Məhkəmə qərarları › İş №1(012)-413/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-413/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-413/2023 26.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Məmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 15 manat pul müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,504 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Məmmədli kəndinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:55 radələrində Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində piyada hərəkətdə olan zaman Abşeron RPİ-nin X7nin əməkdaşları tərəfindən saxlanılıb, Abşeron RPİ-nin X7nin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, bir bükümdə 0,504 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ildir ki, narkotik vasitə istifadəçisidir. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində bir bükümdə narkotik vasitə heroin alıb əynində olan göy rəngli cins şalvarımın sağ yan cibinə qoymuşdur. Bundan sonra oradan çıxıb yaşadığı Abşeron rayonu, Məmmədli kəndinə qayıtmışdır. Yaşadığı küçədə piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqları bildirmişlər. Ona üzərində narkotik vasitə olmağında şübhəli olduğumu bildirərək Abşeron RPİ-nin X5 dəvət etmişlər. O da etiraz etməyib birlikdə Abşeron RPİ-nin X5 gəlmiş, orada müdafiəçi dəvət olunduqdan sonra Abşeron RPİ-nin X7nin xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxardığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, bir bükümdən ibarət olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, bir bükümdən ibarət olan narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, özü istifadə etmək üçün üzərimdə saxladığını bildirmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Əlavə olaraq göstərmişdir ki, narkotik vasitə aldığı şəxsi tanımır, həmin şəxsin anket məlumatlarını bilmir,həmin narkotik vasitəni də həmin şəxsdən şəxsi istifadəsi üçün almışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra mənə qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hərhansı bir digər formada təsir olunmamışdır. Sonda o, ilk dəfə cinayət törətməsinə, əməlindən peşman olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə zamanı şahid qismində dindirilən Abşeron rayon Pİ-nin X7, baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Pİ-nin X4 baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis mayorudur. xx.xx.1994-cü ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi barədə X5 əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarmış və Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 14 fevral 2023-cü il tarixdə saat 18:55-də Abşeron rayonu, Məmmədli kəndi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs yaşadığı küçədə müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nə dəvət edilmişdir. Polis Bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda onun içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə herin olduğunu və həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün həmin günü, yəni xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 15 manata əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid2 ifadəsində Abşeron rayon Pİ-nin X4 baş əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərindəheç bir yazı olmayan DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı video görüntüdə əynində olan göy rəngli cins şalvar olan şəxsin onun özü olduğunu bildirmişdir. Baxış keçirən zaman müəyyən edildi ki. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ van cibində bir büküm narkotik maddə olan heroin olduğunu bildirmiş, həmin içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümün içərisində narkotik vasitə olan heroin olmuş, həmin bükülünü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan nə vaxt aldığı ondan soruşulmıış o da həmin heroini xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 15 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/925 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» və s sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,504 qram maddə kustur üsulla hazırlanmış narkotik vasitə-heroindir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 0,504 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.454 qram çəkidə narkotik vasitə heroin saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin fəhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: Azərbaycan Respublikası DİN- nin BƏSÜ tərəfindən verilmiş tələbnamədən görüniir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.2-ci maddəsində göstərilmişdir ki, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab olunmuşdur. Abşeron RİHB-nın Məmmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Tağıyev X3 rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alır. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparıİmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmançılığının məntiqi nəticəsi kimi , dəyərləndirilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunması təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023cü il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yenə də həmin Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 1091 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Göstərilən maddələrə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,454 qram narkotik vasitə olan qurudulmuş heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvale edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,454 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvale edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar