Məhkəmə qərarları › İş №1(012)-405/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-405/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-405/2023 25.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi sahibkarlıqla-dərzi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağdam şəhəri, Ə,Əliyev küçəsi, ev-26, mənzil-12-də qeydiyyatda olmaqla Abşeron Gənclər şəhərciyi, blok-34, mənzil-1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzildə arvadı Zərərçəkmiş şəxs ondan icazəsiz işə getməsi səbəbindən ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutaraq yerə yıxıb qəsdən təpiklə qarın nahiyəsinə vurmuş, bundan sonra Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib hadisə barədə məlumat verdiyinə görə əsəbləşərək aralarında yaranmış mübahisənin davamı kimi həmin tarixdə saat 13:00 radələrində qeyd edilən yaşadıqları mənzildə qəsdən Zərərçəkmiş şəxs başına, qoluna və bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurmaqla sonuncuya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə nahiyəsinin şişkinlikli qançırı, sağ said nahiyəsinin qançırı və sıyrığı, sol mil bilək oynağı və sol bud nahiyələrinin qançırlarından ibarət xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Ağdam şəhəri, Ə,Əliyev küçəsi, ev-26, mənzil- 12-də qeydiyyatda olmaqla Abşeron Gənclər şəhərciyi, blok-34, mənzil-1 ünvanında ailəsi ilə birlikdə yaşayayır. Zərərçəkmiş şəxs ilə 25 avqust 2017-ci ildən evlənmiş, birgə nikahlarından bir qız övladları var. Əvvəllər münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs evdə olmadığını görüb ona zəng etdikdə, Aynur Abşeron rayonu Saray qəsəbəsində yerləşən və şirniyyatçı işlədiyi Araz super marketə getdiyini bildirmiş, o da Aynura icazəsiz evdən getməsinə və evə qonaq gələcəyi halda getməsinə görə irad bildirib evə qayıtmasını tələb etmişdir. Aynur da bir-iki saat ərzində, yəni təxminən saat 10:30-da evə gəlmişdir. Evdə olduqları vaxt həmin məsələ ilə əlaqədar aralarında münaqişə yaranmış, münaqişə zamanı Aynurdan istifadəsində olan telefonu istəmişdir. Arvadı Zərərçəkmiş şəxs telefonu vermədikdə o, sağ əli ilə bir dəfə Aynurun sifət nahiyəsinə şillə zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs ondan uzaqlaşmaq istədikdə qollarından tutub sıxmış, sonra isə buraxmış, bundan sonra Aynur yıxılmış və və beli divara dəymişdir. Qısa müddət sonra evə polis əməkdaşları gəldikdə Aynurun onun barəsində şikayət etdiyini bilmişdir. Polis əməkdaşları arvadı Zərərçəkmiş şəxs ərizə və izahatını aldıqdan sonra onu polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlmiş, orada izahatı alındıqdan sonra yaşadığı evə qayıtmış, bundan sonra da aralarında münaqişə yaranmış və Aynur onu qızışdırmaq üçün barəsində nalayiq ifadələr səsləndirib ona istədiyi kimi yaşamağa imkan verməyəcəyi halda başına oyun açacağını bildirmişdir. Bu dəfə də əsəbləşib Zərərçəkmiş şəxs başına əli ilə bir dəfə vurub ondan uzaqlaşmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Məhkəmə-Tibbi Ekspertizası və X2 X3 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 14 nömrəli rəyində əks olunmuş, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayət olunan başın ənsə nahiyəsinin şişkinlikli qançırı, sağ said nahiyəsinin qançırı və sıyrığı, sol mil bilək oynağı və sol bud nahiyələrinin qançırları”ndan ibarət xəsarətləri Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə sonuncunu döyərək yetidiyini, qeyd olunan hadisənin Abşeron Gənclər şəhərciyi, blok-34, mənzil-1 ünvanında yerləşən evlərində baş verdiyini, hadisə vaxtı yaxınlıqda heç kimin olmadığını, münaqişələrin ümumlikdə 15-20 dəqiqə müddətində davam etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs onu döymədiyini və ya hər hansı formada xəsarət yetirmədiyini, ailələrində bundan əvvəl də bir neçə dəfə ailə-məişət zəmnində münaqişələr baş verdiyini bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş çəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdam şəhəri, Ə,Əliyev küçəsi, ev-26, mənzil-12-də qeydiyyatda olmaqla Abşeron Gənclər şəhərciyi, blok-34, mənzil-1 ünvanında ailəsi ilə birlikdə yaşayayır. Təqsirləndirilən şəxs ilə 25 avqust 2017-ci ildən evlənmiş, birgə nikahlarından bir qız övladları var. Əvvəllər münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Abşeron rayonu Saray qəsəbəsində yerləşən və şirniyyatçı işlədiyi Araz super marketə getmiş, orada olduğu vaxt əri Təqsirləndirilən şəxs ona zəng edərək harada olduğunu soruşmuş, o da Malik Babayevə işə getdiyini bildirsə də Malik telefon danışığı zamanı onu söymüşdür. Həmin gün saat 10:30-da evə gəldikdə Malik ona evə qonaq gələn ərəfədə işə getməsinə görə irad bildirib münaqişə yaratmış, münaqişə zamanı saçından tutub onu qonaq otağına tərəf dartıb aparmış, orada şüşə qabı başına vurmaq istədikdə Malikə mane olmuş və əlindən qaçmaq istəmiş, lakin evin dəhlizində yıxılmışdır. Təqsirləndirilən şəxs isə bir dəfə təpiklə belinə zərbə vurmuş, həmçinin, qollarından sıxıb ona fiziki ağrı vermişdir. O da yataq otağına qaçıb qapını bağlayaraq DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Onun yaşadığı Abşeron Gənclər şəhərciyi, blok-34, mənzil-1 ünvanında yerləşən evə polis əməkdaşları gəldikdə ailə həyatının dağılmaması üçün şikayətinin olmadığı barədə ərizə yazmış, həmçinin göstərilən məzmunda izahat vermişdir. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evə gəlib onun barəsində DİN-in 102 xidmətinə zəng edərək məlumat verdiyi üçün yenidən münaqişə yaratmış, münaqişə zamanı onun başına bir dəfə yumruqla, bir dəfə isə əlinin içi ilə zərbələr vurmaqla onu döyməyə başlamışdır. Həmin ərəfələrdə qapı döyülmüş və evə qonaq gəldiyini bildikdə Malik ondan əl çəkmiş, o da öz otağına keçmişdir. Lakin, halsız olduğu üçün oradan çıxa bilməmiş, bundan sonra isə təcili tibbi yardım xidmətinə müraciət etmişdir. Bu hadisədən sonra isə polis əməkdaşları onu təkrar olaraq polis idarəsinə dəvət etmişlər. İkinci hadisədən sonra isə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində qeyd olunan hadisənin Abşeron Gənclər şəhərciyi, blok-34, mənzil-1 ünvanında yerləşən evlərinin içərisində baş verdiyini, hadisə vaxtı yaxınlıqda heç kimin olmadığını, münaqişələr zamanı Təqsirləndirilən şəxs döymədiyini, ona hər hansı formada fiziki zorakılıq tətbiq etmədiyini, ailələrində mütəmadi olaraq ailə-məişət zəmnində münaqişələr baş verdiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X3 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 14 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayət olunan başın ənsə nahiyəsinin şişkinlikli qançırı, sağ said nahiyəsinin qançırı və sıyrığı, sol mil bilək oynağı və sol bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən 4-5 gün əvvəl törənmişdir; yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-1.1 maddəsinə əsasən xitam edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda təqsirləndirilən şəxsin barəsində həmin maddə təkrarən tətbiq oluna bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində 01 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar