Məhkəmə qərarları › İş №1(012)-42/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-42/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-42/2025 24.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, 5 saylı evdə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan 10 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə, 0,505 qram çəkidə olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış 28 iyul 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısf’na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb, Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsinə gələrək həmin narkotik vasitəni üzərində daşımış, xx.xx.2023-cü tarixdə saat 21:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsində yaşadığı evin yaxınlığında olarkən Abşeron RPİ- nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, idarənin inzibati binasında xidməti otaqda üzərinə keçirilən şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 0,505 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində 2 nömrəli fərdi evdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Bədənində ağrılar olduğu üçün təxminən 03 il olar ki, heroin adlanan narkotik vasitədən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Narkotik vasitəni əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyanın yaxınlığında dayanacaqda olarkən tanımadığı bir şəxslə söhbət edən zaman həmin şəxsin narkotik vasitə aludəçisi olduğunu görmüşdür. O da həmin tanımadığı şəxsə narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə ona bir büküm narkotik vasitə heroin təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs ona bir büküm narkotik vasitə heroini 15 manat müqabilində təşkil edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da həmin şəxslə razılaşmışdır. Həmin şəxs oradan uzaqlaşaraq getmişdir. Təxminən 10-15 dəqiqə sonra geri qayıtmışdır. Həmin şəxs cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümündə narkotik vasitə heroini çıxardıb ona vermişdir. Sonuncu da həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Bundan sonra tanımadığı şəxsə 10 manat verərək həmin bükümü almış və əynində olan qara rəngli şalvarının sağ yan cibininə qoymuşdur ki, onu istifadə etsin. Daha sonra isə həmin şəxslə sağollaşaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, H.B.Zərdabi küçəsində yaşadığı məhəllədə dayanıb siqaret çəkirmiş. Həmin zaman onun cibində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığı narkotik vasitə də olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını demiş və özlərini təqdim etmişlər. Həmin şəslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişdirlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə olduğunu bildirir. Daha sonra ona müdafiəçi dəvət etmişdirlər. Təqsirləndirilən şəxs isə təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub- olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyanın yaxınlığında dayanacaqda olarkən tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özü istifadə etmək üçün 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili polis kapitanı X2 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. 07 iyul 2023-cü il tarixdə məxfi mənbədən ona Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsi 2 nömrəli fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Polis İdarəsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Ona yaxınlaşaraq özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla Polis idarəsinə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs ilə bağlı təhqiqatçı Vüsal Hafizov tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümünü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyanın yaxınlığında dayanacaqda tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli kristallardan ibarət narkotik vasitə heroinə oxşar maddə olmuşdur. Həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Qeyd etmişdir ki, tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində də müvafiq əməliyyat tədbirləri keçirilmiş, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması tərəfindən müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. Habelə Təqsirləndirilən şəxs üzərinə sadəcə Abşeron RPİ-də müdafiəçini iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 şahid Fərid Qasımovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2023-cü il tarixli, 6/6263 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs(İMZA) yazısı və imzalar sözləri olan üzərindən aşkar edilmiş bir bükümdə kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,505 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (qalıq 0,455 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.2023-cü il tarixli 4311 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,455 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin 07.07..2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2024-cü il tarixli, 59/2- 89449 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində saxlanılaraq, Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bülkülmüş içərisində qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə olan büküm polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Ayan Məlikova Təqsirləndirilən şəxs himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,455 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,455 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar