Məhkəmə qərarları › İş №1(012)-41/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-41/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-41/2024 15.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əliağa oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Abşeron rayonu, Hökməli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus, mühafizəçi tərəfindən mühafizə olunan “Ümid-Avtomotoklub” Məhdud Məsuliyyətli cəmiyyətin həyətinə qanunsuz daxil olaraq, oradan idman yarışların keçirilməsində istifadə edilən ictimai əhəmiyyətli bir metri 10 manat olan ümumi 2500 manat dəyərində 250 metr uzunluğunda 6 mm-lik elektrik xətlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 2500 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus, mühafizəçi tərəfindən mühafizə olunan “Ümid-Avtomotoklub” Məhdud Məsuliyyətli cəmiyyətin həyətinə qanunsuz daxil olaraq, oradan idman yarışların keçirilməsində istifadə edilən ictimai əhəmiyyətli bir metri 15 manat olan ümumi 3000 manat dəyərində 200 metr uzunluğunda 6 mm-lik elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən fərdi evinin hasarından aşma yolu ilə həyətə, sonra isə həyətdə olan sanitar qovşağa və təsərrüfat otağina qanunsuz daxil olaraq sanitar qovşaqdan bir ədəd 120 manat dəyərində “Ruji” markalı su qızdırıcısını, sanitar qovşağına bitişik təsərrüfat otağından bir ədəd 150 manat dəyərində “Ari” markalı elektrik sobasını, bir ədəd 25 manat dəyərində “Sonifer” markalı elektrik ütüsünü, bir ədəd 90 manat dəyərində “Makita” markalı elektrik mişarının və bir ədəd 40 manat dəyərində “Makita” markalı dreli gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 425 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N.Xəzri küçəsi, dalan 9-da yerləşən fərdi yaşayış evinin qapısını sındırmaqla qanunsuz içəri daxil olaraq, oradan sonuncuya məxsus 450 manat dəyərində 400 metr uzunluğunda elektrik naqilini, 450 manat dəyərində 30 stəkan dəstini, 60 manat dəyərində 30 ədəd süpürgəni, 210 manat dəyərində 140 ədəd plov qabını, 45 manat dəyərində 150 ədəd qaşığı, 360 manat dəyərində 600 ədəd boşqabı, 90 manat dəyərində 90 ədəd fincanı, 700 manat dəyərində 120 m2 lambirini, 250 manat dəyərində 80 metr uzunluğunda 5mm qalınlığında, 5mm enliyində olan taxtaları, 70 manat dəyərində işıq sayğacını və 60 metr uzunluğunda 240 manat dəyərində 40 diametrlik qaz borusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2925 ( iki min doqquz yüz iyirmi beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, 31 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf rəngli selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 0,592 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlayaraq özü ilə Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin X3 əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsi ərazisində saxlanılıb Abşeron RPİ-nin X4 gətirilərək bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə çəkisi 0,592 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hər gün psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evin yerləşdiyi küçədə olarkən saat 19 radələrində polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim edərək Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitədən istifadə etməsində, gəzdirməsində şübhəli olduğunu bildirmişlər və onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış və birlikdə Qobu PB-nin inzibati binasına getmişlər. Orada ona hüquqları izah olunmuş, hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və otaqların birində vodeoçəkliş aparılmaqla onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt ona üzərində olan saxlanması və gəzdirilməsi qadağan olunan narkotik vasitə, maddə və ya başqa hər hansı bir alət, əşya olarsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəgli cins şalvarının sağ yan cibində saxladığı həmin metamfetamini polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, bir bükümdən ibarət olan ağ rəngli, kristal formalı kütlə psixotrop maddə olan metamfetamindir. Polis əməkdaşları da onun təqdim etdiyi bükümlərə baxmışlar, onu kağız zərfə qoyub qablaşdırmışlar, sonra üzərində şəxsi axtarış etmişlər, lakin heç nə tapılmamışdır. Onun təqdim etdiyi həmin bükümün götürülməsi barədə protokol yazılmış və o, digər iştirakçılarla birlikdə imza edib təsdiqləmişlər. O, psixotrop vasitəni adətən Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. xx.xx.2022-ci il tarixdə günorta vaxtları o, istifadə etmək üçün psixotrop vasitə almaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə getmişdir. Orada təsadüfən üzü tüklü, orta boylu, qarayanız, arıq bədənli bir şəxsi görmüş, əlamətlərindən və hərətkərlərindən onun narkotik vasitədən istifadə etdiyini başa düşmüşdür. Ona görə də həmin şəxsə yaxınlaşmış və həmin şəxsdən satmaq üçün narkotik olub-olmamasını soruşmuşdur. Həmin şəxs də metamfetamin olduğunu demişdir. O, bir büküm metamfetamin almaq üçün həmin şəxslə cəmi 20 manata razılaşmış, həmin şəxsə 20 manat pul vermiş, həmin şəxs də ona bir büküm metamfetamin vermişdir. O, həmin psixotrop maddəni əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş və oradan uzaqlaşaşaraq yaşadığı Abşeron rayonu Hökməli kəndinə gəlmişdir. Ona qarşı elan edilmiş ittihamla razı deyildir, qeyd olunan oğurluq cinayətlərini törətməmişdir. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ailəsi ilə birlikdə İmişli rayonuna getmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evinə qayıtdıqda evin həyətinin giriş hissəsində olan sanitar qovşağından bir ədəd 120 manat dəyərində “Ruji” markalı su qızdırıcının, bir ədəd 150 manat dəyərində olan “Ari” markalı elektrik sobasının, bir ədəd 25 manat dəyərində “Sonifer” markalı elektrik ütüsünün, bir ədəd 90 manat dəyərində “Makita” markalı elektrik mişarının və bir ədəd 40 manat dəyərində “Makita” markalı drelin oğurlanmasını aşkar edib DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bildirmişdir ki, oğurluq nəticəsində ona ümumilikdə 425 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Bildirmişdir ki, ünvan 4 ünvanında ona məxsus təmirsiz yaşayış evi vardır. xx.xx.2022-ci il tarixdə həmin ünvana getdikdə oradan heç bir şey oğurlanmamışdır. xx.xx.2022-ci il tarixdə həmin ünvana yenidən getdikdə isə oğurluq hadisəsi olmasını aşkar etmişdir. Naməlum şəxs evin qapısını qıraraq evə daxil olub oradan 450 manat dəyərində 400 metr uzunluğunda elektrik naqilini, 450 manat dəyərində 30 stəkan dəstini, 60 manat dəyərində 30 ədəd süpürgəni, 210 manat dəyərində 140 ədəd plov qabını, 45 manat dəyərində 150 ədəd qaşığı, 360 manat dəyərində 600 ədəd boşqabı, 90 manat dəyərində 90 ədəd fincanı, 700 manat dəyərində 120 m2 lambirini, 250 manat dəyərində 80 metr uzunluğunda 5mm qalınlığında, 5mm enliyində olan taxtaları, həmçinin evə aid 70 manat dəyərində işıq sayğacını və 60 metr uzunluğunda240 manat dəyərində 40 diametrlik qaz borusunu oğurlamışdır. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bildirmişdir ki, oğurluq nəticəsində ona ümumilikdə 2925 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Bildirmişdir ki, O, Motosikilet Federasiyasının prezidentidir. Abşeron rayonu, Prekeşkül kəndində yerləşən yarış mərkəzinində sahibidir. Həmin ərazi 4 ha torpaq sahəsidir. Həmin torpaq sahəsinin içərisində 2 mərtəbəli bir bina, motosikletlər üçün nəzərdə tutulmuş qaraj, tualet və hamam vardır. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gündüz vaxtı həmin torpaq sahəsinə getmiş orada hər şeyin normal olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə torpaq sahəsinə getdikdə torpaq sahəsində tikiliyə gedən elektrik kabeli kəsilmişdir. Sonra o, bu barədə DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində mühafizəçi ona zəng vuraraq “Motodrom” ərazisində ona məxsus 250 metr 2500 manat dəyərində içərisində 06 gilalıq mis kabelləri oğurlamışlar. O da həmin vaxtı Motodrom ərazisində gəlmiş bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. O kabelləri onun özü şəxsən almış və motosikilet təlim mərkəzində (yəni Motodromda) işıq çəkilişi üçün istifadə etmişdir. Ümumilikdə ona 2500 manat maddi ziyan dəymişdir. Oğurluq nəticəsində ona ümumilikdə 5500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin X3 Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 01 sentyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan və Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adları qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi R.Rza küçəsində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1999-cu ildə Abşeron rayonu, Hökməli kəndində anadan olmuş, Abşeron rayonu Hökməli qəsəbəsi, R.Rza küçəsi 31 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsinnin Qobu Bölməsində otaqların birində təhqiqatçı polis mayoru Faiq Səfərov tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı Faiq Səfərov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli selofan bükümüm içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim eydiyi bir ədəd şəffav rəngli bükümün içərisində olan psixotrop maddə olan metamfetamindir. Bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Təqdim etdiyi psixotrop maddə metamfetamini 31 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata alıb əldə etdiyini və üzərində saxlayaraq özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsinə daşıdığını bildirmişdir. Onun psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffav rəngli selofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış və toplanmış material baxılmasından ötrü Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. Sonradan məlum olmuşdur ki, Abşeron rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi «Motosiklet İdman Federasiyası»-nın balansında olan «Motodrom»-a 3000 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini, 14 mart 2022-ci il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi evindən 425 manat dəyərində məişət əşyalarını, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N.Xəzri küçəsi, dalan 9-da yerləşən fərdi yaşayış evindən 2900 manat dəyərində məişət əşyalarını və xx.xx.2022-ci il tarixə saat 01 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus Motodroma aid 2500 manat dəyərində 250 metr uzunluğunda elektrik naqilini gizli talayaraq oğurlamışdır. Buunla bağlı idarə rəhbərliyinə raportla müraciət olunmuş və idarə rəisinin göstərişinə əsasən raport araşdırılmasından aidiyyəti üzrə istintaq şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X3 əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də Abşeron rayonu, Perekəşkül qəsəbəsi və Qobu yolunda metal alqı-satıqı ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır Adil onun işlədiyi metal-alqı satqısı sexinə bir neçə dəfə elektrik naqilləri gətirib satmışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Adil onun işlədiyi sexə gəlib təxminən 250 metr elektrik naqillərini ona özünün olmasını və həyətindən çıxarmasını deyib satdığını bildirmişdir. O da həmin naqilləri çəkdikdən sonra ona 400 manat pul vermişdir. Həmin naqilləri o, aparıb alimunum zavoda təhfil verib pulunu almışdır. Qeyd etmişdir ki, həmin naqilləri Adil ona gətirərkən yanmış vəziyyətdə olmuşdur. O, həmin naqillərin oğurluq olmasını bilməmiş, o cümlədən Adildən naqilləri alarkən heç bir sənəd almamışdır. 2022-ci ilin mart ayının sonlarında Hökməli qəsəbə sakini kimi tanıdığım Adil adlı şəxs ona yaxınlaşaraq pula ehtiyacı olduğundan evlərində artıq qalmış, elektrik naqilini və qaşıq dəstlərini satdığını bildirmişdir. O, naqili və qaşıq dəstlərini tərəzidə çəkib Adilə 60 manat pul vermişdir. Qeyd etmişdir ki, Adil bir neçə dəfə qəbul məntəqəsinə əşya satdığı üçün o, Adilə inanıb əşyaları alan zaman ondan şəxsiyyət vəsiqəsinin surətini almamışdır. Adilin məntəqəyə satdığı elektrik naqilləri və qaşıq dəstləri emala göndərilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasınin 02 sentyabr 2022-ci il tarixli 6/4712 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “DİN-nin Zərflət üçün №245 saylı” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,592 qram olan ağımtıl rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,542 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 6424 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Şəxsin könüllü gəlməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin istintaq şöbəsinə könüllü gəlmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,542 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan büküm çıxararaq təqdim etməsi, sorğu zamanı təqdim eydiyi bir ədəd şəffav rəngli bükümün içərisində olan psixotrop maddə olan metamfetamin olduğunu, narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasını bildirməsiu müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qeyd olunan oğurluq cinayətlərini törətməsini etiraf etsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamla razı olmadığını, qeyd olunan oğurluq cinayətlərini törətmədiyini göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatla bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq elektrik xəttlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilərkən Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etməklə əyani olaraq hansı oğurluq cinayətlərini törətməsini özü göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməllərini törətməsini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı bir zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1ci maddələrinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, digər zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik maddə məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hazırkı iş üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə 55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,542 qram psixotrop maddə metamfetamin məhv edilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar