Məhkəmə qərarları › İş №1(012)-403/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-403/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-403/2025 22.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Sarı qayı, Metaluq düşərgəsi, nömrəsiz fərdi ev ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 may 2023-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən kafedə əyləşib spirtli içki içən zaman kafe sahibi Zərərçəkmiş şəxs ilə sonuncunun ondan gündüz vaxt satdığı ərzaq məhsulları almaması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl və ayaqla qəsdən vuraraq ona sol dirsək oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin dərialtı hematoması, sağ kürək və sol baldırın qançırları yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayon Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən adını bilmədiyi kafelərin birinə daxil olmuşdur. Orada masaların birində əyləşmişdir. Kafedə işləyən qadına bir bakal piyvə verməsini xahiş etmişdir. Sonra həmin qadından pivəni nə qədər məbləğə olacağın soruşmuşdur. O da 2 manat məbləğində pula olduğunu demişdir. Etiraz etməyərək onun dediyi qiymətlə razılaşmışdır. Sonra o bakalda pivəni gətirən zaman baş barmağı pivənin içində olduğunu görmüşdür. Ona pivənin içinə barmağını soxmasını irad bildirmişdir. Bu səbəbdən sözügedən kafedə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı pivənin pulun verdikdən sonra bakalın içərisində olan pivəni həmin qadının üzərinə tökmüşdür. Sonra həmin qadın onun ünvanına əxlaqsız söyüşlər söymüşdür. O da həmin qadının ünvanına əxlaqsız söyüşlər söymüşdür. Aralarında yaranan mübahisə zamanı ona şillə təpik atsa da şillə və təpikləri ona dəyməmişdir. Sadəcə olaraq Gültəkini əliylə itələmişdir. Həmin vaxt kafenin içərisində olan 3 nəfər müştəri onları ayırmışdır.Daha sonra polis əməkdaşları oraya gəlmişlər. Aralarında baş verən mübahisə zamanı polislər yaxınlaşıb onu polis idarəsinə dəvət etmişlər. Mübahisələri 2-3 dəqiqə dəvam etmişdir. Həmin vaxt kafedə tanımadığı 3 nəfər şəxs olmuşdur. Həmin şəxsləri tanımır. Həmin qadının üzərinə pivə töküb, əl-ayaq hərəkətləri edib, onu itələsə də, ona pivə bakalı atmamışdır. Əməlindən peşmandır. Həmçinin himayəsində 2 azyaşlı övladının olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs kafeyə satıcı kimi gəlməsi səbəbi ilə tanımış və münasibəti yaranmışdır. Onunla hər hansı bir ədavəti yoxdur. 2023-cü ilin fevral ayından Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsi 109-da yerləşən adı olmayan kafeni icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs səyyar ticarətlə məşqul olmuşdur. Belə ki, o tamat, konfet, şokolad yağı satmaqla məşqul olurdu. O dəfələrlə onun işlətdiyi kafeyə gələrək ona ərzaq satmaq istəmişdir. Lakin onun satdığı ərzaqlarının köhnə olduğunu eşitdiyi üçün ondan heç nə almamışdır. Sonuncu dəfə hadisə olan günü, yəni xx.xx.2023cü il tarixdə günorta vaxtı onun işlətdiyi kafeyə gələrək, konfet satmaq istəmişdir. Ona ehtiyacı olmadığını bildirmişdir. Cavanşir ona qəzəbli şəkildə baxaraq deyinə-deyinə kafedən getmişdir. Həmin gün saat 22 radələrində kafedə o və tanımadığım 2 nəfər müştəri olan vaxtı həmin şəxs, yəni Cavanşir sərxoş halda kafeyə gəlmişdir. Cavanşir ondan 1 bakal pivə istəmişdir. Ona pivəni aparıb verib öz yerində əyləşmişdir. Həmin vaxt Cavanşir pivədən asta-asta içərək, onun üzünə baxaraq uca səslə nalayiq ifadələr işlətmişdir. Ona sərxoş olduğuna görə əhəmiyyət verməmişdir. Onun söyüşlərindən bezib, ona kafeni tərk etməsini demişdir. Bu sözündən sora o daha da qəzəblənmişdir. Ayağa durub onun masasına yaxınlaşmışdır. Cavanşir də əlində bakalla ayağa durub bakalı onun sol dirsək nahiyəsinə vurub, sağ kürək nahiyəsinə atmışdır. Bundan əlavə əli ilə onun sol dirsək nahiyəsini sıxmış və təpiklə sol baldır nahiyəsinə vurmuşdur. Daha sonra onun əlindən qaçıb həyət tərəfə getmək istəyən zaman Cavanşir nalayiq ifadələrlə onu söyərək arxasıyca gəlmişdir. Kafedə olan 2 nəfər müştəri onu saxlamışlar. Onu saxlamağına baxmayaraq o küçə söyüşlərini söyməyə davam etdirmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat verib polis əməkdaşlarını gözləmişdir. Həmin vaxt Cavanşiri də sakitləşdirib, polislərin gəlməsini gözləmişdir. Daha sonra polis əməkdaşları oraya gəlmişlər və Cavanşiri kafedən aparmışlar. Həmin vaxt ətrafda üzdən tanıdığı adlarını bilmədiyi 2 nəfər müştəri olmuşdur. Həmçinin kafenin videogörüntüsünü də təqdim edə biləcəyini qeyd etmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Cavanşirdən günorta kafeyə gələn zaman satdığı məhsullardan almadığı üçün Cavanşirin onunla bəhanə edərək dava-dalaş etdiyini düşünmüşdür. Hadisə onun icarəyə götürdüyü kafenin içərisində olmuşdur. Təqsirləndirilən şəxslə barışmadığını bildirərək onun barəsində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 951 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin dərialtı hematoması, sağ kürək və sol baldırın qançırları küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən, eləcə də kənar şəxs tərəfindən şüşə materialından olan bokal ilə vurulma nəticəsindən yarana bilərlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. “İstintaqdan yayındığına görə şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” 21 sentyabr 2024-cü il tarixli protokoldan göünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işinin təzələnməsi və icraata qəbul etmək haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 sentyabr 2024-cü i tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirlədirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 iyul 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin 1(012)-403/2025 saylı, 24 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Abşeron Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş “axtarışda olan şəxsin tutulması barədə” 22 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il tarixdə tarixdə saxlanılaraq aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmadı. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də əməlində ağırlaşdıran halların müəyyən edilməməsini, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsini, nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və 06 gün müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 15 saatı 6 manatdan, 10 saatı 11 manatdan hesablanmaqla,200 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün müddət bir gün həbsdə qalmağa iki gün azadlığın məhdudlaşdırılması hesablanmaqla, cəmi 06 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən Abşeron rayon hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00dək yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar