Məhkəmə qərarları › İş №1(012)-424/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-424/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-424/2022 24.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2n, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində rəsmi nigahda olduğu, lakin faktiki olaraq ayrı yaşayan arvadı Zərərçəkmiş şəxs ondan icazəsiz işləməsinə etiraz etmək üçün sonuncunun satıcı kimi işlədiyi Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən «Masazır Mall» paltar mağaza mağazasına gəlib, mağazanın qarşısında küçədə mübahisə edərək kənar şəxslərin gözü qarşısında anasını mağazadan qovdurmasının səbəbini soruşub əsəbi formada öz davranışları ilə ictimai qaydalara açıq etinadsızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan kənarda olan şəxslərə özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər nümayiş etdirməklə Zərərçəkmiş şəxs ünvanına söyərək üstünə hücum edib, sillə ilə sifət nahiyəsinə vurmuş, həmin vaxt orada yerləşən «Nur» dönər evinin işçiləri onu sakitləşdirib ayırdıqdan sonra yenidən ucadan nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs sol göz nahiyəsinə sillə ilə zərbə vuraraq, ona sol gözaltı nahiyənin və alt göz qapağının həmin gözün göz almasının kontuziyası ilə müşaiyət olunan yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə və mağazanın iş rejimini pozmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Ülkərlə 2021-ci ilin dekabr ayında rəsmi olaraq evlənmişlər. 2022-ci ilin yanvar ayında Ülkər atasının evinə getmiş, 2 gün qaldıqdan sonra o, Ülkərə evə gəlməsini bildirmiş, lakin sonuncu evə qayıtmaq istəmədiyini demişdir.Ülkər anasının yola getməməsini bəhanə gətirib evə gəlməyəcəyini bildirmiş, lakin, o, evə qayıtmasını bildirərək münasibətləri aydınlaşdıracağını demişdir. Ülkər onun sözünü eşitməyərək evə qayıtmamışdır. Həmin vaxtdan Ülkər atasının evində yaşamış, onunla yalnız telefonla əlaqə saxlamışdır. Ülkərə əgər onunla yaşamaq istəmirsə boşanmasını bildirmişdir. Ülkər ona boşanmayacağını bildirmişdir. 20 may 2022-ci il tarixdə axşam saat 23 radələrində evə gələrkən Ülkərlə küçədə qarşılaşmış, haradan gəlməsini soruşanda ona işdən gəldiyini deyərək evlərinə getmişdir. Səhəri gün o, Ülkərin harada işləməsini maraqlanmış və sonuncunun «Masazır Mall» dükanında satıcı işlədiyini öyrənmişdir. Ülkər onunla evlənməzdən əvvəl də həmin dükanda işləmişdir. Anasına bu barədə bildirəndə anası Ülkərin icazəsiz işləməsinə narazılıq etmiş və ondan boşanmasını və soy adından çıxmasını demək üçün həmin mağazaya getmişdir. Anası mağazadan evə qayıdanda Ülkərin mağazadan anasını qovdurtduğunu və ünvanına nalayiq sözlər işlətməsini bildirmişdir. Buna görə əsəbləşib saat 17 radələrində anası ilə birlikdə Ülkərin işlədiyi dükana gedib mağazada işləyən işçini çağırıb anasını mağazadan qovmasının səbəbini soruşmuşdur. Həmin oğlan ona anası ilə Ülkər mübahisə etməsin deyə anasını mağazadan çıxarmasını demişdir.Həmin vaxt Ülkər mağazadan bayıra çıxıb onlara yaxınlaşmış və onların ünvanına nalayiq sözlər işlətmişdir. O, Ülkərin anasına və ona qarşı hörmətsizlik etməsi səbəbindən sifətindən sillə vurmuşdur ki, səsin kəssin. Həmin vaxt Ülkər onu təhqir edərək hay-küy salmağa başlamışdır. O, anasını oradan götürüb evə qayıdanda Ülkər yenidən onlara söydüyü üçün o, sonuncunun sifətinə sillə vurmuşdur. Anası isə onui mübahisə etməyə imkan verməyib oradan evlərinə qayıtmışlar. Sonradan məlum olmuşdur ki, Ülkər polisə onun barəsində şikayət etmişdir. Ülkərlə aralarındakı mübahisə mağazadan bayırda baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt orada mağazada işləyən şəxslər və tanımadığı bir neçə şəxs olmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Elmirlə 19 dekabr 2021-ci il tarixdə rəsmi olaraq ailə qurmuş, lakin ailə qurandan 1 ay sonra qaynanası ilə yola getməmələri və bu səbəbdən evdə söz-söhbət olduğuna görə o, müvəqqəti atasının evinə getmişdir ki, ara sakitləşəndən sonra qayıdar. Atasının evinə gələndən bir gün sonra Elmir ona zəng vurub anasının onu qəbul etmədiyini deyib evə qayıtmamasını və onu istəmədiyini bildirmişdir. O, valideynlərinə bu barədə bildirib bir daha Elmirin evinə qayıtmamışdır. Elmirlə qonşuluqda yaşayırlar.Qaynanası xəbər göndərmişdir ki, gedib onlardan cehizlərini götürsünlər. Valideyinləri cehizlərini evə gətirmişlər. Bu müddətdə Elmir onunla maraqlanmamışdır. 13 may 2022-ci il tarixdən Abşeron rayonu, Masazır qəsəbəsində «Masazır mall» mağazasında satıcı kimi işə düzəlmişdir. 21 may 2022-ci il tarixdə saat 18 radələrində mağazada olarkən qaynanası Gülbəniz mağazaya gəlib ounla mübahisə edib ünvanına söyərək onların soyadından çıxmasını tələb etmişdir. O, məhkəməyə boşanma barədə ərizə yazıb onların soy adından çığacağını demişdir. Gülbəniz onunla mübahisə etdiyi üçün iş yoldaşı sonuncunu mağazadan çıxarmışdır. Gülbəniz gedib Elmiri özü ilə mağazaya gətirmişdir. Elmir anası ilə iş yerinə gəlib iş yoldaşını bayıra çağırıb mübahisə etdiyi üçün, o, mağazadan bayıra çıxıb onlara etirazını bildirdikdə mağazanın qarşısında Elmir heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söyərək sifətindən sillə ilə vurmuşdur. Mağazanın yanındakı dönər evində işləyən şəxslər Elmiri ayırıb onu döyməyə qoymamış, Elmir isə yenidən onun üstünə gəlib təkarən sillə ilə bərkdən sol göz nahiyəsinə vurmuşdur.Mübahisə mağazanın qarşısında küçədə baş vermişdir. Həmin vaxt orada qaynanası Gülbəniz, iş yoldaşı Arzu və qonşu obyektdə işləyən tandığım Samir adlı oğlan və digərləri olmuşdur. Sifətinə sillə zərbəsi vurması nəticəsində sol gözündə bərk ağrı hiss etmişdir. O, isə anasına zəng vurub Elmirin onu döyməsi barədə məlumat vermişdir. Mübahisə zamanı o, Elmiri vurmamışdır. Elmimrlə mübahisələri təxminən 15 dəqiqə davam etmişdir.Həmin müddətdə marketdə iş rejimi pozulmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən «X7» dönər evində kassir işləyir. 21 may 2022-ci il tarixdə saat 18 radələrində işdə olarkən işlədiyi dönər evinə bitişik «Masazır Mall» mağazasının qarşısında mağazada işləyən Ülkər adlı satıcı ilə bir nəfər oğlanın və qadının mübahisə etmələrini görmüşdür. Həmin vaxt oğlan mağazada işləyən Elnurla mübahisə etmişdir. Ülkər həmin şəxsə mağazadan çıxıb getməsini bildirdikdə həmin oğlan Ülkərin ünvanına nalayiq söyüşlər söymüş və sillə ilə sifətinə vurmuşdur. Mən və dönər evinin müdiri həmin oğlanı ayırıb Ülkəri döyməsinə imkan verməmişlər. Bundan sonra həmin oğlan və yanındakı qadın oradan çıxıb getmişlər. Mübahisə zamanı həmin oğlan və qadın Ülkərin ünvanına söyüş söymüşlər. Sonradan Ülkərin deməsindən məlum olmuşdur ki, həmin şəxs onun həyat yoldaşıdır, lakin onlar ayrılıblar. Onlar mübahisə edərkən mağazanın qarşısına bir neçə tanımadığı şəxslər toplaşmışdır. Ülkərlə həyat yoldaşının hansı səbəbdən mübahisə etmələrini bilməmişdir. Onlar arasında mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Mübahisə vaxtı Ülkər həyat yoldaşını və yanındakı qadını vurmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, Masazır kəndində yerləşən «Masazır Mall» mağazasında satıcı işləyir. Zərərçəkmiş şəxs da həmin mağazada satıcı işləmişdir. 21 may 2022-ci il tarixdə saat 17 radələrində Ülkərin qaynanası mağazaya gələrək sonuncunun mağazada işləməsinə narazılıq edərək, oğlundan boşanmasını və soy adlarından çıxmasını tələb etmişdir. Ülkər qayanasının mağazada onunla mübahisə etməsi səbəbindən iş yoldaşı Elnurdan qaynanasını mağazadan çıxarmasını xahiş etmişdir. Elnur həmin qadını sakitləşdirib mağazadan çıxarmışdır. Yarım saat sonra Ülkərin əri və qaynanası mağazaya gəlib iş yoldaşı Elnuru bayıra çağırıb onunla mübahisə etdikləri üçün Ülkər mağazadan çıxıb ərinə və qaynanasına mağazadan çıxıb getmələrini bildirmişdir. Həmin vaxt Ülkərin əri mağazanın qarşısında sonuncunun ünvanına nalayiq söyüşlər söyərək sifətindən sillə vurmuşdur. Həmin vaxt dönər evində işləyən şəxslər Ülkərin ərini ayırıb sonuncunu vurmağa imkan verməmişlər. Ülkərin əri və qaynanası Ülkərin ünvanına söyərək oradan çıxıb getmişlər. Mübahisə olan müddətdə mağazada iş rejimi pozulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 1051 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət-sol gözaltı nahiyənin və alt göz qapağının həmin gözün göz almasının kontuziyası ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi küt əşyanın təsirindən, müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xaraktekrini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə və həmçinin qərarda göstərilən şəraitdə yəni, insan bədəninin hissəsinin (əl, baş və.s) təsirindən əmələ gəlməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 08 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq həmin tarixdə 3 saylı İstintaq Təcridxanasından azad olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar