Məhkəmə qərarları › İş №1(012)-413/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-413/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-413/2021 09.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.10.2019-cu il tarixdə saat 15 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Şahid3 yaşadığı fərdi yaşayış evinin həyətində, sonuncunun əri Zərərçəkmiş şəxs onun bacısı Şahid3 döyməsi səbəbindən aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs həyətdən götürdüyü çaydanla başına və yumruqla bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona qapalı kəllə beyin travması, sol gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin sıyrığı ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2010-cu ildən tanıyır, sonuncu bacısı Şahid3 həyat yoldaşıdır. Sonuncuların həmin nikahdan bir azyaşlı övladarı vardır və ailə həyatı qurandan sonra birlikdə Abşeron rayonu, Aşağı Güzdək kəndində yaşayırlar. X6 ailə həyatı qurduqdan sonra, aralarında hər dəfə mübahisələr olurmuşdur. 27.10.2019-cu il tarixdə saat 14 radələrində o, Bakı şəhəri, Nizami metrostansiyasının yaxınlığında olan zaman, bacısı Şahid3 ona zəng vuraraq, harada olduğumu soruşmuş və onu evinə dəvət etmişdir. Həmin vaxt Aşağı Güzdək kəndinə piyada getməmək üçün atası Şahid2 zəng vuraraq, atası ilə birlikdə Fəridəgilə getməyi təklif etmişdir. Atası ilə birlikdə Fəridənin yaşadığı evin həyətinə daxil olmuş və orada Nicatı, sonuncunun qardaşları Elçini və Nəsimini görmüşdür. Həmçinin həmin vaxt Nicatın başının qanadığını və başının sarıqlı olduğunu görmüşdür. Sonuncularla görüşdükdən sonra bacısı Fəridəni çağırmış, Fəridə onun yanına gəlmişdir. Fəridədən nə baş verdiyini soruşmuş, Fəridə ona Nicatla mübahisə etdiyni bildirmiş, Nicat onu boğan zaman başına qəndqabını vurduğunu, səs-küyə Nicatın qardaşı Nəsimi və bacısı Xuramanın gəldiyini, sonuncular Nicatın başının qanadığını görüb onun üzərinə düşüb döydüyünü bildirmişdir. Həmin vaxt atası İlqar Fəridəyə “Nəsimi kimdir ki, mənim qızıma əl qaldırır” sözlərini demişdir. Nəsimi atasına cavab verib üzərinə cummaq istəyən zaman, əli ilə Nəsimini itələmişdir. Nəsimi ilə üzbə-üz dayanmış, bu zaman Nicat ona arxadan yaxınlaşaraq yumruqla sol gözünə bir dəfə zərbə ilə vurmuşdur. Nicat onu vurduğuna görə Nicata tərəf dönüb sonuncu ilə yaxalşmışdır. Həmin vaxt Elçin onun üzərinə cumaraq, başı ilə onun ağız və sinəsinə zərbələr vurmuşdur. Bu zaman Nicat onun üzərinə gəlmiş o da bu zaman nicatın bədənin müxtəlif nahiyılırinə zərbələr endirmişdir. Nicatın hansı nahiyələrinə zərbələr endirdiyin dəqiq xatırlamır. Bundan sonra həmin evdə yaşayan qadınlar dalaşanları aralaşdırmışdırlar. Bundan sonra Nəsimi həyətdən götürdüyü plastmas boru ilə onun sağ qolundan və kürəyinin sol tərəfindən zərbələr vurmuşdur. Həmin vaxt Elçin əlində olan dəmir bellə onun belindən vurmuşdur. Həmin şəxslər onları həyətdən bayıra çıxarmış, bayıra çıxandan sonra o, atasının əynində olan köynəyin çırıldığını görmüşdür. Həmin vaxt bacısı Fəridə uşağı ilə bayıra çıxıb onlarala birlikdə evlərinə getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəyən zərəri tam ödəmişdir. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ildə Şahid3 ilə ailə həyatı qurmuş və bundan sonra birlikdə Abşeron rayonu, Aşağı Güzdək kəndində yaşamışlar. Onunla eyni həyətdə qardaşı Şahid1 və bacısı X2 öz ailəsi ilə birlikdə yaşayır. Həmin nikahdan onların bir azyaşıl övladları vardır. Ailə qurandan sonra aralarında tez-tez mübahisələr olurmuşdur. 26.10.2019-cu il tarixdə evdə olan zaman, azyaşlı oğlu Məhəmməd divanda yatdığına görə Fəridəyə Məhəmmədi yerinə aparmasını xahiş etmişdir. Lakin, Fəridə onun ediklərinə əhəmiyyət vermədiyindən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Fəridəyə bir neçə günlük atası evinə getməsini demişdir. Həmin gün Fəridə evdə qalmış və səhəri gün, yəni 27.10.2019-cu il tarixdə saat 10-11 radələrində yaşadığı evdə olan zaman, oğlu Məhəmməd onun yanına gələrək, ona bir suvenir göstərmişdir. Məhəmmədə həmin əşyanı haradan aldığını soruşmuş, sonuncu ona həmin əşyanın nənəsigilinn qonşuluğunda yerləşən mağazanın sahibi tərəfindən hədiyyə olduğunu demişdir. Məhəmmədə mağazanın sahibinin səhv etdiyni dedikdən sonra, Fəridə ona bu barədə öz irdanı demişdir. Bu səbəbdən onunla Fəridə arasında yenidən mübahisə düşmüş və Fəridəyə atası evinə getməsini demişdir. Daha sonra onlar sakitləşib həyətə çıxmışlar, qardaşı Nəsimi həmin vaxt həyətdə somavar qaynadırmış və o, Nəsimi ilə somavarın yanında oturmuşdur. Onlar həyətdə oturan zaman, qardaşı Şahid5 da onların yanına gəlmişdir. Onlar həyətdə oturub çay içdikləri zaman, təxminən saat 15 radələrində, küçədə avtomobilin dayandığını eşitmişdir. Bundan sonra qaynı Ceyhun və qayınatası İlqar həyətə daxil olmuşdur. Sonuncular onlarla görüşdükdən sonra, Ceyhun Fəridəni yanına çağırmışdır. Fəridə gələndən sonra qardaşı Ceyhuna, Nəsimi və Xuraman tərəfindən döyüldüyünü demişdir. Daha sonra Ceyhun Nəsimini çağıraraq, sonuncudan Fəridən vurub-vurmadığını soruşmuşdur. Nəsimi ona «bu nə sözdür» sözlərini dedikdə, Ceyhun sillə ilə Nəsiminin sifətinə bir dəfə zərbə vurmuşdur. Ceyhunun Nəsimini vurduğunu görüb, yumruqla Ceyhunun sifətinə zərbə vurmuşdur. Ceyhunla onun arasında dava başlamış və həmin vaxt Ceyhun çaydanı götürüb onun başına vurmuşdur. Dava zamanı İlqar da onu əlləri ilə vurmuşdur. İlqarın vurduğu zərbələr onun bədəninin müxtəlif nahiyyələrinə dəymişdir. Həmin vaxt Elçin və bacısı Xuraman, Xuramanın əri Əflatun və Nəsimi onları aralaşdırmışlar. Bundan sonra İlqar bayıra çıxıb geri qayıtmış və həmin vaxt İlqarın əlində bıçaq olduğunu görmüşdür. İlqarın əlində bıçağı görüb İlqarı itələmiş və həmin vaxt bıçaq İlqarın əlindən yerə düşmüşdür. Bıçağı götürmək istəyən zaman, bacısı onu tutmuşdur. Bu zaman İlqar təkrar bıçağı yerdən götürmüş, həmin vaxt Əflatun bıçağı İlqarın əlindən almışdır. Daha sonra Fəridə oğlunu da götürüb atasıgilnən oradan çıxıb getmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır sonuncu 2014-cü ildə Şahid3 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra sonucular qardaşı Nəsimi ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək kəndində bir həyətdə yaşayırmışlar. Sonuncularla birlikdə həmçinin bacısı X2 öz ailəsi ilə yaşayır. 27 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində qardaşı Nicatgildə olduğu zaman, küçədə avtomobil dayandığını eşitmişdir. Bu zaman Nicatın qaynı Ceyhun və qayınatası İlqar həyətə daxil olmuşlar. Ceyhun və İlqar onlarla görüşdükdən sonra, Ceyhun Nicatgilin yaşadığı evə tərəf gedb, evin giriş qapısında dayanıb Fəridəni çağırmışdır. Fəridə bayıra çıxdıqdan sonra Ceyhunla birlikdə somavarın yanına gəlmişdir. Ceyhun Fəridədən nə baş verdiyini soruşub danışmasını tələb etmişdir. Fəridə də axşam Nicatla dalaşdığını, səhər də təkar onunla dalaşan zaman, Xuramanın da onu döydüyünü bildirmişdir. Daha sonra isə Fəridə Nəsiminin də gəldiyini, lakin onu vurub-vurmadığını bilmədiyni demişdir. Bu zaman Fəridənin atası İlqar «Nəsimi pox yeyib böyüyünün ağzı ilə, Nəsimi kimdir ki, mənim qızımı vura» sözlərini demişdir. İlqar bu sözləri deyən zaman Nəsimi, İlqara tərəf getmiş və İlqara «ağsaqqal, adamsan danışığına fikir ver» sözlərini demişdir. Bu zaman Ceyhun sol tərəfdən Nəsiminin sifətinə sillə ilə vurmuşdur. Daha sonra Nicat ovucunun içi ilə Ceyhunun sifətindən itələmiş, həmin vaxt Ceyhun somavarın üzərində olan çaydanı götürüb Nicatın başına vurmuşdur. Həmin vaxt o, araya girmiş və Ceyhun onunda sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Bu zaman hamı bir-birinə qarışmış, Nəsiminin epelepsiya xəstəliyi olduğundan, sonuncu özündən getmişdir. Daha sonra o, İlqarın əlində bıçaqla «hamınızın başınızı kəsəcəm» sözlərini dediyni eşitmişdir. Bu zaman Əflatun arxadan İlqara yaxınlaşaraq, əlində olan bıçağı almış və küçəyə çıxarmışdır. Bundan sonra həyətdə olan qadınlar Ceyhunu həyətdən bayıra çıxardıb darvazanı arxadan bağlamışlar. Fəridə isə həyətdə qalmışdır. Fəridə getmək istədiyini deyib getmək istəyən zaman, Nicat və qadınlar ona getməməsini deyirmişlər. Lakin Fəridə həyətdən bayıra çıxmış, həmin vaxt polisə məlumat vermiş, bundan sonra Fəridə geri evə qayıdıb, evdən əşyalarını götürüb atası evindən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı Şahid3 əri olmuşdur. Sonuncular 2014-cu ildə ailə həyatı qurmuşlar və həmin nikahdan bir azyaşlı Məhəmməd adlı övladları olmuşdur. Fəridə ailə həyatı quradnan sonra Abşeron rayonu, Aşağı Güzdək kəndində yaşayırmış və ailə arasında teztez mübahisələri olurmuş. Hər dəfə mübahisə edən zaman o, qızı Fəridəni yaşadığı evə gətirirmiş. Fəridə bir neçə gün onlarda qaldıqdan sonra, əri Nicat gəlib Fəridəni geri aparırmış. 27 oktyabr 2019-cu il tarixdə saat 14 radələrində oğlu Ceyhun ona zəng vuraraq, harada olduğunu soruşmuşdur. Ceyhun ona Fəridəgildə yenə mübahisə olduğunu və oraya getmək lazım olduğunu bildirmişdir. Təxminən 20 dəqiqədən sonra Ceyhunla görüşüb birlikdə Fəridənin yaşadığı Abşeron rayonu, Aşağı Güzdək kəndinə getmişdir. Fəridənin yaşadığı evin həyətinə daxil olan zaman, orada Nicat, sonuncunun qardaşları Nəsimi və Elçin, Nicatın bacısı Xuramanın əri Əflatun olmuşdur. Həmin şəxslərlə görüşdükdən sonra, Ceyhun Fəridəni çağırmış və nə baş verdiyni Fəridədən soruşmuşdur. Fəridə baş verənləri onlara danışmış və Xuramanla Nəsiminin onu döydüklərini demişdir. Fəridəyə «Nəsimi kimdir ki, səni vurub» sözlərini demişdir. Elə həmin vaxt Nəsimi onun üzərimə gəlmiş və bu zaman Ceyhun, Nəsimini itələmiş, Nicat da arxadan yumruqla Ceyhunun sifətinə vurmuşdur. O, həmin şəxsləri ayırmaq istəyən zaman, Nicatın qardaşı Elçin başı ilə Ceyhunun sifətinə zərbə vurmuşdur. Həmin vaxt Nəsimi həyətdən götürdüyü platmas boru ilə onun başına və qoluna zərbələr vurmuşdur. Orada olan qadınlar onları tutmuş, Elçinlə Nicat isə Ceyhunu vururmuşlar. Daha sonra Xuramanın əri Əflatun onu quçaqlayaraq, həmin şəxslərin onu vurmasına imkan verməmiş və onu həyətdən bayıra çıxartmışdır. Daha sonra Ceyhunla Fəridə bayıra çıxmış və onlar birlikdə oradan çıxıb getmişlər. Mübahiəs olan zaman, onun əlində bıçaq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cu ildə Zərərçəkmiş şəxs ailə həyatı qurmuş, Zərərçəkmiş şəxslə ailə həyatı qursa da, rəsmi nikah bağlamamışdır. Həmin nikahdan onların bir az yaşlı Məhəmməd adlı övladları vardır. Ailə həyatı qurduqdnan sonra onlar Abşeron rayonu, Aşağı Güzdək kəndində Nicatın qardaşı Nəsimi və bacısı Xuramanın ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 26 oktyabr 2019-cu il tarixdə saat 02 radələrində evdə oturub televizora baxan zaman, Nicatla aralarında mübahisə yaranmış və nəticədə Nicat onu boğaraq biləklərimi sıxmışdır. Həmin vaxt oğlu Məhəmməd durduğuna görə Nicat onu buraxmış və yataq otağına keçib yatmışdır. 27 oktyabr 2019-cu il tarixdə saat 11-12 radələrində oğlu Məhəmməd həyətdən evə gəlib topunun palçığa batdığını və topu silməsini istəmişdir. Məhəmmədə həyətin palçıqlı olduğunu buna görə də həyətdə oynamamasını dedikdən sonra Məhəmməd ondan suvenir breloku ondan istəmişdir. Şəmin breloku Məhəmmədə vermiş, Məhəmməddə breloku oynatmağa başlamışdır. Bu zaman Nicat breloku Məhəmmədin əlində görüb haradan aldığını soruşmuş, Məhəmməd də nənəsigilə gedən də mağazada verdiklərini bildirmişdir. Bu zaman Nicat onun və breloku verənin ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Nicata bu barədə öz iradını bildirmiş, və Nicat da onu döyməyə başlamışdır. Həmin vaxt Nicat pəncərini möhkəm örtmüş və pəncərənin tutacağı əlində qalmışdır. Nicat Məhəmmədi və qardaşı Nəsiminin oğlu Nüsrəti həyətə düşürüb qapını bağlamışdır. Nicat qapını örtükdən sonra onunla dalaşmağa və boğmağa başlamışdır. Bu zaman onun səsinə Nicatın bacısı Xuraman onların yanına gəlmişdir. Xuraman onları ayırmağa başlamış, Nicat Xuramanı itələyib təkrar onun üzərinə gəlmişdir. Dəhlizdən qonaq otağına keçən zaman, qonaq otağında masanın üzərində olan qənd qabını götürüb Nicatın başına vurmuşdur. Bu zaman Xuraman və Nəsimi onun başına zərbələr vurmuşlar. Həmin vaxt Xuramanın əri Əflatun gəlib Nəsimi və Xuramanla birlikdə Nicatı Nəsiminin evinə aparmışlar. Təxminən 1 saatdan sonra Nəsimi onun yaşadığı evə gəlmiş və ondan qardaşının nömrəsini istəmişdir. Nəsimi getdikdən sonra o, özü qardaşı Ceyhuna zəng vuraraq yaşadığı evə gəlməsini xahiş etmişdir. Təxminən 1 saatdan sonra Ceyhun atası İlqarla birlikdə onlara gəlmişdir. Ceyhun ondan nə baş verdiyini soruşduqda o, baş vermiş hadisəni Ceyhuna danışmışdır. Həmin vaxt Ceyhun ondan Nəsiminin də onu döydüyünü soruşanda, Nəsiminin vurmasını xatırlamadığını bildirmişdir Bu zaman atası İlqar ona «Nəsimi kimdir ki, səni vursun» sözlərini işlətmişdir. Həmin vaxt Nəsimi atasına tərəf getmiş, Ceyhun da Nəsimidən onu vurub-vurmadığını soruşmuşdur. Nəsimi də onu vurduğunu dedikdən sonra, Ceyhun Nəsimini itələmişdir. Bu zaman Nicat Ceyhunu arxadan vurmuş, Nicatın qardaşı Elçin də qaçaraq, Ceyhuna başı ilə sinəsindən vurmuşdur. Bu zaman həyətdə olan qadınlar atasını tutmuş və həmin vaxt Nəsimi dəmir beli götürüb atasını vurmuşdur. Elçin dəmir beli Nəsiminin əlindən aldıqdan sonra, Nəsimi həyətdə olan plastmas borunu götürüb qardaşı Ceyhunu və atası İlqarı vurmuşdur. Həmin vaxt Xurmamanın əri Əflatun onu, İlqarı və Ceyhunu həyətdən bayıra çıxartmışdır. Daha sonra o, oğlu Məhəmmədi də götürüb atasıgilnən ata evinə getmişdir. Dava-dalaş zamanı atası İlqarın əlində bıçaq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır, sonuncu 2014-cü ildə Şahid3 ilə ailə həyatı qurmuşdur. Sonuncular ailə həyatı qurduqdan sonra onlarla birlikdə Abşeron rayonu, Aşağı Güzdək kəndində bir həyətdə yaşayırmışlar. 27 oktyabr 2019-cu il tarixdə səhər saatlarından işdən gəlib evdə yatmış və təxminən saat 15 radələrində həyətdən gələn səsə oyanıb həyətə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs qayınatası Şahid2 əlində bıçaqla yaşadıqları evin darvazasından həyətə daxil olub evə tərəf gəldiyini görmüşdür. İlqara arxadan yaxınlaşıb qolunu tutub buraraq bıçağı əlindən almış və İlnarı küçəyə çıxartmışdır. Bundan sonra həyətdə olan qadınlar Ceyhunu həyətdən bayıra çıxardıb darvazanı arxadan bağlamışlar. Fəridə isə həyətdə qalmış, Fəridə getmək istədiyini deyib getmək istəyən zaman, Nicat və qadınlar Fəridəyə getməməsini deyirmişlər. Lakin Fəridə həyətdən bayıra çıxmış, bundan sonra digər qaynı Elçin polisə məlumat vermişdir. Daha sonra Fəridə geri evə qayıdıb, evdən əşyalarını götürüb atasıgilənən çıxıb getmişdir. İlqargil getdikdən sonra o, Nicatın başının qan içərisində olduğunu, Nəsiminin də epilepsiya xəstəliyi olduğundan özünü pis hiss etdiyini görmüşdür. Nicatgildən nə baş verdiyini soruşduqda, orada olan adamlar Ceyhunun Nicatın başına çaydanı və Nəsiminin sifətinə də sillə ilə vurduğunu demişlər. Bir müddət keçdikdən sonra təcili tibbi yardım gəlib Nəsimi və Nicata yardım etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 qızı Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, sonuncu 2014-cü ildə Şahid3 ilə ailə həyatı qurmuşdur. Sonuncular ailə həyatı qurduqdan sonra onlar, birlikdə Abşeron rayonu, Aşağı Güzdək kəndində bir həyətdə yaşamağa başlamışlar. Onlarla birlikdə həmçinin bacısı X2 da öz ailəsi ilə yaşayırmış. 27.10.2019-cu il tarixdə saat 10-11 radələrində yaşadığı evin həyətində olan zaman, Nicatın oğlu Məhəmməd yanına gələrək atası ila anasının dalaşdıqlarını bildirmişdir. Evdən səs gəldiyini eşidib Nicatı çağıraraq, evə daxil olub Nicatın qolundan tutub evdən bayıra çıxarmışdır. Daha sonra Fəridədən nə baş verdiyni soruşduqda, sonuncu ona, Nicatla seriala baxmaq üstündə dalaşdığını bildirmişdir. Bundan sonra o, Fəridədən atasının nömrəsini istəmiş, atası ilə danışıb Fəridəni gəlib evinə aparmasını xahiş etmişdir. Həmin vaxt orada onun qardaşı Elçində olmuş və onlar hamılıqla həyətdə oturub çay içdikləri zaman, təxminən saat 15 radələrində küçədə avtomobilin dayandığını eşitmişdir. Bundan sonra Nicatın qaynı Ceyhun və qayınatası İlqar həyətə daxil olmuşdur. Sonuncular onlarla görüşdükdən sonra, Ceyhun Fəridəni yanına çağırmışdır. Fəridə gələndən sonra qardaşı Ceyhuna, onun və bacısı Xuraman tərəfindən döyüldüyünü demişdir. Daha sonra Ceyhun onun çağıraraq, Fəridən vurub-vurmadığını soruşmuşdur. Cyehuna «bu nə sözdür deyirsən» sözlərini dedikdə, Ceyhun sillə ilə onun sifətinə bir dəfə zərbə vurmuşdur. Qardaşı Nicat, Ceyhunun onu vurduğunu görüb, yumruqla Ceyhunun sifətinə zərbə vurmuşdur. Ceyhunla Nicat arasında dava başlamış və həmin vaxt Ceyhun çaydanı götürüb Nicatın başına vurmuşdur. Həmin vaxt qardaşı Elçin və bacısı Xuraman, Xuramanın əri Əflatun dalaşanları aralaşdırmışlar. Bundan sonra İlqar bayıra çıxıb geri qayıtmış və həmin vaxt İlqarın əlində bıçaq olduğunu görmüşdür. İlqarın əlində bıçağı görüb İlqarı itələmiş və həmin vaxt bıçaq İlqarın əlindən yerə düşmüşdür. Bıçağı götürmək istəyən zaman, bacısı onu tutmuşdur. Bu zaman İlqar təkrar bıçağı yerdən götürmüş, həmin vaxt Əflatun bıçağı İlqarın əlindən almışdır. Daha sonra Fəridə oğlunu da götürüb atasıgilnən oradan çıxıb getmişlər. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 04.11.2019-cu il tarixli 2437 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, sol gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin sıyrığı bərk- küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 27.10.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddi. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 04.11.2019-cu il tarixli, 2438 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Şahid5 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sol bazu nahiyəsinin, sol əlin arxa səthinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəriatdə, yəni 27.10.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 04.11.2019-cu il tarixli, 2451 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün bayır kənarının, sol kürək və sağ baldır nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəriatdə, yəni 27.10.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 04.11.2019-cu il tarixli, 2450 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Şahid3 məhkəmə - tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - hər iki bazu, hər iki said, sol əlin arxa səthinin, hr iki bud və sol baldır nahiyələrinin qançırları bərk- küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəriatdə, yəni 27.10.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 04.11.2019-cu il tarixli, 2452 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Şahid2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin sıyrığı sol bazu nahiyəsinin qançırı, sağ said nahiyəsinin səthi əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəriatdə, yəni 27.10.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs, Şahid1, Şahid5 Təqsirləndirilən şəxs qəsdən sağlamlığa zərərvurmayan xəsarət yetirmələri xüsusatı ilə əlaqədar onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbirin görülməsi üçün həmin qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmiş, Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs xəsarət yetirmələri istintaq zamanı sübuta yetməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən onların barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 06.01.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 18.06.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs vurmadığını, əksinə Nicatın onu vurduğunu göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çaydanla başına və yumruqla bədəninin müxtəlif nahiyələrindən qəsdən vurması təsdiq olunmuşdur. Eyni zamanda ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və Şahid3 arasında, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında, Şahid3 ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş və üzləşmə zamanı üzləşənlər ifadələrində göstərdiklərini bir-birinin üzlərinə qarşı bir daha demişdir. Məhkəmə istintaqının sonunda təqsirləndirilən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, törətdiyi əməli etiraf etmiş, əvvəl təhqiqat bölməsində, daha sonra isə istintaq bölməsində araşdırma aparılan zaman cinayət məsuliyyətinə cəlb olunacağına görə qorxduğu Nicatı vurmadığını demişdir. Əslində isə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs həyətdən götürdüyü çaydanla başına və yumruqla bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmuşdur. Hazırda o zərərçəkmişdən üzr istəyərək, bağışlanmasını xahiş etmiş, hadisənin baş verməsindən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata xitam verildiyindən qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar