Məhkəmə qərarları › İş №1(012)-415/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-415/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-415/2021 05.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1959-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasiəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib, idarə etdiyi özünə məxsus «Chevrolet Epica» markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri istiqamətində yolayırıcında sola dönmə əməliyyatı aparmaqla sol hərəkət hissəsinə çıxıb qarşıdan əks istiqamətdə öz yolu ilə hərəkət edən Zərərçəkmiş şəxs2 60 km/saat sürətlə etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, zərbədən «Chevrolet Epica» markalı avtomobil sağa istiqamətlənərək yolun sağ kənarında dayanmış Şahid2 idarə etdiyi Opel Astra markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə onun bu hərəkətləri VAZ-21074 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ehtityatsızlıqdan sol əlin İİİ-İV daraq sümüklərinin yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sol əlin hematomalı şişkinliyi kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə, habelə VAZ-21074 markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 1555 (min beş yüz əlli beş) manat, Opel Astra markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs1 250 (iki yüz əlli) manat ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 17 mart 2021-ci il tarixdə saat 17:40 radələrində idarə etdiyi «Chevrolet Epica» markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri istiqamətində gələrkən Xırdalan şəhəri ərazisində yerləşən “Svetafor” marketin qarşısında qırıq-qırıq xətlərlə əks hərəkət istiqamətinə yəni Xırdalan dairəsi istiqamətinə dönmə əməliyyatını yerinə yetirmək üçün avtomobili əvvəlcə saxlamışdır. Sağ tərəfdən hərəkətdə olan avtomobillərə baxmış, heç bir təhlükə olmadığına əmin olduqdan sonra hərəkətdə olan avtomobillərin çox uzaqda olduğunu görüb, dönmə əməliyyatını yerinə yetirmişdir. Bu zaman arxadan tormoz səsi eşitmişdir. O, qeyd etmişdir ki, dönmə əməliyyatını yerinə yetirdikdən sonra yolun sağ hissəsi ilə hərəkət etmiş, dönmə əməliyyatını yerinə yetirdikdən təxminən 10 metr getdikdən sonra VAZ-2107 markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil sol zolaqla gəlməli olduğu halda sağ zolağa keçmiş, yüksək sürətlə hərəkət etdiyi üçün idarə etməni itirmiş, nəticədə həmin avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbədən idarə etdiyi avtomobil ondan asılı olmayaraq 6-7 metr sürüşərək yolun kənarında dayanmış Opel Astra markali **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobildən düşdükdən sonra VAZ-2107 markalı VAZ-2107 markalı avtomobilin təxminən 35 metr tormoz izinin olduğunu görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə Respublika xəstəxanasına müraciət etmişlər. Zərərçəkmiş şəxs2 bütün xərcləri onun tərəfindən ödənilmişdir. Yol qəzasında az əvvəl spirtli içki qəbul etməmişdir. Avtomobildə ondan bağqa arvadı Şahid1 olmuş, hadisə nəticəsində o və arvadı Qumru xəsarət almamışlar. Hadisə zamanı idarə etdiyi avtomobil yüksüz və saz vəziyyətdə olmuşdur. Rəşiddən avtomobili nə səbəbə sürətlə sürdüyünü soruşduqda onunla kobud danışaraq “bəlkə mən narkomanam və ya dəliyəm, istəyirəm 200-nən sürərəm” sözlərini işlətmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17 mart 2021-ci il tarixdə saat 17:40 radələrində etibarpnamə əsasında idarə etdiyi VAZ-21074 markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə sol hərəkət zolağında Xırdalan dairəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən əks hərəkət zolağında olan «Chevrolet Epika» markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən sağ tərəfdən gələn avtomobillərin hərəkətinə fikir verməyib dönmə əməliyyatını yerinə yetirmək üçün onun yoluna çıxmışdır. O, qəzadan yayınmaq üçün idarə etdiyi avtomobili saxlamaq məqsədilə əyləci basıb sağ zolağa sürsə də məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş, nəticədə idarə etdiyi avatomobilin qabaq orta hissəsi, «Chevrolet Epica» markalı 10-SJ 902 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yan hissəsi ilə toqquşmuşdur. Zərbədən «Chevrolet Epika» markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında olan «Opel Astra» markalı avtomobillə toqquşmuşdunr. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, sol əlindən xəsarət almışdır. O, qeyd etmişdir ki, hadisədən az əvvəl heç bir spirtli içki qəbul etməmiş, avtomobili texniki cəhətdən saz və yüksüz olmuş, avtomobilidə sərnişin olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Opel Astra markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili X3 adına qeydiyyatda olsa da həmin avtomobil mülki etibarnamə əsasında ona məxsusdur. Həmin avtomobili Şirvan Abbasovun sürmək üçün etibarnamə verdiyi Şahid2 idarə edir. Bildirmişdir ki, 17 mart 2021-ci il tarixdə Elşən idarə etdiyi Opel Astra markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili Heydər Əliyev prospektində Xırdalan dairəsi istiqamətində saxlayıb qohumunun evinə getmiş, həmin vaxtı Opel Astra markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə başqa bir avtomobil vurmuş, nəticədə ona 250 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 05 aprel 2021-ci il tarixli 550 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin 3-cü daraq sümüyünün orta 1/3-nin qapalı sınığı, sağ əl pəncəsinin şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, 17.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində yetirilməyə xarakterik xəsarətlər alması müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 26 aprel 2021-ci il tarixli T76/2021 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər sol əlin İİİ-İV daraq sümüklərinin yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sol əlin hematomalı şişkinliyi-bərk küt əşya təsirindən törənmiş, 17.03.2021-ci il tarixdə digər avtomobilin onun idarə etdiyi avtomobil ilə toqquşması zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 17.03.2021-ci il tarixli, 2/7084 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05.0.2021-ci il tarixli 8/654 №-li rəyi ilə «Chevrolet Epica» markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, 13.06.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 08.10.2020-cı il tarixdə 08.10.2029-cu il tarixədək müddətə etibarlı olan AC seriyalı 18650 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. "xxxx" ASC-nn X1 Avtovaz Mervis mərkəzindən alınmış 19.03.2021-ci il tarixli E/01 nömrəli ziyan aktı ilə müəyyən edilmişdir ki, VAZ-21074 markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1555 (min beş yüz əlli beş) manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-ci və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır.. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar