Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-415/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs оğlunun və onun müdаfiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkı ilə xx.xx.1980-ci ildə Lənkəran şəhəri, Siyavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, оrtа təhsilli, əvvəllər məhkum olunmamış, Xırdalan şəhəri, H.Əliyev prospekti, 21-ci məhəllə, bina 3-də gözətçi işləyən, Lənkəran rayonu, Siyavar Ərazi Dairəsi, Siyavar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il saat 11:30 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 21 -ci məhəllə, 3 saylı binanın həyətində onunla eyni binada, lakin digər mənzildə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs sonuncunun atasının yas mərasimində iştirak etmədiyinə görə ona irad bildirib mübahisə əsnasında onun üzərinə maye (su) tökməsindən əsəbiləşdikdə ondan qaçaraq aralanmaq istəyən Zərərçəkmiş şəxs yaşadığı həmin binanın girişinin həyətə baxan qarşısına qədər arxadan təqib edərək saxlayıb aralarındakı həmin şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla bağlı Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl və ayaq zərbələri ilə sonuncunun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs həmin zərbələrdən yerə yıxılmasına səbəb olduqdan sonra da, artıq yerdə olan Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sıyrığı sağ gözün üst və alt göz qapaqlarının, sağ gözaltı və sağ kürək nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə 2004-cü ildə ailə həyatı qurmuş və birgə nigahdan iki övladı var. 2007-ci ildə rəsmi şəkildə Lənkəran rayon məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar. Lakin buna baxmayaraq boşandıqdan sonra 2023-cü ilədək bir yerdə yaşamağa davam etmişlər. 2023-cü ildən sonra hal-hazıradək ayrı yaşamışlar. O, Təranənin yaşadığı binada ayrı mənzildə kirayədə yaşayır, həmin binada gözətçi işləyir. xx.xx.2024-cü il tarixdə Təranənin atası dünyasını dəyişmiş, onunla münasibəti yaxşı olmadığı üçün yas mərasimində iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində binanın həyətində gözətçi otağında tək oturduğu zaman Təranə ona yaxınlaşmış və atasının yas mərasiminə gəlməməyini iradla bildirib övladlarını onunla görüşməyinə icazə verməyəcəyini deyib mübahisə etməyə başlamışdır. Mübahisənin davam etməməsi üçün Təranəni gözətəçi otağından çölə çıxarmışdır. Təranə otaqdan çıxdıqdan sonra qapını arxadan açarla bağlamış və bir neçə dəqiqə keçdikdən sonra yenidən ora qayıdıb əlindəki plastik qabdakı mayeni onun sifətinə tökərək binaya tərəf qaçmışdır. O da Təranənin arxasınca qaçaraq Təranəni binanın giriş hissəsində tutub saxlamış və əsəbiləşdiyi üçün əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub döyərkən Təranə aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Yerdə olarkən yenə də diz və ayaq nahiyələri ilə Təranənin başına və bədəninin müxtəlif yerlərinə vurub oradan uzaqlaşıb getdiyini, mübahisə zamanı Təranənin onu vurmadığını göstərmişdir. Əməlindən qismən peşman olmasını nəzərə alaraq, barəsində qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir, onunla 2004-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan 2 övladları var, 2007-ci ildə rəsmi şəkildə Lənkəran rayon məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar. Lakin buna baxmayaraq boşandıqdan sonra 2023-cü ilədək bir yerdə yaşamağa davam etmişlər. 2023-cü ildən sonra hal-hazıradək ayrı yaşamışlar. Teymur onun yaşadığı binada ayrı mənzildə kirayədə yaşayır, bəzi vaxtlarda özü evdə olmayanda gəlib övladlarını görür. xx.xx.2024-cü il tarixdə atası dünyasını dəyişmiş, Teymur yas mərasimində iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində mağazaya gedən zaman binanın həyətində yerləşən gözətçi otağında əyləşən Teymura yaxınlaşıb xəstə olan qızları Təhminənin məktəbə gedib qayıtması üçün taksi sifariş verməsini xahiş etmiş, Teymur isə kobud formada oradan getməsini tələb etmiş, söhbət əsnasında Teymura “yaxşı ki, mərhum atamın yas mərasiminə gəlmədin qardaşlarım necə insan olduğunu bildiklərini” xatırlatmış, bu sözündən sonra oradan çıxıb getmiş, Teymur arxasınca mərhum atasının ünvanına nalayiq söyüş söymüş, Teymurun bu hərəkəti ona pis təsir etmiş, evdən plastik qabda su götürüb yenidən gözətçi otağına yaxınlaşmış, əsəbiləşdiyi üçün pəncərədən əlində olan suyu Teymurun üstünə töküb geri evə tərəf qayıtmışdır. Teymur gözətçi otağının pəncərəsindən arxasınca qaçıb girişdə onu saxlamış, əl və ayaq zərbələri ilə sifətinə, başına və bədəninin müxtəlif nahiyyələrinə vurub döymüş, əlindən çıxmaq istəsə də, təkrar əl və ayaq zərbələri ilə onu vurmuş, təpiklə sifətinə vurarkən zərbənin təsirindən yerə yıxılmışdır. Yoldan ötüb keçən tanımadığı şəxs Teymura iradını bildirmiş, sonra Teymur oradan çıxıb getmişdir. Mübahisələrinin bir neçə dəqiqə davam etdiyini, Teymurun onu döyməsini oradan keçən tanımadığı bir şəxsin gördüyünü bildirmişdir. Sonda o, məhkəmədən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığın nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X2 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2335 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sıyrığı sağ gözün üst və alt qapaqlarının, sağ gözaltı və sağ kürək nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sıyrığı küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Аzərbаycаn Rеspublikаsı DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 59-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə şikayət verən şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 20 saat olmaqla, 120 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində yaşayış yeri olan ünvan 1 ünvanını gecə saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının müddəti icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-415/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-415/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver