Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-413/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Hüseyn oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 7, ev 12D-də qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Hüseyn oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Fatmayi kəndində Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılıb PB-nə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü 0,283 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd boş folqa kağız parçası, həmçinin əynində olan qara dəri gödəkçənin sağ iç cibindən bir ədəd içərisində narkotik vasitə heroinin izləri olan 1ml şpris, bir ədəd 2 ml şpris və bir ədəd boru şəkilli folqa kağızı polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Hüseyn oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin deyilən ərazidə olarkən tanımadığı şəxsdən bir büküm kakosu 10 manata şəxsi istifadəsi üçün almış və şalvarının cibinə qoyaraq yaşadığı Abşeron rayonu, Fatmayı kəndinə gəlmiş, həmin günü saat 18 radələrində Fatmayı kəndində yolda gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirdikdən sonra polis əməkdaşları onlarla birlikdə Mehdiabad Polis Bölməsinə getməyi bildirmiş, o, polis əməkdaşı ilə birlikdə Abşeron rayon X5 Polis Bölməsinə getmiş və orada otaqların birində video çəkiliş vasitəsi ilə polis əməkdaşları üzərində şəxsi axtarış aparılarkən ona üzərində qadağan olunmuş hər hansı əşya vardırsa könüllü təqdim etmək təklif olunmuş, o da Papanin deyilən ərazidən özünün şəxsi istifadəsi üçün aldığı və əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd üzərində siqaretin gümüşü kağızına bükülü kakosu, həmçinin iki ədəd şprisi və bir bükümdə olan istifadə olunmuş və yanmış kakos kağızını çıxarıb təqdim etmiş, həmin narkotik vasitə kakosun və şprislərin özünə məxsus olduğunu bildirmiş, kakosu Papanin ərazisindən 10 manata tanımadığı şəxsdən aldığını bildirmiş, təqdim etdiyi bir ədəd içərisində narkotik vasitə kakos, iki ədəd şpris və yanmış kakos kağızı zərfə qoyularaq qablaşdırılmış, zərfi o və axtarışda iştirak edən digər şəxslər imzalamışlar. O, əlavə olaraq üzərində aşkar edilmiş narkotik vasitə kakosu Nəsimi rayonu, Papanin deyilən ərazidən tanımadığı şəxsdən narkotik vasitəni 10 manata şəxsi istifadəsi üçün aldığını, həmçinin üzərindən aşkar edilmiş şprislərin özünə məxsus olduğunu, həmin şprislərdən narkotik vasitə qəbul etməkdə istifadə etdiyini göstərdi. Sonda o, tutduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı Şahid2 Əhliaman oğlu ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə Abşeron rayonu, Fatmayi kəndində yaşayan Təqsirləndirilən şəxs Hüseyn oğlunun üzərində narkotik vasitə olan heroin gəzdirməsi barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı bölmə rəisinə raportla müraciət etmiş, bölmə rəisi tərəfindən əməliyyat – axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs Abşeron rayonu, Fatmayi kəndində olması bildirilmiş, o, Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili X8 birlikdə Abşeron rayonu Fatmayi kəndinə gəlmiş, kənddə Təqsirləndirilən şəxs yaxınlaşaraq ona üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş, Abşeron rayon X5 polis bölməsinin inzibati binasında, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarışda müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs hüuquqları izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması sorşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri qış gödəkçəsinin sağ iç cibindən iki ədəd şprisi və bir ədəd boş folqanı, həmçinin əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü və bir ədəd boş folqanı çıxardıb masanın üzərinə qoymuş, siqaretin gümüşü kağızına bükülmüş bükülü açıldıqda onun içərisində heroinə bənzər narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotiok vasitə olan heroini şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş iki ədəd şpris, iki ədəd folqa və siqaretin gümüşü kağızına bükülmüş heroin ağ zərfə qoyularaq qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, protokol imzalarla təsdiq edilmiş, şəxsi axtarış video çəkilişlə qeydə alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Mehdiabad PBnin CA üzrə əməliyyat müvəkkili X6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı Şahid2 Əhliaman oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/186 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs Hüseyn oğlunun…….» yazılar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,283 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və bir ədəd şprisin içərisində narkotik vasitə olan heroinin izləri vardır.Həmin zərfdə olan bir ədəd 2 ml şprisin, bir ədəd boru şəkilli folqa kağızın içərisində və bir ədəd boş folqa kağız parçası üzərində narkotik vasitələrin izləri yoxdur. Həmçininarayışdaqeydedilmişdirki, narkotik vasitə olan heroindən 0,05 qram maddə tədqiqata sərf olunmuş 0,233 qram olan maddə qalıq qalmışdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlunun üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,233qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair xx.xx.2020-ci il tarixli 1445 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs Hüseyn oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğlunun törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs Hüseyn oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Hüseyn oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Hüseyn oğlunun tutduğu əməli səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Hüseyn oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Hüseyn oğlunun şəxsiyyətini, cəzasını yüngülləşdirən olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğluna azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o məhkəmə zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs Hüseyn oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,233 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Hüseyn oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs Hüseyn oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyn oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat, məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Hüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Hüseyn oğlunun ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Hüseyn oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Hüseyn oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Hüseyn oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,233 qram narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Hüseyn oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs Hüseyn oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat, məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-413/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-413/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver