Məhkəmə qərarları › İş №1(012)-414/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-414/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-414/2025 19.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azerbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqla müəyyən olunmayan “Vüqar” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs2 60000 (altmış min) manat məbləğində bankdan kredit almasına köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq sonuncudan 2022-ci ilin mart ayının ortalarında “Vüqar” adlı şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı avtomobil yolunun kənarında dayanacaqda 1000 (min) manat, növbəti gün Binəqədi rayonu, “Çiçək” qəsəbəsində “5+” adlı marketdə quraşdırılmış bankomatdan “Vüqar” adlı şəxsin kart hesabına göndərdiyi 500 (beş yüz) manat, 2022-ci ilin aprel ayının əvvəllərində pulu almaq üçün göndərdiyi istintaqa məlum olmayan şəxsə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Şamaxı avtomobil yolunun kənarında dayanacaqda Zərərçəkmiş şəxs2 verdiyi 10000 (on min) manat, vahid niyyətlə cəmi 11500 (on bir min beş yüz) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqla müəyyən olunmayan “Vüqar” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs1 Firudin qızına özünü “Aysel” adı ilə təqdim edərək onu 20000 (iyirmi min) manat məbləğində bankdan kredit almasına köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq sonuncudan 2023-cü ilin may ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyində” istintaqa məlum olmayan şəxsin vasitəsi ilə hər dəfə 3000 (üç min) manat olmaqla iki dəfəyə 6000 (altı min) manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyindən” “Milliön” ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 15:39-da onun kart hesabına göndərdiyi 200 (iki yüz) manat, həmin gün, saat 06:55-də onun kart hesabına göndərdiyi 800 (səkkiz yüz) manat, 2024-cü ilin iyul ayının sonunda tanışı Zərərçəkmiş şəxs2 kart hesabına göndərdiyi 1000 (min) manat, vahid niyyətlə cəmi 8000 (səkkiz min) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəlcə Zərərçəkmiş şəxs2 tanımışdır. Svetanı onunla, Binəqədi rayonunda Gözəllik salonunda işləyən Nəzakət adlı qadın tanış etmişdir. Nəzakət 2022-ci ilin axırlarında ona zəng edib bildirmişdir ki, rəfiqəsi Sveta adlı qadına pul lazım olduğu üçün bankdan kredit almaq istəyir. İmkan varsa Svetaya kömək etməsini xahiş etmişdir. Həmçinin Nəzakətin bacısı qızı kimi tanıdığı Bahar adlı qadın da ona zəng etmiş və Svetaya bankdan kredit almaqda kömək etməsini xahiş etmişdir. Bundan sonra Sveta özü ona zəng etmiş və ona bankdan təxminən 20-30 min manat məbləğində kredit almaq lazım olıduğunu demiş, bu işdə ona kömək etməsini xahiş etmişdir. Sveta demişdir ki, İmişli rayonunda qeydiyyatda olduğuna görə Bakı şəhərində banklar ona kredit vermirlər. Svetaya bildirmişdir ki, bir nəfər tanışım vardır, onunla danışıb, məsləhətləşib nəticəsini bildirəkdir. Əvvəllər “Rabitə bankda” işləmiş və sonra işdən çıxmış Sevil adlı tanışı ilə məsləhətləşmiş, Sevil rayon qeydiyyatında olan şəxslərə də Bakı şəhərində yerləşən bankların kredit verə biləcəyinin mümkün olduğunu demiş, ona görə də, Svetaya zəng edərək ona, Bakı şəhərindəki banklardan kredit almasına kömək edə biləcəyini söyləmişdir. Kredit alınmasında köməklik göstərən şəxsə vermək üçün 300 (üç yüz) manat pul lazım olduğunu bildirmişdir. Sveta həmin məbləğdə pulu 2022-ci ilin axırlarında və 2023-cü ilin əvvəllərində bir neçə dəfəyə onun “Leo banka” məxsus **********333489 saylı kart hesabına göndərmişdir. Svetanın onun kart hesabına göndərdiyi həmin məbləğdə puluheç kimə verməmişdir. Svetaya kredit ala bilmədikdə, Svetanın ona göndərdiyi 300 manat pulu 2023-cü ildə hissə-hissə olmaqla onun kartına göndərməklə qaytarmışdır. Zərərçəkmiş şəxs1 Firudin qızını onunla Sveta tanış etmişdir. Belə ki, 2023-cü ilin yay vaxtı Sveta ona zəng edərək tanışı Zərərçəkmiş şəxs1 da banklardan kredit almaq istədiyini bildirmiş və ona kömək etməsini xahiş etmişdir. Sonra Yeganə özü ona zəng etmiş və bildirmişdir ki, banklara kredit borcu olduğu üçün yenidən banklardan kredit götürə bilmir. Maddi ehtiyacı olduğu üçün kredit götürməsinə zəruri ehtiyacı olduğunu bildirmiş və xahiş etmişdir ki, ona kredit almaqda kömək etsin. Yeganəyə bildirmişdir ki, tanıdığı adamla danışıb nəticəsini bildirəcəkdir. Yeganəyə sonradan zəng edib işin həlli üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu demişdir. Yeganə həmin məbləğdə pulu verməyə razılaşmışdır. Yeganə ona 2023-cü ilin iyul ayında 1100 (min yüz) manat, 2023-cü ilin avqust ayında isə, 250 (iki yüz əlli) manat pulu ona məxsus “Leo banka” aid **********333489 saylı kart hesabına göndərmişdir. Yeganənin ona göndərdiyi cəmi 1350 (min üç yüz əlli) manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Yeganə ona sonradan nə köçürmə, nə də nağd şəkildə pul verməmişdir. Yeganə üçün banklardan kredit almaq mümkün olmadığından o, pulunun qaytarılmasını tələb etmişdir. Yeganəyə 2023-cü ilin oktyabr ayında 1100 manat, 2024-cü ilin fevral ayında isə, 250 manat plu qaytarmışdır. Zərərçəkmiş şəxs2 onu İlahə kimi tanımışdır. Həmçinin Bahar da adının İlahə olduğunu bilmişdir. X4 adını “Aysel” olduğunu öz başına demişdir. Yeganə əvvəllər danışanda ona doğrudan da “Aysel” olaraq müraciət etmiş, o da etiraz etməmişdir. Ona el arasında “Aysel” demirlər. Sonradan Yeganə ondan adını nə üçün düzgün demədiyinin səbəbini soruşmamış , lakin o, Yeganəyə bildirmişdir ki, Sveta özü onun adının guya “Aysel” olduğunu deyib. 050 *** ** ** mobil nömrəsi ona məxsusdur və həmin mobil nömrəni özü istifadə etmişdir. 2022-ci ilin mart ayında Svetanın kredit işi ilə əlaqədar Bakı şəhərində yerləşən “Rabitəbanka” getmiş, orada kredit məsələləri ilə məşğul olan həmin bankıln işçisi “Vüqar” adlı şəxsin qəbulunda olmuşdur. Ona bildirmişdir ki, kredit götürmək istəyir. Özünə kredit almaqla əlaqədar söhbət edərkən Vüqara bildirmişdir ki, bir nəfər tanışı da kredit almaq istəyir. Ona kredit almaqla bağlı izah edə bilərsinizmi? Vüqar adlı şəxs izah etməyə razılıq vermiş və o, Svetaya özünün həmin vaxt istifadə etdiyi 050 *** ** ** mobil nömrəsi ilə zəng etmiş və telefonu Vüqara vermişdir ki, Sveta ilə danışsın. Vüqar adlı şəxs onun telefonu ilə Sveta ilə danışmış və dövlət işində işləyərsə kredit verilməsinin mümkün olduğunu ona izah etmişdir. Sonradan Vüqar adlı şəxslə Svetanın arasında nə kimi hadisələrin baş verdiyi ona məlum deyildir. O, Svetadan 11500 (on bir min beş yüz) manat pul almamış və ya həmin məbləğdə pulun alınmasında iştirak etməmişdir. Vüqar adlı şəxsi bir dəfə Rabitəbankda” görmüş, onun haqqında heç bir məlumatı yoxdur. Svetadan cəmi 300 (üç yüz) manat pul almış, həmin məbləğdə pulu ona qaytarmışdır. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan cəmi 320 manat pul alıb və həmin pulu ona çoxdan geri qaytarıb. Abşeron rayon Polis İdarəsində 11500 manat pul verməsi barədə yazdığı ərizə həqiqətə uyğun deyil. Ərizəni yazmaq səbəbi müstəntiq Mehman Novruzov və yanındakı Nurəddin adlı köməkçisinin ona təzyiqlər göstərməsi, onu da İlahə ilə əlbir olmaqda günahlandırmaqla onu da həbs etməsi barədə gədiyi hədə-qorxular olmuşdur. Hətta ərizə verməyə gedəndə bir neçə saat da onu idarədə saxlamışdır. Müstəntiq Mehman tərəfindən yazılmış ifadəsi tamamilə yalnışdır. O nə Vüqar adlı adamı tanıyır, nə onla danışmış, nə də İlahəyə artıq pul verməmişdir. O İlahəyə 11500 manat verməmişdir, 320 manat pul vermişdir. Yeganəyə də İlahəyə hər dəfə pul göndərəndə sübut olsun deyə çeki ona göndərirdi. Yeganə də İlahəyə 1350 manat verdiyini bilir. Artıq pul versəydi mütləq ona da bunu deyərdi. O İlahədən şikayətçi olmamışdır. Yeganənin xahişi ilə polisə şahid kimi getməsini istəmişdi. Müstəntiqin hədə-qorxusuna görə məcbur qalıb şikayət ərizəsi yazası olmuşdur. İlahə həm ondan, həm də Yeganədən aldığı pulu geri qaytarmışdır, şikayəti yoxdur. Təqsirləndirilən şəxslə barışdıqlarına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı isə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Rafık qızını oğlu Rahimin sinif yoldaşı Məhəmmədin anae Baharın xalası, Binəqədi rayonu ərazisində gözəllik salonunda işləyən Nəzakətin vasitəsi ilə tanımışdır. Belə ki, o, Nəzakətlə telefonda söhbət zamanı ona bildirmişdir ki, iyirmi və ya iyirrmi beş min manat məbləğində kredit götürmək istəyir. Nəzakət ona bildirmişdir ki, İlahə adlı tanışı ona 50 000 (əlli min) manata kimi kredit götürməkdə kömək edə bilər. Bundan sonra Nəzakətdən İlahənin mobil nömrəsini almış, zəng edib onunla telefonda danışmış, İlahəyə kredit götürmə istədiyini deyib ondan kömək etməsini xahiş etmişdir. İlahə ona kömək edəcəyini vəd etmiş, tanışı Vüqarın 050 ***-**-** nömrəsini ona vermişdir. 2022-ci ilin mart ayının 6-sı və ya 7-si tarixlərində “Vüqar” ilə telefon vasitəsi ilə əlaqə saxlamış, sonra Vüqarla 2022-ci ilin mart ayını 15 və ya 16-sı tarixlərində Binəqədi rayonunn ərazisində yerləşən “Çiçək” qəsəbəsinin girişində dayanacaqda günorta saatlarında görüşmüşlər. Vüqar bildirmişdir ki, kredit düzəltməkdən ötrü ilkin olaraq ona 1000 (min) manat verməlidir. Həmin vaxt üstündə pul olduğu üçün orada Vüqar adlı şəxsə 1000 (min) manat pul vermişdir. Vüqar pulu ondan alandan sonra bildirmişdir ki, axşama və ya sabaha 500 (beş yüz) manat da pul göndərsin ki, işə başlasınlar. O, Vüqarın dediyi ilə razılaşmış, axşam Vüqar ona Lalə adlı qadının adına olan «Leobanka» aid kartın kodunu ı kartın fotoşəkilini göndərmişdir. 17 mart 2022-ci il tarixdə, günorta saatlarında Çiçək qəsəbəsində “5 +” adlı marketdə olan «E manat» aparatı vasitəsi ilə Vüqarın ona göndərdiyi «Leobank kartına 500 (beş yüz) manat pul gönərmişdir. 500 manat pulu Vüqara göndərəndən sonra onun telefonla danışmış, Vüqar ona demişdir ki, bir-iki gündən sonra işin nəticəsi barədə məlum veəcək. Bir neçə gün keçdikdən sonra Vüqara zəng edib onunla danışmış və işin nə yerdə olmasını soruşanda, Vüqar rayonlarda təzə banklar açıldığını, bununla əlaqədar Şuşa şəhəri göndərildiyini, bir ay və ya bir ay yarım Bakı şəhərində olmayacağını, ona görə də, onun kredit almaq məsələsinə İlahənin baxacağını demişdir. 2022-ci ili aprel aynın əvvəllərində o, İlahə adlı qadınla telefonla əlaqə saxlamış, İlahə, Vüqarın əlli-altmış min manat kredit götürməkdən ötrü onlara 10 000 (on min) manat da pul verməli olduğunu söylədiyini ona bildirmişdir. 2022-ci aprel ayının axırlarında tarixi yadında qalmayan gündə, təxminən saat 16-17 radələrində İlahə göndərdiyi qara rəngli, markasını və nömrəsini bilmədiyi avtomaşınla cavan oğlan gəlmiş onunla «Çiçək» qəsəbəsində dayanacaqda görüşmüş və 10 000 (on min) manat pulu İlahəyə çatdırması üçün ona vermişdir. İlahə ona telefonda demişdir ki, göndərdiyi adam dayanacaqda avtomobildə onu gözləyir. Avtomobilin nömrəsini İlahə ona demişdir ki, göndərdiyi adam avtomobildə onu gözləyir. Avtomobilin nömrəsini İlahə ona demişdir, lakin avtomobilin nömrəsini xatırlamır. Pulu həmin şəxsə vermiş, sonra İlahəyə 10000 manat pulu həmin şəxsə verdiyini demişdir. O, İlahəyə və Vüqara ümumilikdə kredit almaqdan ötrü 11500 manat pul vermişdir. 2023-cü ilin may ayının axırlarında İlahə və Vüqar adlı şəxslərin onu aldadıb, 11500 manat pulunu ələ keçirdiklərini başa düşmüşdür. İşin nəticəsini öyrənmək üçün Vüqara zəng etmiş, lakin Vüqar telefona cavab verməmişdir. İlahəyə zəng etmiş və Vüqarla birlikdə ondan aldıqları 11500 manat pulun qaytarmasını tələb etmişdir, lakin Vüqarla heç bir əlaqə saxlaya bilməmiş, İlahə isə pulunu qaytarmamış, sonradan İlahə də telefonuna cavab verməmişdir. Təqsirləndirilən şəxs ilə tanış olarkən İlahə, əsl adının İlahə olsa da, Yeganəyə İlahənin mobil nömrəsini verərkən onun adının Aysel olduğunu demişdir. Lakin İlahə ilə onun arasında İlahənin adını Yeganəyə Aysel kimi deyəcəyi barədə qabaqcadan hər hansı razılıqları olmamışdır. Hətta Yeganə ilə sonradan telefonda danışarkən Aysel adlı qadının onun pulunu aldadaraq ələ keçirməsini bildirdikdə həmin qadının, yəni Ayselin əsl adının İlahə olduğunu Yeganəyə demişdir. O, Yeganədən pul alıb İlahəyə heç vaxt verməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Firudin qızı ifadəsində göstərmişdir ki, yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Mehdiabad gənclər şəhərciyi” yaşayış masivində hündürmərtəbəli binanın birinci mərtəbəsində mağaza icarəyə götürüb işlətmiş, mağazada ayaqqabı satışı ilə məşğul olmuşdur. Mağazanın fəaliyyətini yaxşılaşdırmaq, yəni ticarəti genişləndirmək üçün banklardan kredit götürmək qərarına gəlmiş, odur ki, 2023-cü ilin yaz vaxtı bununla əlaqədar ona kömək edə biləcək şəxslər axtarmağa başlamışdır. Qonşusu Baharla bu barədə söhbət edərkən Bahar bildirmişdir ki, bir nəfər şəxs tanıyır, bu işdə ona kömək edə bilər. Bahar onu Zərərçəkmiş şəxs2 ilə tanış etmişdir. Belə ki, Bahar, Svetanın mobil nömrəsini ona vermiş və Sveta ilə ona kredit götürmək işində kömək edəcəyi barədə danışdığını bildirmişdir. O, Svetaya zəng etmiş və nömrəni ona Baharın verdiyini söyləmiş və bankdan kredit alnaqda kömək etməsi üçün ona zəng etdiyimi bildirdimişdir. O, mağazadan çıxa bilmədiyi üçün Sveta özü onun işlədiyi mağazaya gəlmişdir. Orada Sveta ilə yaxından tanış olmuşlar. O, məqsədini Svetaya dedikdən sonra Sveta bildirmişdir ki, “BTB” bankında işləyən Aysel adlı tanışı vardır. Demişdir ki, bu işdə tanışı Aysel ona kömək edə bilər. Sveta demişdir ki, Aysellə telefonda danışıb onu Ayselə tapşıracaq. Sveta Ayselin mobil nömrəsini ona vermiş və demişdir ki, Aysel kredit düzəltmək üçün nə qədər pul istəsə versin. Sveta bir gün sonra ona zəng etmiş və onun kredit almaq istəməsi ilə əlaqədar Aysellə danışdığını, Ayselin ona kömək etməyə razılıq verdiyini söyləmişdir. Odur ki, o, Ayselin mobil nömrəsinə zəng etmiş və Svetanın dediyi, kredit almaq istəyən qadın olduğunu ona bildirmişdir. Aysel onunla çox səmimi söhbət etmiş və bu işi bir ay müddətində həll edəcəyinə söz vermişdir. 60000 (altmış min) manat məbləğində kredit düzəltməyə kömək edəcəyi qarşılığında ondan ilkin olaraq 2000 (iki min) manat pul istəmiş və həmin pulu işin düzəlməsi üçün bank işçilərinə verəcəyini bildirmişdir. O, razı olmuş və Ayselin onun mobil nömrəsinin “WhatsApp”-na göndərdiyi bank kartının hesabına 1000 (min ) manat, Svetanın onun mobil nömrəsinin “WhatsApp”-na göndərdiyi bank kartının hesabına da 1000 (min ) manat pulu “Mehdiabad gənclər şəhərciyindəki” millön ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Təxminən beş gün sonra Aysel ona zəng edib əlavə olaraq “komissiya” pulu lazım olduğunu və onun kart hesabına 6000 (altı min) manat pul göndərməyini istəmişdir. Qonşusu Rəsmiyyədən 5000 (beş min) manat borc almış, Rəsmiyyədən borc aldığı pulun üstünə mağazanın kassasından 1000 (min) manat pul qoyaraq 6000 (altı min) manatı Ayselə göndərmişdir. Həmin pulun əvvəlcə 3000 (üç min) manatını, bir gündən sonra da 3000 (üç min) manatını Ayselin göndərdiyi şəxsə vermişdir ki, aparıb Ayselə versin. Beləliklə, o, 60000 (altmış min) manat kredit almağına kömək edəcəyini yalandan vəd etmiş Aysel adlı qadına cəmi 8000 (səkkiz min) manat pul vermişdir. Lakin Aysel vədinə əməl etməyərək ona kredit almaqda kömək etməmişdir. Bir ay keçdikdən sonra Ayselə zəng etmiş və işin nəticəsini soruşmuş, Aysel demişdir ki, narahat olma, on günə həll olunacaq. Bundan sonra o və həyat yoldaşı İlqar ona dəfəlrlə zəng edib pulunu qaytarmasını tələb etmiş, lakin o, yalan vədlər verərək aldatmış və pulunu qaytarmamışdır. 2023-cü ilin noyabr ayında Aysel həyat yoldaşı İlqara telefonla danışarkan demişdir ki, onun kredit işini həll edə bilmir, ona görə də, onun borcunu qaytarmaqdan ötrü başqa bir iş görmək istəyir. Həmin işi həll edib İlqara 20000 (iyirmi min) manat pul qaytaracağını vəd etmişdir. İlqar ona 1000 manat vermiş və mən həmin pulu Ayselin kart hesabına öz kartımdan göndərmişdir. 2024-cü ilin mart ayında İlqarın verdiyi həmin 1000 (min) manat pulu onun kartına göndərərək qaytarmışdır. 2024-cü ilin may ayında ona məlum olmuşdur ki, onu aldadaraq 8000 manat pulumu ələ keşirmiş qadının adı əslində, İlahədir. Belə ki, ona göndərdiyi pul çeklərinə baxdıqda və çeklərin üzərində olan adının baş hərfinin “İ” hərfi olduğunu görmüşdür. Kartı yoxlatdıırmış və məlum olmuşdur ki, kartın sahibinin adı İlahədir. Odur ki, bu barədə Svetaya zəng edib bildirmişdir. Svetadan bu barədə soruşduqda Sveta əvvəlcə bilmədiyini söyləsə də, sonradan etiraf etmişdir ki, həmin qadının adı həqiqətən də İlahədir. Svetaya ondan pul almış qadının adını düzgün demədiyi üçün irad tutmuş və mübahisə etmişlər. Həmin şəxsin adını nə üçün mənə düzgün deməməsinin səbəbini soruşduqda Sveta, İlahənin adını açıqlamasını istəmədiyini bildirmişdir. Bundan sonra, o, İlahə ilə Svetanın əlbir olaraq mənə qarşı dələduzluq etdiklərindən şünhələnmişdir. Svetadan ona qarşı dələduzluq etdiyindən şübhələndiyini bildirdikdə, o, İlahənin onu da aldatdığını bildirmişdir. Sonra özünü “Aysel” olaraq təqdim etmiş şəxsə zəng edib onun adının İlahə olub-olmadığını soruşduqda, sənəddə adının İlahə olduğunu, lakin el arasında ona Aysel deyildiyim bildirmişdir. O Abşeron rayon Polis idarəsinə şikayət etdikdən sonra araşdırma zamanı məlum olmuşdur kı, onu aldatmış və özünü “Aysel” kimi təqdim edən qadın Təqsirləndirilən şəxs Rafık qızıdır. İlahənin ona aarsı dələduzluq cinayəti törətməsinə özünü Vüqar kimi təqdim edən şəxs komək etmişdir. Belə ki özünü “Aysel” adı ilə təqdim edən İlahəyə 8000 manat pulu verdikdən təxminən bir həftə sonra özünü “Vüqar” kimi təqdim edən şəxs zəng edərək ona kredit olaraq 60000 manat pulun 12 faizlə ayrıldığını bildirmişdir. Ayda 500 manat kredit ödəyəcəyini söyləmişdir. Sonradan o, özünü Vüqar kimitəqdim edən şəxsin mobil nömrəsinə zəng etmiş, lakin o, cavab verməmişdir. İstintaqa təqdim etdiyi qəbzlərdən ikisi, yəni Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 800 manat və həmin gün 200 manat pul göndərilməsinə dair qəbzlər onun İlahəyə ilkin olaraq cəmi 100 manat pul göndərdiyini təsdiq edən qəbzlərdir. Təqdim etdiyi xx.xx.2023-cü ilin avqust ayında telefonda danışıb ondan əlavə olaraq 1000 manat pul istədikdə o, həmin məbləğdə pulu yaşadığı evin yanındakı “Nihad” marketin qarşısındakı milliön aparatından ilahənin kart hesabına göndərmişdir. İlahəyə 2023-cü ilin iyul ayında 1000 mana pulu göndərdikdən bir neçə gün sonra İlahə ondan 1000 manatı da istəmiş, o da həmin məbləğd; pulu ilahəyə göndərməyə tərəddüd etmiş, bu barədə Sveta ilə danışdıqda, Sveta demişdir ki narahat olma, əgər “Aysel”, yəni İlahəyə inanmırsans, onun kartıa göndəsin. Odur ki, o, 100( manat pulu da evinin yanındakı “Nihad” marketin qarşısındakı milliön aparatından Svet; Məmmədovanın kart hesabına göndərmişdir ki, Sveta həmin məbləğdə pulu İlahəyə göndərsin. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şürka qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Firudin qızı onun qonşusudur. 2023-cü ilin may ayında qonşusu Yeganə onun yaşadığı evə gəlmiş və ondan 3000 (üç min) manat borc pul istəmişdir. Yeganədən nə üçün borc aldığınının səbəbini soruşduqda Yeganə, məşğul olduğu ayaqqabı ticarətini genişləndirmək üçün bankdan kredit almaq istədiyini, ondan borc aldığı pulu kredit götürmək üçün kömək edəcək şəxsə verəcəyini, qısa müddətdə kredit götürüb borcunu qaytaracağını bildirmişdir. Həmin vaxt Yeganəyə 3000 (üç min) manat məbləğində borc vermişdir. Yeganəyə pulu öz şifahi razılıq əsasıənda vermiş, heç bir sənəd tərtib etməmişlər. 2023-cü ilin may ayının axırlarında Yeganə yenidən onun evinə gəlmiş və ondan 2000 (iki min) manat da borc pul istəmişdir. O, Yeganəyə 2000 (iki min) manat da borca pul vermişdir. Yeganə söz vermişdir ki, təxminən on gün müddətində onun borcunu qaytaracaqdır. Lakin Yeganə onun borcunu qaytarmamışdır. Təxminən bir ay-ay yarım keçdikdən sonra Yeganədən borcunu qaytarmasını xahiş etmiş, Yeganə bildirmişdir ki, ondan aldığı 5000 (beş min) manat puldan başqa 3000 (üç min) manat da özündən olmaqla, cəmi 8000 (səkkiz min) manat pulu “Aysel” adlı qadına vermişdir ki, bankdan kredit almaqda ona kömək etsin. Lakin Aysel adlı qadın vədinə əməl etməmiş və onu aldadıb pulunu ələ keçirmişdir. Dedi ki, Ayseldən pulunu istəmiş və Aysel onun kredit məsələsinin həll ediləcəyini bildirmişdir. Kredit aldıqdan dərhal sonra onun pulunu qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq özünü Yeganəyə “Aysel” adı ilə təqdim edən qadın onun pulunu qaytarmamış, o da Yeganədən borcunu dəfələrlə tələb etsə də, Yeganə onun borcunu qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Firudin qızı onun həyat yoldaşıdır. Həyat yoldaşı Yeganə Mehdiabad qəsəbəsində ayaqqabı satışı ilə məşğul olur. 2023-cü ilin qış aylarında həyat yoldaşı Zərərçəkmiş şəxs1 Firudin qızını İlahə, Sveta və Bahar adlı qadınların ona bankdan 50-60 min manat məbləğində kredit almasında kömək edəcəkləri adı ilə aldadaraq 8000 (səkkiz min) manat pulunu ələ keçirdikləri barədə məlum olmuşdur. Bu barədə biləndən sonra 2023-cü ilin noyabr ayının əvvəllərində İlahənin istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə zəng edərək onunla danışmış, ona Yeganənin həyat yoldaşı olduğunu bildirib , həyat yoldaşını nə səbəbə aldatdığını ondan soruşmuşdur. İlahə ona «Likoil» bankda işlədiyini, bank işçisi “Vüqar” müəllimlə danışıb, həyat yoldaşının kredit işini qısa müddətdə həll edəcəyini söyləmişdir. Bir müddt keçdikdən sonra yenidən İlahə ilə telefon vasitəsi ilə danışmış, İlahə ona iş yerini dəyişdirildiyini, işləmək üçün Azərbaycan Beynəlxalq Bankına göndəriləcəyini demiş, kredit məsələsini 2023-cü ilin dekabr aynın 20-sinə kimi həll edəcəklərini demişdir. Əgər məsələni həll edə bilməzsə işləyəcəyi Beynəlxalq bankdan yanvar ayının 5-dən sonra kredit götürüb Yeganənin pulunu qaytaracağını demişdir. O, hər dəfə İlahə ilə telefonla danışandan sonra Sveta ilə də telefonda danışıb İlahənin onun tanışı olduğunu, İlahənin həyat yoldaşı Yeganəni aldatdığını demiş, Sveta da İlahənin bankda işlədiyini, kredit məsələsini tezliklə həll edəcəyini demişdir. 2023-cü ilin axırlarında İlahə onunla telefonla danışanda demişdir ki, işi həll etməkdən ötrü 1000 (min) manat pul lazımdır. 1000 manat pulu verəndən sonra ona 20000 (iyirmi min) manat pul verəcəyini vəd etmişdir. Ona görə də, kartından 1000 (min) manat pul çıxarıb həyat yoldaşı Yeganənin kartına göndərmiş, Yeganə də həmin 1000 (min) manat pulu İlahənin kartına göndərmişdir. 2024-cü ilin mart ayında ona məlum olmuşdur ki, həyat yoldaşı Yeganmin İlahəyə göndərdiyi 1000 (min) manat pulu İlahə Yeganənin kartına göndərməklə geri qaytarmışdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantıdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı izahatı alınarkən Zərərçəkmiş şəxs2 heç bir təzyiq və hədə-qoxu olmamışdır. Zərərçəkmiş şəxs2 izahatı öz imzası ilə təsdiq etmişdir. Onların məqsədi sadəcə cinayət məsuliyyətindən yayınmaqdır. Hal-hazırda cinayət işi materiallarında adı çəkilən “Vüqar” adlı şəxsin ayrı cinayət işi vardır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai istintaq aparılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəası təyin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Firudin qızı zərər çəkmiş şəxs kimi tanınmışdır. “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs kimi tanınmışdır. “Şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon X3 Şöbəsinə könüllü olaraq gəlmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq aparılan ********* nömrəli cinayət işindən istintaqa “Vüqar” adı ilə məlum olan şəxsin və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş, həmin maddələrlə ona yeni məzmunda iitiham elan edilmişdir. “Şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham yenidən elan eidlmişdir. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında barışıq olduğu üçün bir-birlərinə qarşı iddia, şikayət və tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs1 Firudin qızı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs1 Firudin qızı ilə Təqsirləndirilən şəxs arasında barışıq olduğu üçün bir-birlərinə qarşı iddia, şikayət və tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs1 Firudin qızı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Firudin qızına dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və olmayacaqdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini iş materialları, ibtidai istintintaqı aparan müstəntiqin izahatı, digər zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, şahid ifadələri və digər sübutlarla təkzib olunaraq özünü müdafiə xarakterli ifadə kimi qəbul edərək əsassız sayır. Həmçinin, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında fərqli izahat verməsini hesab edir ki, bu məzmunda ifadə vermə cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 23 saata görə 138 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 20:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 23 saata görə 138 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar