Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-423/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafəiçisi - Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Ağdam rayonu, Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkumluğu olan, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah kəndi, Əliağa Vahid küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində cücələrə yem almaq üçün gedən birgə yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxs mobil telefonuna zəng çatmadığını iddia edib irad bildirməsi səbəbindən yaşadıqları evin həyətində onun sifətinə və bədəninin müxtəlif nahiyyələrinə taxta parçası, əl və ayaq zərbələri ilə vurmaqla ona təpə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, ağız boşluğunun selikli qişasının sol yarısının əzilmiş yarası, sol yanaq nahiyəsinin, sağ bazunun, sol budun hematomaları, sağ kürəkaltı nahiyənin, sol baldırın, sol topuq oynağının qançırları xəsarətləri yetirməklə ona qəsdən sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan iki övladları var 2011-ci ildə Gülnarə ilə rəsmi şəkildə boşansalar da, 2018ci ildən Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq yaşayış massivində birlikdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində evdə olan zaman Gülnarə həyətdə saxladığı cücələrə yem almağa getmiş, 40 dəqiqə sonra onun mobil telefonuna zəng etsə də, zəng getməmiş, sonra qaynanasının telefonundan zəng etmiş, lakin o zənglərə cavab verməmişdir. Təxminən 20 dəqiqə sonra Gülnarə evə gəlmiş, ondan hansı səbəbə görə telefon zənglərinə cavab vermədiyini soruşmuş, Gülnarə isə telefonun zəngini eşitmədiyini bildirmiş, bundan sonra əsəbləşib, yerdə olan taxta parçası ilə Gülnarənin başına sifətinə bədənin müxtəlif nahiyyələrinə vurmuş, o yerə yıxılmış, Gülnarənin anası Bəyim onları ayırmaq istəmiş, Gülnarə yerdən qalxıb evə tərəf qaçmış, evə girib qapını bağlamış, sonra onun arxasınca getsə də Gülnarə pəncərədən qaçıb getmişdir. Əlavə olaraq o, mübahisələrinin təxminən 10-15 dəqiqə davam etdiyini, Gülnarəni döyməyini qaynanası Bəyim və azyaşlı uşaqlarının gördüyünü bildirdi. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır, birgə nikahdan iki övladları var, 2011-ci ildə Fikrətlə rəsmi şəkildə boşansalar da, 2018-ci ildən Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq yaşayış massivində birlikdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə o, saat 17 radələrində həyətində saxladığı cücələrə yem almaq üçün Digah kəndində yerləşən yem dükanına getmiş, evə qayıdandan sonra həyətə daxil olan kimi Fikrət əlində olan taxta parçası ilə onun üstünə gəlmiş, başına zərbələr vurmuş, zərbənin təsirindən yerə yıxılmış, Fikrət təpiklə onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vurmuş, Fikrətdən onu döyməsinin səbəbini soruşmuş, Fikrət də guya yem almağa gedən zaman mobil telefonuna zəng çatmadığını iddia etmiş, onlarda qonaq olan anası Bəyim Fikrəti sakitləşdirmək istəsə də bacarmamış, o, Fikrətin əlindən çıxıb qaçmış, daha sonra o, bu barədə polisə məlumat vermişdir. Əlavə olaraq o, mübahisələrinin təxminən 10-15 dəqiqə davam etdiyini, Fikrətin onu döyməyini anası Bəyim və azyaşlı uşaqlarının gördüyünü bildirdi. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir və qızı Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşıdır. xx.xx.2020-ci il tarixdə qızıgildə qonaq olan zaman Gülnarə təxminən saat 17 radələrində cücələrə yem almaq üçün Digah qəsəbəsinə getmiş, o gedəndən sonra Fikrət Gülnarəyə zəng etsə də, ona zəng çatmamış, sonra onun mobil telefonundan Gülnarəyə zəng etmiş, lakin yenə əlaqə yarada bilməmiş, bir neçə dəqiqədən sonra Gülnarə evə gəlmiş, qapıdan həyətə daxil olan kimi Fikrət əlində olan taxta parçası ilə onun sifətinə bədəninin müxtəlif nahiyələrinə, həmçinin əl zərbələri ilə də Gülnarəni vurub döymüş, daha sonra o, Fikrəti sakitləşdirib aralaşdırmaq istəsə də, bacarmamış, bundan sonra Gülnarə onun əlindən çıxıb evə tərəf qaçaraq pəncərədən tullanıb getmiş və polis bölməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X2 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1141 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər- təpə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, ağız boşluğunun selikli qişasının sol yarısının əzilmiş yarası, sol yanaq nahiyəsinin, sağ bazunun, sol budun hematomaları, sağ kürəkaltı nahiyənin, sol baldırın, sol topuq oynağının qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq, təpik, taxta və yaxud dəmir parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən təqdim edilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Fizuli-Qubadlı məhkəməsinin xx.xx.2002-ci il tarixli ilə məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin 39, 43, 344-347, 356, 383-385-cimaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dairməhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə,həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-423/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-423/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver