Məhkəmə qərarları › İş №1(012)-407/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-407/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-407/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, «Oba» marketlər şəbəkəsinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 12 saylı filialın müdri vəzifəsində işləyən, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq y/m-də nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində müdiri vəzifəsində işlədiyi «Oba» marketlər şəbəkəsinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 12 saylı filialında, səlahiyyəti və icazəsi olmadan gətirilən yeni malları qəbul etməsi ilə bağlı sözügedən mağazanın satıcı-kassiri işləyən Zərərçəkmiş şəxs irad bildirməsi səbəbindən tərəflər arasında mübahisə yaranmış, mübahisə zamanı sonuncunun siftə nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq, ona sol göz almasının kontuziyası (əzilməsi ilə müşahidə olunan), sol göz qapaqlarının, sol göz altı, eləcə də burun və sol kürək nahiyələrinin qançırlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Oba» marketlər şəbəkəsinin Xırdalan şəhərində yerləşən 12 saylı filialında müdür vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə o, işdən icazə alıb evə getmiş, həmin gün saat 20 radələrində növbəni ondan təhvil alacaq digər işçi Vüqar ona zəng edərək depodan gələn malın mağazaya onun iştirakı olmadan qəbul edildiyini bildirmiş və onu mağazaya çağırmışdır. Bu səbəbdən də o, iş yerinə gəlmiş və mah onun icazəsi və iştirakı olmadan qəbul etdiyinə görə satıcı-kassir işləyən Oktaya iradını bildirmişdir. Lakin Oktay haqsız olmasına baxmayaraq onunla aqressiv və kobud tərzdə danışdığından onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Oktay əli ilə onu itələdiyindən o da eyni hərəkətlə qarşılıq vermişdir. Bunu görən Vüqar isə dərhal onları ayırmışdır. Həmin vaxt Oktay təpik atsa da onu vura bilməmişdir. Bundan sonra o, söhbət etmək məqsədilə Oktayla birlikdə anbara getmiş və oraya daxil olan zaman o, Oktaym sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən müvazinətini itirən Oktay yerə yıxılmış, daha sonra isə ayağa qalxaraq yenə də onunla təhqiramiz və kobud formada danışdıqdan sonra oradan çıxıb getmişdir. Mübahisə 2-3 dəqiqə dava etmiş, eləcə də həmin vaxt əsəbləşib Oktayı yumruqla vursa da sonuncunun onu döyməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Oba» marketlər şəbəkəsinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 12 saylı filialında satıcı-kassir vəzifəsində işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə həmin filialın müdiridir və aralarında əvvəllər hər hansı bir narazılıq və ya mübahisə baş verməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində işdə olan zaman mağazaya anbardan məhsullar gətirilmiş və həmin vaxt Mehdi mağazada olmadığından o, gətirilmiş malları təhvil alıb vitrinlərə və dükana yerləşdirilməsini təmin etmişdir. Həmin gün saat 20 radələrində mağazaya gələn Mehdi bunu görüb nə üçün onun icazəsi olmadan bunu etdiyini soruşmuş, o isə cavabında niyyətinin yalnız kömək etmək olduğunu bildirmişdir. Bundan sonra Mehdi kobud tərzdə ondan kim olduğunu və hansı səlahiyyət əsasında malları qəbul etdiyini bir daha soruşduğundan o, bu tərzdə danışmamasmı xahiş etmişdir. Bu zaman Mehdi əsəbləşərək yaxasından tutub onu anbara salmış və itələmişdir. O, zorakılıq etməməsini tələb etdiyində isə Mehdi əli ilə onu sinəsindən vurduğundan o da Mehdini itələmişdir. Həmin vaxt Mehdi onun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş və həmin zərbənin təsirindən o, huşunu itirib yerə yıxılmış və bir neçə dəqiqə ərzində huşsuz vəziyyətdə qalmışdır. Yaranmış səs-küyü iş yoldaşı Vüqar eşidərək oraya gəlmiş və Mehdini ondan kənarlaşdırmışdır. Bir qədər sonra o, özünə gəlmiş və şikayət edəcəyini bildirərək işdən çıxıb evə getmiş, olanları atası Cabbara danışmış, sonuncu isə DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Mübahisə ümumilikdə 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada adlarını qeyd etdiyi şəxslərdən başqa kimsə olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2 ildir ki, «Oba» marketlər şəbəkəsində filial müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Xırdalan şəhərində yerləşən 12 saylı filialının müdiri, Zərərçəkmiş şəxs isə həmin mağazada satıcı-kassir işləyirlər. Mehdi işdən çıxmaq üçün bir müddət əvvəl ərizə ilə müraciət etdiyindən həmin filiala rəhbərlik etmək də ona tapşırılmışdır. Buna görə də o, mağazanı təhvil almaq məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində oraya getmişdir. Gün ərzində orada olsa da saat 18 radələrində icazə alaraq çıxıb getmişdir. Təxminən saat 19:30 radələrində yenidən mağazaya qayıtdığında o, mağazaya yeni malların gəldiyini və həmin malların Oktay tərəfindən qəbul edildiyini görüb bu barədə Mehdinin məlumatının olub-olmadığını soruşmuş, Oktay isə Mehdiyə xəbər vermədiyini demişdir. Buna görə də o, Mehdiyə zəng edərək mağazaya gəlib yeni malları şəxsən təhvil almasını xahiş etmişdir. Bir müddətdən sonra, saat 20:30 radələrində Mehdi mağazaya gəlmiş və hansı səbəbdən ondan xəbərsiz malları qəbul etdiyini Oktaydan soruşmuşdur. Oqtay isə məcburiyyət qarşısında bunu etdiyini, daha sonra isə ona xəbər verməyi unutduğunu bildirmişdir. Bu mövzuda Mehdi mübahisə edərək Oktayı dükanın anbarına çağırmışdır. O isə öz növbəsində dərhal onların arxasınca getsə də içəriyə daxil olduğunda artıq Oktayın yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “MTE və PA Birliyi” PHŞ-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 378 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz almasını kontuziyası (əzilməsi ilə müşahidə olunan), sol göz qapaqlarının, sol göz altı, eləcə də burun və sol kürək nahiyyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s) təsirindən əmələ gələ bilmələri mümkündür; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar