Məhkəmə qərarları › İş №1(012)-409/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-409/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-409/2022 16.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Hüseyn oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, mülki iddiaçı «Şimal» X6 və Satışı idarəsinin nümayəndəsi X3 və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi 3A, mənzil 10-da qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 23-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 fevral 2022-ci ildə saat 03 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan SAİPA SARİNA EX markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı hissəsinin 1-ci hissəsinin 3-cü bəndinini tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, həmin maddənin tələblərinə riayət etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, idarə etməni itirdiyindən avtomobil yolun sağında yerləşən işıq dirəyinə dəymiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan SAİPA SARİNA EX markalı avtomobilin sərnişinlərindən X4 baş-beyinin toxumasına, qişalarına qansızma, sağ tərəfli subdural hematoma, beyinciyə, uzunsov beyinə və Varolio körpüsünə qansızmalar, kəllə və üz skleti sümüklərinin sınıqları, başın yumşaq toxumalar altına və sağ gicgah əzələsinə qansızma, qaraciyərin cırılması, nazik və yoğun bağırsaq müsariqələrinin cırılması, sağ böyrəkətrafı piy toxumasına və sağ,böyrəyə qansızmalar, hər iki gözaltı nahiyənin və hər iki göz qapaqlarının qançırları, başın sol alın-gicgah hissəsinin, sol bazu oynağı və bazu nahiyəsinin, sol əlin arxa səthinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İİ, İİİ, İV barmaqlarının, sağ diz oynağı nahiyəsinin, sol baldır, sağ ayağın iç-topuğunun, sol almacıq nahiyələrinin sıyrıqları və sol əlin İV barmağının cırılmış yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə saat 22:00-da X22 Klinikasında ölməsinə, Zərərçəkmiş şəxs3 alın sümüyünün, hər iki almacıq və əng sümüklərinin, burun sümüyünün, alt çənənin qəlpəli yerdəyişmiş sınıqları, soldan birinci dişin travmatik çıxığı ilə müşayiət olunan baş beynin yüngül dərəcəli əzilməsi kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs2 daxili qanaxma ilə nəticələnən dalağın travmatik cırılması, sol kürək nahiyəsinin qançırı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almalarına səbəb olmuşdur.Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus kreditlə aldığı «Saipa» markalı avtomobili var. Hüseyn onun dostu olmuşdur. O, Hüseynə görə qardaşı Namiqi tanımış, hər iki tərəflə münasibəti yaxşı olmuşdur. Nicatı isə Hüseynin vasitəsilə tanımışdır. Onunla dostluq münasibətlərində olmuşdur. 03 fevral 2022-ci il tarixdə axşam vaxtlarında dostları Hüseyn və Namiqlə görüşüb sonuncuların Sumqayıt şəhərndə yaşadıqları evə getmişlər. Evlərinə getməmişdən əvvəl onların evinə yaxın yerdə marketdə Hüseyn ev üçün bazarlıq etmiş və bir şüşə araq almışdır. Saat 21 radələrində onlar evdə olmuşlar. Namiq süfrə hazırlamış, onlar yeməyə başlamışlar. Həmçinin onların qarşısına araq içmək üçün araq bardağı da qoymuşdur.Hər üçünə araq süzülmüşdür. Onlar araq içmişlər. O, özünü yaxşı hiss etmədiyi üçün bakalı toqquşdurduqdan sonra stolun üstünə qoymuşdur. O. araq içməmiş, Hüseyn və Namiq az-az araq içmişlər. Demək olar ki, araq şüşəsinin yarısı içilmişdir. 03 fevral 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixinə keçən gecə saat 01 radələrində o, vatsap vasitəsilə Nicatla mesajlaşmış, sonra Nicata Hüseynə məxsus telefonla zəng vurmuşdur. Mikrafonla Nicatla danışmış və Nicatın yanına Binəqədi rayonuna getməyə hazırlaşmışlar. Əvvəlcədən özündə bir narahatçılıq olduğu üçün özünü pis hiss etdiyinə görə Hüseyn Kamran adlı əmisi oğlunun onlara gələcəyini, elə maşını Kamranın sürməsini demişdir. O, etiraz etməmiş, birazdan sonra Kamran idarə etdiyi avtomobillə gəlmiş, öz avtomobilin saxlayıb onların avtomobilinə yaxınlaşmışdır. O, sükan arxasından düşüb arxa sol oturacağa keçmişdir. Kamran sükan arxasında oturmuşdur. Həmin vaxtı Hüseyn qabaq sağ oturacaqda, Namiq arxa sağ oturacaqda Namiq onun yanında əyləşmişdir. Yol boş olduğu üçün yaxın vaxt ərzində Nicat gilin evinə yaxınlaşmışlar. Nicat gəlib arxa sağ oturacaqda əyləşmişdir. Namiq arxa orta oturacaqda oturmuşdur. Nicat danışdıqları ərəfədə yeyib- içdiyini. İçkli vəziyyətdə olduğunu bildirmişdir. Razılığa əsasən onlar geriyə Sumqayıt şəhərinə qayıtmalı olmuşlar. Kamran yolda marketlərin birinin yanında avtomoblili saxlamış, Nicatla Hüseyn marketə daxil olub əllərində pivə maşina qayıtmışlar. Onların hərəsinə bir pivə vermişdir. Kamrandan başqa onların hər birinin əlində pivə olmuşdur. Uşaqlar kimi o, da pivəni açmış dilnə vurmuş, lakin özünü yaxşı hiss etmədiyi üçün içə bilməmiş, lakin uşaqlar pivəni içmişlər. Bir az avtomobillə gəzdikdən sonra Hüseyngilin məhləsinə gəlmişlər. Kamran avtomobildən düşüb öz avtomobilinə əyləmiş. O. avtomobildən düşüb sükan arxasına keçmiş, çünki Kamran evə getmək istəmişdir. Onlar maşınla bir az gəzmək qərarınaa gəlmişlər. O, avtomobili hərəkətə gətirmiş və sürmüşdür. Hər kəs öz yerində oturmuşdur. O, avtomobili bir az sürətlə sürmüşdür. Ümumiyyətlə o, avtomobili sürətlə idarə edir. Avtomobili sürətlə idarə etdiyi üçün Nicat ona iradını bildirmişdir. O, əhəmiyyət verməmiş, hətta onlara zarafatla onlara «mənim avtomobilim 2-ci sürət qutusunda 120 km/saat sürətlə gedə bilir, narahat olmayın»-demişdir. Bu zarafat idi, 2-ci sürət qutusunda heç bir maşın 120 ilə gedə bilməz. Bir xeyli hərəkət etdikdən sonra onun sağdan qarşısına avtomobil çıxdığını görüb özünü itirmiş, həmin avtomobillə toqquşacağını düşünmüş və avtomobilin sükanını sağasola burmuş, avtomobil sürüşmüşdür. Bundan sonra heç nə xatırlamamışdır. Özünə gələndə Kamranın Hüseyni, daha sonra Namiqi və Nicatı avtomobildən çölə çıxartdığını görmüşdür. O, avtomobildən düşmüş, ayağının qırıldığını görmüşdür. Kamran Hüseyngilin öz avtomobilinə qoymuş, orada onu təhqir etmiş, Kamran onun üstünə hücum etmək istərkən oraya toplaşan şəxslər onun qarşısına keçib bonu döyməyə qoymamışlar. Onu kənara çəkmişlər. O, kənarda taksi sürücüsünə yaxınlaşmış, vəziyyəti izah etmiş, telefonu ilə onun atasına zəng vurmasını xahiş etmiş, taksi sürücüsünün telefonu ilə atasına zəng vurmuş, bir neçə dəqiqədən sonra atası hadisə yerinə gəlmişdir. Artıq yaralılar xəstəxanaya getmişdir. Hadisə yerinə müstəntiq gəlmiş, o. atası ilə birlikdə müstəntiqə yaxınlaşmışdır. Atası müstəntiqə «oğlumdur. Sürücüdür, ayağı qırılıb, biz xəstəxanaya getmək istəyirik»-demişdir. Müstəntiq onlara Sumqayıt şəhər xəstəxanasına getmələrini demişdir. O, atası ilə birlikdə taksi nişanlı avtomobillə Sumqayıt şəhər TTYX-na getmişlər. Bir neçə dəqiqədən sonra həmin müstəntiq xəstəxanaya gəlmiş, ondan tibb bacısı ilə birlkidə 1 şpris qan götürmüşlər. Xəstəxanada o, Namiqlə eyni palatada yatmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Zərərçəkmiş şəxs1 Hüseyn oğlu göstərdi ki, X9 və Zərərçəkmiş şəxs2 onun oğludur. O, ailəsi ilə birlikdə Tərtər rayonu Bəyimsarov kəndində yaşayır. Təxminən 10 il əvvəl oğlanları üçün Sumqayıt şəhərində 4 otaqlı ev almışdır. X18 rayonu, Xırdalan şəhərində qızıl işi ilə məşğul olduğu üçün həmin evdə qardaşı Namiq ilə birlikdə yaşamışdır. O, hərdən oğluna baş çəkmək üçün onun yanına getmişdir. Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs onun oğlu Hüseynin tanışları idi. O. rayonda olarkən xx.xx.2022-ci il tarixdə oğlu Hüseyn qardaşı Namiq ilə Xırdalan şəhərində onun iş yerində görüşüb söhbət edən zaman Hüseynin tanışı Bayram onların yanına gəlmiş, birlikdə bilyard oynamağa getmişlər. Sonradan isə Bayram idarə etdiyi avtomobil ilə onları Sumqayıt şəhərində oğlu Hüseynin yaşadığı evə aparmışdır. Onlar evə qalxdıqdan sonra Hüseynlə Bayram araq alaraq gətirmiş, üçü birlikdə içmişlər. Sonra isə Bayram tanışı Nicata zəng edib onunla danışmış, birlikdə ora getməyə qərarlaşmış, lakin oğlu Hüseyn içkili olduğu üçün Bayramı maşın sürməyə qoymayaraq əmisi oğlu Kamranı çağırmış, o, isə sürücü kimi onları Binəqədi rayonuna Nicatın yaşadığı evə aparıb sonuncunu da götürərək onları Sumqayıt şəhərində Hüseynin yaşadığı evin həyətinə aparıb qoymuş, oradanda öz avtomobilinə minib çıxıb getmişdir. Həmin vaxtı Bayram sərxoş vəziyyətdə arxa oturacaqdan düşüb sükan arxasına əyləşərək avtomobili sürməyə başlamışdır. Yola çıxan zaman qardaşı oğlu Kamran onun avtoqmobil sürdüyünü görüb ona saxlayaraq sərxoş vəziyyətdə hara getdiyini soruşmuşdur. Lakin Bayram nə Kamranın, nədə ki, avtomobildə olan şəxslərin ona etdikləri iradlarına baxmayaraq avtomobili yüksək sürətlə sürərək Abşeron rayonu Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan Zərərçəkmiş şəxs3, oğlanları Hüseyn və Namiq, eləcə də sürücü Bayram müxtəlif bədən xəsarətləri alaraq sümqayıt şəhər TTYX-na yerləşdirilmişlər. Oğlu Hüseynin vəziyyəti ağır olduğu üçün onu X14 yerləşdirmişlər. Buna baxmayaraq oğlu Hüseyn xx.xx.2022-ci il tarixdə axşam saatlarında aldığı xəsarətlərdən ölmüşdür. Digər oğlu Namiq isə aldığı xəsarətlərdən müalicə olunmuşdur. Qeyd etmişdir ki, hadisə baş verən zaman Bayram avtomobildən düşüb yolu keçərək onlara kömək etmək əvəzinə başqa bir avtomobilə minib hadisə yerindən uzaqlaşmış, hətta yaxınları ilə yas mərasiminə gəlib mərhumun ailəsinə başsağlığı verməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Hüseyn oğlu mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyan kimi 27345 (iyirmi yeddi min üç yüz qırx beş) manat, dəymiş mənəvi ziyan kimi 30000 (otuz min) manat məbləğində pulun tutulub mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) Zərərçəkmiş şəxs1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Sumqayıt şəhərində qardaşı Hüseyn ilə birlikdə yaşamışdır. Qardaşı Hüseyn qızıl işi ilə məşğul olmuş, yəni zərgər işləmişdir. Xırdalan şəhəri ərazisində lombardda işləmişdir. Hadisədən təxminən bir il əvvəl Bayram və Nicat adlı şəxsləri qardaşı Hüseynin vasitəsilə tanımışdır. Onlarla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qardaşı Hüseynin iş yerində olarkən qardaşının Bayram adlı tanışı onların yanına gəlmiş, həmin günü saat 20 radələrində onlar bilyard salonundan çıxıb Bayramın idarə etdiyi avtomobillə «SAİPA» markalı avtomobillə Sumqayıt şəhərində yerləşən evinə getmişdir. Həmin vaxtı onun yaşadığı evdə hazır yemək olmuşdur. X15 ilə birlikdə evdən marketə gedib 1 ədəd 750 qram spirtli içki araq alaraq gətirmişlər. Onlar birlikdə həmin arağı içmişlər. Sonra Bayram tanışı Nicat adlı şəxsə zəng edib «bizə nə qulluq edə bilərsən?»-deyə soruşmuş, Nicat isə telefonda 10 manat pulu olduğunu, həmin pula nə düşərsə alacağını demişdir. Bayram Nicata yola çıxmasını gəlib onu götürəcəyini bildirmişdir. Onlar çıxıb getmək istəyəndə X15a «sən sərxoşsan, maşın sürmə, mən getmirəm»- demişdir. Sonra əmisi oğlu Şahid2 zəng vuraraq onlara sürücü lazım olduğunu bildirib mexanika maşın sürə bildiyini soruşmuşdur. Bundan sonra Kamran maşın sürə bildiyini dedikdən sonra o, Kamranı evinə çağırmışdır. Təxminən 20 dəqiqədən sonra saat 23:30 radələrində əmisi oğlu Kamran onun yaşadığı evə gəlmiş, Bayramın maşınını sürüb onları Binəqədi rayonuna Nicatın evinin yaxınlığına aparmışdır. Orada onlar Nicatı 25 dəqiqə gözləmişlər. Sonra Nicat gəlmiş onlar birlikdə Sumqayıt şəhərinə yaşadığı evin həyətinə gəlmişlər. Sürücü Kamran avtomobildən düşüb öz avtomobilinə minərək öz evinə getmək üçün geri hərəkət etdirmişdir. Həmin vaxtı Bayram arxa oturacaqdan düşüb sükan arxasında əyləşərək « mən bir kuruq edib gəlirəm»-demişdir. Bu zaman Kamran Bayramın avtomobilini sərxoş vəziyyətdə sürərək getdiyini görüb onu saxlatmış və ona «sən sərxoşsan, hara belə bir vəziyyətdə gedirsən, yanındakıları öldürəcəksən»-demiş, lakin Bayram nə Kamranın. Nə dəki onların sözünə fikir verməyərək «narahat olmayın»-deyib avtomobili sürərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisindəki «İnternat»ın dairəsi deyilən ərazidən dönüb geri qayıdarkən Bayram avtomobili 2-ci sürət qutusuna keçirərək onun avtomobilinin 2-ci sürət qutusu ilə 130 km/saat sürətlə hərəkət etdiyini deyib avtomobili sürmüşdür. Nicat isə arxadan «Bayram sən bizi qıracaqsan, asta sür»demişdir. Bayram heç kimin sözlərinə məhəl qoymayaraq avtomobilin sürətini artırmışdır. Onlar Saray ərazisində olarkən o. arxa oturacaqda irəlini aydın görmüş, həmin vaxtı qarşıda yəni «Araz» marketin qarşısından gümüşü rəngli Mercedes markalı furqon avtomobil çıxmış, Bayram ona işıqla işarə etmiş, lakin Bayram avtomobili yüksək sürətlə sürdüyü üçün idarəetməni itirdiyindən əyləşdiyi avtomobil yolun sağ kənarında olan səkiyə dəymişdir. Bundan sonra nə hadisə baş verdiyini xatırlamamışdır. Ayılanda xəstəxanada olmuşdur. O, ilkin izahat və ifadəsində hadisədən sonra Bayramın avtomobildən düşüb yol maşınına əyləşərək hadisə yerindən uzaqlaşdığını göstərsə də sonuncu ifadəsində hadisə baş verən vaxtı özündə olmadığını 2 gün sonra xəstəxanada ayıldığını göstərmişdir. Bildirmişdir ki, hadisə zamanı avtomobildə qardaşı Hüseyn qabaq sağ oturacaqda, o, sürücünün arxasındakı sol oturacaqda, Nicat isə Hüseynin arxasındakı sağ oturacaqda əyləşmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyan kimi 5000 (beş min) manat, dəymiş mənəvi ziyan kimi 15 000 (on beş min) manat məbləğində pulun isə tutulub digər mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, X5 2009-cu ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında lombardda işlədiyi müddətdə tanımış, həmin vaxtı o, da mağazada qızıl alqı-satqısı ilə məşğul olmuşdur. O, Hüseyni tanıdıqdan sonra onun ailə üzvlərini, həmçinin qardaşı Namiqi də tanımışdır. Təqsirləndirilən şəxs isə Hüseynin vasitəsilə hadisədən təxminən 5-6 il əvvəl Xırdalan şəhəri ərazisində onun işlədiyi qızıl mağazasında tanımışdır. Onun Bayrama qarşı heç bir düşmənçilik və ədavəti, olmamışdır. 04 fevral 2022-ci il tarixdə saat 02-03 radələrində yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi. 1-ci mədəndə yerləşən evində yatarkən Bayram onun istifadəsində olan telefona zəng vuraraq harada olduğunu soruşmuşdur. O, evində olduğunu bildirmiş, Bayram sərxoş vəziyyətdə ona nə qulluq edə biləcəyini soruşmuşdur. O, isə 10 manat pulu olduğunu, həmin pula nə düşərsə ala biləcəyini demişdir. Sonra isə o, Bayramdan harada olduğunu soruşmuş, sonuncu ona Hüseynin Sumqayıt şəhərində yerləşən evində Hüseynlə yeyib-içdiyini və gəlib onu götürəcəyini bildimrişdir. O, Bayrama sərxoş vəziyyətdə gəlməməsini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Bayram telefon vasitəsilə yenidən ona zəng vuraraq evinin yaxınlığında olduğunu demişdir. 5-10 dəqiqədən sonra o, evdən çölə çıxdıqda Bayramın idarə etdiyi «SAİPA» markalı avtomobil ilə gəldiyini görmüşdür. Avtomobilə yaxınlaşdıqda avtomobilin sükan arxasında əvvəllər tanıdığı Hüseynin əmisi oğlu Kamranın, qabaq sağ oturacaqda Hüseynin, sürücünün arxasında Bayramın, Hüseynin qardaşı Namiqin isə Hüseynin arxasındakı oturacaqda əyləşdiyini görmüşdür. O, avtomobilə yaxınlaşmış, Namiq ortaya keçdiyi üçün o. arxa sağ oturacaqda əyləşmişdir. Avtomobilə əyləşən zaman onların sərxoş olduqlarını görmüşdür. Avtomobili isə Kamran ayıq vəziyyətdə sürmüşdür. Onlar birlikdə Sumqayıt şəhərinə Hüseynin yaşadığı məhləyə getmişlər. Kamran avtomobildən düşmüş və onları evə dəvət etmişdir. Həmin vaxtı Bayram arxa oturacaqdan düşüb sükan arxasında əyləşmiş və avtomobili sürməyə başlamışdır. O, Hüseyn və Namiq Bayrama maşını sürməməsini etirazını bildirsələr də sonuncu onlara əhəmiyyət verməmiş, həmin vaxtı Kamran məhəllədə Bayramın avtomobilini saxladıb ona iradını bildirərək «sən sərxoş vəziyyətdə bu uşaqları öldürəcəksən, maşını sümnə»-demişdir. Ancaq Bayram onları və Kamranı eşitməyərək yoluna davam etmişdir. Bayram Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki «İnternatın» dairəsi deyilən ərazidən dönüb geri qayıdarkən Bayram avtomobili 2-ci sürət qutusuna keçirib 130 km/saat sürətlə getdiyini deyib sürmüşdür. O, isə Bayrama «avtomobili asta sür bizi qıracaqsan»-demişdir. Hüseyn isə «sən bizi ölümə aparırsan. Maşını yavaş sür»-bildirmişdir. Bayram heç kimi sözlərinə məhəl qoymayaraq avtomobilin sürətini artırmışdır. Onlar Saray ərazisində olarkən o. arxa oturacaqda oturduğundan irəlini sərbəst görə bilməmişdir. Birdə onu görmüşdür ki, Bayram avtomobilin idarəetməsini itirmiş və əyləşdiyi avtomobil yolun sağ kənarında olan səkiyə dəymişdir. Bundan sonra nə hadisə baş verdiyini xatırlamamışdır. Ayıldıqda xəstəxanada olmuşdur. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə günü yol-nəqliyyat hadisəsi olan vaxta kimi Təqsirləndirilən şəxs narkotik vasitə və ya spirtli içki qəbul etdiyini görməmiş, lakin telefonda yeyib-içdiyini və Kamranın onun avtomobilini sürdüyünə görə belə qənaətə gəlmişdir ki, Bayram hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs da ayağı sındığı üçün taksi nişanlı avtomobillə Sumqayıt şəhər xəstəxanasına getmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında mülki iddiaçı qismində dindirilən «Şimal» X6 və Satışı idarəsinin nümayəndəsi X10 göstərdi ki, 04 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus «SAİPA SAİNA EX» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən yolun Saray MTK yaşayış kompleksinin qarşısından keçən hissəsində idarəetməni itirdiyindən avtomobil yolun sağ kənarında yerləşən işıq dirəyinə dəymiş, nəticədə «SAİPA SAİNA EX» markalı avtomobilin sərnişini X9 ölmüş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri almış və hadisə zamanı «Şimal» X6 və Satışı idarəsinə 1330 manat ziyan dəymişdir. O, mülki iddianın təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs «Şimal» X6 və Satışı idarəsinə dəymiş 1330 manat ziyan maddi ziyanın tutulmasını xahiş etdi. İbtidai istintaq zamanı mülki iddiaçı qismində tanınmış və qanunla müəyyən edilmiş qaydada dəvət olunmasına baxmayaraq məhkəmə baxışına gəlməyən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ifadəsindən görünür ki, 04 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus «SAİPA SAİNA EX» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən yolun Saray MTK yaşayış kompleksinin qarşısından keçən hissəsində idarəetməni itirdiyindən avtomobil yolun sağ kənarında yerləşən işıq dirəyinə dəymiş, nəticədə «SAİPA SAİNA EX» markalı avtomobilin sərnişini X9 ölmüş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri almış və hadisə zamanı MMC-yə məxsus «SAİPA SAİNA EX» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 9375 manat ziyan dəymişdir. "xxxx" MMC-dən daxil olmuş 22-025/2022 nömrəli ərizədən məlum olur ki, «SAİPA SAİNA EX» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Avtomobil üzrə borc qalığı qaldığından avtomobilə vurulmuş ziyan borc qalığına uyğun olaraq 9375 manat təşkil edir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Namiqlə Hüseyn onun atasının əmisi oğludur. Onların dostu Nicatı 3 il əvvəl tanımış, indiyə kimi 3-4 dəfə görmüşdür. Bayramı isə ilk dəfə hadisə günü, yəni fevral ayında tanımış və görmüşdür. 04 fevral 2022-ci il tarixdə saat 00:15 radələrində evində olarkən atasının əmisi oğlu Hüseyn telefon vasitəsilə ona zəng edərək evində Namiq və dostu Bayramla yeyib- içdiyini bildirmiş, onu Xırdalan şəhərinə evinə aparmasını xahiş etmişdir. Çox gec olduğu üçün o, bir cavab deməmişdir. Bir neçə dəqiqədən sonra Hüseyn ona təkrar zəng vuraraq çağırmışdır. Böyük əmisi oğlu olduğu üçün o, Hüseynin sözünü yerə salmamış, onların yaşadığı daş bazarı deyilən yerə getmişdir. İdarə etdiyi avtomobili Hüseyngilin evinin həyətində saxlamış, və onlara yaxınlaşmışdır. Hüseyngil «Saipa» markalı avtomobildə əyləşmişlər. O. avtomobilə yaxınlaşanda sürücü sonradan adının Bayram olduğunu bildiyi şəxs sükan arxasından düşüb arxaya keçmişdir. O, idarə etdiyi «Saipa» markalı avtomobillə Xırdalan şəhəri istiqamətində hərəkət etmişdir. Bir neçə dəqiqədən sonra Nicatgilin evinə çatmışlar. Təxminən 10-15 dəqiqədən sonra Nicat onlara yaxınlaşmış və arxa sağ oturacaqda əyləşmişdir. Yenidən onlar Hüseyngilin yaşadığı əraziyə getmək üçün hərəkətə başlamışlar. Yolda marketdə düşüb pivə almışlar və hərəkəti davam etdirmişlər. Onlar pivəni açıb içmişlər. Yalnız o, pivə içməmişdir. O, idarə etdiyi avtomobillə Sumqayıt şəhərində daş bazarının yaxınlığında Hüseyenin yaşadığı evin həyətinə gəlmişlər. O, avtomobildən düşmüş, Bayram dərhal sükan arxasında əyləşmişdir. O, öz avtomobilində sükan arxasında oturmuşdur. Bayram sürətlə hərəkətə başlamışdır. O, bu vəziyyəti görüb idarə etdiyi avtomobillə Bayramın arxasınca hərəkət etməyə başlamışdır. O, idarə etdiyi avtomobillə 80- 90 km/saat sürətlə hərəkət etmiş, lakin Bayram avtomobili sürətlə idarə etdiyindən yavaş- yavaş ondan çox irəlidə getmişdir. Bayram ən azı avtomobili 130-140 km/saat sürətlə idarə etmişdir. Təxminən 4-5 km hərəkət etdikdən sonra Bayramın idarə etdiyi avtomobilin sağa tərəf sürüşərək getdiyini və betonla işıq dirəyinə dəyib yuxarı qalxdığını görmüşdür. O, dərhal avtomobili saxlayıb onlara tərəf qaçmışdır. Onlar yaralanmış, o. birinci Hüseyni avtomobildən çıxarıb yerə uzatmışdır. Namiq ayaq üstə dura bilmiş, sonra Nicatı çıxarıb yerə uzatmışdır. Bayramı o, çıxarmamışdır. Oraya çoxlu adam toplaşmış, hadisə yerinə gələn təcili tibbi yardım maşını hər üçünü Sumqayıt şəhər TTYX-na aparmışdır. Onun başı əmisi uşaqlarına qarışdığı üçün Bayramın avtomobildən necə çıxdığını görməmiş, hətta yol qəzası törətdiyinə görə Bayramın üstünə qışqırmışdır. Bayram onun üstünə hücum etmək istəyəndə oraya toplaşan şəxslər onları sakitləşdirmişdir. O. xəstəxanada olarkən Bayramı da orada görmüşdür. Sonradan Bayramı taksi sürücüsü xəstəxanaya gətirdiyini eşitmişdir. O, qeyd etmişdir ki, Bayramın avtomobildə pivə içdiyini görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 göstərdiki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində oğlu Bayram tanımadığı nömrə ilə telefon vasitəsilə ona zəng vuraraq Saray- Sumqayıt yolunda özünə məxsus «Saipa» markalı avtomobillə hadisə törətdiyini bildirmişdir. O, dərhal taksi ilə hadisə yerinə getmiş, orada oğlu Bayramın xəsarət aldığını, avtomobilinin isə zədələndiyini görmüşdür. Ona məlum olmuşdur ki, Bayramın idarə etdiyi «Saipa» markalı avtomobildə dostları da olmuş və onlar xəsarət aldıqlarından Sumqayıt şəhər xəstəxanasına getmişlər. O, oğlu Bayramla birlikdə hadisə yerində olan müstəntiqə yaxınlaşıb Bayramı təqdim etmiş, müstəntiq ona oğlu Bayramı Sumqayıt şəhər xəstəxanasına aparmasını demişdir. O, Bayramla birlikdə taksi nişanlı avtomobillə Sumqayıt şəhər xəstəxanasına getmişlər. Bir az keçdikdən sonra həmin müstəntiq xəstəxanaya gəlmiş və xəstəxanada Bayramdan qan götürmüşlər. O, hadisə nəticəsində xəsarət almış Bayramın yaralı dostları ilə maraqlanmış, sonradan Hüseynin aldığı xəsarətlərdən xəstəxanada öldüyü ona məlum olmuşdur. O, qeyd etmişdir ki, hadisə yerinə gələndə oğlu Bayram sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən X11 göstərdi ki, Sumqayıt şəhər Xəstəxanasında 2006-cı il tarixdən həkim-travnmatoloq vəzifəsində çalışır. Xəstə Təqsirləndirilən şəxs Nadir oğlunun ayağı sındığı üçün onu müayinə etmişdir. Sərxoşluq barədə qan nümunəsini o, götürmür, əgər xəstədən hər hansı alkoqol qoxusu gələrsə, o xəstəlik tarixində qeyd edir. Xəstə Təqsirləndirilən şəxs Nadir oğlundan alkoqol qoxusu hiss etmədiyi üçün xəstəlik tarixində bu barədə hər hansı qeyd aparmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən X12 göstərdi ki, Sumqayıt şəhər Təcili Tibbi yardım Xəstəxanasında həkim-cərrah vəzifəsində çalışır. 04 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər həmin xəstəxanaya gətirilmişlər. Həmin vaxt o, növbədə olmuşdur. Onlar xəstələri qəbul etmiş və ilkin müayinə aparmışlar. Zərurət olduğu üçün Zərərçəkmiş şəxs2 cərrahi əməliyyat olmuşdur. Həmin hadisə ilə əlaqədar xəstəxanaya gətirilmiş bütün şəxslərdən alkoqol qoxusu gəlmiş, spirtli içki qəbul etdikləri hiss olunurdu. Məhkəmə baxışında şahid qismində dindirilən X1 göstərdi ki, Sumqayıt şəhər Təcili Tibbi yardım Xəstəxanasında həkim-reanimatoloq vəzifəsində çalışır. 04 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər həmin xəstəxanaya gətirilmişlər. Həmin vaxt o, növbədə olmuşdur. Onlar xəstələri qəbul etmiş və ilkin müayinə aparmışlar. Xəstələrə reanimasyon tədbirlər tərəfindən icra edilmişdir. . Həmin hadisə ilə əlaqədar xəstəxanaya gətirilmiş bütün şəxslərin hamısından alkoqol qoxusu gəlmiş, spirtli içki qəbul etdikləri hiss olunurdu. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon Pİ-nin təhqiqatçısı X13 göstərdi ki, 04 fevral 2022-ci il tarixdə növbədə olarkən baş vermiş hadisə barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gələndə SAİPA SARİNA EX markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin iki yerə bölündüyünü görmüşdür. Daha sonra o, hadisə yerində olanda vətəndaşların məlumatı əsasında göy rəngli Mercedes markalı avtomobilə yaxınlaşmış və sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs şok vəziyyətdə olduğunu görmüşdür. Həmin an sürücüdən alkoqol qoxusu gəlmirdi. Avtomobildə olan şəxsə sürücünün içkili olub-olmaması barədə sual vermiş, lakin o, sürücünün içkili olmamasını bildirmişdir. Daha sonra həmin şəxsin izahatını almışdır. Həmin sürücünü xəstəxanaya aparmış, Tibb bacısı tərəfindən sürücüdən qan analizi götürülmüş və həmin vaxt hadisə ilə əlaqədar qarışıqlıq olduğu üçün xx.xx.2022-ci il tarixli protokolu tibb bacısına imza etdirə bilməmiş, öz adından akt tərtib etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən ekspert X2 göstərdi ki, 15 ildir “Məhkəmə Tibb Ekspertiza Mərkəzi”ndə ekspert-kimyaçı vəzifəsində çalışır. Təqsirləndirilən şəxs qan nümunəsi xx.xx.2022-ci il tarixdə şpris də mərkəzə daxil olmuşdur. 6 ml şprisdə 5ml qan olmuşdur.. Qan analizi mərkəzdə LXEM 80 cihazı vasitəsilə həyata keçirilir. Əgər hər hansı bir şəxsin qanında alkoqol varsa, o yox ola bilməz, lakin promillilər də fərq ola bilər. Təqsirləndirilən şəxs qan nümünəsi analiz olunmuş və həmin şəxsin qanında alkoqol müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş «Şimal» X6 və Satışı idarəsindən daxil olmuş 13 may 2022-ci il tarixli 84201-01/224 nömrəli məktubdan görünür ki, baş vermiş avtomobil qəzası nəticəsində iki dövrəli hava xəttinin 1 (bir) ədəd dəmir dayağı, 12 (on iki) ədəd ŞF-10 markalı izolyatoru və 300 metr AS 70 mm2 markalı aluminium naqil istismara yararsız vəziyyətə düşərək idarəyə 1330 manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 14 fevral 2022-ci il tarixli 491 k nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 24 fevral 2022-ci il tarixli 366 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər daxili qanaxma ilə nəticələnən dalağın travmatik cırılması, sol kürək nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomobilin maneəyə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 21 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş- beyinin toxumasına, qişalarına qansızma, sağ tərəfli subdural hematoma, beyinciyə, uzunsov beyinə və Varolio körpüsünə qansızmalar, kəllə və üz skleti sümüklərinin sınıqları, başın yumşaq toxumalar altına və sağ gicgah əzələsinə qansızma, qaraciyərin cırılması, nazik və yoğun bağırsaq müsariqələrinin cırılması, sağ böyrəkətrafı piy toxumasına və sağ böyrəyə qansızmalar, hər iki gözaltı nahiyənin və hər iki göz qapaqlarının qançırları, başın sol alın- gicgah hissəsinin, sol bazu oynağı və bazu nahiyəsinin, sol əlin arxa səthinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İİ, İİİ, İV barmaqlarının, sağ diz oynağı nahiyəsinin. Sol baldır, sağ ayağın iç-topuğunun, sol almacıq nahiyələrinin sıyrıqları və sol əlin İV barmağının cırılmış yarası həyatidirlər, bərk küt əşyanın, əşyaların təsirindən xx.xx.2022-ci il tarixdəbaş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb qaraciyərin, nazik və yoğun bağırsaq müsariqələrinin cırılması fonunda başbeyinin toxumasına, qişalarına qansızma, sağtərəfli subdural hematoma və kəllə sümüklərinin sınıqları nəticəsində inkişaf edən baş-beyinin travmatik ödemi olimuşdur. X4 ölümü xx.xx.2022-ci il tarixdə saat 22:00-da X22 Klinikasında baş vermişdir. X4 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 12 aprel 2022-ci il tarixli 610 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər alın sümüyünün, hər iki almacıq və əng sümüklərinin, burun sümüyünün, alt çənənin qəlpəli yerdəyişmiş sınıqları, soldan birinci dişin travmatik çıxığı ilə müşayiət olunan baş beynin yüngül dərəcəli əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomobilin maneəyə dəyməsi nəticəsində əmələ gələ bilmələri, mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 mart 2022-ci il tarixli 8/671 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «SAİPA SAİNA EX» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-57838-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1991 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan) AE seriyalı 004495 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Məhkəmə zamanı müəyyən edildi ki, «SAİPA SAİNA EX» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Belə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhər İH Qaradağ rayon MKTB-nin 124 saylı MKİS-nin rəisinin xx.xx.2022-ci il tarixdə verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3A, mənzil 10-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı olsa da zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməməsini, maddi və mənəvi cəhətdən dəstək göstərməməsini, zərərçəkmiş şəxslərdən ikisinin şikayətçi olmasını, vurulmuş ziyanın ödənilməməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, həbs etmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə keçirilmiş 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı «Şimal» X6 və Satışı idarəsinin cavabdeh Təqsirləndirilən şəxs qarşı məhkəmədə qaldırdığı 1330 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı «Şimal» X6 və Satışı idarəsinin xeyrinə 1330 manat məbləğində pul tutulmalıdır. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Hüseyn oğlunun, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin tutulması və mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Təqsirləndirilən şəxs müəyyən məbləğin tutulmasına dair iddiaları üzrə qeyd edir ki, mülki iddiaçılardan iddia tələblərini əsaslandıran sübutlar tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki iddiaları və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Hüseyn oğlunun, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 maddi və mənəvi zərərin tutulması və mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehdən müəyyən məbləğin tutulmasına dair iddiaları üzrə kifayət qədər sübutlar təqdim edilmədiyi üçün mülki iddialar baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Hüseyn oğluna, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş tələblərlə bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin, həbs etmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış «SAİPA SAİNA EX» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Zərərçəkmiş şəxs və mülki iddiaçı «Şimal» X6 və Satışı idarəsinin cavabdeh Təqsirləndirilən şəxs qarşı məhkəmədə qaldırdığı 1330 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilsin, cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı «Şimal» X6 və Satışı idarəsinin xeyrinə 1330 manat məbləğində pul tutulsun. iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Hüseyn oğlunun, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin tutulması və mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehdən müəyyən məbləğin tutulmasına dair iddiaları baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Hüseyn oğluna, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş tələblə bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar