Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-412/2025 22.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon, Alı Mustafayev küçəsi ev 23, mənzil 10-da qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi ev 37-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022ci ilin avqust ayında Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Şahid1 mülkiyyətində olan 0,035 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs1 göstərərək həmin torpaq sahəsinin özünə məxsus olduğunu və onun 0,02 hektar hissəsini Zərərçəkmiş şəxs1 adına sənədləşdirib satacağını yalandan vəd verib aldadaraq, sonuncunun Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən kafedə 11000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin sentyabr ayında Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Şahid1 mülkiyyətində olan 0,035 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs2 göstərərək həmin torpaq sahəsinin özünə məxsus olduğunu və onun 0,015 hektar hissəsini Zərərçəkmiş şəxs2 adına sənədləşdirib satacağını yalandan vəd verib aldadaraq, sonuncunun Abşeron rayonu, Hökməli qəsəbəsində 11500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərdi ki, 2014-cü ildə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evin yanında yerləşən, özünə məxsus 0,035 ha torpaq sahəsini notarial qaydada Şahid1 satmış və bundan sonrakı vaxtlarda da Şahid1 ona satdığı həmin torpaq sahəsini mişar daşları ilə hasara almışdır. 2022-ci ilin yay aylarında Şahid1 həmin torpaq sahəsini satmaq istədiyini eşitdiyi üçün sonuncunun həyat yoldaşı Şahid2la əlaqə saxlayıb ondan xahiş etmişdir ki, həmin torpaq sahəsini başqa şəxslərə satmasınlar. Çünki həmin torpaq sahəsi yaşadığı evin yanında yerləşdiyinə görə həmin yeri başqa şəxslərin almasını və onunla qonşu olmalarını istəməmişdir. Buna görə də Şahid2 bir qədər səbrli olmalarını, həmin yeri onlardan özü alacağını bildirmiş, həmçinin qeyd etmişdir ki, Şahid2la həmin torpaq sahələrini 20000 manata alacağı ilə bağlı razılığa gəlmiş, lakin imkanı olmadığına görə həmin torpaq sahəsini ala bilməmişdir. 2022-ci ilin avqust ayında tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini almaq istədiklərini bildirmiş, ona görə də Şahid1 məxsus həmin torpaq sahəsinin 0,02 ha hissəsini Zərərçəkmiş şəxs1 11000 manata, həmçinin 0,015 ha hissəsini də Zərərçəkmiş şəxs2 11500 manata satmış və sənədlərini də yaxın vaxtlarda onlara verəcəyinə söz vermiş, həmin şəxslər də sözügedən torpaq sahəsində tikinti işləri aparmışlar. Göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı ümumilikdə 22500 manat pulun 20000 manatını torpağın sahibi Şahid1 vermək istəsə də həmin ərəfədə ona pul lazım olduğuna görə xərcləmiş, fikirləşmişdir ki, bir neçə gündən sonra pulu olan kimi Şahid1 həmin 20000 manat pulunu verər, lakin sonradan eşitmişdir ki, Şahid1 bu barədə Abşeron RPİ-nin Qobu PB-nə şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurmuş zərəri aradan qaldırmış, onlarla barışmışdır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində boş torpaq sahəsi alıb üzərində ev tikmək qərarına gəlmişdir. Həmin ərəfədə Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs da Hökməli qəsəbəsi ərazisində torpaq sahəsi satdığını eşitdiyi üçün tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə gedib Təqsirləndirilən şəxs satmaq istədiyi torpaq sahəsinə baxmışdır. Bundan sonra Mehmanla razılaşıb ona 0,02 ha torpaq sahəsini almağı üçün ona Hökməli qəsəbəsi ərazisində yerləşən kafelərdən birində Zərərçəkmiş şəxs2 yanında 11000 manat pul vermişdir. O, Mehmandan torpağın sənədlərini nə vaxt verəcəyini soruşduqda da ona satdığı həmin torpaq sahəsinin yanında qalan 0,015 ha torpaq sahəsini də satdıqdan sonra aldığı torpaq sahəsini onun adına rəsmləşdirəcəyini bildirmişdir. Ona görə də inanıb Təqsirləndirilən şəxs 11000 manat pulu vermiş və bundan sonra da həmin torpaq sahəsində tikinti işləri apararaq özünə yaşamaq üçün ev inşa etməyə başlamışdır. Bundan təxminən 1 ay sonra Təqsirləndirilən şəxs ona satdığı torpaq sahəsinin yanında qalmış 0,015 ha torpaq sahəsini də tanışı Zərərçəkmiş şəxs2 11500 manat müqabilində satmışdır. O, həmin ərəfədə Mehmandan sənədlərini nə vaxt verəcəyini soruşduqda sonuncu qısa müddət ərzində onlara satdığı torpaq sahələrini onun və Yasinin adına rəsmləşdirəcəyini bildirmişdir. Bundan təxminən 3 ay sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs2 satdığı ümumilikdə 0,035 ha torpaq sahəsi Mehmana yox, başqa bir şəxsə, yəni Şahid1 məxsus olmuşdur. Həmçinin Mehman ondan və Zərərçəkmiş şəxs2 aldığı ümumilikdə 22500 manat puldan Şahid1 hansısa məbləğ verməmişdir. Ona görə də Şahid1 barələrində Abşeron RPİ-nin Qobu PB-nə şikayət etmişdir. Bundan sonrakı vaxtlarda da dəfələrlə Təqsirləndirilən şəxslə görüşüb və telefon əlaqəsi saxlayıb Şahid1 ilə razılığa gəlməsini, sənədləri verməsini bildirsələr də bu günkü günə kimi Mehman vədinə əməl etməmişdir. Həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs özünə məxsus olduğuna inandığı üçün Mehmana 0,02 ha torpaq sahəsini almaq məqsədilə 11000 manat pul vermiş, həmçinin sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi əvvəllər Təqsirləndirilən şəxs məxsus olsa da 2014-cü ildə Mehman həmin torpaq sahəsini Şahid1 satmışdır. Beləliklə də Mehman qeyd olunan torpaq sahəsinin ona məxsus olmadığını bilə-bilə onlara özünə məxsus torpaq sahəsi kimi təqdim edib satmışdır. Ona olan ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində boş torpaq sahəsi alıb üzərində ev tikmək qərarına gəldiyi üçün birlikdə gedib Təqsirləndirilən şəxs satmaq istədiyi torpaq sahəsinə baxmışlar. Bundan sonra tanışı Elmir Mehmanla razılaşıb ona 0,02 ha torpaq sahəsini almağı üçün ona Hökməli qəsəbəsi ərazisində yerləşən kafelərdən birində onun yanında 11000 manat pul vermişdir. Elmir Mehmandan torpağın sənədlərini nə vaxt verəcəyini soruşduqda da o, həmin 0,02 ha torpaq sahəsinin yanında qalan 0,015 ha torpaq sahəsini də satdıqdan sonra Elmirin aldığı torpaq sahəsini onun adına rəsmləşdirəcəyini bildirmişdir. Ona görə də Elmir Təqsirləndirilən şəxs 11000 manat pulu vermiş və bundan sonra da həmin torpaq sahəsində tikinti işləri apararaq özünə yaşamaq üçün ev inşa etməyə başlamışdır. Bundan təxminən 1 ay sonra Təqsirləndirilən şəxs Elmirə satdığı torpaq sahəsinin yanında qalmış 0,015 ha torpaq sahəsini də 11500 manat müqabilində almış, həmin ərəfədə Mehmandan sənədlərini nə vaxt verəcəyini soruşduqda sonuncu qısa müddət ərzində onlara satdığı torpaq sahələrini onun və Elmirin adına rəsmləşdirəcəyini bildirmiş, bundan təxminən 3 ay sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs1 satdığı ümumilikdə 0,035 ha torpaq sahəsi Mehmana yox, başqa bir şəxsə, yəni Şahid1 məxsus olmuşdur. Həmçinin Mehman ondan və Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 22500 manat puldan Şahid1 hansısa məbləğ verməmişdir. Ona görə də Şahid1 barələrində Abşeron RPİ-nin Qobu PB-nə şikayət etmişdir. Bundan sonrakı vaxtlarda da dəfələrlə Təqsirləndirilən şəxslə görüşüb və telefon əlaqəsi saxlayıb Şahid1 ilə razılığa gəlməsini, sənədləri verməsini bildirsələr də bu günkü günə kimi Mehman vədinə əməl etməmişdir. Həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs özünə məxsus olduğuna inandığı üçün Mehmana 0,015 ha torpaq sahəsini almaq məqsədilə 11500 manat pul vermiş, həmçinin sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi əvvəllər Təqsirləndirilən şəxs məxsus olsa da 2014-cü ildə Mehman həmin torpaq sahəsini Şahid1 satmışdır. Beləliklə də Mehman qeyd olunan torpaq sahəsinin ona məxsus olmadığını bilə bilə onlara özünə məxsus torpaq sahəsi kimi təqdim edib ümumilikdə 22500 manat pulumuzu dələduzluq edərək ələ keçirmişdir. Ona olan ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Hökməli qəsəbəsi ərazisində 0,035 ha torpaq sahəsi alıb həmin torpağı həyat yoldaşı Şahid2 adına sənədləşdirmişdir. Həmin torpaq sahəsini Təqsirləndirilən şəxs almış, həmin vaxtı sonuncunun evi də həmin torpağın qonşuluğunda yerləşmişdir. Bundan sonra torpaq sahəsini mişar daşı ilə hasara almış, lakin darvaza qoymamış, eyni zamanda 2020-ci ildə torpaq sahəsi üçün çıxarış da almışlar. Həmin torpaq sahəsinin dəyəri təxminən 21500 manat təşkil etmiş, o, mütəmadi olaraq torpaq sahəsinə gedib baxmış, 2022-ci ildə isə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bir neçə gündən sonra Mehman onun yoldaşı Tağıya zəng vurmuş və bir qədər səbirli olmağı bildirib, pul düzəldib həmin torpaq sahəsini özü alacağını demişdir. 2022-ci ilin sentyabr ayında torpaq sahəsinə baxmağa getdikdə orada hasarın söküldüyü və 3 ədəd fərdi evin tikildiyinin şahidi olmuş, o, həmin evlərin kimlər tərəfindən tikilməsi ilə bağlı maraqlandıqda ona evlərin Yasin, Mehman və Rahim tərəfindən tikildiyini bildirmişlər. Belə olduqda onlarla görüşmüş və sonuncular şikayət etməməyi, həmin torpağın dəyərini, yəni 21500 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. Lakin onlara deyilən müddət başa çatsa da, heç bir ödəniş olmamış və belə olduqda o, xx.xx.2022-ci il tarixdə ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsində 0,035 ha torpaq sahəsini alıb, 2015-ci ildə həmin torpaq sahəsini adına sənədləşdirmişdir. Mehmanın öz evi də elə aldığı torpaq sahəsinin yanında yerləşir. Onlar həmin torpaq sahəsini aldıqdan bir müddət sonra mişar daşları ilə hasara alsalar da maddi imkanı olmadığına görə darvaza qapısını qoymamışlar. 2020-ci ilin noyabr ayında isə həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəli çıxarışla həyat yoldaşı Şahid1 mülkiyyəti olaraq qeydiyyata aldırmışdır. Həmin torpaq sahəsinin dəyəri, hasarlama və sənədləşmə işləri də daxil olmaqla 2015-ci ildə 21500 manat təşkil etmişdir. O, mütəmadi olaraq gedib həmin torpaq sahəsinə nəzarət etmiş, maddi imkanı olmadığına görə həyat yoldaşının mülkiyyətində olan həmin torpaq sahəsini 2022-ci ilin yay aylarında satmaq qərarına gəlmiş, bundan bir neçə gün sonra Mehman həmin torpaq sahəsini satmaq istədiyini eşitmiş və ona zəng edərək bildirmişdir ki, evinin yanında yad adamın yaşamasına razı deyildir. Ona görə də bir qədər səbrli olmağı, pul düzəldərək torpaq sahəsini özünün alacağını bildirmişdir. Ona görə də o, həmin torpaq sahəsini satmaq üçün başqa müştəri axtarmamışdır. 2022-ci ilin sentyabr ayında növbəti dəfə torpaq sahəsinə gedib baxarkən hasarının söküldüyünü və torpaq sahəsində 3 ədəd fərdi yaşayış evi tikilərək dam örtüklərinin də vurulduğunu görmüş, həmin evlərin kimin tərəfindən tikilməsi ilə bağlı maraqlandıqda məlum olmuşdur ki, evləri Yasin və Elmir adlı şəxslər tikmişdir. Belə ki, Mehmanla telefon əlaqəsi saxlayaraq aydınlaşdırdıqda məlum olmuşdur ki, həmin torpaq sahələrini Elmir və Yasin adlı şəxslərə onların məlumatı və razılığı olmadan Mehman satmışdır. Həmçinin Yasin adlı şəxslə də görüşüb dəqiqləşdirdikdə məlum olmuşdur ki, həmin torpaq sahəsi Yasin və Elmir adlı şəxslərə Mehman adlı şəxs tərəfindən satılmışdır. O da Yasinə həmin torpaq sahəsinin onlara satılması ilə bağlı Mehmanın ona bir söz demədiyini, həmçinin Mehmanın ona hansısa məbləğdə pul vermədiyini bildirmiş və bu barədə şikayət edəcəyini demişdir. Həmin vaxt Mehmanla da telefon əlaqəsi saxladıqda Mehman hələ polisə bu barədə məlumat verməməyi, 15 gün müddətində məsələni yoluna qoyacağını, yəni torpaq sahəsinin pulunu ödəyəcəyini bildirmişdir. Lakin həmin müddətdən artıq müddət keçdiyinə görə və ona hər hansı bir məbləğ ödənilmədiyinə görə həyat yoldaşı Şahid1 26 dekabr 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət edərək torpaq sahələrinin zəbt olunaraq üzərində qanunsuz yaşayış evləri inşa edildiyini bildirib bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 03 iyul 2023cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi altına davam etdirilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış verilmişdir. “Axtarışda olan şəxsin yaxalanmasına dair” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında” 06 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Alqayıd Mikayılovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 06 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 avqust 2023-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X3 Təqsirləndirilən şəxs tərəfindən aldadılması və ona qarşı pul tələbi ilə müraciəti əsasında başlanmış cinayət işinin icraatına əməldə cinayət tərkibi olmaıdğından və tərəflər arasında münasibətlərin mülki mühakimə icraatı qaydasında həll edilməsi üçün hissəvi xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-412/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-412/2025 saylı qərarından görünür ki, Quliyev X7 Rayon Məhkəməsinə təhvil verildiyindən cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir və himayəsində iki azyaşlı övladı olduğu üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına əsasən barəsində olan cinayət işinə xitam verilmısini məhkəmədən xahiş etmişdir. “AzeMis” elektron informasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına dair” göndərilmiş sorğudan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X6 adlı övladı vardır. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər; 5.1-ci bəndinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli üzrə maddi ziyanı Qərar tətbiq olunanadək tam ödəmiş, himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə müdafiə tərəfinin ərizəsini və dövlət ittihamçısının təklifini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-412/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-412/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver