Məhkəmə qərarları › İş №1(012)-422/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-422/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-422/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməyən, Sumqayıt şəhəri, 18-ci MKR, ev 20, mənzil 27-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində Bakı Quba magistral yolunun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində Qafqaz dairəsi adlanan ərazinin yaxınlığında Baic markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilini köməkçi yolun hərəkət istiqamətində saxladığına görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətnahiyyəsindən yumruqla qəsdən vuraraq, ona baş beyin sirkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ gözaltı nahiyyənin qançırı və əzilmiş-çırılmış yarası, alın nahiyyənin sağ yarsının və hər iki dirsək oynağı nahiyyələrinin arxa səthinin sıyrıqlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində, Baic markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yaşadığı Sumqayıt şəhərinə qayıdarkən Qafqaz dairəsi adlanan yerdə Saray qəsəbəsi istiqamətində hərəkətdə olan zaman özünü narahat hiss etdiyi üçün avtomobili saxlayaraq dərman qəbul etmişdir. Həmin vaxt arxa tərəfdən gələn Toyota Prius markalı avtomobilin sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtomobili saxlayaraq, onun avtomobilinə yaxınlaşdığını görüb, özü də avtomobildən düşmüşdür. Rəşad ona avtomobili nə üçün yolun hərəkət hissəsində saxladığını soruşduqda, Rəşada özünü yaxşı hiss etmədiyi üçün dərman qəbul etmək üçün avtomobili yolun hərəkət hissəsində saxladığını demişdir. Söhbət zamanı Rəşad onu anlamadığından aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı ilk öncə Rəşad təpiklə onun ayağından vurduğuna görə əsəbiləşərək, yumruqla Rəşadın sifətindən bir dəfə vurmuşdur. Daha sonra Rəşad oradan uzaqlaşmışdır. Hadisə iki dəqiqə davam etmiş, yanlarında başqa heç kim olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, İş üzə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində özünə məxsus Toyota Prius markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhərindən yaşadığı Sumqayıt şəhərinə gedərkən, Qafqaz dairəsi adlanan yerdə Baic markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil Saray qəsəbəsi istiqamətində onun avtomobilinin qarşısında saxlamış, sürücünün nə səbəbə avtomobili saxladığını maraqlanmaq üçün avtomobilindən düşərək, həmin avtomobilə yaxınlaşmış, sonradan adını bildiyi Təqsirləndirilən şəxs həmin avbtomobildən düşmüşdür. Elşəndən avtomobilini nə səbəbə yolun hərəkət hissəsində saxladığını soruşduqda, sonuncu özünü narahat hiss etdiyi üçün avtomobilini saxlayaraq, dərman qəbul etdiyini demişdir. Söhbət zamanı Elşənə avtomobili yolun hərəkət hissəsində saxlamasına öz iradını bildirdikdə, Elşən ona kobud cavab qaytarmışdır. Bu səbəbdən aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Elşən onu əlləri ilə itələdiyinə görə təpiklə Elşənin ayağından vurmuşdur. Həmin vaxt Elşən yumruqla onun sifətindən bir dəfə vurmuşdur. Daha sonra oradan uzaqlaşaraq, xəstəxanaya getmişdir. Hadisə iki dəqiqə davam etmiş, yanlarında başqa heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1049 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin sirkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ gözaltı nahiyyənin qançırı və əzilmiş-çırılmış yarası, alın nahiyyənin sağ yarsının və hər iki dirsək oynağı nahiyyələrinin arxa səthinin sıyrıqları bərk- küt əşya(əşyalar) təsirindən törənmişdir,qərarda göstərdiyi tarixdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurma nəticəsində əmələ gələ dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasını vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzanı tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş, Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar