Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-423/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 08.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,415 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 (bir) ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu Masazır qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 09 mart 2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı X5, Abşeron rayon, Masazır qəsəbəsi N.Əsədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib xidməti otaqlardan birində onun şəxsi axtarışı zamanı sonuncunun əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli plastik qabın içərisində saxladığı həmin 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,415 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,093 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən yeddi ay olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. Bu səbəbdən də 08.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm narkotik vasitə olan heroin və siqaretin gümüşü rəngli kağızı ilə bükülmüş bir büküm də psixotrop maddə olan metaffetamin almış, həmin bükümlərin hər ikisini bir ədəd ağ rəngli plastik qabın içərisinə qoyub, əynində olan şalvarının cibinə qoyaraq, Abşeron rayonu, Masazır qəsəbəsinə yaşadığı ünvana qayıtmışdır. Həmin bükümlərdəki narkotik vasitəni və psixotrop maddəni özü istifadə edəcəyi üçün öz üzərimdə saxlamışdır. 09.03.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsi ilə piyada hərəkət edərək yaşadığı evə doğru gedən vaxtı iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra, ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda şübhəli bilindiyi üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğumu bildirmişlər. O, heç bir etiraz etmədən, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmiş, Abşeron RPİ-də xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ona üzərində şəxsi axtarış keçirəcəklərini, əgər üzərində saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etməyini bildirmişdir. Həmin vaxt o, bir gün əvvəl, yəni 08.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində aldığı və ağ rəngli plastik qabda saxladığı 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş heroini və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamini əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən çıxarıb stolun üstünə qoymuş, həmin ağ rəngli plastik qabın içərisində 01(bir) ədəd bükümdə heroin və 01(bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu müəyyən edilmiş və həmin bükümlərə baxış keçirilmişdir. Sorğu zamanı o, həmin 2(iki) bükümdə olan narkotik vasitəni və psixotrop maddəni 08.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata alıb cibinə qoyduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin və 01 ədəd siqaretin kağızına bükülmüş psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, O və polis əməkdaşları zərfə və protokola imza etmişlər. O, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni yalnız özü istifadə etmək üçün aldığını, həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə satmamışdır. Sonda o, psixotrop maddənin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı uşağının və bir yetkinlik yaşına çatmayan şəxsin olmasını bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs X2 məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 09.03.2021-ci il tarixdə icraatına Abşeron rayonu, Masazır qəsəbəsi Nazim Əsədov küçəsi ev 58-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması üçün idarə rəisinə raportla müraciət etmiş, raportun icraası CAŞ-nin rəisi, polis polkovnik-leytenantı Fikrət Nəsibova həvalə edilmişdir. Əməliyyat məlumatının yoxlanılması üçün polis idarəsinin CAŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradilmış, həmin qrupa rəhbərlik etmək ona həvalə edilmişdir. İdarənin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 qrupun üzvü olaraq həmin tədbirdə iştirak etmişdir. 09.03.2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs, Abşeron rayon, Masazır qəsəbəsi ərazisində CAŞ-nin əməliyyat müvəkkili Şahid2 və onun tərəfindən saxlanılmış, onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra, ona üzərində qanunla qadağan olunmuş narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün Abşeron RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir narazılıq və etiraz etmədən, onlarla birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmiş, rayon polis idarəsində xidməti otaqların birində, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş, hər hansı bir əşya, predmet, narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarının qabaq sağ cibindən çıxarıb təqdim etdiyi bir ədəd ağ rəngli plastik qabın içərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,093 qram psixotrop maddə metamfetamin və bir ədəd selofan bükümdə narkotik vasitə olan 0,415 qram heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ qabaq cibindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini 08.03.2021-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manat müqabilində aldığını bildirmişdir. Həmin 1(bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd bükümdə metamfetaminə bənzər psixotrop maddə iştirakçıların yanında qablaşdırılmış, bu barədə protokol tərtib edildiyi üçün iştirakçılar və oun tərəfindən həmin protokol və zərf Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-in əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində, Abşeron RPİ-in CAŞ-in baş əməliyyat müvəkkili Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli 6/969 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs» və sairə sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,415 qram olan qəhvəyi rəngli maddə qustar üsulla hazırlanmış narkotik vasitə– heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. 01 ədəd bir ədəd bükümdə təmiz çəkisi 0,093 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə- metamfetamindir, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahi 1) daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin təmiz çəkisi -0,415 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,365 qram. Metamfetaminin təmiz çəkisi -0,093 qram tədqiqata sərf edildi -0,04 qram, qalıq -0,053 qram təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 09.03.2021-ci il tarixdə saat 23:50 radələrindən saat 00:10 radələrindək olan müddət ərzində Abşeron rayon polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı onun əynində olan açıq qəhvəyi rəngli şalvarının qabaq sağ cibindən bir ədəd ağ rəngli plastik qabın içərisindən , 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,415 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd ağ rəngli selofan parçasına bükülmüş təmiz çəkisi 0,093 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilələrk götürülməsi müəyyən edildi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,365 qram heroin, qalıq qalmış 0,053 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının «18».03.2021-ci il tarixli «858» saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olant metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəsitəliyi) aşkar olunur. Narkomaniyyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49cu bəndində heroin və İİ hissəsinin 27-ci bəndində metafetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli siyahısına əsasən psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və 05.09.2020-ci il tarixli İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə ibtidai istintaqı tamamlanmış ********* saylı cinayət işi 03.09.2020-ci il tarixdə Abşeron rayon məhkəməsinə göndərilmişdir. Abşeron rayon məhkəməsinin 06.07.2021-ci il tarixli, 1(012)-108/2021 saylı qərarından görünür ki, Abşeron rayon məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3 və 234.1-ci maddələri ilə, X6 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3 maddələri ilə, X8 Azərbaycan Respublikası CMnin 177.2.1,177.2.3 maddələri ilə , X7 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı X3 vəsatəti təmin edilmiş, X7 hərəkətlərində daha ağır cinayətin yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2ci maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 27.07.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2014-cü il tarixli, 1(012)- 136/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş. “28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən 23 iyun 2016-cı il tarixli amnistiya qərarı tətbiq edilərək cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Rəhimov X4 rayonu, Masazır kəndi, N. Əsədov küçəsi, ev 58 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbsə alınmalı və cəzasının əvvəli tutulduğu tarixdən - 28.07.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olant metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəsitəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Habelə həmin Məcəllənin 95.0.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,365 qram heroin və qalıq qalmış 0,053 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir günün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə zalında həbsə alınsın və cəzaçəkmə müddətinin başlanğıcı 28.07.2021-ci il tarixdə hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 0,365 qram heroin və qalıq qalmış 0,053 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-423/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-423/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver