiyini, oğurluq hadisəsinin 01 fevral 2023-cü il tarixdə saat 01 radələrindən saat 09 radələrinədək olan müddət ərzində yəni heç bir iş görülmədiyi, təmirə nəqliyyat vasitəsi və ya başqa bir məqsəd üçün kənar şəxs buraxılmadığı vaxtda baş vermişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq qarajın həyətinə və qarajdakı sexin içərisinə qapıdan daxil olmuş və sözügedən oğurluq hadisəsini törətmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin “123” saylı avtobus marşurutunun Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qarajında çilingər vəzifəsində işləyir. Həmin qarajda şirkətə məxsus olan avtobusları təmir etməklə məşğul olur. Eyni zamanda qarajda avtomobil ehtiyyat hissələri və təmir alətləri mövcuddur. 01 fevral 2023-cü il tarixdə saat 01 radələrinədək qarajda avtobusların mühərriklərini təmir etdikdən sonra digər işçilər oradan getmiş, onun yolu uzaq olduğundan və səhər saatlarında oyanıb digər işləri də görməli olduğu üçün qarajda mövcud olan sexdəki otaqda qalmalı olmuşdur. 01 fevral 2023-cü il tarixdə saat 09 radələrində qarajın həyətində saxlanılmış **-TH-*** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusu təmir etmək üçün yaxınlaşıdıqda həmin avtobusun yanında olan üç ədəd akkumulyatorun və avtobusun üzərində olan iki ədəd akkumulyatorun yerində olmadığını müəyyən etmişdir. Bu səbəbdən də qaraj mexaniki Zərərçəkmiş şəxs məlumat vermişdir. Birlikdə qarajın həyətinə və qarajdakı təmir sexinə baxdıqda müəyyən etmişlər, ki, qarajın həyətində təmirə saxlanmış **-TH-*** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusun üzərində olan 2 (iki) ədəd akkumulyator, həmin avtobusun yaxınlığında olan 3 (üç) ədəd akkumulyator, qarajın həyətində olan təmir sexinin içərisindən isə 1 (bir) ədəd radiator və 1 (bir) ədəd dəmir kəsən elektrik mişarı(laqonda) oğurlanmışdır. Şahid həmçinin ifadəsində 01 fevral 2023-cü il tarixdə saat 01 radələrinədək iki gün dayanmadan işlədiyi üçün çox yorğun olduğunu, ona görə də 01 fevral 2023-cü il tarixdə saat 01 radələrindən saat 09 radələrinədək olan müddət ərzində qajdakı təmir sexlərindən birində dərin yuxuya getdiyini, bu səbəbdən də çilingər işlədiyi Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qarajdan 5 (beş) ədəd akkumulyator, qarajın həyətində olan təmir sexinin içərisindən isə 1 (bir) ədəd radiator və 1 (bir) ədəd dəmir kəsən elektrik mişarı (laqonda) oğurlanarkən oğurluq hadisəsinin törədilmə anını və ya oğurluğun kim tərəfindən törədilməsini görmədiyini, lakin, sonradan qaraj müdiri Zərərçəkmiş şəxs şikayət edildikdən sonra polis əməkdaşlarının ona sözügedən oğurluq hadisəsini əvvəllər “123” saylı avtobus marşurutunda sürücü işləmiş Təqsirləndirilən şəxs törətməsi barədə ona məlumat verməsini barədə dediklərini eşitməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin 21 fevral 2023-cü il tarixli məktubundan görünür ki, 01 fevral 2023cü il tarixdə saat 01:00 radələrindən saat 09:00 radələrinədək olan müddət ərzində İ- Qafqaz firmasının “123” saylı avtobus marşurutunun Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən qarajından oğurlanmış 5 (beş) ədəd akkumulyatorun, qarajın həyətində olan təmir sexinin içərisindən isə 1 (bir) ədəd radiatorun və 1 (bir) ədəd dəmir kəsən elektrik mişarının(laqonda) ümumi dəyəri 710 (yeddi yüz on) manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Bağırov X4 rayon xalq məhkəməsinin 17 oktyabr 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 05 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına, Binəqədi rayon xalq məhkəməsinin 16 oktyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 145-cü maddəsinin 2-ci hissəsinin 6.8-ci bəndi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli amnistiya qərarının 6.1 -ci bəndinə əsasən azad olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 23 dekabr 2011 -ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 01 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Abşeron rayon məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-346/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, analoji cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən 1(012)-346/2023 nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən 1(012)-346/2023 nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar