Məhkəmə qərarları › İş №1(012)-416/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-416/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-416/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Mincəçevir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,işsiz, Mingəçevir Puşkin küçəsi ev 12/2, mənzil 20də qeydiyyatda olan, faktiki Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi "xxxx" MTK-da yaşayan yaşayan, barəsində 09 oktyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu «İnşaatçılar» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasınıən Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil edilən 01 (bir) ədəd şəffaf sellofan bükümdə 0,571 qram çəkidə psixotrop maddə metamfetamini 20 manata əldə edib üzərində saxlamaqla Xırdalan şəhərinə daşımış, 07 oktyabr 2023-cü il tarixdə saat 19:10 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində saxlanılaraq polis idarəsinə gətirilib, orada həmin gün saat 22:20-dən 22:40-a kimi onun üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şaffaf sellofan bükümdə çəkisi 0,571 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 07 oktyabr 2023-cü il tarixdə Xirdalan şəhəri, H.Z.Tağıyev küçəsində piyada hərəkətdə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Abşeron Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da könüllü olaraq əynində olan tünd rəngli şalvarın sağ yan cibində olan şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını, psixotrop maddəni həmin tarixdə günorta saatlarında İnşaatçılar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manat verməklə əldə etdiyini bildirmişdir. Həmin şəxsi təsadüfi olaraq dayanacaqda görmüş, ondan siqaret istəyib və söhbət əsnasında ona narkotik vasitə təklif etmişdir. O, həmin psixotrop maddə metamfetamini yalnız öz şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Həmçinin o, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra ona qarşı fiziki və psixi zor tətbiq edilməmiş, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Əldə etdiyi həmin metamfetamindən heç kimə satmamış və hədiyyə etməmişdir. Əməlindən peşman olduğunu, artıq psixotrop maddə istifadə etməməsini, bunun üçün müalicə olunduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin CAŞ-nin əməkdaşı Şahid2 bildirdi ki, Abşeron rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinin CAŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 07 oktyabr 2023-cü il tarixdə o, CAŞ-nin kiçik inispektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:10 radələrində Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki tünd rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümündə psixotrop maddəyə oxşar maddəni çıxarab könüllü təqdim edərək, bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 07 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığından tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pulun müqabilində əldə etdiyini, sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə ağ rəngli kristall şəkilində psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir.Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixtrop maddələrin satışı ilə məşqul olması müəyyən olunmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin CAŞ-nin əməkdaşı Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü saat 21:40 radələrində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5259 nömrəli rəydən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «.(imza) M.Kənan ..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,571 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Metamfetaminin təmiz çəkisi 0,571 qram, tədqiqata sərf edilib 0,050 qram, qalıq 0,521 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur. - “Sübutların qiymətləndirilməsi” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki,, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə 0,571 qram olan psixotrop maddə metafetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,521 qram olan psixotrop maddə metafetamin saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddələri ilə təqsirli bilinib 01 il 02 ay zadlıqdan məhrum etmə cəzasına, 01 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır.Məhkumluq ödənilmişdir. - Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X5 verdiyi 10 oktyabr 2023-cü il tarixli 6415 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür - “Sübutların qiymətləndirilməsi” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD formatlı kompak disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli narkotik vasitə olan metamfetaminə bənzər kütləni çıxardaraq masanın üzərinə qoymuş, bundan başqa onun üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuş, o isə, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, İnşaatçılar metrosu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşman olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olması, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, "xxxx" MTK-da yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında 10 oktyabr 2023-cü il tarixli 6415 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,521 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla,cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, "xxxx" MTK-da yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.521 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar