Məhkəmə qərarları › İş №1(012)-421/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-421/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-421/2021 15.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 10-cu mikrorayon ev 63 mənzil 70-də qeydiyyatda olub Abşeron şəhəri Kristal Abşeron y/k 1 bina 16 mənzil 74-də yaşayır və 05 fevral 2021-ci il tarixdə barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.2, 178.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 2019-cu ilin avqust ayında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu X2 həbsdən azad etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib inandıraraq bu məqsədlə 20 avqust 2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri Nizami küçəsində yerləşən fərdi yaşayış evində görüşərək sonuncudan 1540 manat, 2019-cu ilin oktyabr ayının əvvəllərində Xırdalan şəhəri, «Tovuz» marketin qarşısında Zərərçəkmiş şəxs2 keçmiş əri Şahid1 vasitəsilə göndərdiyi 2000 manat pulu alıb ələ keçirərək vədinə əməl etməyib vahid niyyətlə Zərərçəkmiş şəxs2 cəmi 3540 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 oktyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində Zərərçəkmiş şəxs1 taksi kimi idarə etdiyi “Mercedes” markalı, ** VF *** qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan zaman Xırdalan dairəsinin yaxınlığında yerləşən “Ağdam” adlanan marketin qarşısında Zərərçəkmiş şəxs1 avtomobildə olmadığından istifadə edərək avtomobilin saxlanc yerində olan 1000 manat pulunu götürüb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 01.02.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi 0,466 qram ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, 03 fevral 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron1» yaşayış kompleksində 16 nömrəli binanın qarşısında saxlanılaraq Abşeron RPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellefona bükülmüş 0,466 qram kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək həmin ittihamda göstərilən hərəkətləri etmədiyini göstərdi və polis əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi formada təsir olduğunu göstərdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququ təmin olunmaqla dindirilərkən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Qayıvalı qızı onun tanışı Ruslanın anasıdır. Ruslan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində atası ilə qonşudur. Onun Ruslanla tanışlığı qonşu olandan başlamışdır. 2019-cu ildə tanışı Ruslan dələduzluq cinayəti törətdiyi üçün həbs edilmişdi. O, atası Mahirə Ruslanın valideynlərinin onunla əlaqə saxlamasını, ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Ruslanın atası Mahir ona zəng vuraraq görüşmək istədiyini demişdir.Təxminən 2019-cu ilin avqust ayında o, Ruslanın atası Mahirlə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında yerləşən adını bilmədiyi kafedə oturub söhbət etmişlər. Söhbət zamanı Mahir ona oğlu Ruslanın kiminsə pulunu dələduzluq yolu ilə ələ keçirdiyini və buna görə həbs edildiyini və Ruslanın həbs olunduğu yerdən zəng edərək İlqarın ona kömək edə biləcəyini bildirmişdir. Həmin görüş zamanı Mahir ona Ruslanın pulunu mənimsədiyi zərərçəkmiş şəxsin telefon nömrəsini vermiş, o, da həmin şəxslə danışb pulunu geri qaytarmağa razılaşmışdır. Bundan sonra Mahirə zərərçəkən şəxsə 1540 manat pul vermək lazım olduğunu bildirmiş, həmin günün səhəri o, Xırdalan şəhəri Nizami küçəsində yaşayan Ruslanın anası Zərərçəkmiş şəxs2 Qayıvalı qızından Ruslanın həbsdən çıxarılması üçün zərəçəkənə pul ödəmək adı ilə 1540 manat pul almış, pulu aldıqdan sonra isə mobil telefonları söndürərək edilən zənglərə cavab verməmiş, aldığı pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 28 oktyabr 2020-ci il tarixdə o, tanışı Orxan ilə iki nəfər qızlarla Bakı şəhəri Nərimanov rayonunda Gənclik adlanan ərazidə yerləşən “NİNE” otelinə getmiş və iki gecə həmin oteldə qalmışlar. 30 oktyabr 2020-ci il tarixdə onların otelə 40 manat borcu qalmış, tanışı Orxan pul gətirmək üçün getmiş, lakin qayıtmamışdır. O, qızlarla oteldə qalmış, sonra 2111 taksi xidmətinə zəng etmiş və Xırdalan şəhərinə taksi sifariş etmişdir. Onun istifadə etdiyi ***-***-**-** nömrəsinə taksi sürücüsü ***-***-**-** nömrəsi ilə zəng edərək otelin qarşısında olduğunu bildirmişdir. O, oteldən çıxıb taksi sürücüsündən 40 manat borc almış və ona yaşadığı ünvana aparanda evdən onun yol haqqını və 40 manatını verəcəyini demişdir. O, qızlarla həmin Mersedes markalı, 10VF680 qeydiyyat nişanlı taksi avtomobilinə oturmuş, qızları Bakı şəhəri, Binəqədi rayonunda mərkəz adlanan yerdə düşürtdükdən sonra sürücüyə onu Xırdalan şəhərinə Kristal Abşeron -1 yaşayış kompleksinə aparmağı demişdir. Yolda Xırdalan dairəsinə az qalmış sürücü avtomobili saxlayaraq yolun kənarında olan mağazadan siqaret almağa getmiş, bu zaman o, avtomobilin saxlanc yerini açarkən orada pul olduğunu görüb həmin pulu götürmüşdür. Sürücü gəlmiş və avtomobili idarə edərək onu dediyi ünvana gətirmiş və o, taksi sürücüsünə evə girib pulunu gətirəcəyini deyib binanın girişinə girmiş, sonra zirzəmiyə düşərək arxadan çıxıb Xırdalan şəhərində Azbentonit adlanan yerdə olan valideyinlərinin evinə getmişdir. O, avtomobildən götürdüyü pulu sayarkən pulun 1000 manat olduğunu görmüş, həmin pulu da şəxsi ehtiyyaclarına xərcləmişdir. Avtomobildən pul oğurlamağını da heç kimə deməmişdir. Bundan başqa o, bldirmişdir ki, 03.02.2021-ci il tarixdə saat 16.10 radələrində yaşadığı binanın qarşısında olarkən iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və psixotrop maddə olan metamfetomini istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu, onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. Bu səbəbdən o, polis əməkdaşının idarə etdiyi avtomobilə əyləşmişdir. Abşeron RPİ-nə gətirildikdən sonra onun üzərinə şəxsi–axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Xidməti otaqlardan birində video çəkilişlə üzərində axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, əynində olan qara-sarı rəngli qısa qol qış gödəkçəsinin sol yan cibindən üzərində bir ədəd şəffaf rəngli sellofan bükümün içərisndə psixotrop maddə olan metamfetomin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmiş, və kütləni haradan və nə vaxt aldığı ondan soruşulduqda o, həmin kütləni təxminən 01 fevral 2021-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edlmiş bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə olan metamfetomin bükümü zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər iki nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi Müdafiəçi1 tərəfindən imzalanaraq qablaşdırılmışdır. Həmçinin təqdim etdiyi 15 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Qeyd etdiyi proses video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Qayıvalı qızından 1540 manat pul almış, Mahirdən pul almamış, Zərərçəkmiş şəxs2 Qayıvalı qızını Ruslanın anası kimi əvvəlcədən tanımışdır. Üzərindən aşkar edilmiş psixotrop maddəni öz istifadəsi üçün saxlamış, həmin psixotrop maddədən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmiş, həmin maddəni öz istifadəsi üçün saxlamış, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2019-cu ilin avqust ayının ortalarında oğlu Ruslan dələduzluq cinayəti törətdiyi üçün həbs edildikdən sonra məhkəmə proseslərinin birində oğlu Ruslanın dostu Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin şəxslə söhbət əsnasında İlqar oğlu Ruslanı azadlığa çıxarmağa qadir olduğunu ona bildirmişdir. Belə ki, İlqar oğlunun maddi ziyan vurduğu şəxsin pulunu geri qaytaracağını və bundan sonra oğlu Ruslanı azadlığa çıxaracağını vəd verib onu aldatmışdır. Oğlu Ruslan dələduzluq cinayəti törətdiyi şəxsə 2000 manat maddi ziyan vurmuşdu. İlqar da zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. O, təxminən 2019-cu ilin avqust ayının 20-də saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində kirayə yaşadığı evdə İlqara 1540 manat pul vermişdir. O, İlqara keçmiş əri Mahir vasitəsi ilə 2000 manat pulda vermiş, İlqar isə ondan aldığı pulların qarşılığında heç bir iş görməmiş zərərçəkən şəxsə dəymiş ziyanı ödəməmiş və telefonları söndürərərk ona edilən zənglərə cavab verməmişdir. Sonda o, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3540 manat ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, oğluna məxsus Mercedes markalı, **-VF-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərək arada taksi fəaliyyəti ilə məşğul olur və 050-358 58 30 nömrəsini 2111 taksi xidmətində qeydiyyata aldırmışdır. 30 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhərində olarkən 2111 xidmətindən 055 599 99 78 nömrəli müştəridən sifariş aldığı bildirilmiş, o, həmin müştərinin olduğu Bakı şəhəri Nərimanov rayonunda Gənclik adlanan ərazidə yerləşən “NİNE” otelinə yaxınlaşmış və oteldən çıxan cavan oğlan ona yaxınlaşıb otelə olan borcunu ödəmək üçün ondan 40 manat pul istəyərək onu Xırdalan şəhərində ünvanına aparanda orada ona 40 manatı və 7 manat da gediş haqqını verəcəyini bildirdikdə 40 manat pulu həmin oğlana vermiş və oğlana otelə qayıtmış, 2-3 dəqiqədən sonra iki nəfər qızla çıxıb avtomobilinə oturmuşlar. O, Binəqədi rayonunda mərkəz adlanan yerdə iki nəfər qızları avtomobildən düşürmüş, həmin oğlanı isə Xırdalan şəhərinə, “Kristal Abşeron-1” yaşayış kompleksinə gətirəndə avtomobili Xırdalan dairəsinin yaxınlığında olan “Ağdam” adlanan marketin qarşısında saxlayaraq həmin marketdən bir ədəd ağ palma siqaretini alıb avtomobilə qayıtmış və oğlanı “Kristal Abşeron-1” yaşayış kompleksinə 15-ci evin qarşısına gətirmişdir. Həmin şəxs avtomobildən düşərək pulunu gətirəcəyini deyib binaya girmiş o, 15-20 dəqiqə gözləmiş, həmin şəxs gəlməmişdir. Sonra onun mobil telefonuna zəng etmiş, həmin şəxsə zəng çatmamış, onda həmin şəxsin onu aldatdığını başa düşmüşdür. O, həmin vaxt avtomobilin salonunda saxlanc yerinə baxanda oraya qoyduğu 1000 manat pulunda yerində olmadığını görüb həmin şəxsin pulu oğurladığını başa düşmüşdür Həmin 1000 manat pulu banka olan kreditlərini ödəmək üçün evdən çıxanda götürmüş və avtomobilin içərisində olan saxlanc yerinə qoymuşdur. Ondan sonra o, həmin otelə getmiş və orada həmin şəxsin müştəri kimi olduğu ona məlum olmuşdur. Ona görə də bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonda o, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ona tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 Qayıbalı qızı onun keçmiş arvadıdır, birgə nigahlarından iki oğlan övladı vardır. 2019-cu ilin avqust ayının ortalarında oğlu X3 dələduzluq cinayəti törətdiyi üçün həbs edilmişdi. Bundan sonra oğlu Ruslanın məhkəmə proseslərinin birində keçmiş arvadı Sona oğlunun dostu Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin şəxslə söhbət əsnasında İlqar oğlu Ruslanı azadlığa çıxarmağa qadir olduğunu ona deyib oğlunun maddi ziyan vurduğu şəxsin pulunu geri qaytaracağını və bundan sonra məhkəmədən oğlu Ruslanı azadlığa çıxaracağını vəd verib keçmiş arvadı Sonanı aldatmışdır. Oğlu Ruslan dələduzluq cinayəti törətdiyi şəxsə 2000 manat maddi ziyan vurmuşdu. İlqar da zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini bildirdikdən sonra 2019-cu ilin avqust ayının 20-də təxminən saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində keçmiş arvadı Sona kirayə yaşadığı evdə İlqara 1540 manat pul vermiş, həmin vaxtı İlqar Sonadan oğlunun azadlığa çıxmasına kömək etməsi məqsədi ilə ona 3540 manat pul verməsini demişdir. Sona təxminən 2019-cu ilin oktyabr ayının əvvəllərində ona zəng vurub oğlunun azadlığa çıxmasına kömək etmək məqsədi ilə gəlib ondan 2000 manat pulu götürüb Təqsirləndirilən şəxs verməsini dedikdə oda həmin tarixdə Sonadan 2000 manat pulu götürüb, Təqsirləndirilən şəxs telefonuna zəng vuraraq ona kim olduğunu demiş, sonra isə Təqsirləndirilən şəxslə Xırdalan şəhərində “Tovuz” marketin yaxınlığında görüşüb keçmiş arvadı Sonanın ona verdiyi 2000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. İlqar isə ondan aldığı pulların qarşılığında heç bir iş görməmiş, zərərçəkən şəxsə dəymiş ziyanı ödəməmiş və telefonları söndürərək ona edilən zənglərə cavab verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsində göstərdi ki, Abşeron RPİ-də CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 03.02.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi 1, bina 16, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi 1 ərazisində üzərində qanunla qadağan olunmuş psixotrop maddələri gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuş, həmin məlumatla bağlı Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyatçısı polis mayoru Samir Məmmədovun əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı əsasında 03.02.2021-ci il tarixdə saat 16 radələrində Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Samir Məmmədovun iştirakı ilə Abşeron RPİ-nin inzibati ərazisi olan Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 1» yaşayış kompleksinin həyətindəözünüşübhəli aparan Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan sarı-qara rəngli qısa qol qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf kristal şəkilli psixotrop maddəyə oxşar kütləni təqdim edərək həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, 2-3 gün əvvəl Yasamal rayonunda tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirdi. Həmin psixotrop maddəyə oxşar kütlə tərəfindən götürülüb bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş, baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron RPİ-də CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 03.02.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi 1, bina 16, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi 1 ərazisində üzərində qanunla qadağan olunmuş psixotrop maddələri gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. 03.02.2021-ci il tarixdə saat 16 radələrində Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakı ilə Abşeron RPİ-nin inzibati ərazisi olan Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 1» yaşayış kompleksinin həyətində özünü şübhəli aparan Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Abşeron RPİ-nə dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçının, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması soruşularkən Təqsirləndirilən şəxs əynində olan sarı-qara rəngli qısaqol qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf kristal şəkilli psixotrop maddəyə oxşar kütləni təqdim edərək həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, 2-3 gün əvvəl Yasamal rayonunda tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Həmin psixotrop maddəyə oxşar kütlə tərəflərindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİnin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İstintaq materiallarına əlavə edilmiş 03.02.2020-ci il tarixdə saat 16:35-dək olan müddət ərzində Abşeron rayon Pİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin keçirildiyi anların köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 03.02.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon Pİ-nə gətirib üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı zamanı əynində olan gödəkçənin sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 04 fevral 2021-ci il tarixli 6/497 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,466 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 29 mart 2021-ci il tarixli 870 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 01 ədəd bükümdə təmiz çəkisi 0,466 qram olan ağ rəngli, kustar üsulla psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski maddi sübut qismində tanınmış, maddə qalığı 0,416 qram çəkidə metamfetamin saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski isə iş materiallarına əlavə edilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.1 və 234.1-ci maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü təqsirli bilməməsi barədə göstərdikləri, ona elan edilmiş ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün, qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxs təqsirli olduğu Cinayət Məcəlləsinin 177.2.2, 234.1-ci maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olsada hazırki cinayət işi üzrə həmin hissədə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 187.1, 187.2, 189.1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs kimi zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04.01.2021-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-də AR CM-nin 182.3.2 maddəsi üzrə 12.06.2017-ci ildə Nərimanov rayon prokurorluğun qərarı ilə CPM-nin 85.157.8.2 maddəsi ilə əməli CM-nin 134 maddəsi ilə tövsüf edilərək barəsində seçilmiş həbs qətiimkan tədbirinin təqibinə xitam verilərək 12.06.2017-ci ildə azad edilmişdir. 24.09.2017-ci il tarixdə Nərimanov RPİ-də AR CM-nin 134 maddəsi aparılan icraata 24.09.2017-ci il tarixdə AR CM-nin 40.2.2 maddəsi ilə xitam edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan “Kristal Abşeron 1 MMC”-nin səlahiyyətli şəxsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 10-cu mikrorayon ev 63 mənzil 70-də qeydiyyatda olub Abşeron şəhəri Kristal Abşeron y/k 1 bina 16 mənzil 74-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edilməsi və zərərin ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar isə müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 03.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 03.02.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasənqəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrindəçəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmünicrasıona aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,416 qram narkotik vasitə olan metametafin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsi müddətinin başlanğıcı tutulduğu 03.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın . Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,416 qram narkotik vasitə olan metametafin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pnitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar