Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-420/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Masazır şossesinin cənubu ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş bir ədəd şəffaf sellofan bükümdə çəkisi 1,198 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 40 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən “Narıncı” marketin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, həmin gün saat 20:20dən saat 20:28-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarın sağ yan cibində həmin bir ədəd bükümdə 1,198 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin materiallarından görünür ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır şossesinin cənubu ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Səmimi olaraq etiraf edir ki, xeyli müddətdir ki, narkotik vasitə olan heroin istifadəçisidir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 40 manat müqabilində bir büküm narkotik vasitə olan heroin alaraq həmin heroini sonra istifadə edəcəyi məqsədilə öz üzərində cibində saxlamışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində o, şəxsi işi ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin, psixotrop maddələrin qəbulunda və üzərimdə saxlamaqda şübhəli bilindiyi üçün onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-yə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş, yəni içərisində narkotik vasitə heroin olan bir bükümü çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə heroini də bir neçə saat əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 40 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Sonra içərisində narkotik vasitə heroin olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Bir daha bildirir ki, o, həmin bir ədəd bükümdə olan narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 40 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və polis idarəsinə gətirildikdən sonra ona heç bir fiziki və psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron RPİnin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis mayorudur. 04 sentyabr 2024-cü il tarixdə saat 17:30 radələrində xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Masazır şossesinin cənubu ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində gəzdirməsi və bir qədər sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən “Narıncı” marketin yaxınlığına gedəcəyi, üzərində də qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gedib deyilən ünvanda, yəni “Narıncı” marketin yaxınlığında Təqsirləndirilən şəxs gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, “Narıncı” marketin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin olması barədə məlumatlarının olduğunu bildirib onu Abşeron RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-yə gəlmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir büküm halında narkotik vasitə olan heroin olduğunu bildirmiş və əlini əynindəki göy rəngli idman şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim etmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkiliş ilə onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə heroindir. O, həmin bir büküm heroini bir neçə saat əvvəl, yəni xx.xx.2024-cü ildə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata alıb sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan heroinə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini haradan və kimdən alması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ifadəsində NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmiş və istintaqa eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/4437 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,198 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 1,198 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,148 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli 6630 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən şəffaf sellofanın içində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə prosesində cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən şəffaf sellofanın içində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd şəffaf sellofanın içində narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 40 manat müqabilində almışdır. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunur. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırılan və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını,törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən nömrəsiz fərdi evini axşam saat 22:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi üzrə tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün müddət çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,148 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən nömrəsiz fərdi evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,148 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-420/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-420/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver