Məhkəmə qərarları › İş №1(012)-406/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-406/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-406/2025 28.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2003-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olamaqla ünvan 2aşayan, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş (xx.xx.2025-ci il tarixində tutulmuş) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 1/1-də yerləşən “Atomsfer” restoranında şəxsiyyətləri istintaqa məlum olmayan «Ruslan» və «Qəhrəman» adlı tanışları ilə orta dərəcəli sərxoşluq vəziyyətində olaraq bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvansız söyüşlərlə danışmasını bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə edib nalayiq ifadələr işlədərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoyaraq ictimai yer sayılan həmin restoranda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, nalayıq söyüşlərlə səs-kuy salib restoranın işçilərinə və istirahət edən müştərilərə narahatçılıq yaradaraq restoranın zalında onların gözü önündə Ruslan və Qəhrəman adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib başı, yumruq və təpik ilə sonuncunun baş, sifət və bədən nahiyələrinə çoxsaylı zərbələr endirib onu döyərək, ona başın alın və sol təpə nahiyələrinin, üzün sol almacıq və yanaq nahiyələrinin, çənə nahiyəsinin şişkinlikli qançırları, sol əlin İ barmağının qançır- şişkinliyi kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra cinayət əməllərini davam edərək Zərərçəkmiş şəxs1 hadisə yerinə çağırdığı restoranın müdiri Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını alarkən sonuncuya müqavimət göstərərək mübahisə edib üzərinə bir qrup halında hücum edərək restoranın zalında işçilərin və müştərilərin gözü qarşısında Ruslan və Qəhrəman adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri ilə bir neçə dəfə vuraraq ona başın alın-təpə nahiyəsinin qançır, şişkinliyi, sol göz almasının kontuziyası və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarınınqançır, şişkinliyi, üzün sol gözaltı və burun-dodaq büküçü nahiyələrinin sıyrıqları, burun nahiyəsinin qançırı, sağ qulaq seyvanının əzilmiş yarası və qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək restoranın fəaliyyətini uzun müddət ərzində pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, sənədlə adı Fidayə olsa da ona yaxın qohumları və tanışları Quli deyə müraciət edirlər. O, boş vaxtlarında dosltları və tanışları ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yolun kənarında yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan “Atomsfer” adlı restorana gedir. Həmin restoranın müdiri Xəyyam adı ilə tanıdığı şəxsdir. Restoranda Elgün adlı şəxs inzibaçı işləyir. 20 may 2024-cü il tarixdə axşam saatlarında tanışları Qəhrəman, Elvin və Kamran ilə “Atomsfer” adlı restorana getmişlər. Restoranda əyləşərək çay sifariş verib söhbət etməyə başladılar. Həmin vaxt Elgün və Xəyyam restoranda yox idilər. Bundan sonra Elgün, Ruslan və Fuad adlı şəxslər restorana gəlmişdirlər. Onlar həmin şəxsləri masalarına dəvət etmişdirlər və birlikdə oturmuşdurlar, söhbət etməyə başlamışlar. Ruslan və Elgün pivə sifariş etmişdirlər. Saat təxminən 22 radələri olardı ki, Ruslan sərxoş olduğu üçün Elgünə söyüş söyərək zarafat etmək istəmişdir, lakin Elgün zarafatı qəbul etməyərək Ruslanın ünvanına söyüş söymüşdür. Bu zaman Ruslan qəflətən başı ilə bir dəfə Elgünün üzünün sol hissəsindən güclü zərbə vurmuşdur. Zərbənin təsirindən Elgün arxaya getmişdir. Bundan sonra Elgünün danışığı xoşuna gəlmədiyi üçün o, da Elgünün başından vurmuşdur və geri çəkilmişdir, daha sonra Qəhrəman da Elgünə yaxınlaşıb bir dəfə sifətindən əli ilə vurmuşdur, Elgün yerə yıxılanda təpiklə də onun sol əlindən vurmuşdur. Yaranmış səs-küyə orada olan şəxslər və restoranda işləyən işçilər yaxınlaşıb onları ayırmışdırlar. Sonra Elgün hara isə getmişdir. Bir neçə dəqiqə sonra restoranın müdiri Xəyyam restorana gəlmişdir və Ruslana öz iradını bildirmişdir ki, niyə dalaşırsınız və bu səbəbdən yenidən dalaşma başlamışdır. Dalaşma zamanı Qəhrəman Xəyyamın bir dəfə yumruqla başının alın nahiyəsindən, bir dəfə isə sol gözündən vurmuşdur. Zərbənin təsirindən Xəyyam yerə yıxılmış və dərhal yerdən qalxmışdır. Bu zaman o, ardıcıl olaraq yumruqla bir dəfə Xəyyam üzünün sol göz hissəsinin altından, bir dəfə isə burun ilə dodağından vurmuşdur. Xəyyam arxa-arxa getdikdə Ruslan Xəyyamın üzərinə gələrək bir dəfə yumruqla sağ qulağından vurmuşdur. Dalaşma nəticəsində restoranda olan müştərilər yerlərindən qalxmışlar, ara qarışmışdır və restoranın iş fəaliyyəti pozulmuşdur. Səs-küy yarandığı üçün restoranda olan müştərilər və işçilər onları ayırıb dalaşmaya son qoya bilmişdirlər. Odur ki, bundan sonra onlar restorandan çıxıb getmişlər. O, törətdiyi əməllərdə özünü təqsirli bilir, əməlindən peşmandır. Törədilmiş cinayət əməllərinin zəruri xüsusiyyətlərinin aydınlaşdırılması məqsədi ilə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin hadisə zamanı “Atomsfer” adlı restonda o, Ruslan, Qəhrəman, Elvin, Kamran, Elgün, Xəyyam, Fuad, restoranda əyləşən tanımadığı müştərilər və restoranın tanımadığı işçiləri olmuşdur. Xuliqanlıq əməllərində və dalaşmaqlarında sadaladığı şəxslərdən o, Ruslan və Qəhrəman iştirak etmişlər, Elgün və Xəyyamı döymüşlər. Digər şəxslər isə onları ayırmışlar. Dalaşma zamanı restoranda olmuş Ruslan, Qəhrəman, Elvin, Kamran, Fuad və digər şəxslərin anket məlumatları və telefon nömrələri barədə konkret heç nə göstərə bilmir. Dalaşma zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu və digər şəxsləri vurmamışlar. Zərərçəkmiş şəxs1 söyüş söydüyü üçün, Xəyyam isə gəlib onlara iradını bildirdiyinə görə bu şəxsləri vurmuşlar. Həmin hadisə zamanı onun, Ruslan və Qəhrəman adlı şəxslərin əllərində hər hansı bir alət olmamışdır. Ruslan və Qəhrəmanın əlində də hər hansı bir alət görməmişdir. Heç kim Xəyyamı şüşə bakal ilə vurmamışdır. Ola bilsin ki, dalaşma zamanı kim isə, yəni Ruslan və ya Qəhrəman masadan şüşə bakal götürmüşdür, ancaq bakal ilə kimi isə vurmamışlar və dalaşmada bokaldan istifadə edilməmişdir. Zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəmiş, zərərçəkmiş şəxslərlə barışmışdır. Zərərçəkmiş şəxslərin ondan şikayəti yoxdur. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 1/1 -də, yolun kənarında yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Atomsfer” adlı restonda inzibaçı işləyir. Həmin restoranın yeri və restoran özü Zərərçəkmiş şəxs2 ailəsinə məxsusdur, Xəyyam isə restoranda sahibkar və müdir kimi fəaliyyət göstərir, restorana mütəmadi olaraq gedib gəlir və işlərə nəzarət edir. Habelə restoranda Şahid1 və Şahid3 ofisiant kimi işləyirlər. Qeyd etmədir ki, həmin restoranın adı əvvəllər “Atmosfer” olmuşdur, hətta zalda köhnə adına uyğun reklamı da qalmışdır, lakin Xırdalanda bu adda başqa bir restoran açıldığı üçün çaş-başlıq yaranmamaq məqsədi ilə işlədiyi restoranın adı dəyişilərək “Atomsfer” edilmişdir. Bildirir ki, 20 may 2024-cü il tarixdə günorta saatlarında uzaq tanışları Fuad və Ruslan ilə zəngləşərək görüşmüşlər. Həmin günü o, restorana işə getməmişdir, odur ki, tanışları Ruslan və Fuad adlı şəxslər ilə görüşdükdən sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində adını bilmədiyi restoranda əyləşib yemək yeyib spirtli içki pivə içmişlər. Axşam saatlarında restorandan çıxıb onun işlədiyi “Atomsfer” adlı restorana gəlmişlər. Həmin restorana daxil olduqda zalda üzdən tanıdığı Qəhrəman, Quli və Elvin adlı şəxslərin əyləşib çay içmələrini görmüşdür. Həmin şəxslər onları öz əyləşdikləri masaya dəvət etmişlər. O, Ruslan və Fuad bu şəxslərin əyləşdikləri masada əyləşərək söhbət etməyə başlamışlar. Ruslan və o, pivə sifariş etmişlər, digərləri isə çay içmişdirlər. Saat təxminən 22 radələri olardı ki, Ruslan ilə pivə içirdilər, Ruslan sərxoş olduğu üçün onun ünvanına söyüş söyərək zarafat etmək istəmişdir, lakin o, həmin zarafatı qəbul etməyərək Ruslanın ünvanına söyüş söymüşdür. Bu zaman Ruslan qəflətən başı ilə bir dəfə onun üzünün sol hissəsindən güclü zərbə vurmuşdur. Zərbənin təsirindən o, özünü pis hiss etmişdir və arxaya getmişdir. Bundan sonra Quli adlı şəxs onu başından vuraraq geri çəkilmiş, daha sonra Qəhrəman adlı şəxs ona yaxınlaşmış, bir dəfə onun sifətindən əli ilə vurmuşdur, o, yerə yıxılanda təpiklə atmışdır və təpik onun sol əlinin birinci barmağından dəymişdir. Beləliklə restoranda dava düşərək iş fəaliyyəti pozulmuşdur. Yaranmış səs-küyə orada olan şəxslər və restoranda işləyən işçilər yaxınlaşıb həmin şəxsləri tutub ondan ayırmışdırlar. O, resotanda olan otaqlardan birinə daxil olub restoranın sahibi Zərərçəkmiş şəxs2 zəng edərək restoranda dalaşma baş verməsi barədə sonuncuya qısa məlumat verib Xəyyamı restorana çağırdı ki, xuliqanlığın qarşısını almaq lazımdır. Bir neçə dəqiqə sonra yaxında olan Xəyyam restorana gəlmişdir və o, baş verənlər barədə Xəyyama danışmışdır. Xəyyam onu sakitləşdirməyə başladıqda Ruslan adlı şəxs içəri daxil olub bir dəfə yumruqla onun çənəsindən vurmuşdur. Xəyyam Ruslanın xuliqanlıq hərəkətlərinin qarşısını alaraq Ruslanı itələyib otaqdan çıxarmışdır. Sonra isə özü də Ruslanın arxasınca otaqdan restoranın zalına çıxmışdır. O, otaqdan çıxmaq istədikdə restoranda işləyən şəxslərdən hazırda xatırlamadığı kimlər isə onu tutub otaqdan çıxmağa qoymaşırdılar ki, yenə də onu orada döyərlər. Lakin o, səs-küy səslərini eşidirdi və başa düşürdü ki, həmin şəxslər Xəyyam ilə mübahisə edərək sonuncunu döyürlər. Bir neçə dəqiqə keçdikdən otaqdan çıxmışdır və Xəyyamın vəziyyətindən və görünüşündən görmüşdür ki, həmin şəxslər Xəyyamı da döyüb pis vəziyyətə salmışlar və restorandan çıxıb getmişlər. Restoranda yalnız işçilər və müştərilər var idi. Həmin günü o, və Xəyyam Abşeron rayon Polis İdarəsinə gedərək ərizə ilə müraciət etmişlər. Bundan sonra hadisə yeri olan restorana polis əməkdaşları gəlib baxış keçirmişlər. Həmçinin, restoranda quraşdırılmış videokameranın 04 ədəd videogörüntülərində dalaşma əks olunduğundan görüntülər yazılmış diski Xəyyam polis əməkdaşlarına könüllü təqdim etmişdir. Onu Qəhrəman, Quli və Ruslan adlı şəxs vuraraq döymüşdür. Başqa heç kim onu vurmamış və döyməmişdir. Ruslan bir dəfə başı ilə onun üzünün sol hissəsindən, bir dəfə isə yumruqla çənəsindən, Quli bir dəfə yumruqla onun başının alın nahiyəsinin sol tərəfindən, Qəhrəman isə bir dəfə onun sifətinmdən əli ilə vurmuşdur, o, yerə yıxılanda təpiklə onun sol əlinin birinci barmağından vurmuşdur. Həmin hadisə zamanı orada uzaq tanışı Fuad, restoranda işləyən Şahid1, Şahid3, Xəyyamın atası X6 və tanımadığı bir neçə nəfər müştəri olmuşdur. Həmin hadisə zamanı o, Qəhrəman, Quli və Ruslan adlı şəxslərdən hər hansı birini vurmamışdır. Həmin şəxslərin onu döydüklərinin səbəbini bilmir, çünki onunla həmin şəxslərin arasında heç bir narazılıq, ədavət və düşmənçilik olmamışdır. Onu heç bir səbəb olmadan döymüşlər. Həmin şəxslərin Zərərçəkmiş şəxs2 döymələrini birbaşa görməmişdir. Belə ki, bu zaman onu otaqdan çıxmağa qoymamışdırlar. Otaqdan çıxdıqdan sonra isə artıq Xəyyamı döymüşdülər və Xəyyamın görünüşündən aydın görünürdü ki, döyülüb xəsarət almışdır. Ruslan, Quli və Qəhrəman adlı şəxslərin anket məlumatları barədə məlumatı yoxdur, o, yalnız bu şəxslərin adlarını bilir, belə ki, soyadlarını, atalarının adlarını və harada yaşadıqlarını bilmir. Həmin şəxslər hadisə zamanı hər hansı bir şüşə, dəmir və yaxud kəsici alət ilə vurmamışlar. Qəhrəman, Quli və Ruslan adlı şəxslər xuliqanlıq cinayətlərini 20 may 2024-cü il tarixdə saat 22-dən başlayaraq təxminən saat 23-dək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 1/1-də fəaliyyət göstərən “Atomsfer” adlı restonda törətmişlər. Hadisə zamanı restoranın əmlakı zədələnməmiş və məhv edilməmişdir, restorana maddi ziyan dəyməmişdir. Hadisə zamanı Qəhrəman, Quli və Ruslan adlı şəxslər birləşərək birlikdə xuliqanlıq etmişlər və bu zaman birlikdə əvvəl onu, sonra isə Xəyyamı döymüşlər. Belə ki, Qəhrəman, Quli və Ruslan adlı şəxslər səs-küy yaradaraq və ictimai qaydanı kobud qaydada pozaraq restoranda istirahət edən müştərilərin və restoran işçilərinin gözü qarşısında onun ünvanına nalayiq sözlər deyərək Ruslan adlı şəxs onun üzərinə hücum edib qəsdən başı ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur, sonra Quli və Qəhrəman da Ruslana qoşularaq onu dəfələrlə vurmuşdurlar. Bu barədə o, əvvəlki ifadəsində ətraflı göstərmişdir. O, hadisə yerinə Xəyyamı çağırdıqda sonuncu gəlib xuliqanlığın qarşısını almaq istəyəndə həmin şəxslər birlikdə Xəyyamı da döyüb pis vəziyyətə salmışdırlar. Qeyd edilən şəxslər ona xəsarət yetirdikdən sonra o, bir inzibatçı kimi restoranın müdiyi Zərərçəkmiş şəxs2 hadisə barədə məlumat verməli idi, çünki döyülmüşdü və restoranda o, olmaqla hamı xuliqanlığa məruz qalmışdı, xuliqanlıq edənlər də restoranda olmuşdular. Odur ki, o, Zərərçəkmiş şəxs2 çağırmışdır ki, gəlsin və bir müdir kimi xuliqanlığın qarşısını alsın. Lakin Zərərçəkmiş şəxs2 restorana gəlib xuliqanlığın qarşısını almaq istəyəndə həmin şəxslər Xəyyamı da döymüşdürlər. Həmin şəxslər hadisə zamanı onu hər hansı bir şüşə, dəmir və yaxud kəsici alət ilə vurmamışlar. Hadisə zamanı həmin şəxslər Zərərçəkmiş şəxs2 da hər hansı bir şüşə, dəmir və yaxud kəsici alət, bokal ilə vurmamışlar. Videokadra baxanda görmüşdür ki, hadisə zamanı kim isə masadan bokal götürür, lakin görsənir ki, bu şəxsi itələyib aralayırlar. Xəyyam da ona demişdir ki, Xəyyamı bokal və ya digər əşya ilə vurmamışlar. O, ilkin araşdırma zamanı izahatı tələsik vermişdir və hadisənin detallarını dəqiqliyi ilə göstərməmişdir. Xuliqanlıq etmiş şəxslərdən Quli adlı şəxsin Təqsirləndirilən şəxs olması araşdırma zamanı ona məlum olmuşdur. Qəhrəman barədə ətraflı məlumatı yoxdur. Ruslan adlı şəxsin əvvəllər ***-***-**-** mobil nömrəsi var idi, lakin hadisədən sonra o, zəng edəndə müəyyən edilmişdir ki, bu nömrəni hadisəyə aidiyyəti olmayan Fərhad adlı şəxs işlədir. Hadisədən əvvəl çörək yediyi Fuad və Ruslan adlı şəxslər onun yaxın qohumları və ya yaxın dostları, qonşuları deyillər. Ruslan adlı şəxsin əvvəllər ***-***-**-** mobil nömrəsi olmuşdur, lakin hadisədən sonra o, zəng edəndə müəyyən edildi ki, bu nömrəni hadisəyə aidiyyəti olmayan Fərhad adlı şəxs işlədir. Odur ki, Ruslanı tapa bilməmişdir. Fuadın da onda başqa məlumatları yoxdur. Həmin hadisə zamanı hadisə yerində qeyd edilən xuliqanlıq etmiş şəxslərdən başqa uzaq tanışı Fuad, restoranda işləyən Şahid1, Şahid3, Xəyyamın atası X6 və tanımadığı bir neçə nəfər müştəri olmuşlar. Araşdırma zamanı o, soraqlaşsa da, həmin müştərilər barədə əlavə məlumatlar əldə edə bilməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş (maddi və mənəvi) ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddiası və tələbi yoxdur və gəkəcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Əsas günahkar Ruslandır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 1/ 1-də, yolun kənarında yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən “Atomsfer” adlı restoran onların ailəsinə məxsusdur, o, bu restoranda sahibkar və müdir kimi fəaliyyət göstərir. Restorana mütəmadi olaraq oraya gedib gəlir və işlərə nəzarət edir. Restoranda Zərərçəkmiş şəxs1 inzibatçı işləyir. Habelə restoranda Şahid1 və Şahid3 ofisiant kimi işləyirlər. 20 may 2024cü il tarixdə saat təxminən 22 radələri olardı ki, yaşadığı evdə olan zaman Elgün ona zəng edərək restortanda tanımadığı şəxslər tərəfindən döyülməsini bildirib kömək üçün onu restorana çağırmışdır. Bundan sonra o, təcili yaşadığı evdən çıxaraq restorana getmişdir və oraya çataraq içəri daxil olmuşdur. Restoranda olan otaqlardan birinə daxil olduqda Elgünün tək əyləşməsini və ağlamasını görmüşdür. Elgündən nə baş verməsini soruşduqda sonuncu üç nəfər müştəri tərəfindən döyülməsini demişdir. Elgünün danışıqlarından hiss etmişdir ki, sonuncu spirtli içki içmişdir, çünki Elgündən spirtli içki iyi gəlirdi. O, Elgünü sakitləşdirməyə başladıqda əvvəllərdən tanımadığı və görmədiyi, adını sonradan öyrəndiyi Ruslan adlı şəxs içəri daxil olmuş, Elgünə yaxınlaşıb bir dəfə yumruqla sonuncunun sifətindən vurmuşdur. O, dərhal Ruslanı itələyərək otaqdan çıxartmışdır. Sonra isə o, özü də Ruslanın arxasınca çıxıb sonuncuya Elgünü vurduğuna görə iradını bildirmişdir. Bu zaman Ruslan bununla razılaşmadığı üçün aralarında sözlə mübahisə yaranmışdır və masada əyləşən iki nəfər şəxs onlara yaxınlaşmışdır. Ona məlum olmuşdur ki, ona yaxınlaşan həmin şəxslər Elgünün tanışlarıdır və birlikdə restorana gəlmişlər. Sonradan öyrənmişdir ki, həmin şəxslərin birinin adı Qəhrəman, digərinin adı isə Qulidir. O, Ruslan ilə sözlə mübahisə edən zaman Qəhrəman adlı şəxs heç bir səbəb olmadan ardıcıl olaraq bir dəfə yumruqla onun başının alın nahiyəsindən, bir dəfə isə sol gözündən vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır və dərhal yerdən qalxmışdır. Yerdən qalxan zaman Quli adlı şəxs, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğu məlum olan şəxs ardıcıl olaraq yumruqla bir dəfə üzünün sol göz hissənin altından, bir dəfə isə burun ilə dodağından vurmuşdur. O, arxaya getdikdə Ruslan adlı şəxs üzərinə gələrək bir dəfə yumruqla onun sağ qulağından vurmuşdur. Beləliklə həmin şəxslərin xuliqanlıq hərəkətləri nəticəsində müştərilər narahat oldular və restoranın iş fəaliyyəti pozulmuşdur. Səs-küy yarandığı üçün restoranda olan müştərilər və işçilər həmin şəxsləri sakitliyə dəvət etmişdirlər və dalaşmaya son qoya bilmişdirlər. Həmin vaxtı atası Səyyad da restoranda olmuşdur və hadisənin şahidi olmuşdur. Sonra xuliqanlıq edən həmin şəxslər restorandan qaçaraq çıxıb getmişdirlər. Həmin günü o, və Elgün Abşeron rayon Polis İdarəsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmişdirlər. Onu konkret olaraq Qəhrəman, Quli və Ruslan adlı şəxslər vuraraq döymüşdürlər. Başqa heç kim onu vurmamış və döyməmişdir. Quli adlı şəxsin sonradan adının Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Onu ilkin olaraq Qəhrəman adlı şəxs yumruqla bir dəfə başının alın nahiyəsindən, bir dəfə isə sol gözündən, Quli adlı şəxs yumruqla bir dəfə üzünün sol göz hissəsinin altından, bir dəfə isə burun ilə dodağını birləşəcəyi nahiyəsindən, Ruslan adlı şəxs isə bir dəfə yumruqla sağ qulağından vurmuşdur. Həmin şəxslərin onu döymələrinin səbəbini bilmir, çünki o, həmin şəxslərin heç birini tanımır, bu şəxslərlə heç bir narazılığı, ədavəti və düşmənçiliyi olmamışdır. Onu heç bir səbəb olmadan döymüşlər. Həmin hadisə zamanı restoranda müştərilər və restoranın işçiləri var idi. Habelə atası Səyyad da restoranda olduğu üçün hadisənin şahidi olmuşdur. Müştəriləri isə tanımır. Orada olan şəxsləri daha yaxşı Elgün tanıyır. O, restorana çatdıqda artıq həmin şəxslər Elgünü döymüşdülər. Ona görə də Elgünün döyülməsini görməmişdir. Həmin şəxslər onu şüşə, dəmir və yaxud kəsici alət ilə vurmamışlar. Yalnız onlardan xatırlamadığı biri masanın üzərindən şüşə bakal götürsə də, sonra kim isə bu şəxsi qoymadı, tutub sakitləşdirdilər və bu şəxs bokalı başqa masaya qoymuşdur. Yəni bu şəxslər heç bir əşyadan xuliqanlıq zamanı istifadə etməmişlər. Onu heç kim şüşə bakal ilə vurmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş (maddi və mənəvi) ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddiası və tələbi yoxdur və gəkəcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdırMəhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 cinayət işi üzrə şahid qismində dindirilərkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadələr verərək onların söylədiklərini təsdiq etmişdirlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata götürmək barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1023 saylı ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın alın-təpə nahiyəsinin qançır, şişkinliyi, sol göz almasının kontuziyası və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının qançır, şişkinliyi, üzün sol gözaltı və burun-dodaq büküçü nahiyələrinin sıyrıqları, burun nahiyəsinin qançırı, sağ qulaq seyvanının əzilmiş yarası və qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən' xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 2. Vət.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən əllə, yumruqla və bokalla vurulan zərbələr təsirindən əmələ gələ bilərdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1024 saylı ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın alın və sol təpə nahiyələrinin, üzün sol almacıq və yanaq nahiyələrinin, çənə nahiyə sinin şişkinlikli qançırları, sol əlin İ barmağının qançır, şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və ayrı-ayrılıqda hər biri sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 2. Vət.Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfimdən kəllə və yumruqla vurulan zərbələr təsirindən əmələ gələ bilərdi. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 33 Əlavə saylı ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət aşkar edilməmiş xəsarətlər - başın alın-təpə nahiyəsinin qançır, şişkinliyi, sol göz almasının kontuziyası və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının qançır, şişkinliyi, üzün sol gözaltı və burun-dodaq büküşü nahiyələrinin sıyrıqları, burun nahiyəsinin qançırı, sağ qulaq seyvanının əzilmiş yarası və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə başın alm-təpə nahiyəsinin qançır, şişkinliyi, sol göz almasının kontuziyası və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının qançır, şişkinliyi, sağ qulaq seyvanının əzilmiş yarası və qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, digər xəsarətlər isə ayrı-ayrılıqda hər biri sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 2. Vət.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən əllə, yumruqla və bokalla vurulan zərbələr təsirindən əmələ gələ bilərdi. 3. Vət.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerinə görə onların Zərərçəkmiş şəxs2 öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfimdən yetirilməsi inandırıcı deyil. “Cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Könüllü gəlmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Abşeron Rayon Polis İdarəsinə könüllü gəlmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il ytarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanımaq” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 kğönüllü təqdim etdiyi cinayət hadisəsinin görüntüləri yazılmış 01 ədəd “Bingo” markalı DVD-R diski cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. “Sübutların qiymətləndirilməsi və törədilmiş cinayət əməllərinin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.2.3-cü maddələrinə tövsif edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxsin soyadı, adı və ata adı rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs kimi qəbul olunaraq oxunması, cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zəerərçəkmiş şəxslər və şahidlərin ifadələri, əldə olunmuş maddi sübut, baxış protokolları, ekspertiza rəyləri və işdə olan digər istintaq materialları sübut növü kimi qəbul olunması qərara alınmışdır. “Başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəlıi cinayət işindən Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək əlbir olan bir qrup şəxs halında qərəzli xuliqanlıq cinayətini törətmiş, şəxsiyyətləri istintaqa məlum olmayan “Ruslan” və “Qəhrəman” adlı şəxslərin müəyyən edilmələri istiqamətində istintaq-əmıliyyat tədbirlərinin davam etdirilərək nəticəsindən aılı olaraq qanuna müvafiq qərar qəbul edilməsi məqsədilə barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-406/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə MSY-nə təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş (maddi və mənəvi) ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddiası və tələbi yoxdur və gəkəcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş (maddi və mənəvi) ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddiası və tələbi yoxdur və gəkəcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. "Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1- ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək növündə iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 01 ay müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində hökm qanuni qüvvəsini alanadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət hadisəsinin görüntüləri yazılmış 01 ədəd “Bingo” markalı DVD-R diski 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 17 saata görə 102 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil bürosunun hesabına köçürülməli, Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 55 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 01 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 20:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində hökm qanuni qüvvəsini alanadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 17 saata görə 102 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil bürosunun hesabına köçürülsün, Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar